Bu günlərdə gənc yazıçı Gülay Əsgərlinin ilk kitabı işıq üzü görüb. “Mənimlə danış” adlı 27 hekayədən ibarət olan bu kitab “CBS” nəşriyyatı tərəfindən nəşr edilib. Kitabın redaktoru professor Həcər Hüseynova, ön sözün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru Qənirə Əmircanovadır. Kitaba daxil edilmiş hekayələr müəllifin məktəb illərində yazdığı ilk qələm təcrübələrindəndir. Kitabda yer alan hekayələrin mövzusu müxtəlifliyi və qeyri-standart yanaşma tərzi ilə seçilir.
Qeyd edək ki, gənc yazıçı 2024-cü ildə Bakı şəhərində 28 saylı tam orta məktəbi qırmızı attestatla başa vuraraq, 650 balla Bakı Dövlət Universitetinə daxil olub. Hazırda həmin universitetin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasının (tədris ingilis dilində) I kurs tələbəsidir.
Bədii yaradıcılıqla 10 yaşından etibarən məşğul olur. Şeirləri, hekayələri və esseləri dövri mətbuatda çap olunub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 2023-cü ildə 16 yaşa qədər məktəblilər arasında keçirdiyi II şeir, hekayə və esse müsabiqəsində “Balaca oğru” hekayəsinə görə 1-ci yerə layiq görülüb. 2022-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində 2-ci yerə layiq görülüb.
Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.