LAMİYƏ İSAZADƏ
(Lamiyə Ədalət qızı İsayeva)
12 may 1989-cu ildə Gəncədə doğulub.
Gəncə Humanitar Kollecində oxuyub.
İnsan ömrü…
Çatlamış saxsıda suya bənzəyir,
insanın həyatı, həyatın özü…
İçsək də tükənir, heç içməsək də,
rüzgar kimi keçir insanın ömrü.
Gün əgər ötürsə göz qırpımında,
niyə düşünmürük ömürdən gedir..?
Saatın əqrəbi daşa dönübsə,
yenə deyinirik: yaman ləng gedir…
Dəyərini bilək hər anımızın,
bir dəfə verilir bu həyat bizə…
Baxaq təbəssümlə bu dünyaya ki,
həyat özü gülsün qoy üzümüzə…
Həyat
Həyat açılmayan pünhan bir sirdir,
sabah nə olacaq? – hələ bilmirik…
Həyat həm gözəldir, həm də çirkindir,
onu olduğutək qəbul etmirik…
Tutmaq olmur heç vaxt onun nəbzini,
doğrulur, dolanır, dəyişir həyat…
Demə, qaçaraqdı, demə, durğundu,
qarışır, barışır, öcəşir həyat…
Acımı? – acıdır, şirinmi? – şirin,
sabaha boylanıb, yaşamaq gərək..!
Nə küsüm, nə küssün, həyat həyatsa,
bir addım qalxmaqçün basamaq gərək…
Həyat imtahandır, bizsə tələbə,
eh, nə qədər sual cavabsız qalıb…
Elə yaşayaqki biz ömrümüzü,
deməyək, bugünüm savabsız qalıb…
E-hey, bu həyatda məna axtaran,
həyatın mənası yaşamaqdadır..!
Aldığın nəfəsçün şükür eylə hər an,
hər aldığın nəfəs yaşamaq dadır…