Ana səhifə BAŞ YAZI Küçə, gecə və başqaları – Rauf Qaraişıqdan şeirlər

Küçə, gecə və başqaları – Rauf Qaraişıqdan şeirlər

Müəllif: Bizim Yazı
169 baxış

Bizimyazı.az Rauf Qaraişıqdan şeirlər təqdim edir.

Küçə, gecə və başqaları

Ay küçə,
Bu gecə
Bir qərib keçəcək səndən.
Diksinib eləmə –
ayaqları yalındı.

Ay gecə,
Bu küçəynən,
Böyründəki küçüynən.
Bir qərib keçəcək səndən.
Çağırıb eləmə –
«Qabırğası qalındı».

Ay gecə!
Ay küçə!
Ay küçük!
Bu gün sizdən
Bir qərib keçəcək.
Qəbrinə sarı gedəcək.
Yalvarıb eləməyin –
Zalım oğlu, zalımdı
1985

 

* * *
Elə qəfil düşmüşdün yadıma …
Dumana düşən
səfil gəmi kimi
Bağırmaq istəyirdim.
Elə qəfil düşmüşdün yadıma
Soyuqdan büzüşən
tifil uşaq kimi
Çığırmaq istəyirdim.

Elə düşmüşdün yadıma…

Dəli şeytan deyir ki,
dur çıx get aeroporta
keçən səfərki kimi-
dur çıx get…
bir kofe iç…
Gəl.

Elə qəfil düşmüşdün yadıma
Elə düşmüşdün yadıma
Heç olmayan kimi!

 

* * *
Əlin boyda ümid ver mənə
Yığım ovcuma,
sıxım ovcumda
saxlayım
Sən gələnəcən.

Ayağının izi boyda ümid ver mənə
Üzümü qoyum torpağa,
uşaq qum evciyini əzizləyən tək
Əzizləyim,
Bu gen dünyanın
yayından,qışından
küləyindən,yağışından
Gözləyim
Sən gələnəcən.

Tellərinin ən naziyini
qopart ver.
Kirpiklərimi yığıb bağlayım,
Qalım elə beləcə-
Gözlərimin ağrısından
inləyə-inləyə
Sən gələnəcən.

 

*  *  *
O gün
Qoca gördüm –
Dünyada hər şeyi
hər kəsdən çox bilən
Dərin və sakit üzü vardı,
Üzü dənizə durmuşdu…

Dəniz gördüm –
Dünyada heç nəyi
heç kimi vecinə almayan
Dərin və sakit üzü vardı,
Üzüqoyulu uzanmışdı
üzü qocaya…

Çoxbilmiş qoca və
Tənbəl dəniz .
Qoca və Dəniz.

– Hem əmi , Hem əmi ,
Havadan hərb iyi gəlir
Axır vaxtlar.
Sənin çox sevdiyin
Rakı ,
bir də
Barıt iyi ,
Yani !..

 

*  *  *
Şaiq Vəliyə

Şeir kimi
Dua kimi
adamıydı…
Keçən səfər
Getdim gördüm
Yoxdu!..
Kimsə oxuyub
Allaha
Onu…

Bilmədim

Qulağım dolusu
Səsinə qulaq asa bilmədim!
Gözüm dolusu
Nurlu üzünə baxa bilmədim!
Ürəyim dolusu
Sevə bilmədim səni!!!
…Vaxtım yoxuydu.
İndi vaxtım var,
Ama ,sən yoxsan,
Ata!!!

Tural Adışirinin təqdimatında..

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.