Türküstan vilayətinin başçısı Darxan Satıbaldı ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Qazaxıstan Respublikasına səfərləri çərçivəsində Türküstan vilayətinin başçısı Darxan Satıbaldı ilə görüşüblər.
Görüşdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Fatma Yıldırım, Türkistan vilayətinin başçısının müavini Beisenbay Tajıbayev, Türküstan şəhərinin başçısı Nurbol Turaşbekov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin müşaviri Anar Hüseynzadə iştirak ediblər.
Görüşdə iki qardaş türk dövlətləri olan Azərbaycan ilə Qazaxıstanın hərtərəfli münasibətlərinin günü-gündən daha da möhkəmlənməsindən söz açılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra Qarabağın Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması qeyd edilib. Qədim tarixə, zəngin dəyərlərə sahib Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra ilk qardaşlaşma münasibətlərinin Türkistan şəhəri ilə qurulması vurğulanıb. İki şəhər arasında əməkdaşlığın daha da gücləndirilməsinin gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən başladılan böyük “Şuşa Günləri” layihəsi çərçivəsində şəhərin tarixi-mədəni irsinin növbəti dəfə Türkistanda nümayiş etdirilməsi yüksək qiymətləndirilib. Fondun ümumtürk irsinin qorunması və tanıdılması yönündəki çoxşaxəli fəaliyyətləri Türk Dünyasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına önəmli töhfə kimi dəyərləndirilib.
Görüş tərəflər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin perspektivlərinə dair müzakirələrlə davam edib.