Ana səhifə BAŞ YAZI Gənc yazar gənc yazar haqqında

Gənc yazar gənc yazar haqqında

Müəllif: Bizim Yazı
1. 197 baxış

Gülnar QASIMLI

Elməddin Nicata məktub

Poeziya ruhumuzun şeirləşməsidir. “Qəlbi, ruhu daş adama, Nəsə həkk eləmək olmur”. Amma qəlbinin döyüntüsünü poetikləşdirən şair dostumuz, Elməddin Nicat, “Sənə şəkk eləmək olmur”. Niyəsini bu yaxınlarda işıq üzü görən “Dağlar, yuxunuz çin olsun” adlı kitabına münasibət bəsləyərək təsdiqləyə bilərik. Müxtəlif mövzulu və müxəlif janrlı şeirlərinlə düşüncələrimizi əsarətdə saxlamağı bacarmısan. Təbriklərimi də, təşəkkürlərimi də ürəyimdən gələn kimi təhlil edəcəm və səndən bir xahişim olacaq. “Səni sevdiyimi hamıya danış, Məni sevdiyini heç kimə demə”. Səbəbini özün də bilirsən ki, “İlk eşqi itirən sevən ürəklər, Eradan əvvəlki xarabalıqdır”. Ona görə də yekun qənaətin, son qərarın bu oldu ki, “ Dünyanın ən ağır dərd şələsini, Elə şairlərnən sevənlər çəkir”. Səni bu nəticəyə gətirən yollar çox uzundur:

Sevən kəs həsrətdən gərək qorxmasın,
Sevgi saray edər uçuq daxmasın.

Heç kəsin bəxtindən ulduz axmasın,
Məni məndən axan ulduz yandırır.

Səndən axan ulduz elə səmada sayrışır. “Yığıb öz başına ay-ulduzları, Həftə ulduzvari, ay ulduzvari”. Qafiyənin gözəlliyi və özəlliyi öz yerində, amma həftəmizi, ayımızı səmada yaşamaq hardan gəldi ağlına?! Özüm bilirəm. “Ötən illər bir qərənfil həyatı, Xallı lalə-oxunmamış bayatı”. Gözəl təşbehdir, artıq ədəbiyyatımızda niskil rəmzi kimi formalaşan qərənfili ötüb-keçmiş, kövrək xatirə simvoluna çevirərək, müdafiəyə qalxmısan. Lalənin bağrı qara xallı dörd ləçəyi ilə dörd misralıq bayatının bənzəyişindən yaranmış gözəllik! Lalə çiçəyi də bir dənə olur, bayatı da bircə bənd. Elə əsl sevginin də bircə ünvanı olar. “Mənim o qız adlı məhəbbətim var, o qızın mən adlı oğlu yaşayır”. Axı özün söz vermişdin ki, “Mən sənin yanından payız getmişəm, Haçansa yanına gələcəyəm mən”. Bu payız iki anlam daşıyır, həm tərzi-hərəkət zərfliyi kimi, yəni sənin yanından gedəndə öləziyən payız idim, həm də zaman zərfliyi kimi ki, paralelində yaz dayanır. Sən o yazın adını da dolayısı ilə yada salırsan. “Qaranquş gələndə göz-qulaqda ol, Haçansa yanına gələcəyəm mən”. Qaranquşlar baharda gəlir və sən payız-yaz, qış-yay tərs mütənasübliyindən elə bir düz mütənasüblük yaratmısan ki, ancaq heyrətlənmək olar. Sənsə hələ suallara qərq olmusan “Üstümə çevirib ordumu yoxsa, Könül, nə deyirsən bu məhəbbətə” və ustad Məmməd İsmayılın “Mən buna məhəbbət demərəm daha” misralarına qüvvət verən “ Mən buna nə cürə məhəbbət deyim?” sualı ilə cavab qaytarırsan. Ustadla üst-üstə düşən qərarlarınız kifayət qədərdir. M.İsmayıl deyir ki, “Sən həmənsən, sən həmənsən, sən həmən, Hey baxıram qəlbimdəki sənə mən. Xəbər tutub sən də mənə baxasan”. Sən də deyirsən ki, “Elə sənsən, elə sənsən, elə sən… Xəyalıyla varlığıma köçənim, Ay könlümü dərdinə yurd seçənim”. Əsl doğmalıq, əsl könül istiliyi! Bununla belə özünəməxsus sevgi etirafların da danılmazdır:

Sevinc yoxa çıxıb, həsrət ilişgən,
Ürəyimdə qalıb sevgi tilişgən.
Gərək itik itirənlər demişkən,-
Gərək səni itirəndə gəzəydim.

Sevinc həmişə yol üstədir, bəlkə, hardasa onu gözləyənlər olduğunu yaxşı bilir, bu səbəbdən qaçaraqdır. Həsrətsə gözləri yolda qoysa da, özü üçün heç kəsin gözü yolda qalmayacağından əmin olub, əlinə keçən ilk mənzili yuva seçir. Belə anlarda isə ürəyinə damır ki;

Bu gecənin o üzündə,
Bir qaragöz qız ağlayır.
Başından tüstü buğlanır,
Od ruhu bumbuz ağlayır.

Gecənin qaranlığı və qara gözlər- bir-biri üçün yaradılmış tapıntıların. Həmin yerdə yerinə düşən təzadlar- odlu ruh və bumbuz göz yaşları! Od işıq saçır, gözlər qaradır. Yəni, qaranlıq işığı və istiliyi beləmi təslim edir ki?! “Gözlərindən düşür yarpaq, Yuxalıb payız ağlayır”. Yarpağın budaqla qovuşduğu yer onsuz da bioloji gözləridir, amma bu yarpaq öz budağından yox, payızın gözündən düşür. Gözdən düşmək frazemi isə bu misralarda ikili mənaya gətirib çıxarır. Yarpaq hansı günahın sahibidir ki, payızın gözündən düşür!? Aydın görünür ki, təbiət mövzusuna da tamamilə yeni baxış bucağından göz gəzdirmisən:

Yığılan bənövşə qomu yaşamır,
Zirvədə səhranın qumu yaşamır.
Mən yaxşı bilirəm hamı yaşamır,
Yamyaşıl içində ağ-qara ömrü.

Açıqca görünür ki, poetik fikirlərində təbiətlə üzvi əlaqən kəsilmir. Əldə etmək istəyimiz bənövşəni əlimizdən xilas edə bilmir, ancaq onun gözümüz önündəki ölümündən elə bir bihuşedici həzz alırıq ki!!! Zirvənin payına qar, səhranın payına qum düşüb, bu ahəngi pozmaq bizim imkanımız xaricindədir. Ona görə ki, “Gözümü açıram göl ləpələnir. Kirpiyim altında ada yaşayır”. Bu misraların açılışına sözmü çatdırmaq olar. Göz gilələrimiz yaşardıqca suya qərq olur, hər tərəfi su ilə əhatə əlunmuş adaya bənzəyir. Bu bənzəyişi isə tapıb üzə çıxarmaq yalnız sənin qüdrətin daxilində ola bilərdi. Amma sən nə deyirsən:

Uduzdum sevda cəngində
Yaxam əzabın çəngində
Sifətim nərgiz rəngində
Duruşum bənöşə kimi.

Sarışın nərgizlə, qaraşın bənövşənin vəsfi ədəbiyyatımızla birdir. Amma bu cür ifadə forması, nərgizin, bənövşənin insaniləşdirilərək təsviri niyə klassiklərimizin ağlına gəlməyib ki?! Yəqin ona görə ki, “Ürəyimdən gələn səsdən, Özümü asdım yaşadım” deyərək bu pıçıltıları tanrı səninçün pünhanlayırmış. Bu da səbəbsiz deyil e “Ancaq tutur içimdəki arzumu, Dünya mənim içim boyda görünür”. İçinə baxış keçirdikcə biz də orda nələrisə görə bilirik:

Səpilməyib qan toxumu,
Ruhum qada, qan qoxumur,
Ürəyimin qan qohumu,
Ululardan ulu dərdim.

Bu dərdə elə sahib çıxmısan ki, yaddan çıxarmısan ki, hamının dərdi var. Sənsə hələ öz rejissorluğundasan:

Bir ürək bənövşə şəklin,
Ürəyi kövrəklər çəkir.
Dərd ayrıca bir filimdi,
Onu da ürəklər çəkir.

O ürəklər ki, “Taleyi kəm görüb gözüm duruxdu, Həsrətim diribaş, bəxtim dunuxdu”-söyləyərək gileylənir, “Özümdən özümə acıq olmuşam, Qəlbi dərddən cızıq-cızıq olmuşam” etirafıyla üsyanına pənah gətirir.

Qəlb sınır təmir eləmir
Susub səs-səmir eləmir.
Gözləmir çimir eləmir,
Yatsın mürgünü qorusun.

Həqiqətən əsl tapıntı. Məncə bunun köklərini folklorda axtarmaq yerinə düşər:

Sabahı var hər gecənin,
Dişi batmır göy gürzənin,
Bu qapı keçəl Həmzənin,-
Atını bağlama dünya.

“Koroğlu” dastanının ən məşhur epizodu, həm gözəl qafiyə, həm də danılması mümkün olmayan poetik kəşf. Folklor da folklordu də:

Həsrətim, istəyim söndü, soyudu,
Sevincim kiçildi, dərdim böyüdü,
Vüsalı gözümdən göz yaşı yudu,
Necə ki, Saranı sellər apadı.

Şifahi ədəbiyyata müraciətin yetkin bəhrəsini görürük. Öz sözləriylə desək: “Məni məndə tutmağa, Bir tələdir qurdular”. Bilirsən axırı nə oldu?! “Əziyyət çəkmirəm iş axtarmaqda, Hər zaman başıma dərd iş eyləyir”. Dərd də var, dərd də var, amma bu dərd elnən gəlib, lakin atalar misalının əksinə olaraq toy-bayram deyil:

Yağı çəmənimi, çölümü sevir,
Yəqin ki, taleyim zülümü sevir,
Çoxu qaçqınlıqdan ölümü sevir,
Qaçqın ölməyimdən yamam qorxuram.

Heç belə qorxuyla qorxuya düşdüyüm olmamışdı. O qədər səbəblər var ki, “Ölülər içində üzüm də olmaz”, “Qaçqın çağrılaram o dünyada da”. Amma bu dünyanın qıl körpüsü daha da dəhşətli imiş:

Sıxılıb həyatın məngənəsində
“Səyyarı yardım”lar məntəqəsində,
Dilənçi payının təntənəsində
Bir qaçqın şeiri deyəcəm sizə.

Deməyə ehtiyac qalmadı “Başa gələcək işlərin, Ürəyə daman yerisən”.  Amma
hər yerdə özünə yer eləmək də yerbəyer olmalıdır:

Hayana baxıram dərd yerləridir,
“Kefin kök, damağın çağ olan yeri”.
Onun həsrətinin yurd yerləridir,
Mənim saçlarımın ağ olan yeri.

Misralar özü, öz gözəlliyini faş edir, mən nə əlavə edim ki?! Əgər belə bir fikrə düşsəm məktubum bitməzlik xəstəliyinə tutular. Ən yaxşısı sağollaşmaqdır:

Baxıb bu günündə öyünmədiyim,
ikiyə bölünən məmləkət kimi,
Boy atıb qoynunda böyümədiyim,
Həsrətin çəkdiyim doğma kənd kimi,
Sən mənim yadıma yaman düşürsən.

You may also like

1 şərh

Gülnar 2016-10-07 - 22:30

4 il…

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.