Ana səhifə BAŞ YAZI Kuzey Kıbrısdan bir yazı:

Kuzey Kıbrısdan bir yazı:

Müəllif: Bizim Yazı
564 baxış

İbrahim İlyaslının 50 yaşına…

Ön söz yerinə: Onunla 1980-ci illərin axırlarında Sumqayıtda tanış olmuşuq. Tələbəliyimin ilk aylarında rəhmətlik dayım Arif Həsənoğlu Sumqayıtdakı Əli Kərim adına Poeziya klubunda fəaliyyət göstərən “Dəniz” Ədəbi Birliyinin bir tədbirinə – poeziya gecəsinə məni də aparmışdı.
Rəhmətlik Akif Səməd və rəhmətlik Şaiq Vəli, Gülbala Mehdi, İbrahim İlyaslı, Rafiq Oday, Sabir Yusifoğlu, Asif Asiman… da o tədbirin təşkilatçılarından və fəal iştirakçılarından idilər.

Arif dayımla İbrahim bəy arasındakı səmimiyyət, İbrahim bəyin yaşca ondan böyük olan dayıma sayğısı bu abırlı, təbii və gülərüzlü insanı əziz bir adam kimi mənə sevdirmişdi. Sonrakı illərdə də yenə dayım vasitəsi ilə onunla bir neçə dəfə görüşmüş, söhbət etmişdik. 1995-ci ildə universiteti bitirib Türkiyəyə gəldikdən sonra yeddi-səkkiz il əlaqəmiz olmamışdı. 2003-cü ilin bir payız günündə, noyabrın ortalarında – bu dəfə də Arif dayımın yasında onunla göz-gözə gəlmiş, qəmli və çarəsiz baxışlarla səssizcə söhbətləşmişdik… 2003-2011-ci illərdə isə əlaqəmiz yenə kəsilmiş, heç görüşə bilməmişdik.
2011-in dekabr ayında Ərzurumda Əziziyyə Bələdiyyəsi ilə Avrasiya Ekonomik İlişkilər Dərnəyinin ortaq düzənlədiyi Bir ürəkdə iki can – Türkiyə, Azərbaycan tədbirində İbrahim bəylə təkrar görüşməyimiz mənim üçün çox duyğu yüklü və sevindirici olmuşdu. Dünyasını dəyişmiş dayımın ətrini ondan almış, ona öz doğma dayıma sarıldığım kimi sarılmışdım… Ərzurumun soyuq havası İbrahim bəyin və digər dostlarımızın sayəsində bizi isitmişdi. İbrahim İlyaslının şeirlərini Ərzurumda aşıq Səyyad Aydınoğlunun ifasında saz üstə də dinləmiş, qəribə duyğular yaşamışdıq. Qala misallı Ərzurum gədiklərini, qarlı dağların soyuq səngərlərini, ermənilərin vəhşicə qətl etdikləri şəhidlərin toplu məzarlarını… onunla birlikdə ziyarət etmişdik. Qısa zaman içində İbrahim bəy təkcə mənim yox, dostlarımın da dayısı olmuşdu… İ. İlyaslı Yuxuma söykənmiş adam kitabını imzalayıb mənə bağışlayanda da sözlərinə “Əziz bacoğlu…” ifadəsiylə başlamışdı…

* * *
Giriş əvəzi: İbrahim İlyaslı haqqında söz demək, nə isə yazmaq istəyən qabiliyyətli bir söz və qələm əhli onun bir-iki misrasından, deyək ki, təkcə
İbrahiməm, için-için
Göynəyirəm, gedir köçün.
Ölmürəm yaşamaq üçün
Ölürəm səndən ötəri. – gəraylısından hərəkətlə unudulmaz bir nitq söyləyib çox gözəl bir yazı qələmə ala bilər. …
Çağdaş Macar filologiyasının təməlində altı sətirlik bir mətn varsa və bu günkü möhtəşəm Macarologiya bu altı sətrin üstündə bərqərar olubsa, “qabiliyyətli bir qələm əhli” mətn qıtlığı və şeir azlığı bəhanəsi ilə yaxasını kənara çəkə bilməz… Biz özümüzü əsla və əsla nəinki ‘qabiliyyətli’, heç ‘qabiliyyətsiz’ qələm əhli də saymırıq amma mərhum dayımızın dəyərli dostunun və artıq bizim də dayımız olan bu halal Kişinin 50 illiyinə məhz onun səmimiyyətindən cəsarətlənərək nə isə yazmaq üçün özümüzdə güc tapırıq.

* * *
İbrahim İlyaslı şeirinin qaynaqları haqqında: İbrahim İlyaslı poetik düşüncəsinin sözə dönüb ‘saza qalxma’ macərasının kökündə milli duyğuların bəslədiyi xəlqilik yatırsa, bu ‘şeir yolçuluğu’nun sonrakı mərhələlərində İbrahimanə səmimiyyət, ərkiyanə özünəməxsusluq və şairanə ustalıq (daha doğrusu ‘şair ustalığı’) yer alır. “Özünə arxayın olsa” (R. Rövşən) da “özündən narazılığı”nı (B. Vahabzadə)
Dərviş olamadım, dərvişmisalam,
Ayıbıma koram, ağlıma lalam misralarıyla dilə gətirən şair özünün qəribliyi ilə dünyanın qürbətliyini eyni şeirin
Nə qəlbim ağrıyır, nə könlüm gülür,
Heç nəynən uyuşmur heç haram indi sözləriylə ifadə edir.

* * *
Şairin özü və sözü (şair-şeir uyumu) haqqında: Şairin Yuxuma söykənmiş adam kitabını vərəqləyib özünü tanıdığım adamın sözünü də misra-misra içimə çəkdikcə bu sözlərin səmimiyyətinə heç şübhəm qalmadı. Kitabın da adı olan şeir-gəraylı isə mövzusuna, obrazlarının canlılığına, imajlarının zənginliyinə, dördlüklərinin sağlam ritminə və səmimiyyətinə görə məni etkilədi. Əvvəla bu şeir Azərbaycan ədəbiyatında örnəkləri olduqca az olan etiraf şeirlərindən biridir. Son əlli ilin Azərbaycan poeziyasında etiraf şeiri yazan şairlər təəssüf ki azdır… Rəhmətlik Tofiq Bayramın olduqca səmimi və öz vicdanına hesabat mahiyətindəki etiraf şeiri ilə həyatının son iyirmi ilini qürbətdə yaşamağa məcbur olan böyük şairimiz Məmməd İsmayılın, hədəflərinə qarşı haqlı, özünə qarşı isə çox acımasız şeirindən başqa ciddi bir etiraf şeiri oxumamışdım. Mərhum və büyük şairimiz Məmməd Arazın da Tanrım, məni məndən qoru bu yaşda məzmunundakı bir neçə şeiri ilə müəllifini unutduğum
… Biz şəhid ruhunu ortada qoyub
Şəhid ehsanına tələsənlərik kimi acı həqiqətləri əks etdirən misraları saymasaq, ‘son illərin ən səmimi etiraf şeirini məhz İbrahim İlyaslı yazıb’ deyə bilərik. Müəllifi və qəhrəmanı İbrahim İlyaslı olan gəraylı ritmindəki bu şeirdə təzadların və ikiliklərin vəhdətini görürük:
Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən-
Bə sənin nəyin var, nəyin?! dördlüyü ilə başlayan şeirdə zalım-aciz, Yer-Göy, haqq-nahaqq, haqlı-haqsız, ağ bayraq-qanlı köynək; amal-amac… kimi bir-birini tamamlayan anlayışlar şeirin içinə elə pərçimlənib, misralara elə hörülüb ki, bu altı bəndlik şeir keçilməz bir qala divarı kimi Zaman adlı mücərrədliyi ikiyə bölüb…
Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!.
Bu misralar bir peşimançılığın ifadəsi deyil, bütün ictimai yaramazlıqlara, toplumsal naqisliklərə görə məhz özünü suçlayan -guya “nalayiq bir adamın” (əslində isə ‘nalayiq’ olan bu misraların müəllifi deyil, cəmiyyəti bu günə salanlardır) çarəsizlik içindəki etiraflarıdır…

* * *
Zamanın əsiri olmayan şeir: İbrahim İlyaslı ikiyə bölünmüş Zamanın dünəninə-bu gününə, acısına-şirininə, güneyinə-quzeyinə, ötəsinə-bərisinə bələd qoca bir adam kimi danışır şeirlərində:
Xuda canalan yaradıb,
Ta sənə ad lazım deyil.
Valiyə deyək: – “Şəhərə
daha cəllad lazım deyil!”
Bəzən də keçmişdən, nağıllardan, dastanlardan gələn motivləri feilin indiki zamanıyla elə təsvir edir ki, bir anda ətrafını hər qəbildən quldurlar, haramilər sardığını hiss edir, qorxur, səksənirsən:
Salam Allah salamıdı
Almayan Allah adamı… ürkütücü misralarından sonra

Mələyə məhşər qururlar,
‘Var’ı ‘yox’larnan vururlar.
Haramıya uddururlar
Haqqından agah adamı.
Doğrusu günümüzün real mənzərəsinin təsviri olan bu həqiqətlərin dastanlarda, nağıllarda qalmağını arzu etməkdən başqa, adamın əlindən heç nə gəlmir…

* * *
Şeirin yada saldığı bir xatirə:
…İznimiz var – xam xəyala dalmağa,
Nə gedənik, nə ümid var qalmağa.
Daş gəzirik başımıza salmağa
Başdan-başa daş ölkənin içində.

İbrahim İlyaslının yuxarıdakı misraları artıq unudulmağa üz tutan xatirələri yadımıza salmaqla Zaman anlayışını yenə “alt-üst” edir: Uşaqlığında çox şuluqçu olan əmimin dəcəlliklərindən bezən rəhmətlik nənəm öz-özünə “Allah, mən bunun əlindən başıma haranın daşını salım?!” deyə şikayətlənib-deyinəndə, sən demə əmim bu sözləri eşidir və qonşunun təndirindən ağır bir vərdənə daşını gətirərək ‘Ana, daş lazım olsa, gətirdim ha!’ deyib çox hirslənən anasını güldürməyi bacarır…

* * *
Halal sözün şairi: Halallıq İbrahim İlyaslının ən vazkeçilməz həyat həqiqətidir. 2003-cü ilin sonlarında dostu Arif Həsənoğlunun vaxtsız vəfatının ardından yazdığı epitafiyasına “Qədim-qayım dostlarımızdan ən safı, ən halalı, ən səmimisi getdi aramızdan…” sözləriylə başlamışdı. Mərhum dostunun azyaşlı uşaqları Şəbnəm, Daşqın və Xətaiyə xitabən yazdığı ‘Atanız sizin’ şeirində də yenə halallıq anlayışını dilə gətirmişdi:
…Safıydı ən halal bucaqlar kimi,
Çəmənli, çiçəkli qucaqlar kimi.
Yandı yolunuzda ocaqlar kimi,
Köz ömrü yaşadı atanız sizin. – deyərək A. Həsənoğlunun əxlaqi yönlərini onu tanımağa macal tapmayan balalarına anlatmış, tarixə not düşmüşdü…
Dövrü mətbuatda çap edilən bir reportajında da ən böyük istəyinin azad və halal yaşamaq olduğunu dilə gətirən şair halal həyat yaşamağın maddi və mənəvi iztirablarını şəxsən görmüş bir insan kimi belə deyir:
…Necədi köksündə köz dolanmağın?
Getdi zəmanəsi yüz dolanmağın.
Halal yaşamağın, düz dolanmağın
Astarı üzündən betərdi, əmi!..
Kitablarının ön səhifəsini oxucusuna yeganə ərk yeri sayıb özünə ayıran şairin burada dilə gətirdiyi “…Haqq nəğmələrini ötənlər yaxşı bilirlər ki, şeirin səfası bundan sonra başlayır. Misralar halal könüllərdən axan halal duyğularla süslənir…” sözləri ilə kitabın içindəki Dəyməsin rədifli şeiri də halallıq haqqındadır…

* * *
Orijinal poetik örnəklər: İbrahim İlyaslının şeirlərində ona məxsus olub Türk dünyası poeziya xəzinəsinə daxil olmağı haqq edən orjinal ifadələr çoxdur: “Ayıbıma koram, ağlıma lalam”; “Yükümüzü görüb, fillər çəkilir”; Oturub ömrün içində…”; “Nə ağ bayrağın yellənir / Nə gəlir qanlı köynəyin”; “Gözü, könlü dil-dil ötən / Dilləri lalım, necəsən?”; “Barmaqları bəxtəvərim / Başı bəlalım, necəsən?”; “Şükür sənə, görk eləyən, / Görkümün yadına düşdüm!”; “Dağlara bayatı çəkəm / ‘Eləmi, dağlar…’ deyibən / Dağ olan öz balasını / Beləmi saxlar?- deyibən”; “Odlara düşür, buzlayır / Dərya içir, susuzlayır…”; “Qələmdən axanda qəm yığnağıdı / Saza qaldıranda kədərdi, əmi”; “… Mən eşqə düşəndə canla düşürəm / Çıxanda quruca cəsədim qalır”; “Sazı usta çaldı, sözü saz dedi…”; “Başımda bir çanaq qan gəzdirirəm”; “Xankəndi hələ gör kimə xan deyir?!”; “… Bəzən / adama / doğmaların / ögeyliyi qədər / ləzzət eləyir / qəribliyin doğmalğı”; “… Hər gün məni lənətləsin / Hər kimin yadına düşdüm”; “Mələk ‘günahı’ var, şeytan ‘savabı’ / Zalımın balası, baxışlarında”… poetik tutumu və orijinal yönləriylə diqqət çəkir.

* * *
Unudulmaqda olan dili unutdurmayan şair: Qədim və orta əsrlər Azərbaycan Türkcəsinin günümüzdəki ifadəsi olan bölgə ağızlarına aid dil özəllikləri, məhəlli dialektlər İbrahim İlyaslı şeirlərində boy göstərərək dilimizi leksik, morfolojik və semantik yöndən zənginləşdirir. Bu dialektizmlər bəzən bir kəlimə ilə, bəzən deyim şəklində, bəzən zəngin aşıq ədəbiyyatımızdakı işlənmə variantları ilə, bəzən də canlı xalq dilindəki kimi qarşımıza çıxır: “Heç nəynən uyuşmur heç haram indi”; “Deyəcəyin sağəməlli söz deyil”; “Pah… obana-elinəcən…”; “Bir mən olam- bir çəmənlər / Bir də quşların oxusu”; “Dağlara bayatı çəkəm / ‘Eləmi, dağlar…’ deyibən”; ‘Dağ olan öz balasını / Beləmi saxlar?’ deyibən; “Özü bir zulum azardı”; “Damarda yürüyür qannan / Qovğadadı ruhnan, cannan / Dəryada balıq olannan / Sudu dünya dolanması”; “Qalxdı yamacların görkək yerinə / Sindi bərələrin hürkək yerinə / Bənövşə-nərgizi türpək yerinə / Yolanlar öldürdü Akif Səmədi”; “Sanlı günlərimi sovurdu yellər”; “… Gəlin köçən kimi bəzənib-bərtən / Yanımda beyqafil peyda ol birdən”; “Binədən bələdi – zər qiymətini…”; “Qəddinə küsənir sərv ağacları…”; “Sənnənəm, sözüm sənədi”; “Bir sənsən könlümdə, bu gecə haqqı”; “Sarı çiçək, sarıma, çiçək”; “Bizlik döy dünyanın ləli, gövhəri”; “Ağır yığnaqları ağır apardı… / Bir ömrün içinə yığıb-qabqardı”; “Bir Azər də İbrahimdi / Sonacanam, tovam, sənnən”; “Vaxta ki yağıya tutacaq dirə”; “Sən canın, öz dediyindən / Özün bir şey qanırsanmı? / Mən cəhənnəm, söz-qapından / Heç özün utanırsanmı?”; “…Təki başımdan irədd ol / Qəmişini çək, durub get!” və digər ifadə şəkilləri müxtəlif yönləri ilə incələnməyə dəyər. İbrahim İlyaslının şeirləri müasir dilçilik müstəvisində sadəcə bir yöndən – dildə daha az enerji qanunu baxımından incələnsə, ortaya ciddi bir elmi tədqiqat çıxar…

* * *
Sözün səsi: İbrahim İlyaslı’nın şeir dili müxtəlif səs özəllikləri ilə diqqətə layiqdir. Qafiyə (tam qafiyə, zəngin qafiyə, yarım qafiyə, göz qafiyəsi, qulaq qafiyəsi), səs təkrarları (təkrarlar, təkrirlər, alliterasiyalar), cinas, ölçü, ritm… bu səs xüsusiyyətlərindən bəziləridir.
Şairin şeir dünyasını bəsləyən zəngin xalq kültürü, qədim saz mədəniyəti, ozan-aşıq havacatı onun yaradıcılığında yuxarıda sadəcə adlarını çəkdiyimiz qafiyə çeşidlərinin tamamını qapsayan bir polifonizmlə qarşımıza çıxır. Bu qafiyə növlərinin hər birini örnəklərlə göstərmək də mümkündür, amma dar macalda tamamlaya bilmədiyimiz üçün oxuculardan üzr istəyir, qismət olarsa bu işi sonraya saxlayırıq.

* * *
İbrahim İlyaslı şeirinin musiqisi (saza qalxan sözləri) haqqında: Biz İ. İlyaslı şeirinin səs özəllikləri üzərində çox dura bilməsək də onun qulağı rahatsız etməyən, əksinə qulağa xoş gələn səs təkrarlarından, alliterasiyalardan necə istifadə etdiyi haqqında bir az danışmaq istərdik. Şairin əlimizdəki tək şeir kitabı olan ‘Yuxuma söykənmiş adam’ın “Ağ kağız – qara qələm” başlıqlı ön sözündə şair oxucusuna müraciət edərək ‘… sənə səslənmək sevdasına düşdüm” cümləsiylə və ön sözünün başlığıyla ilk alliterasiyasını nəzmlə (mənzum) deyil, nəsrlə (mənsur bir şəkildə) yapmış olur. Əslində bu səs hadisəsinə şərti olaraq ‘samit ahəngi’ də deyə bilərik. İbrahim İlyaslının şeirlərinin çoxunda bu ahəngin şahidi olur, alliterasiyanın müxtəlif növləriylə qarşılaşırıq, məsələn (bir-birləriylə ahəngli olan samitləri tünd qara hərflərlə yazırıq):

Y, L və M səslərinin ahəngi: Yol gedəm, yorulub qalam / Çəhlimlərin yoxuşunda;
D, L və N səslərinin ahəngi: Dolu döyə – daldalanam / Palıdların koğuşunda;
L, G və D səslərinin ahəngi: Guruldaya gen dərələr… / Qayaları dindirələr;
K; N və L ahəngi: Könlümü sözə kökləyə / Dağ çayının şırıltısı;
S, M və R səslərinin ahəngi: Bir misramı səksəndirə;
K və L səslərinin ahəngi: Kəkliklərin pırıltısı;
L, Y və Z ahəngi: Ürəyimi sığallaya / Bulaqların zümzüməsi;
Q və L ahəngi: Qatarlanıb qaqqıldaşa / Başım üstə durna səsi;
L və N ahəngi: … Yetişəm, noola, gün gələ / Məni şəhərli eləyən / Tale, səni belə-belə…;
D, L və R ahəngi: Bir daha dövrü-dövrana / Eşq nədi – bildirə billəm;
B, L və N ahəngi: Bələnib qızıl al qana…/ Eşq nədi – bildirə billəm;
M və D ahəngi: Mən Məlikməmmədəm – “qa”dı / “Qu”du dünya dolanması;
D, Y, N və R ahəngi: Damarda yürüyür qannan / Qovğadadı ruhnan, cannan;
D, L və N ahəngi: Dəryada balıq olannan / Sudu dünya dolanması;
D və N səslərinin ahəngi: Budu dünya dolanması;
Y, R, D, N ahəngi: Yeddi yerə parçalanır / Yeddi yönüynən barışır;
Q, D, R, N, S ahəngi: Qaydadı: xan dinər – rəiyyət susar / Qanla qazan asan bir gün qan qusar
N, B və D ahəngi: Dünənin ‘o’dursa, bu günün ‘bu’sa / Baban da yazıqdı, balan da yazıq;
R, L və D, S, Y ahəngi: Piri iblisdirsə, iblisi pirsə / Doğru da yazıqdı, yalan da yazıq;
Ş, Q və N ahəngi: İbrahim İlyaslı, budurmu qanmaq? / İşin-peşən oldu tutuşub yanmaq;
N, D, Q, H ahəngi: Haqqı buluncaymış fələyi danmaq / Bildim nahaq nədi, haqq nədi bildim;
Y, N, D, R ahəngi: Şairlər tanıdı – yaramaz, yaltaq / Könlündə darğalıq, boynunda xalta;
L, D, N ahəngi: Həqiqət deyənin dilinə balta / Çalanlar öldürdü Akif Səmədi;

Göründüyü kimi, bir misradakı sözlərin içində olan samitlərin demək olar ki hamısı öz cinsindən olan samit səslərlə olduqca maraqlı bir ahəng içindədir. Bu təsadüfi ola bilməz (biz alliterasiya örnəklərinin sayını artıra da bilərdik, amma bu qədərinin də fikrimizi izah etmək üçün yetərli olduğunu düşündük). Burada həm dilin poetik zənginliyi, həm şeirin heca ölçüsü, həm də şairin təbii istedadı bəlirləyicidir. İbrahim İlyaslı (və digər şairlərin) şeirlərindəki alliterasiyanın sistemini, zəngin samit ahənginin qanunauyğunluqlarını müəyyənləşdirmək, bütün ayrıntılarıyla ortaya qoymaq isə çox geniş bir tədqiqatın mövzusudur.
Dilimizdəki samit səslərin bu ahəngi əruz vəznli şeirdə yəqin ki bu qədər zəngin olmaz (Füzuli – istisnadır!!!). Azərbaycan saz musiqisi mətnləri ilə Azərbaycan muğam mətnlərinin samit səslər yönündən araşdırılıb-araşdırılmadığını bilmirəm, amma belə bir qarşılaşdırmanın maraqlı nəticələr virəcəyinə əminəm. Zəngin muğam musiqimizi bəsləyən mətnlərin əruz vəznli olduğunu və saitlərin uzun variantlarına daha çox istinad etdiyini diqqətə alsaq, saz (xalq) şeirində isə tam tərsinə-samit səslərin daha gülcü olduğunu deyə bilərik. Əslində sazın ruhundakı hərəkətliliyin, dinamizmin bir qaynağı da “saza qalxan şeirlər”in içində olan sözlərin tərkibindəki samit ahəngidir. Bu ahəng igid ata-babalarımızın döyüş nərələrini, kişnəyən və şahə qalxan atların nal səslərini, toqquşan qılıncların cingiltisini, Türk köçəri ruhunun simfoniyasını ən incə detallarına qədər gözlər önünə sərir… Sazı dil-dil dilləndirən Koroğlunun əlinə tar verilsəydi yəqin ki çaşıb qalar, onu çala bilməzdi… Koroğlunun tardan ilham alıb nərə atması və düşmən üstünə getməsi də imkansızdı…

* * *
Azərbaycan xalq ədəbiyyatının yeddi hecalı şeir növü olan bayatılar, səkkiz hecalı gəraylılar, on bir hecalı qoşmalar bəlkə də bir şeir növündən daha çox musiqi növü, daha doğrusu şeir mətnindən daha çox musiqi mətni (güftə) olub. Zəngin Azərbaycan musiqisinin sözlü (şifahi) örnəkləri heca və şeir növü baxımından dəyərləndirilsə, anonim nəğmələrlə (türkülərlə) bəstəkar mahnılarının çoxunun bu üç ölçüdə deyilmiş (və ya yazılmış) şeirlərə “musiqi köynəyi geydirildiyi” sonucu çıxacağına şahid olarıq.

* * *
Məna zənginliyi və çoxmənalılıq baxımından İbrahim İlyaslı şeiri: İ. İlyaslının əlimizdəki az saylı şeirləri içində təvriyəli kullanımlara və bir sözün fərqli anlamlarda işlənməsiylə müşaiyət olunan çoxmənalılığa da rast gəldik. Bu semantik istifadənin bir-iki nümunəsinə göz ataq. Dilimizdəki çək- feilinin İ. İlyaslı dilindəki mənalarından bəziləri “Mən bir dəli rəssamam”,“Məhəmməd Hadiyə”, “Qulu Ağsəsə” şeirlərində aşağıdakı kimidir:
Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
Faniliyin ətrini…

Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim…

Dəryalar mənə çəkilir…;

“Gördüm” deyən gözə millər çəkilir,
Yükümüzü görüb, fillər çəkilir!
Düz şişlərə düz tifillər çəkilir
Əyriləri baş ölkənin içində;

Nə gülləm açılır, nə gülüm çəkir,
Nə bəmim çağırır, nə zilim çəkir.
Təkcə mən bilirəm nə zülüm çəkir,
Küllərin altında közüm, ay Qulu.

* * *
Daha çətin bir leksik-semantik kullanım – omonimlik: Məna ilə bağlı bir anlatım yolu olan omonimlik ifadəsi, xalq, təkkə və divan ədəbiyyatında ancaq usta şairlərin bacara biləcəyi bir anlatım texnikası olmuşdur. Omonimlik, təvriyəli istifadə şəkilləri təkkə və təsəvvüf ədəbiyyatında Yunus Əmrə; divan ədəbiyyatında Nəcati Bəy, Füzuli; xalq ədəbiyyatında isə Qaracaoğlan, Dadaloğlu, Aşıq Ələsgər kimi böyük söz ustaları tərəfindən söz xəzinəmizə daxil olmuşdur. Maraqlıdır ki, İbrahim İlyaslıda da omonimliyin bəzi nümunələrini görmək mümkündür:
Ömür deyiləni qılıqla, yanla; 1. yan ilə; 2. yanla! (təklik ikinci şəxs əmr şəkli);

Səs verdi dağlar səsinə,-
Ərkimin yadına düşdüm; 1. Ərk eləməyimin…; 2. Təbrizdəki Ərk qalasının…;

Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır, 1. Düşmən; 2. (Onun) yağı, vücud yağı;
Duzlu gönüynən barışır.

Qadam, sənlə nə işim var? 1. Qağam, böyük qardaşım; 2. Dərdim

Sanlı günlərimi sovurdu yellər; 1. Sayılı, bundan sonra qalan; 2. Məşhur, adlı-sanlı…

Sənnənəm, sözüm sənədi; 1. Sənə səslənirəm; 2. Səninlə birlikdəyəm; sənin soyundanam;

Sarı çiçək, sarıma, çiçək! 1. Zarıma, ağlama; 2. Dolama…

* * *
İbrahim İlyaslı şeiri ilə poetik səsləşmələr: İbrahim İlyaslının kitabındakı orijinal şeir nümunələri ilə ədəbiyyatımızın başqa nümayəndələrinin mövzu, motiv, ifadə paralellikləri də gözümüzdən qaçmadı. Bunlardan bəziləri nəzirə (Məmməd İsmayıla yazılan şeir; Aşıq Ələsgərə yazılan nəzirə; Ehtiram İlhamın sorğusuna cavab…), bəziləri isə müəyyən mənada təsirlənmə kimi başa düşülə bilər. Aşıq ədəbiyyatında məhəbbət dastanlarının ustadnamə ilə başlaması kimi, İ. İlyaslının bu şeir kitabı da Ustad Molla Cuma adına bağlanan ustadnamə ilə başlayır, amma duvaqqapma ilə deyil, ağır bir qıfılbəndlə bitir.
“Salam-əleyküm” adlı bu şeir, Rüstəm Behrudinin “Salam, dar ağacı!” şeirini xatırladır.
İ.İlyaslının alliterasiya yönündən də çox zəngin olan və yuxarıda bir az incələməyə çalışdığımız “Səfərə çıxmağım gəlir” şeiri, şairin mərhum dostu Arif Həsənoğlunun “Kənd duyğuları” şeirini yadımıza salır. İbrahim bəyin şeirinin sonundakı “Məni şəhərli eləyən / Tale, səni belə-belə…” misraları isə böyük şairimiz Məmməd Arazın “… Ondan inciyənin beləsi belə / Mən belə dünyanın nəyindən küsüm?!” misralarıyla səsləşir.
Şairin “Hər işin gözəldi sənin ay gözəl / Sən mənə zülmü də gözəl verirsən” misraları isə nədənsə böyük şairimiz Şəhriyarın “Yaxşılığı əlimizdən aldılar / Yaxşı bizi yaman günə saldılar” sözlərini xatırladır.
“Neynəyirsən” rədifli şeir isə rəhmətlik Hüseyn Arifin “şeir deyilmi?”; Ramiz Rövşənin “Çörəyin daşdan çıxırsa / Qab-qacağı neynəyirsən?” misraları ilə başlayan şeirini bir də Səməd Qaraçöpün “Nəyimə lazımsan, şeir, ay şeir?” misralarının da keçdiyi məşhur şeirini yada salır.

* * *
Son söz yerinə: İbrahim İlyaslının kiçik bir şeir kitabındakı şeirlərdən hərəkətlə qısa bir zaman içində qələmə aldığımız bu “qaralama”, onun adına, səmimiyyətinə, poetik düşüncəsinə layiq olmasa da “Mənim adım Xıdır / Əlimdən gələn budur!” zərbi-məsəlindəki kimi biz də dar macalda ancaq bunu edə bildik…
İbrahim İlyaslı şeiri ədəbi sənətlər (söz sənətləri); ritm; intonasiya; vurğu; heca yapısı; bayatı; gəraylı; qoşma; varsağı; türkü; səmai, gözəlləmə; daşlama şəkilləri; lirizm; pastoral şeir; epik və didaktik şeir; məcazlar sistemi; cinaslar; elliptizm; semantika; çağrışımlar; bənzətmələr (təşbeh); istiarə… yönlərindən ayrıca incələnə bilər.

Son olaraq, dəyərli dostumuz, əziz ziyalımız İbrahim İlyaslı’nı 50 yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı arzulayır, uğurlar diləyirik…

dos.dr. Nazim MURADOV

07-08 aprel 2013-cü il

Lefke Avropa Universiteti Fən-ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölüm Başkanı
Kuzey Kıbrıs Türk Respublikası

You may also like

1 şərh

Ali Necefxanli 2013-04-13 - 22:14

Gozeldir

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.