“Dözmək üçün məşq” eləsin amma “Qandalı görməsin”…
Aprelin 17-də Azərbaycan Yazıçılar Birliyində gənc şair Fərid Hüseynin “Qandalı görməsin” və “Dözmək üçün məşq” adlı kitablarının təqdimatı keçirildi. Təqdimatda bir sıra tanınmış ziyalılar, şairlər və mətbuat nümayəndələri iştirak edirdi.
Təqdimat mərasiminin aparıcısı şair, publisist Səlim Babullaoğlu Fəridin yaradıcılığını geniş təhlil etdi: “Fəridin İrandakı həbsini heç kimə arzulamıram. Şükürlər olsun ki, o, bu gün bizim yanımızdadır. Gənc olmasına baxmayaraq, yazdığı şeirləri və yaradıcılıq nailiyyətləri ilə özünü doğruldan gəncdir. Ədəbiyyat şeir yazmaqla bitmir. Son 3-4 ildə yazıları ilə özünü doğruldub. Onun bir xeyli kitabları çap olunub və bir kitab tərcümə edib. Fəridin yaşına görə bu, çox yaxşı göstəricidir”.
Tənqidçi, elmlər doktoru Cavanşir Yusifli Fəridin yaş etibarı ilə çox cavan olduğunu, ancaq yaşadığı hadisələr, həbsxana zamanı keçirdiyi acılar, məşəqqət səbəbiylə bəlkə yaşlılardan daha çox həyat təcrübəsinin olduğunu bildirdi: “Fərid çox dinamik insandır. O, şerlərinin birində söyləyir ki, “Mən heç kəsin obrazı deyiləm”. Əslində, şairlər müəyyən yol qət etdikdən sonra kiminsə obrazını yaradır və onun yolunu getməyə çalışırlar. Fərid mövcud şairlərin o tipinə daxildir ki, öz dəst-xətti var. Vaxt gələcək, o, başqa janrlara da müraciət edəcək. İnanıram ki, ədəbiyyat üçün maraqlı yazarlar sırasına daxil olacaq”.
Yazıçı, ssenarist, rejissor Orxan Fikrətoğlu ədəbiyyat aləmində yeni simalara rast gəlməyimizin, ədəbiyyata öz adlarını yazdıran gənc yazıçıların mövcudluğunun sevindirici hal olduğunu qeyd etdi: “Əslində, gənc yazarlardan qorxuram. Çünki onların adları Qarabağdan deyil, dava-qalmaqallardan gəlir. Fərid isə elə gənclərdən deyil. Onun tutduğu yol doğru istiqamətdir. Yazılarında ağrı, keçirdiyi hisslər özünü göstərir. Fərid Azərbaycanın keçmiş yazıçıları kimi zindanın çətinliklərini görmüş yazıçıdır. O, sözünü açıq şəkildə deyə bilən bir gəncdir. Gənclərə yol açmağımız vacibdir. Son dönəmlər gənc yazıçılar azlıq təşkil edir. Fərid kimi gənclərdən böyük uğurlar gözləyirəm”.
“Ulduz” jurnalının baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli, Fərid yaradıcılığına yeni başlayarkən ilk məqaləsini onun haqqında yazdığını bildirdi: “İnanıram ki, gələcəkdə daha məsuliyyətlə və daha peşəkarlıqla yazacaq. Onun yaradıcılığı ilə yaxından tanışam. “Poeziya anı” şeirində aşıq təsəvvürü, orada bir fərd kimi özünü təqdim etməyi bacarıb. Onun mətbuatda işıq üzü görən yazılarını da izləyirəm, maraqlı mövzulara toxunur. Yaradıcılığında Fəridə uğurlar arzulayıram”.
Şair Qismət bu gün gənclərin daha çox həvəs göstərdiyi sahələrə toxunaraq söylədi ki, onlar əsasən bəstəkarlığa yönəldiyi üçün ədəbiyyata maraq azalır: “Ancaq Fərid elə gənclərdən deyil, ədəbiyyata çox marağı var. Uğurlarının davamlı olmasını diləyirəm”.
Fərid Hüseyn təqdimat mərasimində öz şeirlərindən bir neçəsini tədbir iştirakçıları üçün söylədi. Qeyd edək ki, “Qandalı görməsin” həbsxana xatirələrindən, “Dözmək üçün məşq” kitabı isə esselər və şeirlərdən ibarətdir.
Xəyalə Rəis
/kaspi.az