Salam, ən ƏZİZ İNSAN!
Çoxdandır səni görmürəm. Heç məktub da yazmıram. Bayramın mübarək – “8 mart” bayramın..! Bağışla, adını yazmıram. Həmişə barəndə düşünəndə, danışanda: “SƏN”, ya da “O” deyirəm… Adını çəkməkdən qorxuram niyəsə… Elə bil günahkaram yanında. Əslində günahım var – sevmək ən böyük günahmış – gec anladım bunu. Sevmək qarşılıq verməyən birinin yanında gözlərini yerə dikməkmiş. Əlaqəsiz sözlər demək, hərəkətlər etməkmiş. Sevmək ONUN adını eşidəndə donub qalmaqmış. Və qarşılıqsız sevmək ONUN adını “O” ilə əvəzləməkmiş… Bəlkə də… Bilmirəm, sevgi işlərində təcrübəli deyiləm doğrusu…
…Hə, sənə məktub yazıram. Hər kəlməmə sevgimi hopdurur, hər sözümlə “SƏN” – deyə, pıçıldayıram. Sözlər içimə, SƏN sözlərə sığmırsan. Amma yazıram yenə. Sanki, göndərəcəkmişəm kimi… Yox, bunu da oxumayacaqsan! Bunu da göndərməyəcəm! Bu məktub da “Göndərişə hazır mesajlar” qovluğunda qalacaq, təəsüf… Bu məktuba heç vaxt marka yapışdırılıb ünvan yazılmayacaq, təəssüf… Bu məktub qüsurlu doğulmuş uşaq kimi olacaq həmişə – göndərilməmiş…