Ana səhifə BAŞ YAZI “İŞĞAL”DA QƏLƏM, “QƏLƏM”DƏ “İŞĞAL”…

“İŞĞAL”DA QƏLƏM, “QƏLƏM”DƏ “İŞĞAL”…

Müəllif: Bizim Yazı
938 baxış

Yazarlar -QELEMdeYazıçı Sevindik Mehmanın “QƏLƏM” nəşriyyatında “Qarabağ trilogiyası” seriyasından nəşr olunmuş “İşğal” romanı üzərinə dörd yazarın söhbəti

İbrahim İlyaslı: Bu gün bir araya gəlməyimizin əsas məqsədi yazıçı Sevindik Mehmanın “İşğal” romanı haqqında bir müzakirə keçirməkdən ibarətdir. Söhbətimizdə şair-publisis Qafqaz Əvəzoğlu, şair Xan Rəsuloğlu, həmçinin əsərin müəllifi iştirak edir. Bu günkü söhbətə bilavasitə sizlərin dəvət edilməyiniz təsadüfi deyil, həm müəllifi yetərincə tanımağınız, həm də əsəri oxumağınız, həmçinin, buna qədər əsər haqqında müəyyən fikir və mülahizələrinizin olması şəksizdir. Bizim indi bir araya gəlməyimiz də, sadəcə həmin fikir və mülahizələrin yığcam bir şəkildə ictimaiyyətə çatdırılması üçündür. Öncədən deyim ki, haqqında danışmaq istəyimiz “İşğal” romanı trilogiyadır, “Qələm” nəşriyyatı tərəfindən “Qarabağ trilogiyası” adlı bir seriya ilə çap edilibdir. Romanın artıq iki kitabı geniş oxucu kütləsinə təqdim edilib və indiyə qədər müəyyən oxucu dairəsinin diqqətini cəlb edə bilib, müəllifin dəvət edildiyi ayrı-ayrı görüşlərdə əsər bu və ya digər şəkildə müzakirə edilib. O sırada, Türkiyənin Gənclərə Yardım Fondunda əlaçı universitet tələbələri ilə, həmçinin “Hədəf” Nəşrlər Evinin təşkilatçılığıyla Müəllimləri Təkmilləşdirmə Institutunun müəllim və professor heyyəti ilə keçirilən görüşlər zamanı əsərin müzakirə edildiyi məlumdur. Demək istədiyim odur ki, əsər müəyyən oxucu dairəsi tərəfindən çox yaxşı qarşılanıbdır, ancaq əsərin yetərincə tanıdılmasına, böyük oxucu kütləsinə təqdim edilməsinə ehtiyac var. Hərçənd ki, ümumi götürəndə, bu əsər Qarabağ müharibəsi mövzusunda indiyəcən yazılmış ən ciddi nəsr əsəridir, ən azından mən belə hesab edirəm. Bir məsələni qeyd edim ki, S. Mehmanın “İşğal”a qədər yazdığı, cap etdirdiyi yazılarının motivləri bilavasitə Qarabağ savaşı ilə bağlıdır. Buna qədər, əgər səhv etmirəmsə, onun bir kitabı…
Q.Əvəzoğlu: İki kitabı…
İ.İlyaslı: Doğrudur, iki kitabı, “Qubadlıda çaxan şimşəklər”, “Əzrayıl qapını döyür”. Mən o kitabların ikisini də oxumuşam. Ancaq istərdim ki, indi məhz “İşğal” romanı haqqında danışaq. Qarabağ savaşı haqqında yazılmış bu cür ciddi bir əsərin kütləvi oxucu cəmiyyəti tərəfindən qəbul olunmasında hansı problemlər var? Bax, mən istərdim ki, həm bu barədə, həm də ümumən əsər haqqında fikirlərinizi bildirəsiniz. Söz Qafqaz Əvəzoğlunundur.
Q.Əvəzoğlu: Mən, S. Mehmanın belə bir əsərinin cap edildiyinə, açıq deyirəm, bəlkə də hamıdan çox sevinmişəm. S. Mehmanı mən indi tanımıram ki! Onu hələ rayondan, yəni Qubadlı rayonu işğal olunmamışdan qabaq tanıyırdım. Belə məlum olur ki, S. Mehman bu hadisələri lap əvvəldən yazmağa başlayıb, daha doğrusu, özündə qeydlər aparıb. İndi də, o qeydlərdən, o informasiyalardan əsərlərində bir material kimi istifadə etməsi çox təbiidir. “İşğal”ı oxuyanda bu açıqca hiss olunur. Fürsətdən istifadə edərək, bu əsəri kitab halında ərsəyə gətirmiş “Qələm” nəşriyyatına, o nəşriyyatın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Təbii ki, roman haqqında S. Mehmanın özü ilə söhbətlərimiz az olmayıb, fikrimi bildirmişəm, sözümü demişəm. Müəyyən fikirləim olub, tənqidi baxımdan. Mənim fikrimcə, bu əsərin ən üstün cəhəti faktlara, müharibə faktlarına bağlılığıdır. Qarabağ müharibəsindən bəhs edən digər əsrlər ki var, onların heç birində belə faktlar yoxdur, rast gəlmirsən, əksər hallarda reallıqdan uzaq, müəllif təxəyyülünün uydurması ilə üzləşir adam. Bundan əlavə, müharibədə iştirak etməsi, müəyyən döyüş yolu keçməsi müəllifə imkan verib ki, savaş və döyüş səhnələrini reallığa uyğun şəkildə qələmə alsın. O səhnələr adama xüsusilə təsir edir, çünki biz də görmüşük, başımıza gəlib. Bir məsələni də qeyd edim, “İşğal”da təsvir edilmiş hadisələr kifayət qədər cəlbedici bir təhkiyə üzərində qurulub, oxuduqca adamı öz arxasınca apara bilir. Üçüncü kitabin bundan da maraqlı olacağına əminəm. Hesab edirəm ki, oxucular mütləq bu kitabı əldə etməli və oxumalıdılar. Ən azından ona görə ki, Qarabağ müharibəsi haqqında yazılmış digər əsərlərdən fərqli olaraq, burda müəllif təxəyyülü deyil, real həqiqətlər öz əksini tapıb.
İ.İlyaslı: Qafqaz müəllim, icazə verin müdaxilə edim…
Q.Əvəzoğlu: Hə, buyur.
İ.İlyaslı: Təbii ki, romanın bu cür maraqlı alınmasında müəllifin müharibədə iştirakı, hadisələri müşahidə etməsi, prosesləri öyrənməsi az rol oynamayıb. Ancaq hər müşahidəçinin və hər müharibə iştirakçısının bu cür əsər yazması təsadüfdən ola bilməz. İstərdim ki, diqqəti romanın bədii cəhətlərinə yönəldək.
Q.Əvəzoğlu: Mən deyim. Bilirsiniz ki, bizim ədəbi birliyin aylıq qəzeti çıxır, “Sözün sehri”. S. Mehmanın bayaq dediyim cəbhə gündəliklərinin xeyli hissəsi o qəzetdə çap edildi.
İ.İlyaslı: Oxumuşam o yazıları.
Q.Əvəzoğlu: O yazıları oxuyan çox adam, dəfələrlə məndən soruşub ki, bu S. Mehman kimdir axı? O yazılar oxucularda əməlli-başlı maraq oyatmışdı. Birincisi, o yazılarda çoxlu fakt yer almışdı. İkincisi, o yazılar yüksək oxunaqlığa malik idi. Bu cəhətlər “İşğal”da daha qabarıqdı. Orda yaddaqalan obrazlar çoxdu. Real isimlər də az deyil. Təkcə birini deyim, general Bərşadlı, bu adam, bilirsiniz ki, Azərbaycanın müasir hərb tarixində kifayət qədər tanınmış bir simadı, vaxtı ilə Müdafiə naziri olub, onun məhz generallara məxsus jestləri “İşğal”da elə gözəl və elə çalarlarla verilib ki, sadə oxucu onun necə bir şəxsiyyət olduğunu çox asanlıqla qavraya bilir. Ukraynadan yenicə Azırbaycana gəlmiş mayor rütbəli bir azərbaycanlıya çox mühüm bir əməliyyatın taleyini etibar etməsi bu adamın, sohbət general Bərşadlıdan gedir, uzaqgörənliyini göstərir. Sonra təxribatlar olur, əməliyyat pozulur. Bir sözlə, mən çox yüksək qiymətləndirirəm bu əsəri. Əlbəttə, bütün əsərlərdə tənqid ediləsi yerlər də tapmaq mümkündür.
İ.İlyaslı: Bu, təbiidir. Ən yaxşı əsərlərə də tənqidi yanaşılma normaldır. Hər şey zövqlə bağlıdı… Xan Rəsuloğlunu dinləyək.
X.Rəsuloğlu: Mən mövqeimi üç tərəfdən bildirmək istəyirəm: oxucu kimi, kitabçı kimi və yazar kimi. Kitabçı kimi onu deyim ki, kitab çox nəfis şəkildə tərtib edilib, Azərbaycan kitabçılıq sənətinin uğuru sayılacaq bir səviyyədədi. Buna görə ilk növbədə “Qələm” nəşriyyatına minnətdarlığımı bildirirəm. Bayaq romanın geniş oxucu kütləsi tərəfindən necə qarşılandığı barədə söhbət oldu, bununla əlaqədar bu yaxınlarda rastlaşdığım maraqlı bir faktı demək istəyirəm. Təxminən bir neçə ayın söhbətidi. Bakıda “AkademikKitab” dükanına getmişdim, dükanın müdiri Hacı Əlağa ilə satış salonunda söhbət edirdik, bu dəmdə bir cavan oğlan içəri girdi, bizə yaxınlaşıb: ”Bağışlayın,-dedi,-sizdə “İşğal” romanının üçüncü hissəsi var?” Sübhəsiz ki, əsərlərinin oxucu tərəfindən bu cür axtarılıb aranması yazıçının ən böyük dividentidir. Belə çıxırdı ki, bu roman oxucu kütləsinin diqqətini yetərincə cəlb edə bilmişdir. Özü də bunu soruşan cavan bir oğlan idi, bu adam birinci və ikinci kitabları oxuyub ki, indi də üçüncü hissəni əldə edib oxumaq niyyətindədir. Deməli, kitabın doğurduğu maraq böyükdür. Onunla ayaqüstü də olsa, söhbət elədim, gördüm ki, bu əsər oxucuların, xüsusən də gənclərin əməlli-başlı marağına səbəb olub. Çox vaxt bizə elə gəlir ki, Qarabağ məsələsi artıq arxa plana keçib, əslində isə zahirən belə görünür, yəni adamların bu məsələyə əvvəlki qədər diqqət ayırdığı qabarıq görsənmir. Həmin oxucu ilə söhbət edərkən isə, Qarabağ məsələsi ilə bağlı ilk baxışda cəmiyyətdə hiss edilən susqunluğa romanın necə təsir etdiyini gördüm. Bu, əslinə qalsa, çox böyük uğur deməkdir. Mən hesab edirəm ki, bu əsərin həm tirajı azdı, həm də ölkənin təkcə iri şəhərlərində deyil, əyalətlərdə yayılması vacibdir. Bundan əlavə, kitabın reklamına, təbliğinə çox ciddi yanaşılmalıdır.
İ.İlyaslı: Tiraj artırılacaq, əlbəttə. O ki qaldı, əsərin reklam və təbliği ilə bağlı fikrinizə, burda vəziyyət bir qədər başqa cürdür. Məlumat üçün deyim ki, nəşriyyat bu sahədə az işlər görməyib, kitabın reklam və təbliğindən ötrü xeyli əmək sərv edilib. Merto stansiyalarında, marşurut avtobuslarının reklam üçün nəzərdə tutulmuş yerlərində xüsusi lövhələr asdırılıb, bundan əlavə, roman haqqında internet səhifələrində xeyli məlumatlar yerləşdirilibdir.
X.Rəsuloğlu: Çox yaxşı. Əgər belədirsə, onda həmin işlərin sürəti bir qədər artırılmalıdır, məncə. Bir oxucu kimi bayaq sizin dediyiniz fikirlərin, demək olar ki, hamısı ilə şərikəm. Mən birbaşa romandakı motivlərə istinad etmək istərdim. Baxın, birinci kitabın üz qabığında oxuyuruq: “Şuşada qalan partizanlar haqqında ilk roman”. İkinci kitabın üz qabıında isə digər müharibə faktları haqqında məlumatlar verilib, “Daşaltı əməliyyatının sirləri”, yaxud “Qarabağın ermənilər tərəfindən işğal edilməsində rus “kqb”sinin rolu” kimi başlıqların yer alması heç də təsadüfi deyil. Əslində, bunlar sadəcə başlıqlar deyil, çox ciddi faktların konturlarıdır. Axı necə oldu ki, yalnız bir kəndi ermənilərdən təmizləmək üçün həyata keçirilən əmliyyatda bu qədər itki verildi, orda hansı hərbi təxribatlar törədildi, kimlər törətdi, satqınçılıq edən kimlər idi və sair. Romanın müstəsna və ən çox diqqət çəkən motivləri bir sıra tarixi hadisələrlə bağlı məlumat və şərhlərdi. Bu yığcam parçalarda müharibə gedə-gedə ölkədə araverməyən daxili çəkişmələr, Rusiyanın Azərbaycana təzyiqləri, MDB məkanında gedən dikər proseslər, onların yozum və təhlilləri verilir. Bunların fonunda Qarabağ müharibəsinin gedişindəki geriləmələr, məğlubiyyətlər, onların səbəbləri açılır. Təkcə hadisələr yox, ordakı obrazlar, adamlar, onların taleyi, həyata baxışları adamın daima diqqətində qalır, obrazların, demək olar ki, hər birinə qarşı bir müəllif sevgisi var və bu hiss, mən deyərdim ki, sona qədər duyulur. Personajların hərəsi ayrıca bir obrazdır, onların simasında dostluq və mərdliyin, igidliyin qiymətləndirilməsi, ən çətin sınaqlar qarşısında əyilməmək, ölüm qorxusuna üstün gəlmək hünəri heyrət doğuracaq bir ustalıqla işlənmişdir. Fikrimcə “İşğal” romanı bədii cəhətlərinə görə çox fərqli bir əsərdi, bundan əlavə, əsərin dili çox rəvandır, oxunaqlıdır. Bayaq Qafqaz Əvəzoğlu “İşğal” romanının bu dərəcədə təsirli olduğunun müəllifin vaxtı ilə müharibədə iştirak etdiyindən, dəqiq müşahidələr apardığından dolayı olduğunu vurğuladı, bu fikirlə yalnız müəyyən dərəcə razılaşmaq olar, ümumiyyətlə isə, məsələnin tamamilə bu şəkildə olduğunu düşünmürəm. İbrahim İlyaslı demişkən, axı hər müharibə iştirakçısı bu cür bədii təsirə malik əsər yaza bilməz, burda, mənim mövqeimə görə, elə bilirəm ki, siz də razılaşarsız bu fikirlə, birinci və əsas sözü istedad deyir. Həqiqətən, istedad olmadan bu cür iri həcmli bir əsəri ərsəyə gətirmək necə mümkün ola bilərdi? Mən, S. Mehmanla vaxtaşırı görüşmüşəm, söhbətlər eləmişik, ən çox ədəbiyyat haqqında, xalqımızın bu günü və gələcəyi haqqında danışmışıq, fikirlərimizi bir-birimizə bildirmişik. O, ədəbiyyata, nəsrə, xüsusən də rus nəsrinə ayrıca maraq göstərdiyini bildirərək, L. Tolstoy, M. Şoloxov, A. Çakovski və V. Bıkov kimi rus nəsrinin nəhənglərindən, onların əsərlərindən çox şeylər öyrəndiyini açıqca söyləyirdi. Söhbətlərimizin birində Qarabağ müharibəsi mövzusunda trilogiya həcmli bir əsər yazmağa hazırlaşdığını bildirdi. Onu da deyim ki, buna qədər S. Mehmanın müharibədən bəhs edən iki kitabı çapdan çıxmışdı. O vaxt yazmağa hazırlaşdığı əsər isə, indi haqqında danışdığımız “İşğal” romanıdır. Romanı, demək olar, birnəfəsə oxudum, gecəyarıydı qurtardım, düzü, mən onun yaxşı bir əsər ortaya çıxara biləcəyinə əvvəldən şübhə eləməmişdim, amma bu qədər sanballı, güclü təsirə malik bir əsər, açığını deyim, gözləmirdim. Gecəyarı da olsa, zəng elədim, təəssüratımı, təşəkkürümü bildirdim…
İ.İlyaslı: İnanın ki, o hissləri mən də keçirmişəm. Bilirsiniz, romanın redaktor işi mənə həvalə edilmişdi. İşin gedişində elə məqamlar olurdu ki, maraq mənə güc gəlirdi, hər şeyi yaddan çıxarıb düşürdüm o hadisələrin axarına, redaktor olduğumu belə unudurdum. Çağdaş ədəbiyyatımızın ən tanınmış simaları, məsələn, Anar, Elçin, Mövlud Süleymanlı və digərləri bu mövzuya müraciət etməyiblər, amma müraciət edənlər də var, az deyil, o əsərlərin bir neçəsini oxumuşam, bəziləri barədə isə ümumi məlumatım var, tərəddütsüz deyə bilərəm ki, “İşğal” onların ən mükəmməlidir. O biriləri, açıq deyirəm, “İşğal” qədər qane etməyib məni…
X.Rəsuloğlu: Elədir, fikrinizə tam şərikəm. “İşğal” romanı o sırada birincidi. Siz düz deyirsiniz ki, bu mövzuya ara-sıra da olsa müraciət edilib, Zeynalovun “Qarabağ hekayləri”ni misal göstərmək olar, hətta, ən populyar dedektiv yazarların bəzi əsərlərində bu mövzuya müəyyən dərəcə toxunulur…
İ.İlyaslı: Toxunulur, elədi…
X.Rəsuloğlu: Ancaq… heç birində hadisələrin “İşğal”dakı kimi sistematik şəkildə verilməsi yoxdu, heç birində müharibə olayları burdakı kimi hərtərəfli əhatə edilməyib. Bu cəhətdən hələlik “İşğal”a bərabər ikinci bir əsər görmürəm.
Q.Əvəzoğlu: Bu deyilən fikirlərə mən də şərik oluram, özü də tam şəkildə şərikəm. Yenə deyirəm ki, bu əsər mənim çox xoşuma gəlib, özünə də demişəm bunu…
İ.İlyaslı: Deyirəm, sözü bəlkə müəllifin özünə verək… Ancaq əvvəlcə bir məsələni qeyd etmək istəyirəm. Söhbətimizin lap əvvəlində “İşğal” romanının geniş oxucu kütləsi tərəfindən necə qəbul edildiyindən danışdıq, əsərin təbliğ edilməsindəki problemlərdən söz açdıq, bir çox maraqlı fikirlər səsləndi. Məsələ ondadır ki, bu problemin bir səbəbi də müəllifin özü ilə bağlıdır, bu adam o cür roman yazıb, amma tanınmaq istəmir, mən belə deyərdim ki, tanınmağa can atmır. Odur ki, onunla eyni vaxtda ədəbiyyata gələnlərlə müqaisədə çox geri qalır. Təsəvvür edin ki, bu adam hələ də AYB-nin üzvü deyil, bədii əsərlərin ən çox müzakirə və təbliğ oluna biləcəyi virtual aləmdə görünmür. İnternet istifadəçisi olmamağı bu məsələdə onun üçün xeyli əngəl törədir. Məncə, S. Mehmanı ən çox bunlara görə tənqid etmək, qınamaq lazımdır.
X.Rəsuloğlu: Mütləq… sözsüz, razıyam…
İ.İlyaslı: Bayaq onun yazılarının az maraq doğurmadığına dair belə bir fakt deyildi ki, bizdən soruşulur: axı bu S. Mehman kimdi belə? Bir halda ki, özü burdadır, danışsın və dolayısı ilə bu suallara özü cavab versin. Roman və onun yazılması haqqında, daha doğrusu, nə üçün yazılması barədə bir neçə söz desin. Yəni, müəllif olaraq, yazıçı olaraq bu romanı yazarkən, Qarabağ müharibəsi ilə bağlı konkret hansı suallara cavab tapmağa çalışırdın?
S.Mehman: Təşəkkür edirəm. Bu günkü müzakirəyə, deyilən sözlərə, fikirlərə görə hər birinizə minnətdarlığımı bildirirəm. Suala cavab olaraq deyim ki, müharibə mövzusunun hələ uşaqlıqdan, necə deyərlər, aludəçisi idim. Yəqin ki, qiraətə, kitab oxumağa o vaxtkı marağım, həvəsim ən çox elə bununla bağlı olubdur. Yəqin ki, “İşğal”ın yazılmasında bunun da rolu az olmayıb. Ancaq mən bir fikrə münasibət bildirmək istəyirəm. Burda belə bir fikir səsləndi ki, bu romanın yazılmasında başlıca şərt müharibədə iştirak etməyim olub, yaxud mənim cəbhə gündəliklərim, ordakı müəyyən qeydlər əsərin yazılmasına birbaşa təsir edib. Bu, əlbəttə, tam olaraq belə deyil. Lap özüm istəsəydim belə, o hadisələrin hamısında iştirak edə bilməzdim. Açıq deyirəm, romanda təsvir edilən hadisələrin, demək olar ki, heç birinin iştirakçısı olmamışam, sadəcə hadisələrin gedişini uzaqdan-uzağa da olsa izləyə bilmişəm, onları yaddaşıma köçürmüşəm, yaddaşım o romanın yazılmasında baza rolunu oynayıb, qalan şeylər müharibəyə aid ümumi təfsilatlardı. Müharibə iştirakçısı olmağım isə, bir sıra motivlərin, ələlxüsus da döyüş səhnələrinin gerçəkliyə uyğun şəkildə qələmə alınmasına kömək edib, bunu danmaq olmaz. Ümumiyyətlə, mən bu romanı yazmağa hazırlaşanda, özlüyümdə bir sıra şərtlər müəyyən etmişdim, onlardan biri müasir oxucunun maraq və istəyinin nəzərə alınmasıydı. Bəli, oxucunun marağı mütləq nəzərə alınmalı idi. Daramatik məcra, kəsgin süjet, hadisələrin inkişaf xətti, obrazların müxtəlifliyi bir yana, çağdaş oxucu həm də informasiya acıdır, bədii əsər səhifələrində belə informasiya axtarır. Romandakı xüsusi, daha doğrusu, kursivlə verilmiş parçalar bilavasitə buna hesablanıb, o parçalarda Qarabağ hadisələri, o cümlədən də müharibənin gedişi ilə bağlı müəyyən tarixi faktlar, izah və yozumlar yer alır, bunların vasitəsi ilə də hadisələrin gedişinə dair müəyyən informasiyalar həm birbaşa, həm də dolayısıyla oxucuya çatdırılır… Nəsr ədəbiyyatımızda, əsasən sovet dönəmini nəzərdə tuturam, müharibə mövsusuna həsr edilmiş əsərlər sayca azdı, demək olar ki, bir-iki dənədi, onları barmaqla da saymaq olar. Ən yadda qalanları İ. Qasımovla H. Seyidbəylinin birlikdə yazdıqları “Uzaq sahillərdə” povesti, Əbülhəsənin “Müharibə” və onun davamı “Dostluq qalası” adlı romanlarıdı. Bu, əlbəttə, həddindən ziyadə aşağı bir göstəricidir. Düzdür, İkinci Dünya müharibəsinə həsr edilmiş başqa əsərlər də var, sadəcə o əsərlərin adlarını ona görə çəkmirəm ki, əksəriyyəti realizmdən uzaq, təxəyyül məhsuludu, ən azından mən belə hesab edirəm.
X.Rəsuloğlu: İsmayıl Şıxlının da bir əsəri var, “Cəbhə yollarında”.
S.Mehman: Oxumuşam onu, xoşuma gəlib. O yaxşıdı, dili xüsusilə gözəldi, ümumiyyətlə, İ. Şıxlının ədəbi dili çox şirindi… Ancaq indiki dövrdə bu sahədə bir boşluq hiss olunur və bu, təəccüb doğurmaya bilməz. Qarabağ müharibəsi kimi ağır bir sınaq yaşamış, ərazisinin bir hissəsi işğal edilmiş bir ölkənin ədəbiyyatında o hadisələrə hiss olunacaq marağın göstərilməməsi, daha doğrusu, az maraq göstərilməsi fikrimcə normal deyil. Mən demirəm ki, bir roman yazmaqla o boşluğu doldurmaq xəyalında olmuşam, qətiyyən… Bayaq qeyd edildi ki, bu mövzuya müraciət edən yazıçılar var, əlbəttə, var, bunu inkar eləmək olmaz, bəzilərini oxumuşam da, ancaq o əsərlərin əksəriyyəti, bayaq qeyd edildiyi kimi, sırf müəllif təxəyyülünün məhsuludur. Mən düşünürəm ki, bədii əsərlərdə belə müharibə tarixinə dair motivlərin bu və ya digər şəkildə yer alması vacibdir, həm də söhbət təkcə sırf müharibə tarixindən getmir, söhbət oxucuya bir çox tarixi hadisələr, o cümlədən müharibənin gedişinə dair bəzi informasiyalar əldə etmək imkanı verilməsindən gedir. Onların arasında ən xoşuma gələn rəhmətlik Müslüm Məhərrəmovun “Fərari” romanı olub, heyif ki, mən o romanın yalnız birinci hissəsini oxumuşam, eşitdiyimə görə ikinci hissəsi də çıxıb, ancaq təssüf ki, ikinci hissəni hələ oxuya bilməmişəm, mütləq oxuyacağam… Dediyim kimi, o romanın birinci hissəsi, xüsusən də ilk səhifələri məni tam qane eləməsə də, nisbətən yaxşı təsir bağışladı. Ancaq burda da müəyyən çatışmamazlıqlar hiss olunurdu, əsas təssüf doğuran isə döyüş səhnələrinin müxtəsər təsvir edilməsiydi. Xahiş edirəm, bu dediklərim heç də tənqid kimi başa düşülməsin. Özünüz də bilirsiniz ki, kitab yazmaq nə cür ağır işdir. Kitab yazmaq, roman yazmaq çox böyük və çətin işdi, deməli, əyər-əskikli olması da təbiidir. Misalçün, mən bilirəm “İşğal”ın hansı qüsurları var…
Q.Əvəzoğlu: Bu barədə biz söhbət eləmişik…
S.Mehman: Mən onları demirəm. O danışdıqlarımız sadə məsələlərdi, oxucu yanaşmasıdı. Mən professional yanaşmanı nəzərdə tuturam. Misalçün, personajların çoxluğu, obrazların müxtəlifliyi… digər məsələlər… Orda bir xətt var, həm sovet dövründə, həm də ondan sonrakı dövrdə “kqb” dediyimiz orqanın, o cümlədən hərbi əks-kəşfiyyatın törətdiyi əməllərlə bağlı motivlərdən məlum olur ki, Azərbaycandakı orqanlar Moskvanın yerli şöbələri olub, tapşırıqları şaquli şəkildə ordan alırdılar, həmçinin agentura şəbəkəsi də birbaşa Moskvanın tabeçiliyindəydi. Bunun nəticəsiydi ki, müstəqilliyin ilk illərində ölkə təlatüm içində idi, hey çalxalanırdı. Sözsüz, müharibənin gedişindəki geriləmələrin, uğursuzluqların səbəblərindən biriydi bu…
İ.İlyaslı: Romandakı qəhrəmanlar, obrazlar haqqında…
S.Mehman: Obrazlar… Bayaq onlardan biri haqqında, general Bərşadlı haqqında fikir səsləndi. Onun, təkcə bədii obraz kimi xarakterizə edilməsi yanlış olar. Məncə, gerçək bir sima olaraq yanaşılmalıdır ona. Açığını deyim ki, o, mənim xüsusi simpatiya bəslədiyim bir şəxsdir. Bir neçə milyonluq sovet ordusunda yüz seçmə generaldan biri olub Valeh Bərşadlı. İşgüzarlığına, praqmatikliyinə görə həmişə diqqətdə saxlanılıb, əlbəttə, onu sevməyənlər, gözü götürməyənlər də az olmayıb, bürokrat hesab edirmişlər onu. Bilirsinizmi, generalların çoxu indiyəcən qulluğa görə yox, əsasən vəzifəyə təyin olduğuna görə general rütbəsi alıb. Ancaq o, əsl general idi…
İ.İlyaslı: Bəs o biriləri? Məsələn, Daşdəmirov, Əli İsayev… Əgər sirr deyilsə, sizinçün o obrazların hansı daha əzizdir?
S.Mehman: Mənimçün hamısı əzizdi. Bu baxımdan obrazın birini o birisi ilə müqayisə etməyə çətinlik çəkərəm. Mənə elə gəlir ki, yazıçı olmaq müəyyən mənada Tanrı iddiasında olmaq deməkdir…
İ.İlyaslı: Əstəğfürullah!
S.Mehman: Yox, mən başqa mənada deyirəm. Yaradan mənasında. Misalçün, yazıçı bir kənd təsvir edir, o kənddə adamlar yaşayır, o kəndin böyründən çay axır, çəmənlərində quzular otlayır və sair. Əslində, bunların heç biri yoxdu, nə kənd var, nə də o kənddə yaşayan adamlar. Yazıçı bunların hamısını sözlə yaradıb. Axı Tanrı da cümlə-cahanı sözlə yaradıb, belə deyilir da… Bu mənada yazıçı yaratdığı obrazların bir növ Tanrısı sayılır. Necə ki, Allah-təala öz yaratdıqlarını, öz bəndələrini sevir, yazıçıya da öz yaratdıqları əzizdir. Belə bir şeydi bu…
İ.İlyaslı: Orda başqa obrazlar da var. Məsələn, o qızın – Zoyanın obrazı. Belə bir adam gerçəkdən olubmu?
S.Mehman: Olub… Düzdür, o adam indi həyatda yoxdur, amma mən çalışacağam ki, onu “öldürməyim”. O qızın prototipi Sumqayıt şəhərində yaşayıb.
Q.Əvəzoğlu: Hə, olub o qız. Ümumiyyətlə, müharibənin əvvəllərində qızların orduya axını çox böyük idi, onların ölənləri də var, qalanları da.
X.Rəsuloğlu: Özünüz o obrazların hansısınız? Yəni o obrazların hansında daha çox varsız?
S.Mehman: Tam olaraq mən onların heç birində yoxam. Ancaq məndən onların hərəsində bir az var.
İ.İlyaslı: Mən yenə qayıdıram Zoya ilə bağlı motivə. Onun kəşfiyyata getməyi, yaralanması, onun düşüncələri, daxili aləmi çox uğurlu şəkildə qələmə alınıb. Yəqin üçüncü hissədə də belə məqamlarla rastlaşacağıq?. Sizə bu işdə uğurlar diləyirəm, uğurlar diləyirik…
X.Rəsuloğlu: Bəs üçüncü hissə tezmi çıxar?
S.Mehman: Bu il, yaza qədər çıxmalıdır…
X.Rəsuloğlu: İnşallah!
Q.Əvəzoğlu: İnşallah, üçüncü hissə çıxdıqdan sonra, mənim fikrim var ki, əsərin geniş bir müzakirsini keçirək…
İ.İlyaslı: Çox yaxşı olar. Biz çalışmalıyıq ki, S.Mehmanın “İşğal” romanı öz layiq olduğu stasusu alsın… Bu günkü söhbətimizdə əsərin üstün cəhətlərindən danışdıq. Oxucunu diqqətini nə cəlb edə bilər? Əsərin oxunaqlığı, burda bu var, müəllifin, arxa planda da olsa mövqei, bu da var, ancaq istənilən halda, oxucunun yadında qalan obrazlardı, hadisələrdi, oxucunun diqqətini ilk növbədə bunlar cəlb edir, bu cəhət dönə-dönə vurğulandı…
X.Rəsuloğlu: Orda mənim xüsusilə xoşuma gələn, müharibənin gedişindəki geriləmələrin səbəblərini açıb göstərən motivlərdi, o məsələlər çox incəliklə çözülür…
Q.Əvəzoğlu: Mən üzümü oxuculara tutaraq demək istəyirəm: bu kitabı mütləq oxuyun. İnanın ki, siz bundan çox şey əldə edəcəksiniz…
İ.İlyaslı: Yekunda sizin hər birinizə təşəkkür etmək istərdim. Elə bilirəm ki, “İşğal” romanına həsr edilmiş bu günkü söhbətdə ədəbiyyatımızın indiki durumu ilə bağlı bir çox vacib məsələlərə də az toxunulmadı. Odur ki, müzakirənin çox uğurlu keçdiyini vurğulamaq istərdim. Bir daha həm öz adımdan, həm də müəllif adından sizin hər birinizə təşəkkür edirəm, sağ olun…

SON

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.