Ana səhifə YAZILAR İKİ ANTOLOGİYAYA BİR BAXIŞ

İKİ ANTOLOGİYAYA BİR BAXIŞ

Müəllif: Bizim Yazı
639 baxış

Gülnarə SADİQ

Dünyanın yaşını, tarixini, mədəniyyətini öyrənmək üçün qədimdən bu yana köməyimizə həmin dövrün qələm əhli, elm əhli yetişir – onlar,milyardlarla insanlar arasında ölməzlik qazanmış az sayda sağ qalanlardı.
Heç vaxt şübhə etməmişəm, hansısa bir şair dünyanın harasından olur-olsun Şekspirlə, Bayronla, Puşkinlə, Yeseninlə… sirdaşdır, həmsöhbətdir… Söz adamı zaman, məkan anlayışı tanımır. Onlar ruhən zamana hakim olurlar.
Bizlər də zamanla Nizami Gəncəvi, Füzuli, Xətai və başqa dühalarla həmsöhbət oluruq. Onların varlığını hiss edir, onlarla dərdləşirik, onlar isə bizi dinləyir, düşüncələrimizə sirdaşlıq edirlər, qələmə aldığımız hər bir əsərdə bizi tək buraxmırlar.
Bizim kitab sevgimiz də bir başqadır. Məsələn, elə mən özüm, oxuduğum kitabların dünyasına vararaq başqalaşıram. Daha da dərinliklərə vardıqda isə artıq sərhədlər məhv olur, zövq dünyamın dostlarının sayı çoxalır. Ölkələri, qitələri, materikləri aşaraq şeir dünyasına, söz dünyasına çatıram. Burası bir qəribə gözəldi…
Dünyamız böyüdükcə, əvvəl kiçik, sonra isə böyük dövlətlər qurulduqca get-gedə ünsiyyət vasitələri arasında da fərqliliklər yarandı və inkişaf etdi. Bu zaman axınında insanlar mücərrəd, gözlə görünə bilinməyən hiss və duyğularını sözlərlə izah etməyə başladılar. Mən hər zaman əmin olmuşam, bu gün də əminəm, yer üzərində nə qədər fərqli dillər mövcud olmasına baxmayaraq, ruh insanlarının, yəni həyatını sözə həsr edən, sözlə sevgili olan insanların düşüncələrinin dili yoxdur. Məsələn, dünyanın hansı bucağında yaşamasına baxmayaraq, ruh adamı, sənət adamı, söz adamı hər zaman həssas olur, onların baxışları fərqli olur. Onlar tez inciyir, çox düşünür, səssizliyi sevirlər… Onları tanımaq, həqiqətən də, çox maraqlı və zövqvericidir.

Yazar həm sevgili ola bilər, həm dost ola bilər, yeri gələndə paxıl, qəddar, düşmən belə ola bilər. Biz yazarlar bütün qəhrəmanlarımızı sevirik, onlarla bütövləşirik. Biz, hər zaman bizim kimilərini axtarırıq…Təbii ki, axtarışların arasında bir tapıntıya rast gəldikdə isə sevincin həddi-hüdudu olmur. Mən Tolstoyu, Puşkini, Lermontovu tanıyıram, tez-tez xəyal dünyamın qonaqları olurlar.
Bu günlərdə isə dostlarımın sayı bir xeyli çoxaldı. Arxangel antolojisi“Fəzanın cazibəsi” məni mənimlə birlikdə bu dünyanın havasını ruhuna çəkən şairlərin söz dünyasına qonaq etdi. Düşüncələrim məni uzaq Quzey Arxangelsk vilayətinə apardı. Burda mən Yelena Kuzminanın qəhrəmanları ilə tanış oldum. Valeri Şabalinin şeirlərində bu günlə keçmişin əlaqəsi, Loqinovun tək bir obraz üzərində rus xalqının simvolik prototipinin təsviri məni heyran etdi. Olqa Korzova, Tatyana Polejayevanın maraqlı lirikası mənə qəribə təsir bağışladı. “Fəzanın cazibəsi” məni, həqiqətən də, cəzb etdi.
Yazıçı baxışını bir kənara qoyaraq müəllim nöqteyi-nəzərindən yanaşsaq, bu gün bu cür layihələrin həyata keçirilməsi bizim üçün çox önəmlidir. Gənclərimizi sağlam düşüncəli, kamil dünyagörüşə malik vətəndaş yetişdirmək istəyiriksə qeyri millətlərin ədəbi-mədəni irsini, onların düşüncələrini, daxili aləmini, fəlsəfəsini duymağı öyrətməliyik. Bunları həyata keçirmək üçün isə təkcə dünya klassiklərinin mütaliəsi ilə kifayətlənmək olmaz, onlarla yanaşı dövrümüzün yazarlarını, sənətkarlarını da tanımalı və tanıtmalıyıq. Bu bizim ədəbi inkişaf yolumuzun ən vacib məqamlarından biridir.

***
2017-ci ildi Dünya Gənc Türk Yazarlar Birliyinin digər bir möhtəşəm uğuru isə “Yeni Qazax Antologiyası” oldu. YQShABu kitabı əlimə alan zaman ruhən, xəyalən heç vaxt qədəm basmadığım Qazaxıstan torpağına yol aldım. Üzü Xəzərin o tayına doğru getdikcə qəlbimə qəribə bir doğmalıq çökdü. Çünki burda türk var, türçülük var. Burda şeir ətri saçdı ruhum, şeir oldu dünyam. Mən burda Makpal Mısanın romantik misraları ilə dərdləşdim, Janar Aylaşın fəlsəfəsini dinlədim, gənc Batırxan Sarsenxanın xəyalı ilə dostlaşdım. Kuanış Mederbayevin “Qara Qutu”su məni bir xeyli düşündürdü. Bakıtjan Aldiyarın “Naməlum qıza məktubu” isə bir başqa təəssürat bağışladı. Bir sözlə, dünya şeiriyyətinə əsl dahilər bəxş etmiş bu xalqın qızı kimi onu deyə bilərəm ki, türk dünyası öz nəhəngliyini hər zaman sübut etməyi bacarır.
Bu gün dövlətçiliyimizin əsas məqsədlərindən biri vətənimizin dünyanın ən seçkin diyarı kimi tanıtmaqdırsa hər birimizin borcudur ki, sahib olduğu sahə üzrə bu məsələdə dövlətimizə dəstək olsun. Düşünürəm ki, Dünya Gənc Türk Yazarlar birliyi (DGTYB) bu sahədə dövlətimizə dəstək olan ən fəal birliklərdən biridir.
DGTYB-nin ərsəyə gətirdiyi hər iki layihənin bu gün kitaba, əbədiyyata marağın azaldığı bir zamanda olduqca mühüm əhəmiyyəti var. Bugünkü gəncliyə özləri ilə, təxminən, həmyaşıd olan, dünyanın iki müxtəlif bucaqlarında yaşayan və yaradan söz adamlarını tanıtmaq olduqca lazımi bir təşəbbüs idi. Bu layihələr sayəsində müasir dünya ədəbiyyatı, poeziyası bu gün bizim doğma dilimizdə ruhumuzu oxşayır.
Ədəbiyyat dünyanın yeganə elmidir ki, o, bütün elmlərin başlanğıcı, canı, nəfəsidir. Burda ümumi yanaşma yoxdur, burda səthi prinsip yoxdur. Ədəbiyyat xüsusi bucaq altında inkişaf edən söz sənətidir. Oxumayan, mütaliə etməyən heç kim həyatda normal dünyagörüşünə malik ola bilməz. Ədəbiyyatçı olmaq isə dünyanın ən maraqlı və ən həssas sahəsidir. Hər bir yazarın qələmə aldığı həyatlar elə bizim içində yaşadığımız dünyamızdır. Hər bir obraz bir fərddir və həmin fərdin timsalında bəzən bütöv bir xalqın özkeçmişini oxumaq mümkündür.

Gəncə – 2017

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.