Bizimyazı.az Təbrizli şair Əli Çağlanın şeirlərini təqdim edir.
Sevgi quş kimidir
Sevgi quş kimidir, mənim əzizim,
Boş tutsan əlindən çıxıb qaçacaq.
Bərk tutsan əlində boğulacaqdır,
Neynəsən, sevgidir, bir gün uçacaq.
Uçacaq deyirəm, hara uçacaq?
Uçsa da əlini özləyəcəkdir.
Sən əgər vəfasız çıxmasan, gülüm,
Sənin yollarını gözləyəcəkdir.
Özgələr əlində sağlam qalmaqdan,
Sənin əllərində ölmək gözəldir.
Özgələr bağında qan ağlamaqdan
Sənin qəfəsində gülmək gözəldir.
Sevgilər quş olub, uçmaq istəsə,
Göy üzü tutular, kölgələr düşər.
Qarışar sevgilər, biri-birinə,
Göydən yerə min-min bəlgələr düşər.
Axtar ki, tapasan, sevgi quşunu,
Minlər quş içində itib-batarsan.
Baxarsan, göydən bir ölü quş düşür,
Əl açıb ovcunda onu tutarsan.
Görərsən, sevgindir, qanadı sınmış,
Ürəyin çırpınar, əllərin əsər.
Saxlaya bilməsən onu əlində,
Axırda quş kimi olar can bəsər…
Sevgi quş kimidir, mənim əzizim,
Boş tutsan əlindən çıxıb qaçacaq.
Bərk tutsan əlində boğulacaqdır,
Neynəsən, sevgidir, bir gün uçacaq!..
Sevgilim
Sevgilim,
Məni aramaq istəyirsənsə
Xiyabanlarda
Yetim uşağın əllərində
qırmızı gülün üstündə
yatan tozam.
Bilmirəm yaşamı
mən necə,
hara yozam?
Sevgilim,
Mən illərdir kitabxanalarda
Kitabların
Yuxuya keçmiş sətirləriyəm.
Gecə-gündüz
Çalışan fəhlələrin
alnındakı təriyəm.
Sevgilim,
Mən,
Mən çox yaxındayam
Məni uzaqlarda axtarma!..
Kaş…
Kaş səni sevməyəydim,
O bahar axşamında.
Kaş sənin pərvanə tək,
Yanmayaydım şamında.
Kaş səni görməyəydim,
İlk baxışda, ay gözəl.
Kaş sənə yazmayaydım,
Bu qədər şeir, qəzəl.
Sevdin, çıxıb da getdin,
Bu, necə oyun idi?
Dünən yuxuda gördüm;
Mənimlə toyun idi.
Dik atılıb yuxudan,
Yerini bomboş gördüm.
Oturub xəyalımda,
Şəvə saçını hördüm.
Xulyalardan da döndüm,
Yerini bomboş gördüm.
Darıxdıqca, darıxdım,
Gözlərimi yaş gördüm.
Səni gömdülər gülüm,
Qaranlıq bir torpağa.
Məni də fələk asdı,
Sən adlı bir budağa.
Yat gülüm sənə qurban,
Olanlar olmalıymış.
Mənim də gül tək ömrüm,
Cavankən solmalıymış.
Roman
Həyatım roman kimi,
Yaşayıram günləri.
Belimdə kədər ilə,
Daşıyıram günləri.
Günlər yaman dar gəlir,
Burda ölsəm nə olar?
Yox, qabaqdan qar gəlir,
Roman yarımçıq qalar.
Hələ fəsil keçəcək,
Durnalar da köçəcək,
Neçə kəfən biçəcək,
Kəfənçilər romanda.
Romanın səhifəsi,
Oxunduqca dönəcək.
O romanda bunu bil,
Neçə şamlar sönəcək.
Neçə gündüz olacaq,
Neçə iyid dustaqdan,
Vətəninə dönəcək.
Güllər ətir saçacaq,
Dağa, daşa, dərəyə.
Ozan baba hədiyyə,
Paylayacaq hərəyə.
Pislik bərbad olacaq,
Millətim şad olacaq,
Vətən, azad olacaq,
Yaşadığım romanda…
Nənəm nağıl deyəcək,
Qurd, quzunu yeyəcək,
Dağlar ağ don geyəcək,
Yaşadığım romanda…
Dərd məktəbi
Mənə dərd məktəbində,
Ayrılıq öyrətdilər.
Eşq adlı əlifbayla,
Qəlbimə zülm etdilər.
A-dan başlamadım mən,
Ağlamaqdan başladım.
Müəllimdən qorxaraq,
Özümü çox daşladım.
“B” həmən “Biz”-ə döndü,
Biz kədərin sonuyduq.
Biz, bəylərin alması,
Gəlinlərin donuyduq.
Alma kimi atıldıq,
Bizi tutan canavar,
Param-parça elədi.
Bəzən də biz satıldıq;
Demək, dünya belədi.
Dona döndük, min dona,
Gəlinin donu yandı.
Donla biz yana-yana,
Dərd yuxudan oyandı.
“Z” həmən zülümüydü,
Biz uşaq, nə bilirdik?
Böyüdükcə, elə bil,
Qocalırdıq, ölürdük.
Ölüm demə, əzizim,
Onsuz da ölü idik.
Biz xar ilə savaşan, –
Bağların gülü idik.
Dərdimiz sevgi oldu,
Sonra düşdü ayrılıq.
Yanıb, yanıb alışdıq,
Qəlbi deşdi ayrılıq.
“Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olan yaman, ayrılıq.”
Qaçıram uzaqlara
Uçmaq asan deyilmiş,
Deyib yenə uçuram.
Gəl oturub dərdləşək,
Çünki sabah qaçıram.
Qaçıram uzaqlara,
Nifrət olmayan yerə.
Orda mənim üzümə,
Güləcəkdir dağ-dərə.
Orda mənim üzümə,
Durmayacaq nadanlar.
Orda şad olacaqdır,
Uduzanlar, udanlar.
Gəl oturub dərdləşək,
Ayrılıqdan danışaq.
Sevgimizin sonuna,
İkimiz şeir qoşaq.
Gəl oturub dərdləşək,
Sənə olandan deyim.
Məni bahar çağımda,
Dərdə salandan deyim.
Qaçıram burdan daha,
Uça-uça qaçıram.
Ayrılığın üzünə,
Mən qol-qanad açıram.
Tural Adışirinin təqdimatında..