Azərbaycanın türk ölkə və topluluqları ilə ədəbi-mədəni əlaqələrinin inkişafında öz dəsti-xətti ilə seçilən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) 25 illik yubileyini qeyd edir. Bu münasibətlə Birliyin sədri, Prezident təqaüdçüsü, tanınmış şair İntiqam Yaşarla həmsöhbət olduq:
– Dünya Gənc Türk Yazarlar Birliyi 25 illik yubileyini necə qeyd etdi və ya edəcək?
– Dünya Gənc Türk Yazarlar Birliyi hələ ki, 25 illiklə bağlı ümumi tədbirlər çərçivəsində fəaliyyətlər, qutlamalar həyata keçirir. Bundan əlavə, Birliyin əlamətdar yubileyinə bir neçə televiziya verilişi həsr olunub və olunmaqda davam edir. Bu il geniş bir yubiley tədbiri planlaşdırırıq. Tədbirin təkcə Azərbaycanı əhatə etməsini deyil, türk ölkə və topluluqlarından olan qələm dostlarımızın, Birliyimizin üzvlərinin də bu tədbirdə iştirak etməyini istəyirik. Bununla əlaqədar davamlı şəkildə hazırlıq işlərimizi aparırıq. Müəyyən razılıqlar əldə olunub, prosedurlar həyata keçirilib. Tədbirin vaxtı və yeri haqqında yəqin ki, mətbuatda məlumat veriləcək.
– 25 il əvvəllə müqayisədə Birlik necə inkişaf edib, hansı yolu keçib?
– 25 illə müqayisədə dünya dəyişib, Azərbaycan dəyişib, hər şey dəyişib. Bu dəyişimin içərisində təşkilatlar da dəyişir, yenilənir, müxtəlif formalar alır. Bu baxımdan 25 il əvvəllə müqayisədə çox şeyi dəyişmiş hesab etmək olar. Dünya Gənc Türk Yazarlar Birliyi də 25 ildə çox böyük inkişaf yolu keçib, müxtəlif önəmli layihələr həyata keçirib. Onların bir qismində biz də iştirak etmişik. Bir qismi isə yaş baxımından bizdən öncəki nəsil, təşkilatın qurulmasında müstəsna rolları olan şair və yazıçılarımızın dövründə gerçəkləşdirilib. Təşkilat 25 illik müddətdə istər Azərbaycan daxilində, istərsə də, Türk dünyası miqyasında çox böyük işlər görüb, onlarla layihələr həyata keçirilib, türk ölkə və topluluqlardan yüzlərlə qələm dostlarımız Azərbaycana səfər ediblər. Azərbaycanda konfranslar, tədbirlər keçirilib. Bundan əlavə, Dünya Gənc Türk Yazarlar Birliyi beynəlxalq təşkilat olub, fəaliyyətini beynəlxalq miqyasda qurmaqla yanaşı, Azərbaycan daxilində də istər bölgə yazarlarımızın mərkəzi paytaxt Bakı şəhəri olmaqla, burada görüşlərinin təşkil olunması, istərsə də, müxtəlif bölgələrdə görüşlərin keçirilməsi kimi mühüm layihələrə imza atıb.
44 günlük Vətən müharibəsindən sonra təşkilatımız həm Bakıda, həm də müxtəlif bölgələrimizdə müharibə iştirakçısı olan, qazi şair və yazıçılarımızla görüşlər keçirib. Bu kimi layihələrimiz çoxdur və bundan sonra da davam edəcəyik.
– Türk dünyasını əhatə edən təşkilat gələcəkdə çevrəsini genişləndirməyi düşünürmü?
– Təşkilatımızın Nizamnaməsində qeyd olunub ki, Birlik türk ölkə və topluluqları arasında, türksoylu xalqlar arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Bu baxımdan qardaş türk cümhuriyyətləri, istərsə də, hələ müstəqilliyini elan etməmiş türk topluluqların hər birindən üzvlərimiz var. Get-gedə sıralarımız genişlənir. Təbii ki, biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Türk dünyasına könül vermiş, onu idealı bilən istedadlı qələm dostlarımıza sıralarımızda hər zaman yer var. Şükürlər olsun ki, biz hər zaman qardaş cümhuriyyətlərdən, topluluqlardan olan gənc şair və yazıçılarımızın təşkilatımıza marağını hiss edirik. Onların bizim təşkilatımıza necə can atmasının şahidiyik. Davamlı şəkildə istər üzvlüklə bağlı, istərsə də, müəyyən layihələrə qoşulmaqla bağlı müraciətlər gəlir. Hazırki dövrümüzdə və ən yaxın gələcəkdə türk dünyasının yeni bir inkişafı, yeni bir genişlənmə üfüqü göründüyü üçün, bizim sıralarımızın daha da genişlənməsi ilə bağlı inamımız böyükdür.
– Azərbaycan Yazıçılar Birliyinə olunan bu qədər etirazlardan, tənqidlərdən DGTYB necə bir nəticə çıxarır?
– Biz büdcə təşkilatı deyilik. İstər təqdim etdiyimiz layihələr daxilində, istərsə də, layihə təqdim etmədən, hər hansı bir təlimat, təşəbbüs gözləmədən fəaliyyətlər həyata keçirir, təşəbbüsü özümüz veririk. Yeni nəsil yazarlara gücümüzün yetdiyi qədər dəstək olmağa çalışırıq. Onların istər ölkə daxilində, istərsə də, ölkə xaricində çap olunması, təbliğ olunması, müəyyən toplularda yer alması, müəyyən əlaqələrin qurulması üçün əlimizdən gələni edirik. Təşkilat olaraq bizim missiyamız bundan ibarətdir və gücümüzün yetdiyi qədər də buna səy göstəririk. Mənə elə gəlir ki, bu, etiraz olunmalı yox, alqışlanmalı haldır.
– Birlik haradan maliyyələşir?
– Bildiyiniz kimi, Azərbaycanda dörd minə qədər qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Səhv etmirəmsə, onlardan 300-ə qədəri gənclər təşkilatıdır. Biz də gənclər təşkilatlarından biriyik. Təşkilatlar təşəbbüslərini, layihələrini dövlətə təqdim edir. Dövlət tərəfindən müəyyən müsabiqələr həyata keçirilir və biz də həmin müsabiqələrdə iştirak edirik. Həmçinin, müəyyən təşəbbüslərimizi müvafiq qurumlara təqdim edirik və bu layihələr çərçivəsində maliyyənin imkan verdiyi qədər işlərimizi həyata keçirə bilirik.
– Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi özünün bütün Türk dünyasını əhatələyən “Qardaş qələmlər” dərgisini çıxarır. Bəs DGTYB belə bir mətbuat orqanı çap edə bilərmi? Buna nə mane olur?
– Bəli, Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi ilə təşkilat olaraq bizim də çox geniş əlaqələrimiz var. Təşkilatın başqanı Yaqub Öməroğlu Azərbaycan üçün də çox dəyərli bir şəxsiyyətdir, Azərbaycan yazarlarının Türkiyədə təbliği baxımından çox misilsiz işlər görür. Onların “Qardaş qələmlər” dərgisindən xəbərim var. Mənim də zaman-zaman yazılarım, şeirlərim həmin dərgidə çap olunub. Bizim hazırda iki elektron dərgimiz fəaliyyət göstərir. Bunlardan biri “bizimyazi.az” saytıdır ki, artıq 10 ildən çoxdur fəaliyyətdədir. Digəri isə “dilimizvarligimiz.az” saytıdır ki, o da 3 ilə yaxındır fəaliyyət göstərir. Biz əsasən fəaliyyətimizi elektron media üzərindən həyata keçiririk. Kağız dərgilər həm maliyyə baxımından çətinlik yaradır, həm də bunu qəbul etmək lazımdır ki, Azərbaycanda bu cür dərgilər özünü doğrultmadı. Günümüzdə nə qədər belə dərgilərin açılıb qapandığını görürük. İstəmirik ki, elə bir addım ataq və o, özünü doğrultmasın. Media siyasəti dəyişib, elektron media sürətlə inkişaf etməkdədir. Bu sahədə rəqabətdə elektron kütləvi informasiya vasitələri önə keçib. Biz də təşkilatın media orqanı kimi elektron orqanlarımızı önə çəkmişik. Hələ ki, dərgi planımız yoxdur, bəlkə də gələcəkdə belə bir təşəbbüs olar.
– Son zamanlar Birlik əvvəlki kimi genişmiqyaslı layihələr həyata keçirirmi? Yaxın gələcəkdə hansı layihələr gözlənilir?
– Əslində, bizim təşkilatımızın layihələri davamlı şəkildə həyata keçirilir. Araya pandemiya dövrü girdi ki, həmin zamanda xalq olaraq, dünya olaraq çox əziyyət çəkdik. Ondan sonra da müəyyən dövr ərzində durğunluq oldu ki, bu da ümumi bir məsələ idi. Biz pandemiya dönəmində də çalışırdıq ki, müasir dövrümüzün imkanlarından istifadə edərək konfranslar həyata keçirək. Təbii ki, nə qədər bu cür layihələr həyata keçirsək də, heç biri canlı ünsiyyətin, canlı təmasın yerini vermir. Pandemiyadan sonrakı dövrdə bizim böyük beynəlxalq layihəmiz oldu. “Türk dünyasından Şuşaya, Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində Özbəkistanda 3 böyük tədbir keçirdik, Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfi ilə birgə möhtəşəm tədbirimiz baş tutdu. Layihənin finalı isə Bakıda oldu. Türk ölkə və topluluqlardan gənc qələm dostlarımız Azərbaycana gəldilər, burada konfranslar, görüşlər baş tutdu. Bundan əlavə, başqırd yazar Ayqız Baymuhammedin bizim təşəbbüsümüzlə Azərbaycan dilində çap olunan kitabı Sumqayıtda təqdim olundu. Bu kitab rəhmətlik millət vəkilimiz, Milli Məclisin Mədəniyyət Komitəsinin keçmiş sədri Qənirə xanım Paşayevanın təşəbbüsü ilə çap olunmuşdu. Biz onunla birlikdə hazırlamışdıq kitabı. Onun da iştirakı ilə bu tədbir keçirildi. Pandemiya dövründən sonra çox layihələrimiz, tədbirlərimiz baş tutub. Regionlara səfərlərimiz olub. Yeni nəsil yazarların təbliği ilə bağlı Bakıda və regionlarda fəaliyyət göstərən universitetlərdə görüşlərimiz keçirilib. Həmçinin, Vətən müharibəsində iştirak edən şair və yazarlarımızın yaradıcılıq nümunələrindən ibarət kitab çap etdik. Bu kitabın çap olunduğu layihə çərçivəsində Bakıda və regionlarda görüşlər baş tutdu. Gənclər Təşkilatları Milli Şurası ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə həyata keçirdiyi “Mən Vətənəm” adlı layihə çərçivəsində eyni adlı kitab çap olundu. Kitabda Vətən müharibəsi şəhid və qazilərimizin yaradıcılıq nümunələri toplanmışdı. Bununla bağlı da bir neçə konfrans və görüşlər keçirildi, kitabın təqdimatı geniş şəkildə baş tutdu. Yenə Gənclər Təşkilatları Milli Şurası ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış qələm adamları ilə görüşlər keçirilib. Xalq şairlərimiz Sabir Rüstəmxanlı, Ramiz Rövşən və başqaları ilə gənclərin görüşünü təşkil etdik.
Bu il 25 illik yubileyimiz çərçivəsində də geniş fəaliyyətlərimiz həyata keçiriləcək və İnşallah, əhatəli şəkildə ictimaiyyətə təqdim olunacaq. Sizin timsalında, təşkilatımızın fəaliyyətinə yer ayıran bütün media orqanlarına təşəkkür edirəm ki, fəaliyyətimizə ciddi şəkildə diqqət göstərilir, işıqlandırılır.
Şahanə MÜŞFİQ
yeniazerbaycan.com