Bizimyazı.az Elşən Əzimin təcnislərini təqdim edir.
***
Ədan yolları da yandırıb yaxır,
Gözəldi yerişin, mən ölüm yeri.
Ya sən öl, kor-peşman mən çıxıb gedim,
Ya da bir müjgan at mən ölüm, yeri.
Göy elə dəhşətdi, yer elə ölüm,
Göy belə ölümdü, yer elə ölüm.
Ayağın altında yer elə, ölüm-
… Onsuz da gəzirəm mən ölüm yeri.
Gözəl görməmişəm hələ sən təki,
Elşəni naümid qoyma sən təki.
Mən hara and verim səni, səndə ki-
yoxdu “sən öl” yeri, “mənölüm” yeri.
***
Hər təzə görüşün nimdaş qəmini,
Köhnə yaralarım göynədi, bildim.
Ahım öz başıma od tökdü göydən,
Axır ki, yer nədi, göy nədi, bildim.
Xəyalım silindi göydən iz kimi,
Çünki dalğalandı göy dəniz kimi.
Göy donu tərpəndi göy dəniz kimi,
Yeddi rəng içində göy nədi, bildim.
Ay Elşən demədi bir sözü mənə,
Görən yoxuydumu bir sözü mənə?!
Bir sözü qıymədı bir söz umana,
İndi xəsis nədi, göy nədi, bildim.
***
Zaman keçər, vaxt ötüşər xəbərsiz,
Qafillərin papağına gün düşər.
Ölüm haqdı, ölümə şər deməyin,
Kor şeytana aldandığın gündü şər.
Fələk sənin payın axşam, payın dan,
Dana bilsən dərdin ağır payın dan.
Xəsis baxtın zərrəcə xoş payından
sail ömrə görən neçə gün düşər?
Bir də açmaz çiçək bu düz, gül bu dağ,
Elşən Əzim, sinəndədi bil bu dağ.
Tale- bağban, ömür-ağac, il- budağ
Yarpaq kimi gün saralar, gün düşər.
***
Nə sirri-billahsan, nə möcüzəsən?
Çiçəklər incimir, ay arı, sənnən.
Mən orda bir gülə könül vermişdim,
Deyirlər görüblər a, yarı sənnən.
Qələm al, daşın də üstə süsən çək,
Aparmaz yağışlar, yumaz su, sən çək.
Nazını mən çəkim, balını sən çək,
Bölək bu çəməni a, yarı sənnən.
Elşən, yek atdırsa bu çəmən zərə,
Dönər gözlərimdə puça mənzərə.
Zərgərsən, bənzəyir bu çəmən zərə
Qiyməti mənnəndi, əyarı sənnən.
Cığalı təcnis
Bahar çağı gül bitirər qayalar,
Ay daş ürək, utan eylə daşdan ar.
Aşıq deyər daşdanar,
Ürək dözüb daşdanar.
Şeytan yüz kələk qursun,
Əzəl-axır daşdanar.
“Min tişəni künd eyləyər kuhikən”
Cana gəlib daş olduğun daş danar.
Gül ay könlüm, yaxa vermə dərdə sən,
Sabahıma qapı da sən, dər də sən.
Aşıq deyər dərdə sən,
Dözürsənmi dərdə sən.
Yel kimi keçib gedər,
Dərd ötəndi, dərd əsən.
Gəl ay gülüm, nə durmmusan DƏRdə sən,
Sən gəlməsən qəm üstümə daşdanar.
Tay yoxuydu kövrəklikdə, YANIMda
Həmən Elşən ta uşaqdı yanımda.
Aşıq deyər yanımda,
Hər dərdinə yanım da.
Həsrətin də yox olsa,
Kim qalacaq yanımda?
Yüz yol deyim : “alışım da, yanım da”,
Görmüsənmi daşda atəş, daşda nar?!