Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib
22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair Yusif Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı çıxış edərək məclisi idarə edib. Kitab haqqında geniş məruzəni Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra Mətbuat tarixi və publisitika şöbəsinin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı Gülbəniz Babayeva da müəllifin məhsuldar fəaliyyətindən söz açıblar.
Eyni zamanda ziyalılardan Əlirza Xələfli, Kənan Hacı, Kəmaləddin Qədim, Nəcibə İlkin, Şöhlət Abbas, Nizami Muradoğlu, İradə Əlili, Aqil Camal, Əkbər Qoşalı, Hüseyn Məmmədov, Qulu Əlioğlu, Saqif Qaratorpaq, Rizvan Nəsiboğlu, Balayar Sadiq, Sabir Alim və s. çıxışlarında Gülnar Səmanın özünəməxsus üslubunu və yaradıcılıq kredosunu xüsusi vurğulayıblar.
Bununla yanaşı, müəllifin qələm dostlarından Şəhanə Müşfiq, Afət Viləşsoy, Savalan Talıblı, Ramil Mərzili, Fuad Cəfərli, Seyhun Hökmdar, Şəhriyar Seyidoğlu, Yetim Qacar, Mənsur Həsənzadə, Əfsanə Ələsgərli, Rəşad Məhəmmədoğlu, Səbinə Abdullayeva, Səxavət Sahil də tədbirdə iştirak edərək həmkarları haqqında ürək sözlərini çatdırıblar.
Təqdimat mərasimində rəssamlardan Esmira Rəhimli və Gülnarə Mahmud, müəllifin şagirdi olmuş Ramil Hümbətov, doktorant yoldaşları və ailə üzvləri də iştirak ediblər.
Təqdimat mərasiminin sonunda Gülnar Səmanın anası və qardaşı iştirakçılara minnətdarlıq ediblər. Tədbir müəllifin təşəkkür nitqi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.