Ana səhifə YAZILAR İradə AYTEL

İradə AYTEL

Müəllif: Bizim Yazı
884 baxış

KÖHNƏLMİSƏN, BƏXTİYAR!
(Bəxtiyar Hidayətin “Ağ qaranlıqlar” kitabından sonra…)

Çoxdandı yazmırdım. Yox, əslində yazammırdım. Həm də mənə elə gəlirdi ki, daha yazmayacam (yaza bilməyəcəm). Bu hissim “Ağ qaranlıqlar”a qədər məni tərk etmədi…
“Ağ qaranlıqlar” əqidəsini alqışladığım, şeirlərini sevə-sevə oxuduğum, şəxsiyyətinə ehtiram bəslədiyim, dostluğuna inandığım Bəxtiyar Hidayətin söz balalarının sığındığı ikinci kitabın adıdı.
Nədir bu kitabın özəlliyi? Ən başlıcası səmimiyyət! Ümumiyyətlə, səmimiyyət olmayan yerdə ülvi hisslərdən söz açmağa dəyməz. Ən saf, ən ali, müqəddəs varlıq cocuqlarımızda belə qeyri-səmimi addım görəndə istər-istəməz ürəyimizdə bir sim qırılır…
Bəxtiyar qaçqındı! Elinin-obasının və istəklərinin qaçqınıdı. Yurdundan qaçıb da burada evini yerlilərə kirayəyə verən qaçqınlardan yox (“Mən Qarabağ qaçqınına kirayəni azaltsın deyə yalvarırdım…” C.Cavanşir), qanını laxta-laxta yurd-yuvasında kirayə edən qaçqınlardandı. Və bu gün anasının timsalında qaçqın düşüb də xanım-xatınlığını o yerlərdə qoyub gələn anaların-bacıların baxışlarının qaçqınıdı…

Döyür təpəsinə yayın istisi,
Qışın soyuğunda üşüyür anam.
Yanından sumkalı xanımlar keçir
Sumkalarda çörək daşıyır anam…

Ömrünün ən qaynar çağlarının, ən məhrəm illərinin, Qarabağ yanğılı, Qarabağ acılı sevgisinin qaçqınıdı:

…Bax, belədir, əzizim,
Ömrümün səksən faizi yaşanmayıb,
Yalnız iyirmi faizi yaşanıb ki
Onu da itirmişəm Qarabağ kimi…

Kiçicik bir komadan, hərarətli, mehriban nənədən, bir qumral quzudan başlayıb da Qarabağ boyda sinəsində qıvrılan, Turan dünyasına sığışmayan, kürəsəlləşən, danlamağa üzü olan, danlanmağa heyi olmayan bir Vətənin qaçqınıdı Bəxtiyar:

Bir quzu itəndə danlanardım hey,
Bir nənəm olardı anlayan məni.
O boyda torpağı itirmişəm mən
Barı tapılmayır danlayan məni…

Balalarının gələcəyinə indidən yanan, düşmənə pənah aparırmış kimi dərdinə söykənən, dərdinə qılıq edən, dərdində cücərən, böyüyən bir insanın – Bəxtiyar Hidayətin – özünün qaçqınıdı Bəxtiyar!

Mənnən balama keçəcəksən
Dərdim, necəsən?

Və bu qaçqınlıq o zamana qədər çəkəcək ki, keçmişdən rişələnən gələcəyimiz qurulacaq. Axı şair “Siz bizim keçmişimiz olun, uşaqlar” – deyir. Uşaqlar bizim gələcəyimizdir – deyimini alt-üst edir. Təbii ki, nə qədər ki: –

Kimi Allahlığa zəncirlənib,
Kimi şeytanlığa zəncirlənib,
Kimi şahlığa zəncirlənib,
Kimi səfalətə zəncirlənib,
Kimi fahişəliyə zəncirlənib!

– bu bərabərlik din, dil, irq, təbəqə bərabərliyinə çevrilməyəcək, nə qədər ki,

Altdan geyinib üstdən qıfıllandıq,
Üstdən geyinib altdan qıfıllandıq
Qəhrəmanlıqlar göstərdik müharibə vaxtı
Amma bizə hörmət göstərilmədi
Soyunub şou göstərən müğənnilər qədər…

– deyəcək qəhrəmanlarımız, yazarlarımız, ziyalılarımız Bəxtiyar Hidayət (Bəxtiyar Hidayətin timsalında hamımız) qaçqın olacaq!
Ay Bəxtiyar, ay “əyalət” şairi, indi zaman torpağı satanların, rüşvətxorların, soyunan müğənnilərin, Bakının ən ucuz arağından içib də yazar olmaq istəyən xanımları soyunduran “mərkəz yazarları”nın…dı… Bu iniltin də bu günün deyil, Bəxtiyar!

Dostlarım varıydı nə dostlar
Dağ üstə dağ qoyardılar
Dağları qoyub qaçdılar…

Axı o dostlar dağ üstə dağ qoyardılarsa, niyə dağları qoyub qaçdılar? Çünki sən zamanı, zamanına güvənib də zəmanəyə meydan oxuyan, dağ üstə dağ qoyanları dağlardan perik salan, şairlərinə “Quş gəlsə qanad salan, qatır gəlsə dırnaq salan” obalarımızda “erməni gəldi məskən saldı (B.Hidayət)” ağısını yazdıran, genimizdən gen olan generalları (“Bizə general oldu genimizdən gen olanlar” B.Hidayət), hegemonları qınayırsan… Bu günün deyilsən, Bəxtiyar! Köhnəlmisən, Bəxtiyar!..
…Vətən uğrunda döyüşənlərə, canını fəda edənlərə, hətta adı belə bilinməyən, naməlum qəbirdə yatanlara həmişə ən yüksək söz qiymətini şairlərimiz verib. Bəxtiyarın da bu qəbildən şeirləri var. Amma, məncə aşağıdakı bircə misraya sığışan söz medalını hələ kimsə təsis etməyib, hələ kimsə o medalı naməlum qəbirdə yatan əsgərin “sinəsindən” asmayıb!

Naməlum qəbirdə yatana bir bax,
Yurda adını da qurban veribdi.

…Bəxtiyarda ən çox sevdiyim xüsusiyyət sözü ifadə edəcəyi fikrin ahənginə kökləyib də oynatmasıdır. Onun təşbehləri, cinasları öylə orjinal, öylə dilə və ürəyəyatımlıdır ki, o fikir çəməninin içərisində köhlən at çapan bircə gülü (sözü) belə incitməyən kəskin, iti məntiqə heyrətlənməyə bilmirsən:

Əlimdə qabarı necə qabqarım
Qabqar cinayəti qabara qarşı.

Və yaxud:

Elə sızıldayır indi göz yaşım,
Ətdən yağ damantək közün üstünə…

Və:

Tellərin bir şeirin sətirləriydi,
İxtisar etmisən o şeiri hayif…

Və:

Sənin vergisini verdiyin şair
Sənin şah əsərin gözələ baxır.

Bütün şairlərdə olduğu kimi Bəxtiyarda da sevgi şeirləri özünə yer alıb. Amma tam fərqli, yenə də orjinal, yalnız Bəxtiyar Hidayət yaradıcılığına məxsus tərzdə. O, ah-nalə çəkmir, qulaqoxşayan qafiyəli, telli-cığalı sözlərdən istifadə edərək yanğısını əyan etmir, o, həqiqətin gözünə dik baxaraq sözünü deyir:

Bir nadan sözünü yorğanın altda,
Bir şair sətirin altında deyir…

Aşağıda misal çəkəcəyim misralar Bəxtiyar Hidayətin bir başqa şeirində təkrarlansa da (imzalarıyla ədəbiyyata meydan oxuyanların çoxunda onun-bunun fikrindən bəhrələnmək dəbdir. Şükür ki, Bəxtiyarda belə hala rast gəlmirik. Özünün özündə təkrarlanması elə də qorxulu olmaz. Burada sovetlər dönəmində bir çox qəzet redaktorlarının (söz adamlarının) redaksiyaya göndərilən saf şairlərin duyğularından bəhrələnərək ad-san qazandıqlarını xatırladım), yenə də orjinaldır.

Gözlərim görəni gözlər görməsin,
İki nar görmüşəm xal qırağında.

Şair, gözəl arzudu, amma öylə vəsf eyləmisən ki, gözlər görməsə də, o xalın və narların ləzzətini hamı gördü…
…Bəxtiyar ən çox sərbəst şeirlərə üstünlük verir. Xoşum gəlmir şablonlaşmış o ifadədən ki, sərbəst şeir sərbəst fikrin ölçüsüdür, sərbəst olan, azad olanlar o ölçünü seçir, sərbəst şeirdə heç bir sərhəd, çərçivə yoxdur və s. Qətiyyən belə deyil! Sərbəst şeiri yazmaq üçün hecanı elə dəqiqliklə bilməlisən ki, o hecanin azadlığının qədrini bilməlisən, o azadlığa qiymət verməyi, qiymətləndirməyi bacarmalısan. Bəxtiyar azad insan, azad vətəndaş, azad şair deyil. Onun arzuları da, istəkləri də, azadlıq carçısı olan şeirləri də azad deyil! Lakin bir həqiqət göz önündədir ki, Bəxtiyar ta Dədə Qorqud boylarından üzü bu yana heca üstündə cilvələnən şifahi ədəbiyyatı da, yazılı ədəbiyyatı da, bu gün yenidən dəbə düşən irfanı da çox gözəl bilir, onun gəraylıları, qoşmaları, təcnisləri dünənki ədəbiyyata qorxmadan, çəkinmədən söykənib də bu günün sərbəst janrına, modern və hətta postmodern ifadə tərzinə meydan oxuyacaq qədərdi.
Bəxtiyar Hidayət yaradıcılığında heç sevmədiyim tərəf şeirlərinin (hətta sevgi şeirlərinin) siyasi yük altında sıxılmasıdır. Ay Bəxtiyar, hər şey dəyişəcək: müxalifət iqtidar olacaq, iqtidar müxalifət olacaq, “69” hey fırlanacaq (“Axı dünya fırlanır” B.V)… dəyişməyən sənətkarın sənət əsəri olacaq. Yazıqdı o şeirlər ki, iyrənc siyasətin yükünü daşıyır, qıyma onlara, qıyma, Bəxtiyar!
Və şairin yaradıcılığında ən çox sevdiyim, oxucularına belə qısqandığım bir şeirinin uzaqdan gələn iliq mehi ilə fikrimi tamamlayacam. Amma, sonda nöqtənin yerində sadəcə böyük hərflərlə Bəxtiyar (“Aləmzər yazıram nöqtə yerinə.” Aləmzər Ə.) yazacam!

Gözlərim görəni gözlər görməsin!
Zülümlər əzablar…
Bütün bunları unutmaqçün
Səni olduğun kimi görmək istəyirəm
Doqquz gözəlliklərdən kənar.
Çılpaq həqiqət kimi görmək istəyirəm səni.
Bezmişəm həqiqət donu geymiş yalanlardan
Və yenə deyirəm:
Gözlərim görəni gözlər görməsin!
Və yenə deyirəm:
Sənsiz bir gecəm olmasın! BƏXTİYAR!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.