Ana səhifə YAZILAR Gülən gözlü qadın (öykü)

Gülən gözlü qadın (öykü)

Müəllif: Bizim Yazı
963 baxış

Cavid ŞÜKÜR (QƏDİR)

Özümdən bir addım daha artıq sənə yaxınam. Əllərin əllərimdə, gözlərin gözlərimdə… Saçların saçlarıma qarışıb. Bizim əvəzimizə külək danışır, mütənasib olmayan tillərimizə toxunduqca fit çalır – ayrılığın, uzaqlığın marşını. Mən öz içimdə, siqaret külqabıda tüstüləyir. Bilmir öz dərdinə yansın ya bizə… 

…Özümdən daha artıq səninəm… Getsən mən də olmayacam burda, səndə gedəcəm. Qalsan cənnət gülən gözlərində…
…Özümdən daha artıq səninəm…
…Daha artıq səninəm…
…Artıq səninəm…
…Səninəm…

***
Gözləriniz, xanım, gözləriniz hələ yazılmamış şeir, deyilməmiş söz, hələ axmamış su, tapdanmamış torpaq, yaranmamış Adəm, öpülməmiş Həvva, dişlənməmiş alma, hələ aldatmamış ilan kimidi…
Sözləriniz, xanım, sözləriniz göy üzünə yazılan “Ol!” kəlməsi kimidi. Məndən bütöv bir dünya yaradar… Kainat olaram, küll olaram, bir tapınaqda zahid olub sənə duayla keçirərəm ömrümü…
Saçlarınız, xanım, saçlarınız sirat körpüsüdü, məni cənnətə götürən…
Əlləriniz, xanım, əlləriniz sevgiyə tutunmaq üçündü…
Qollarınız, xanım, qollarınız dünyanı qucmaq üçündü…
Siz, xanım, siz özünüz… Zəhrimara qalsın bu etiket qaydalarını…
…Sən, hə, gözəl gözlü qadın, sən… Gözlərin, hə, gözlərin gülüş üçün yaradılıb… Sən, hə, sən, qadın, sevgi üçün yaradılmısan… Xoşbəxt olmaq, xoşbəxt etmək, gülmək, güldürmək, sevmək, sevilmək üçün yaradılmısan, qadın… Dünyanı yaradanda Tanrı da qadına ehtiyac duyub… Bəlkə elə qadın özü Tanrıdı?! De, qadın, Tanrımısan?!.
Ayrılıqda mənfi yüklü zərrəciklərik, neytronlar… Hər şeyi qara görər, hər şeydən kədərlənər, həyatdan qaçarıq. Bəs, heç düşündünmü “mən”ləri “biz” edə bilərik. Riyaziyyatdan çox şey bilmirəm. Savadım acılarımı hesablamağa çatarmı, bilmirəm… Amma bir şeyi dəqiq bilirəm, mənfini mənfiyə vuranda müsbət edər. Mən sənə çoxdan vurulmuşam. Gəl bərabərlik işarəsi qoy qarşımızda. Müsbət olaq, qadın. Riyaziyyatdan çox bilmirik, ağrılarımızı hesablamağa yetməyən savadımız xoşbəxtliyimizi hesablamağa çatmasın…
Bura qədər yolumuz uzun olub, gülən gözlüm. Parçalanıb, ovulub tökülmüşük. Qalıbsa da yarımız ancaq qalıb. Gəl, bu yarını bütöv edək. Hər dövrənin başında ay da bütöv olur… Sən ki, işığınla, ruhunla, gözəlliyinlə Günəşə taysan, mənə də işıq ver. Qadınım ol, sevdiyim ol, ata, ana, bacı, qardaş, dost, hər şey… Sən ol! Mən onsuz da elə sənəm…

***
…Gözləriniz, xanım, gözləriniz gülüş üçün yaradılıb…

***
…Bütün sevgilər baharda başlayıb, payızda bitir. Biz payızda başlayaq sevməyə, gözəl gözlüm. Hamının sevgisinin sonu gələndə bizimki əvvələ dönsün. Hər payız aşiq olub, hər bahar sevilək təzədən.
Mənə aşiq olsan, söz verirəm, and olsun Sentyabra, and olsun sevdiyin Payıza, and olsun aşiqi olduğun sarı-qızılı yarpaqlara, and olsun Gecəyə, and olsun Hüzur və Etibara, and olsun Sənə, səni hər payız təzədən sevəcəm…

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.