Ana səhifə BAŞ YAZI Haqqın var yaşamağa – Məmməd Arazın anım günü

Haqqın var yaşamağa – Məmməd Arazın anım günü

Müəllif: Bizim Yazı
65 baxış

Azərbaycanın Xalq şairi Məmməd Arazın anım günüdür. 

Bizimyazı.az bu münasibətilə unudulmaz şairin seçmə şeirlərini oxuculara təqdim edir.

Dünya sənin, dünya mənim…

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yelən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Yaşayır

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin…
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır;
“Çox ünvanda qaçaq tərif yallanır”.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

Salamat qal

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax – salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal!

Unut məni

Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu – ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu…
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.

Haqqın yoxdu, haqqın var

Çox oldu ürəyimi diqtəsinə baxmadın,
İlğımlar qova-qova yulğunlar qucaqladın,
Sən ağlından qəlbinə gedən yolu bağladın.
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Boğazına sarınan ilanı tumarladın,
Qazancın bu oldu ki, mülayim oldu adın.
Haqq yolu göstərdiyin haqqını qamarladı,
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Sən məqamı gələndə Araza bənd olansan,
Hər sözün işığında göyə bülənd olansan,
Sən arzuya bələdçi, şərə kəmənd olansan,
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!

Budaqda qarğa dördgöz, marıqda qırğı –
quldur,
Qasırğa hədəfində qumru yuvası qurdun.
Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Şəkərini zəhərə alanların çoxu sağ,
Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.
İydə dənəsi boyda qurğuşuna əl uzat…
Bu haqdı, Məmməd Araz,
Haqqın yox yaşamağa!

Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdın.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim…
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!

Bu dönüklər, vəfasızlar dünyası..

Kimi kim bivəfa dünyada gördüm,bivəfa gördüm
Məhəmməd Füzuli

Yolu düzlər dünyanın hər işini bacarmaz,
Hər işini bacarar, şər işini bacarmaz.
Yaxşılara yaxşılıq vərdişini bacarmaz
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Müdriklərin dilindən bu kəlam belə sızdı:
Bu, insandı – bəşərdi; bu oğlandı, bu qızdı;
Vəfasızdı – dönükdü, dönükdü – vəfasızdı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Əhdi yoxlar dilində andı yoxlar yalanı,
Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,
Uçurtdu ürəyimdə sirli sevda qalamı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Hər nəyi xoşlamasan tez ona əvəz olar,
Uçruma “gəl-gəl” deyən çağrış olar, səs olar,
Gözün içində bitər, gözəgörünməz olar
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Bir üzü ağ dünyadı, bir üzü qara dünya,
Bu qaranlıq ağarmaz ola min para dünya,
Qoltuğumda gedəcək, yön alsa hara dünya;
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Gözəl quyu bağışlar tənhalara, təklərə,
Qarın yükfi daşıyar duyğusuz ürəklərə,
Gələcəksiz gələcək dartar gələcəklərə
Bu dönüklər dünyası, vəfasızlar dünyası…

Müharibə olmasa

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, –
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, –
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, –
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, –
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi – söz,
Sözü – məhəbbət olar —
Müharibə olmasa!

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.