MEHMET YARDIMCI
“Zaval gəldi, yurd pozuldu, qaç və köç aldav ilə,
Getdi xalqlar, gəldi yadlar başqa al və dil ilə.”
Qaspıralı İsmayıl
Sibirə
Sürgün qatarında
Gözyaşları axa-axa
Torpağından oğurlayıb vaqonlarla
könlü yorğun
Krım türklərini aparan qatar,
Daşkəndə, Fərqanəyə
Buxaraya çatmadan
bolqar, rus, erməni,
nə qədər varsa bölgənin
ötədə, bəridə
etnik mənşəli qövmləri
yiyələndi boşalan şəhərlərə,
Qapdılar Türk evlərini.
Əsrlər boyunca xalqlara yurd olmuş.
Fərqli mədəniyyətlərin sintezi
yaşıl Krımın
Ağməscid, Baxçasaray, Akyarında
Kənd-kənd, küçə-küçə
Bağçalarda nar çiçəyi yerinə
Alovlandı kor atəş.
Yüz illərdi
Sadiq insanların yaşadığı
Türk yurdlarının
Bir gecədə adları dəyişdi,
Tanınmaz oldu çöhrələri.
Giray xan dövründə qurulan
Krımın ən qoruyucu qalası
Ağməsciddə
Ana Əli, Çeşməçi, Əfəndiköy,
Taxtacami, Mamak, Terekeli
başqa dillərdə
qeydə düşdü.
Sibir qatarında yollar soyuduqca
Günahsız gözlərlə baxan insanlar
uzaqlaşdıqca Krımdan
Bağı-bağçası xarab olan
Baxçasarayda
Qarışdı qara rəngin içində itən xülyalar.
Yandı anaların ürəkləri
Sarı tumurcuqlar kimi
Saralıb soldu uşaqların bənizi.
Utancından erkən oyanan günəş
solğun üzüylə
“Açma” dedi güllərə,
Bənövşəyi bülbülə “ötmə” dedi,
Az isitdi evləri.
Krım Xanlığından yadigar
Bir tək daşı belə buraxmamaq niyyətilə xain əllər
Yandırıb dağıdarkən şəhərləri,
Müqavimət göstərdi var gücüylə
Salğır çayı sahilindəki Qışlada
Nəfsi Müdafiə batalyonunda Krım Türkləri.
Övliya Çələbinin
xanlıq dövründə
üç yüz altmış kəndi,
on bölgəsi,
beş məscidi, üç təkkəsi,
kirəmit örtülü iki min evi,
İki yüz dükanı,
qonaq evi və hamamlarıyla xoş
Müsəlman Türk diyarı dediyi
Ağməsciddə
İlahi ədalət bitdi.
Çatırdağdan doğulub
Bərəkətini Ağməscidə saçaraq
Azak dənizinə uzanan Salğır çayı
Zor daşıdı suların sancısını,
Çiçəklərin hamısı qan qırmızısı açdı
Baharda gözləyərkən durnaları.
Xaraba qoydular sürgün illərində
Karay Türklərinin ibadətxanası
Kenesayla
Ağməscid ortasında Məscid-i Kəbiri.
Kalgay Sultan sarayı həyətində
Mengli Giray Məscidi,
Salacıkda
Hacı Giray Xanın türbəsi
Memar Sinanın tikdiyi
Gözlevedəki Xan Məscidi,
Qonaqsaray
Acı-acı inlədi.
Mədəni miras içində
Paylaşdı xalq divarlarla kimsəsizliyi,
Ağməsciddə,
Baxçasarayda
ahəngini itirdi
gündə beş nəfəs
uzaqlardan gələn azan səsləri.
Qadağan şəhər Sevastopolda
məhbusların
Türkülərə verib həsrətlərini
Qaradənizə baxdıqca
Qanayıb dayandı ürəkləri.
Halbuki ən çox
Osmanlı dövründə
Akyar olaraq xatırlanan
Sevastopola yaraşır azadlıq.
Kimsə unutmadı mübarizəsini
Boz rəngin tonlarına inad.
Tarixi gerçəklərin
o idi əsl şahidi.
Antik dövrdən bəri
naxışı
Saka türklərindən qalan,
Anadolu naxışlarını hayqıran heybəsi,
yaşı bilinməz
bölgədə
hansı Türk qövmü toxumuşsa
millət sənədi kimi
anadan qızına miras
Türk motivli kilimləri.
Daşsız məzarların altında.
Daşları deşərək böyüyən
Səbir otları kimi sakit
Krım xalqına
sürgün illəri
heç olmamış sayılsa da,
durur kitabların
zülm iyi verən
Savaş iyi verən səhifələri.
Heç unudularmu xatirələr
Türkülərin uzun havalarında
Ayrılık acısı inlərkən?
Keçərmi ürəkdəki ağrıısı
Baxçasaray,
Akyar,
Ağməscidin
bir gün sorular əlbət hesabı.
Azərbaycan dilinə uyğunlaşdıran: Təranə Turan Rəhimli