Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məmməd İlqarın 75 illik yubileyidir.
Bizimyazı.az bu münasibətilə ustad şairin seçmə şeirlərini oxuculara təqdim edir.
***
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?…
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir!
***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..
Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə –
Bir bala sərçənin dərdindən belə…
Tapşır gözlərinə ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.
***
Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir – əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm – ən gözəl.
Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən – ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!
Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?…
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!
ANAMIN SAÇININ QARA VAXTLARI
Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.
Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda…
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda –
Anamın saçının qara vaxtları.
Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş – yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə ” yox olmaq” var, Neçə “çıxış” var
Anamın saçının qara vaxtları.
Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.
Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.
Deyim ki, yuxuydu -yuxu deyildi,
Deyim ki, nağıldı- Axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.
MƏN HƏMƏN OĞLANAM, A DAĞ YOLLARI
Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, Başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız,
Belə maddm – maddım nə baxırsınız.
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
” Keflənən” oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.
Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər…
Əlimi uzatsam əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.
Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı – qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.
Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım…
Gəlmişəm- ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.
Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları…
Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım- saman çöpləri…
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin,a dag yollari
Mən həmən oğlanam, a dağ yolları.
VƏTƏN
Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.
Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.
Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.
AH, YAŞIL KÖYNƏKLİ, YAŞIL OĞULLAR
Sevib də sınağa düşən,
Dilindən dustağa düşən,
Allahın adına çəkdiyi ah da
Qayıdıb varağa düşən şairlər!
Çatılıb qolları,
Alınıb səsi,
Ömrü tufanlara tuş qoyulanlar!
Səcdə qılınası,
And içiləsi
Adları önünə “quş” qoyulanlar!
“Ənəlhəqq” bağırıb,
“Ənəlhəqq” deyib,
Yaşıl sevginizdən asılırsınız!
Min-min sevənlərin ürək qanıyla
Min il sonralara yazılırsınız!
Ah, yaşıl köynəkli,yaşıl oğullar…
Xəstə baxışlara,
Yamyaşıl yarpaq da
xəzəl görünür?!.
Nə qəm –
Nəsimilər dar ağacında,
İsa çarmıxda gözəl görünür!!
Tural Adışirinin təqdimatında..