Könül NƏHMƏTOVA
elmi işçi, filologiya üzrə fəlsəfə doktoru
/AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu
ÖZƏT
Hüseyn Cavidin “Peyğəmbər” pyesi başlanğıc remarkasın -dan etibarən tarixi gerçəkləri əks etdirir. Dram “Bisət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” adlanan dörd pərdəyə bölünmüşdür ki, bu da Məhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəsul kimi seçilməsi anından başlayaraq İslamın qələbə çalması, yayılması və genişlənməsi dövrünə qədərki mərhələlərini əhatə edir. Əsər tarixi faktlarla zəngindir, gerçəkləri ehtiva edir, həmçinin şair tərəfindən tarixi vəsiqələrə obyektiv münasibət gözlənilməklə bərabər mövzuya təəssübkeşliklə yanaşılmışdır.
Konul Nemetova
Scientific researcher, PhD
Institute of Literature after name Nizami of ANAS
Huseyn Javid’s “Prophet” play in the context of Islam truth
SUMMARY
Husyn Javid’s “Prophet” drama from the beginning remark reflects the historical reality. The piece consists of four acts: “Bisat”, “Devet”, “Hicrat” and “Nusrat”. These four pieces cover the stages of Islam starting from Prophet Mahammad’s (Sallallahu Aleyhi ve Sallam) election as rasul, until the victory of Islam, its spread and expanding period. The work is rich with historical facts, it embraces only truth facts. In addition, the playwright demonstrates objective attitude to historical cases and he demonstrates fanaticism to the topic.
Açar sözlər: bisət, dəvət, hicrət, nüsrət
Hüseyn Cavidin “Peyğəmbər” pyesi başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Dram “Bisət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” adlanan dörd pərdəyə bölünmüşdür ki, bu da Məhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəsul kimi seçilməsi anından başlayaraq İslamın qələbə çalması, yayılması və genişlənməsi dövrünə qədərki mərhələlərini əhatə edir. Əsər tarixi faktlarla zəngindir, gerçəkləri ehtiva edir, həmçinin şair tərəfindən tarixi vəsiqələrə obyektiv münasibət gözlənilməklə bərabər mövzuya təəssübkeşliklə yanaşılmışdır.
Əsərin “Bisət” pərdəsi, adından da göründüyü kimi, Həzrəti Məhəmmədin ömrünün peyğmbərliyin gəlməsi dövrünü əhatə edir. Peyğəmbərin müztərib ruhunun Allah axtarışı, onu dərk etmək istəyi, “siyah çarşafı” yırtıb hüsnü-mütləqə qovuşma arzusu birinci pərdədə öz ifadəsini tapmışdır. Əsərin ekspozisiyası bu günə qədər tədqiqatçıları üz-üzə qoyan, dərindən düşündürən incə məqamları əhatə edir. Peyğəmbərin gözünə görünən Mələyə “Sən nəsən?” sualına verilən cavab tədqiqatçılarda fərqli təəssüratlar oyadan ilk məqamdır.
Mələk
Mən sənəm, sən də mən, şaşırma, əvət,
Mən sənin əqlinəm, fəqət daim
Bu qiyafətdə zahir olmadayım.
Tahirə Məmməd əsərin bu məqamını belə izah edir: “Dini rəvayətlərdən birində söylənir ki, göylərə qalxan Cənabi Cəbrailə bir dəfə səda gəlir ki, sən kimsən, mən kiməm? O da cavab verir ki, sən sənsən, mən də mən. Ondan ötrü onun qanadları yanıb tökülür, neçə yüz il qanadsız qalır. O, gərək cavab verəydi ki, “Mən mənəm, sən də məni yaradan”. Həmin cavabı verənə qədər o Yaradanın yanına yüksələ bilmir. “Peyğəmbər”də isə haqdan gələn nur Peyğəmbərə deyir ki, “Sən mənsən, mən sən”. Bu cavab Peyğəmbərin rəsuliyyətini, onun ən kamil Tanrı məzhəri olduğunu göstərir.”
İbniul Kayyim əl-Cəzviyyə isə peyğəmbərlərin ağlının Cəbrayıl tərəfindən Allahın bəxşişi kimi gətirilməsi haqqında yazır: “Alimlərdən biri belə demişdir: Allah Həzrəti Adəmi yer üzünə endirdiyi zaman Cəbrail ona din, əxlaq və ağıl gətirib “Allah bu üç şeydən birini seçmə mövzusunda səni mühəyyər buraxdı” dedi. Bunun üzərinə Hz. Adəm “Ey Cəbrayıl, bunlardan daha gözəlini cənnətdən kənarda görmədim” dedi. Daha sonra əlini uzadıb ağlı aldı və digərinə “Yüksəlin” dedi. Onlar da “Ağıl hardadırsa, biz də onunla olmaq zorundayıq. Bizə bu əmr edildi” dedilər. Beləcə hər üç şey də Hz.Adəmdə qaldı.” Göstərdiyimiz nümunə belə nəticəyə gəlməyimizə imkan verir ki, Hüseyn Cavid Mələyin “Mən sənin ağlınam” deməsilə Peyğəmbərin əxlaqının, din və ağlının Allahdan gəlmə olduğunu söyləmək istəmişdir. İkinci misal da Tahirə Məmmədin fikrinin qüvvətlənməsinə bir daha təkan vermiş olur.
Əsərin “Bisət” hissəsində Mələk, Peyğəmbər obrazları ilə yanaşı İskelet obrazı da göstərilir. Tədqiqatçıların çoxu bu üç obrazı eyni bir şəxsin üç siması kimi təhlil etməyə çalışırlar. Bu barədə Şəmil Sadıqov yazır: “əslində bunların üçü də Peyğəmbərdir. Mələk və İskelet onun düşüncələridir. Mələk Peyğəmbərin Allah tərəfindən rəsul seçiləndən sonra onu İlahi ilə bağlayan ruhi aləmi, İskelet isə Məhəmmədi maddi aləmə bağlayan və son nəhayətdə təklifi, qərarı, fikri ilə razılaşmalı olan reallıqdır.” Amma Hüseyn Cavid özü bu iki obrazın ayrılığını da vurğulamışdır: Peyğəmbərin “Sən nəsən, söylə?” sualına Mələk bu cavabı da verir: “Ayrı olsaq da, iştə hər ikimiz, Bir rübabın inildəyən səsiyiz.” Onu da qeyd edək ki, Mələyin varlığı İslam həqiqətlərinə sığan bir anlayışdır ki, imanın altı şərtindən biri də məhz mələklərə inamdır. Elə bu baxımdan da Mələk və Peyğəmbər obrazlarını eyniləşdirmək doğru deyildir. Digər obrazlardan fərqli olaraq İskelet həqiqətən də simvolik bir obrazdır ki, tədqiqatlarda “zamanla bağlı fəlsəfi düşüncələrin bədii struktura daxil olunması” kimi anlaşılır. Şairin özü də bunu obrazın dili ilə təsdiqləyir: “Mənmi? Piri-nədim. Rəmzi-tarix, o filosofi-qədim”. Bu qədim filosofun dinə verdiyi qiymət də budur ki, “Çırpınmamaq istərsən, aldan, inan! Yazıq sənə, yazıq zavallı insan!” Mələk peyğəmbərin bir əlinə Allahın kitabını verirsə, İskelet bəşəriyyət üzərində qələbə çalmaq üçün kəskin qılınca ehtiyac olduğunu hər görünüşündə xatırladır. Bu qoca filosof haqqı yalnız silah gücünə tanıtmağın mümkün olduğunu Peyğəmbərə aşılayır:
Busədən xoşlanarmı heç canavar?
Vəhşi insan da öylə həp qəddar!
Boş xəyal… Əldə parlamazsa silah,
Tanımaz haqqı sayğısız gümrah.
Oxşar fikri hələ 1914-cü ildə Mehmed Akif Ərsoy yazırdı:
Nə irfandır verən ahlaka yüksəklik, nə vicdandır;
Fazilət hissi insanlarda Allah korkusundandır…
Əsərin “Dəvət” pərdəsində Peyğəmbərin dövründəki Məkkənin ictimai mühiti təsvir olunur: Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda Qara örtülü Kəbə… Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonur. Dükanın önündə dəxi satış üçün bir neçə dənə hazır büt qoyulmuş…” İnsanların bütə münasibətləri göstərilir. Peyğəmbər isə onları düz yola sövq etməyə çalışır. Bu pərdə Peyğəmbərin İslama aşikar dəvət dövrünü əhatə edir. “Hicrət” pərdəsinin əhatə etdiyi ən önəmli mövzu isə Həzrəti Ömərin İslamı qəbul etməsidir ki, bunlar da tarixi vəsiqələrlə tamamilə səsləşir, hətta cümləbəcümlə eyniyyət təşkil edir desək, yanılmış olmarıq. Əsərin üçüncü pərdəsində göstərilən surətlərin əksəriyyətinin prototipləri haqqında tarixi mənbələrdən məlumatlar da ala bilirik. Pyesin maraqlı cəhətlərindən biri də budur ki, Hüseyn Cavid surətini canlandırdığı tarixi şəxsiyyətləri açıq adları ilə tanıtmaq istəməmişdir. Şəmil Sadıqovun da qeyd etdiyi kimi, digər əsərlərindən fərqli olaraq pyesdə “Əşxas” hissəsinin verilməməsi” də maraq doğuran cəhətlərdəndir. Fikrimizcə, Hüseyn Cavidin Azərbaycan tarixinin sovet dönəmində – 1922-ci ildə yazdığı “Peyğəmbər” əsərində mövzuya böyük ehtiramla yanaşması tarixi faktlara sadiq qalması ilə bərabər qəhrəmanlarına ad qoymasında da müşahidə olunur.Şair küfr saçan bir dövrdə Məhəmməd Peyğəmbərin (s.a.s.) adının hündürdən səslənməməsi üçün əsərin sonuna kimi, sadəcə, Peyğəmbər adlandırmağı münasib görür. Eləcə də şair Peyğəmbərin səhabələrindən olan, həmçinin öz əmisi oğlu Əlini (ə.a) Əbu Talib oğlu, Osmanı (ə.a.) Xətib oğlu adlandırmaqla yetinir. Şair sovet ideologiyasının kəskin tüğyan etdiyi bir zamanda İslam tarixinin təbliğatçısı simasında çıxış etmiş kimi görünməmək üçün də xalis tarixi pyes olaraq yazdığı bir əsərdə bu prinsipi özünə qayə etmişdir. Əsərdə canlandırılan müxalif qüvvələr də öz gerçək adlarıyla deyil, cəmiyyətdəki mövqelərinin adlarıyla adlandırılmışdırlar.
Əsərin “Nüsrət” hissəsi hicrətin səkkizinci ilində baş verən ən əhəmiyyətli hadisələri xronoloji ardıcıllıqla əhatə edir. Remarkada dövrün təsviri verilir: “Səkkiz il sonra. Məkkədə baş rəisin evi… Gecə İştirak edən əşxasın üzündə səkkizillik bir dəyişiklik nəzərə çarpır”. Bu pərdə Əbu Süfyanın Məhəmməd Peyğəmbərin görüşünə getməsi haqqında məlumatla başlayır. Əbu Süfyanın dönüb gəlməsini gözləyən şəxslərin söhbətlərində söyləniln fikirlər müşriklərin tarix səhifələrində əksini tapdığı böhtanlardır ki, əksər tədqiqatlarda təsadüf etdiyimiz kimi, bu fikirlərin hər hansını müəllifin mövqeyi bilib İslama qarşı ittihamı olaraq izah etmək elmi yanlışlıqdır. Bunu şair əsərinin sonunda bir qeyd şəklində verməklə özünü bu təhlükədən sığortalamağa çalışmışdır: “ Qeyd – Şu əsərdə bəzi cümlələr tırnacıq arasına alınıb qailləri göstərilmək icab edərdi. Fəqət məzkur cümlələr bəlli şəxslər – yəni əsl qailləri- tərəfindən söyləndiyi üçün fazla izahata ehtiyac görülmədi.” Bu qeydlə müəllif bizə bir daha xatırlatmaq istəyir ki, əsərdə söylənən fikirlərin mənbəyi tarixi vəsiqələrdir.
Peyğəmbərin görüşündən qayıdan Baş Rəis, yəni Əbu Süfyan özünün müsəlmanlığı qəbul etməsini elan edərək Məkkə əhalisini də buna səsləyir:
Bilin, agah olun, ey əhli vətən!
Sizə bir müjdə gətirdim həqdən.
Məni kim dinləsə izzət bulacaq,
Kim ki rədd etsə, peşiman olacaq.
(Ətrafı saran atəşi göstərir)
Bu böyük yanğını bir seyr ediniz,
İştə bir ordu ki, heç görmədiniz.
Həpsi “qan”, “qan” deyə müştaqi-zəfər,
Onların rəhbəridir Peyğəmbər.
Onun ilk əmri budur, xaricdə
Dolaşıb durmayacaq bir kimsə.
Çəkilib evlərə, ya Kəbəyə biz
Dini İslamı qəbul etməliyiz.
Kim inad etsə həmən məhv olacaq,
Mal və övladına həsrət qalacaq!..
Əsərdə verilən bu parça eynilə tarix səhifələrində də öz əksini tapmışdır: “İslam əskərləri bölük-bölük keçdikcə Əbu Süfyanın heyrəti artırdı. …Əbu Süfyan bu keçişi seyr etdikdən sonra Məkkənin təslim edilməsindən başqa çarə qalmadığını anlayaraq dərhal Qüreyşə getdi və onları hərəmə toplayaraq dedi:
– Məhəmməd qarşısına çıxmaq mümkün olmayan bir qüvvə toplayaraq misli görülməmiş bir ordu ilə gəlir. Kim ki Əbu Süfyanın evinə girsə, təhlükəsizdir, kim ki öz evinə girib bayıra çıxmasa, təhlükəsizdir, kim ki Məscidi-şərifə girsə, təhlükəsizdir, deyərək özünün müsəlman olduğunu elan etdi.”
Məhəmməd Peyğəmbərin Məkkəyə gəlişinə qədərki zamanın təsvirində yenə də Peyğəmbərə və onun qadınlarına atılan böhtanlar, iftiralar tarixdə olduğu kimi müxaliflərinin dilindən qələmə alınır. Məsələn,
Şəmsa
Ah,o, “örtün” deyə əmr eyləyəcək,
Həp qadınlıq qara çarşab geyəcək…
Baş Rəis
Bu xəta doğdu gözəl Ayişədən,
Ona isnad edilən bir ləkədən.
Söyləyirlər ki, o, sapmış da bir az,
Əmr olunmuş ki, açıqlıq yaramaz.
Rəisə
Zeydə oğlum der ikən, Zeynəbini
Boşadıb alma da bir qanunmu?
Göstərilən fikirlər bu günə kimi sovet ədəbiyyatşünaslığının təsiri ilə əsərin bir təəssübkeşliklə yazılmasının üzərinə əsassız olaraq kölgə salırsa da, əsərin sonundakı müəllif qeydini bir daha xatırlatmaqla şübhələrə aydınlıq gətirmək olar. Müəllifin qeyd etdiyi kimi, bu sözlər yalnız obrazlara, həmçinin onların prototiplərinə məxsusdur.
Əsərdə növbəti tarixi epizodlardan biri də Peyğəmbərin Məkkəyə qan tökülmədən girilməsi əmrinə rəğmən savaşın çıxdığı səhnədir.
Peyğəmbər
Mən ki hərb etməyə əmr eyləmədim,
Bu nə çarpışma, nə səs? Bax, gör o kim?
(O çıxmaq istərkən bir mücahid içəri girir, təzim edir.)
Nə imiş, söylə, bu hay-küy nə demək?
Mücahid
Ordumuz Kəbə önündən keçərək
Yürüyürkən, bizə qırx-əlli nəfər
Qılınc əllərdə hücum eylədilər.
Peyğəmbər
Sonra
Mücahid
Biz qarşı durub çarpışdıq,
Onların həpsi əzilmiş artıq.
Peyğəmbər
(göyə doğru)
Ən gözəl, Tanrı nə istərsə, odur.
Bu epizod da tarixi faktdır ki, eyni xronoloji ardıcıllıqla mənbələrdən izləyirik: “Müqəddəs şəhərə qan tökmədən girmək ən böyük arzusu idi. …Məkkənin alt tərəfindən Xalid ibni Valid girirdi. Bu tərəfdə oturanlar İslam düşmənçiliyində çox irəli gedərdilər. Hudeybiyyə müqaviləsini pozaraq Bəni Bəkirlə bərabər Huzaaya hücum edənlər də bunlar olmuşdular. Əbu Süfyanın təslim olmaq dəvətinə qulaq asmayaraq müqavimət göstərməyə qərar vermişdilər. Onların başında Əbu Cəhlin oğlu İkrimə, Ümeyyə oğlu Safvan, Əmr oğlu Süheyl kimi müfritlər var idi. Onlar bu məhəllədə gizlənərək İslam ordusuna hücum etmək üçün pusqu qurmuşdular. Xalidin ordusu gəldiyi zaman onları ox yağışına tutdular. Müsəlmanlardan iki nəfəri öldürdülər. Xalid bu hücuma istər-istəməz cavab verməyə məcbur oldu. Xalidin şiddətli hücumu qarşısında bu intizamsız adamlar dəstəsi on üç ölü verərək qaçmağa başladılar. Onları müqavimət göstərməyə təhrik edən başçıları İkrimə, Safvan və Süheyl də qaçıb qurtuldular.
Bu əsnada Həzrəti Peyğəmbər mühacirlərin başında yüksək bir təpədən Məkkəyə enirdi. Sülh və sakitlik içərisində Məkkəyə girdikləri üçün son dərəcə məmnun idi. Birdən Məkkənin alt tərəfində gözünə qılınc parıltıları dəydi. Mütəəssir oldu.
– Mən müharibə etməyin deyə tapşırıq verməmişdimmi? – dedi.
Onun könlü bu müqəddəs şəhərdə bir damcı belə qan tökülməsinə razı olmurdu. Ancaq Qureyş hücum etdiyi üçün müqavimət göstərən Xalidin silahdan istifadə etməyə məcbur olduğunu öyrəndiyi zaman:
– Bu da hökmü-İlahi imiş, – dedi.”
Əsərdə Peyğəmbərin ümumi-əfvindəndən bəhs edilir:
Get, saqın olmayın əsla məğrur,
Ediniz əfvi-ümumi elan.
Tökməyin qan, veriniz xalqa aman.
Tarixdən sitat: “Onun əfv və şəfqətli münasibəti düşmənləri də əhatə edə biləcək qədər geniş idi. …Həzrəti Peyğəmbər burada bəşəriyyətin ən böyük mürşidi, tarixin ən böyük adamı sifəti ilə dünənə qədər canına, qanına susayan düşmənlərinə dedi:
– Bu gün siz hücum ediləcək gündə deyilsiniz. Gedin, hamınız sərbəstsiniz.”
Pyes verilən epizodlardan sonra Peyğəmbərin xütbəsi ilə nəticələnir ki, bu da xronologiyanı izləyən tarixi faktdır. “Həzrəti Peyğəmbər əvvəlcə Kəbəni təvaf etdi. Xalq ora yığılmışdı. Peyğəmbər orada məşhur Fateh xütbəsini irad buyurdu. “Allahdan başqa heç bir tanrı yoxdur. Yalnız o vardır. Şəriki yoxdur. Allah vədinə əməl etdi. Quluna kömək etdi. əleyhimizə yığılan kütlələri təkbaşına məğlubiyyətə uğratdı…” Burada bu mənanı verən ayəti-kəriməni oxudu: “Ey insanlar, biz sizi bir kişi ilə bir qadından yaratdıq. Sizi millətlərə və qəbilələrə ayırdıq ki, tanışasınız. Mütləq Allahın nəzərində ən şərəfliniz ən mömin olanınızdır. Allah hər şeyi haqqıyla bilir.” Hüseyn Cavid də Peyğəmbərin xütbəsini bənzər ayə və hədislərlə verir:
Kəsbi-irfan üçün ekək və qadın,
Çalışın, qəbrə qədər, həp çalışın.
Gərçi xilqətdə bəşər birsə, yenə
Tay deyil bilməyən əsla bilənə.
Əsər azan səsi ilə yekunlaşır ki. bu da Məkkənin fəthindən sonra Həzrəti Peyğəmbərin müəzzini Bilal Həbəşinin Kəbənin üstünə çıxaraq gözəl və yanıqlı səsi ilə oxuduğu əzana işarədir. Göstərilən sitatlar bizə belə nəticəyə gəlməyimizə imkan verir ki, pyesdə qələmə alınan bütün fikirlər bu günə kimi siyer kitablarında qorunan informasiyalar əsasında verilmişdir. Buna görə də Hüseyn Cavidin müəllif qayəsini əsərdə səslənən hər hansı bir fikrə görə yozumlamaq doğru olmazdı. Fikrimizcə tamamilə tarixi vəsiqələrə istinad edən belə bir əsərin ideya istiqaməti tədqiqatçıların dinə münasibəti əsasında müəyyənləşəcəkdir.
“Peyğəmbər” əsərində dini mövzuda müxalif fikirlərin üz-üzə qoyulması yeni bir hadisə deyildi. 1919-cu ildə Mehmed Akif Ərsoy da müsəlmanları din geri qoydu kimi cəmiyyətdəki pessimist fikirləri dilə gətirərək həm də ona cavab verirdi:
– “Allaha dayanmakmı? Asırlarca dayandık !
Düştüksə bu hüsrana, onun narına yandık!
Yetməz mi çocuqluktaki əfsanəyə hürmət?
Hala mı rəşid olmadı, hala mı bu millət?
Dersən ki: Ufuklarda bir aydınlık uyansın;
Maziyə atəş verməli, baştan başa yansın.
Şaşkınlık olur köhnə telakkiləri ihya;
Şeydayi-terakki koşuyor, baksana dünya.
Əlverdi masal dinlədiyim bunca zamandır;
Bən kanmıyorum, git də sən aptalları kandır!
– Allaha deyil, tapdığın evhama dayandın;
Yandınsa əgər, hakk-ı sarihindi ki yandın.
Məfluc edərək əzmini bir fəlc-i iradi,
Yattın kötürümlər gibi, yattın mütəmadi!
Madəm ki didinməz, edəməz, uğraşamazsın,
İksir-i bekaa içsən, əmin ol, yaşamazsın.
Hüseyn Cavid də Mehmed Akif kimi hətta İslama qarşı səslənən əsassız ittihamlara öz əsərində müxtəlif üsullarla cavab vermişdi. Məsələn, İslama yalnız sadəcə qara çarşab kimi baxanları susdurmaq üçün Peyğəmbərin dilindən söyləyirdi:
Halbuki o qönçə bikri
Hər gün binlərcə göz əmər.
Öyündüyün bikr, ey pəri,
Sönər hərgün, bir az sönər.
Övlad eşqilə çırpınan
Bir qadın könlü, şübhəsiz,
Sayğısız qızlarınkından
Daha bakir, həm ləkəsiz.
Pyesdə İslam tarixinin xronologiyasının izlənilməsi, yüksək romantik pafos, idealların əks etdirilməsi Hüseyn Cavidin müəllif mövqeyinin açıq ifadəsidir. Hüseyn Cavid mövzuya İslam təəssübkeşi kimi yanaşmış, Azərbaycanın milli-mənəvi inkişaf tarixinin məcrasının dəyişdirildiyi bir məqamda bu əsəri qələmə alması ilə dəyərlərin qorunub saxlanılmasına təşəbbüs göstərmişdir.
Qaynaqlar:
1. Hüseyn Cavid. Əsərləri, III cild, Bakı, 1984
2. Hüseyn Cavid. Əsərləri, III cild, Bakı, 2005
3. Əli Himmət Bərgi, Osman Kəskioğlu. Xatəmül-Ənbiya. Həzrəti Məhəmməd və həyatı. Ankara, 1993.
4. İbnül Kayyim el-Cezviyye. Allah sevgisi. İstanbul 2006
5. Tahirə Məmməd. XX əsr Azərbaycan dramaturgiyasının poetikası. Bakı, 1999
6. Şəmil Kamil oğlu Sadıqov. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası. Bakı, 2011
7. Mehmed Akif Ersoy. Safahat. İstanbul, 1992