Ana səhifə İCTİMAİ Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib

Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib

Müəllif: Bizim Yazı
259 baxış

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 5-6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxış edib.

“Azərbaycanın uğurlu sədrliyi ilə son dörd ildə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük humanitar missiyalar həyata keçirildi, həmrəyliyi təşviq edən və davamlı sülhə aparan mühüm addımlar atıldı”.
Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasındakı çıxışı zamanı söyləyib.
Günay Əfəndiyeva keçən müddət ərzində baş verən dəyişiklikləri, pandemiya dövrünün təsirlərini qeyd edərək, bildirib: “Bu sınaq bizlərə bir-birimizə əhəmiyyət, qiymət verməyi öyrətdi. Dəyərlərimizin yenidən nəzərdən keçirilməsinin şahidi olduq”.
Fondun prezidenti Qoşulmama Hərəkatının yarandığı gündən etibarən birlik, müstəqillik və tərəfsizliyin simvolu olduğunu nəzərə çatdıraraq, bildirib: “Hərəkat öz suverenliyini qoruyub saxlamağa və böyük güc bloklarının təsirindən azad olaraq, öz istiqamətlərini təyin etməyə çalışan xalqların səslərini birləşdirdi. Yer üzündəki hər bir xalqın səsi önəmlidir”.
Günay Əfəndiyeva müasir dövrdə tolerant dəyərlərlə birgə yaşamağa, mədəniyyətlərarası dialoqu daha da genişləndirməyə ehtiyacın artmasına diqqəti çəkib. Fondun prezidenti mədəniyyətlərin dialoqunu xalqlar, ölkələr, insanlar arasında ünsiyyət kimi qiymətləndirib. O, bildirib ki, rəhbərlik etdiyi, türk xalqlarının zəngin mədəniyyətini öyrənən və təbliğ edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası sırasında müxtəlif sivilizasiyaları bir araya gətirmək və xalqlar arasında mədəni körpü rolunu oynamaq yer alır.
“Fond türk və digər dünya ölkələri arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə xarici ölkələrlə əməkdaşlıq edərək müxtəlif qitələrdə layihələr həyata keçirir. Məqsədimiz ölkələrin milli, maddi və mənəvi dəyərlərinə həssas münasibəti aşılamaq, ümumbəşəri sərvətləri qoruyub saxlamaqdır. Fərqliliklərimizə bələd olmaqla, oxşar cəhətlərimizi kəşf etməklə, tanımaqla və tanıtmaqla daha da yaxınlaşmaqdır” – deyə, Fondun prezidenti vurğulayıb.
Günay Əfəndiyeva bəşəriyyətin üzləşdiyi qlobal təhdidlərə, qeyri-insani davranışlara və vandalizm aktlarına toxunub. Fondun prezidenti Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisindəki dəhşətli faktları, tarixi incilərin kütləvi şəkildə məhv edilməsini, dini abidələrin, qəbiristanlıqların təhqir edilməsini, kitabxanaların, qiymətli arxivlərin, əlyazmaların yandırılmasını qınayıb.
Günay Əfəndiyeva: “Vəhşiliklər qarşısında susduqca belə halların sayı daha da artır. Biz bu təhlükə, bu çağırış qarşısında birliyimizi, dəyanətimizi ifadə etməliyik. Gələcəkdə belə halların qarşısını almaq üçün ədalətli mövqeyimizi açıq şəkildə nümayiş etdirməli, həmrəyliyimizi gücləndirməliyik” – deyə, tədbir iştirakçılarına müraciət edib.
Sonda Fondun prezidenti bildirib ki, rəhbərlik etdiyi təşkilat Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha güclü əlaqələrin qurulmasına, qarşılıqlı anlaşmanın və mədəni dialoqun təşviqinə töhfə verə bilər.
“Bu potensialdan birlikdə istifadə etməklə biz ümumi inkişafa və tərəqqiyə nail ola bilərik”, – deyə Günay Əfəndiyeva qeyd edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.