Ana səhifə BAŞ YAZI Küskün xatirələr dadıma gəlmir – Çiçək Mahmudqızının şeirləri

Küskün xatirələr dadıma gəlmir – Çiçək Mahmudqızının şeirləri

Müəllif: Bizim Yazı
63 baxış

Bizimyazı.az Çiçək Mahmudqızının şeirlərini təqdim edir.

Gözün aydın…

Bu sevda havalı dəli ozandı,
Nəyi itirmişdi, nəyi qazandı?
Çölüm çiçək açdı, içim xəzandı,
Düşdü aramıza qış, gözün aydın.

Daha könlüm – çiçək, ürəyim – arı,
Neyləyəcək mənə bu dağın qarı?!
Süzüb badələrə ayrılıqları
Mey bilib eylədim nuş, gözün aydın.

Bir ömür yaşadım dünya heçində,
Bihudə dolandım səhra köçündə,
Xəyallarım gedir durna köçündə,
Olub bir köçəri quş, gözün aydın…

Leyli pərvanələr oduma gəlmir,
Küskün xatirələr dadıma gəlmir,
Adın, rəngin, ətrin yadıma gəlmir,
Qalmayıb başımda huş, gözün aydın…

Bənövşə yaşlar

Kipriklər altında büküb boynunu,
Quzey gözlərimdə bənövşə yaşlar.
Qönçə yanağımdan şeh-şeh süzülür
Bu payız könlümə yağan yağışlar.

Küləklər vidamdı son yarpaqlara,
Deyəsən, düşəcək son ümidim də…
Tumurcuq içində bükülü qaldı
Sevdalı çiçəyim – yaz ümidində…

Yarıb qayaları, çapıb daşları
Bir dərdim yol gəlir dəvə belində.
Mənim nisgilimin dilimi var ki?
Oxudur daşları kəklik dilində…

Son ümid, son yarpaq – bənövşə yaşlar,
Quzey gözlərimdən süzüləcəkdir.
Mənim həsrətimin bənövşə dərdi
Qayalar dibində düzüləcəkdir.

Xəzana dönməsə, sonuncu yarpaq,
Bənövşə ümidlər göyərəcəkdir.
Yenə çiçəklərin sevda qoxusu
Quzey könülləri bürüyəcəkdir…

Darıxdım

Dərdlərimdən can qurtara bilmirəm,
Şirin-şirin gülmək üçün darıxdım.
Sənsiz keçən bu günü də ölmədim,
Ay üzünü görmək üçün darıxdım.

Dağa qalsın öz çiskini, öz çəni,
Aya verdim bu nisgilli gecəni.
Könüldaşım, hər könlümdən keçəni
Sənin ilə bölmək üçün darıxdım.

Ruhum kimi Ay qərq olub qəhərə,
Ülkər arzum axıb-çıxmır səhərə.
Pıçıltıyla “can-can” deyib min kərə,
Sinən üstə ölmək üçün darıxdım.

Könlümün

Bəndi, bərəsimi vardı könlümün?!
Amanat yuvaydı, dağıldı getdi.
Neynirsən, axtarıb gidi dünyanı?!
Bu qız da bir yuxu, nağıldı, getdi.

Səhranın ortası kimsiz-kimsəsiz,
Küləklər külümü sovurasıydı.
Bilirdim, bu sevda məni nə vaxtsa,
Tapıb diri-diri qovurasıydı.

Mənim də kəbinim dərdnən kəsilib,
Şükür ki, getməyə dərdim-sərim var.
Bağlama üzümə könül qapını,
Mənim o könüldə məzar yerim var…

 

* * *
Mən sevməyi bilirəm,
Mənə unutmaq öyrət.
Gecənin qor üzündə,
Mənə də yatmaq öyrət.

Dərd ağladır – gülürəm,
Dərd olmasa ölürəm…
Mən ölməyi bilirəm,
Göylərdə batmaq öyrət.

Köçünnən köçdüm axı,
İçindən keçdim axı,
Dərdini içdim axı,
Dərdinə çatmaq öyrət.

Səndən ayrısa yolum,
Yaşamağım çox zulum.
Kərəm et, qurban olum,
Başımı qatmaq öyrət,
Başımı qatmaq öyrət…

Hardasan, mənə hay ver

Hardasan, mənə hay ver,
Nəfəsini duyum mən.
Bir sevdanın acıyam,
Nəfəsinlə doyum mən.

Nəyə büküm bu dərdi,
Məni külə döndərdi.
Kür uşaqdan betərdi,
Canı hara qoyum mən.

Yaş yanaqda lil olur,
Söz dodaqda kül olur.
Hər gecəm bir il olur ,
Bir layla de, uyum mən.

Məni…

Bu yollar qurtarmadı,
Bu yollar üzdü məni.
Tanrım yol daşı edib,
Yollara düzdü məni.

Hər ötən an acaldı,
Hər acal bir macaldı,
Allah necə qocaldır,
Baxdığım güzgü məni.

Can uçunur dərgaha,
Baxmır amana-aha,
Bilirəm yıxır daha,
Bu dərd, bu üzgü məni.

 

***
Baharım gəldi getdi,
Gülüm küsəyən oldu,
Bayatılar deməkdən,
Dilim küsəyən oldu..

Ha dedim oyan canım,
Səbr elə dayan canım,
Dərdimdən doyan canım,
Zülüm küsəyən oldu.

Əcəl zalım atınnan,
Keçdi yeddi qatımnan,
Gəlib döndü qapımnan
Ölüm küsəyən oldu.

 

***
Tər qönçədə çiçək idim
Açıldım sabah eşqinə,
Nə biləydim ətrim,rəngim,
Yazılır günah eşqinə.

Gəzdin məni yerdə-göydə,
Nə neydəydim,nə də meydə,
Könül adlı sirli neydə,
Oxurdum bir ah eşqinə

Sükutundan keçirmədin,
Bal sevdanı içirmədin,
Sən könlünə köçürmədin,
Mən öldüm Allah eşqinə.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.