2988-ci ilin noyabr ayında turistlərin düşərgə saldığı Gümrü şəhəri dağlarının ətəyində top lüləsinə bənzər uzun bir boru göydə min cür dövrə vurdu. Sonuncu dövrəsində qayaya ilişib yenidən havaya qalxdı. Boru yarım metr diametrli kiçik boruların bir-birinə qaynaq edilməsi ilə düzəldilmişdi və hər iki ağzı qapaqlarla möhkəm bağlanmışdı. Son dəfə fırlandıqdan sonra böyük bir şiddətlə yerə düşdü və dərin bir çala əmələ gətirdi.
Düşərgədəkilər diksinərək çadırlarından çölə qaçdılar. Kimsə polisə xəbər verdi. Siren səslərindən sonra polislər gəlib çalanın ətrafını sarı lentlə bağladılar. Tədqiqat başlamışdı. Çalanın içindən gələn köhnə, turşumuş qan qoxusu hamını özünə çəkirdi.
Polislər boruya ehtiyatla yaxınlaşdılar. İçinə baxmaq mümkün olmadığından onu çaladan çıxarmağa qərar verdilər. Düşərgə sakinləri çaşqınlıqla, mat-məəttəl halda hadisəni izləyirdilər. Boru böyük çətinliklə çıxarıldı. Hamı dağın zirvəsinə baxır, bu borudan gələn turş qan qoxusuna bir məna verməyə çalışırdı.
***
Çalanın açılması mənim üçün sanki nəfəs yolunun açılması idi. Torpağın altında səssiz qalmaqdan, görməməkdən yorulmuşdum. Hər iyirmi dörd saatda bir, taleyin qəribə lütfü ilə yaranan çox nazik bir keçiddən günəşin zəif bir şüası gözlərimə toxunmasaydı, zamanın keçdiyini haradan bilərdim? Köhnə qan həmin dar keçid dən süzülən işıqla birlikdə bədənimə axırdı.
***
– Pullarını yığ, sənə şıq-şıq edən başmaq alacağam.
Anam bunu sübh çağı, alaqaranlıqda, işləmək üçün yaxın kənddəki Sənubər xalanın evinə gedəndə demişdi. Qar-boran idi. Orada işləyəndə yaxşı qazanardı. Qırmızı, şıq-şıq edən başmaqların xəyalı içimdə sevinc yaradırdı.
Axşam azanı oxundu. Buludlu hava ürəyimi daha da ağırlaşdırmışdı. Kaş bircə nəfər gələydi… Sevincimi onunla bölüşə biləydim. Zaman gecəyə qədər uzandı. Nəfəsimdən çıxan buğu pəncərə şüşəsindən silməyə çalışır, əllərimi şüşəyə dayayıb uzaq yollara baxırdım. Anam qayıtmadı. Nazirlikdən gəlib məni uşaq evinə apardılar.
***
Mumiyalanmış qadın mumiyalanmış qadındır.
Bəzənib-düzənib gəzə bilməz. Əlləri bağlı məhbus kimi tərpənməyə məhkumdur. Hər iyirmi dörd saatda bir, dar keçiddən süzülən zəif işıq şüaları gözlərimə toxunurdu. Əllərimlə gözlərimi örtə bilmirdim. Demək, mumiyalanmış gözlərim hələ var idi. Demək, hələ ölməmişdim. İyirmi dörd saatda bir gələn işıq və bir-birini əvəz edən qoxular — xüsusilə qan qoxusu. Amma bu köhnə, turşumuş qan tamam başqa idi.
***
Saatın əqrəbləri dolanır, gecə yaxınlaşırdı. Saat on iki sıfır idi. Bu uşaq evində anasız qaldığım ilk sıfır saatım idi. Hələ də xəyalımda qırmızı dikdaban başmaqlar vardı.
***
Düşərgədəkilər yığışdıqları odun ətrafında soyuq əllərini bir-birinə sürtür, ağbirçək bələdçi qadının nağılını dinləyirdilər. Qadın gözlərini yumdu. Mən isə bir an duruxdum — yatıb-yatmadığını bilmək istəyirdim. Uşağın nazik, dar geyimi onu soyuqdan qoruya bilməzdi. Yazığım gəldi. Soyuq onun cılız bədəninə işləyirdi. Şişmiş, ağırlaşmış yumşaq ətlərin içində qızdırma dünyanı başıma fırladırdı.
“Uzun boru məqsədinə çatmayacaq, deyəsən. Bəlkə də bu soyuqda donub qalacağıq.”
“Qarnın qoxusunu çürümüş bədənlərin içində duymaqdansa, şıq-şıq edən başmaqları itirmək daha asan olardı.”
Bu düşüncələr cılız bir qızcığazın zehnindən keçirdi.
Nalə səsləri, qan qoxusu və qarnın qoxusu rütubətli, yumşaq ətlərin içində dolaşırdı.
Aləm başıma dolanırdı…
***
Uşaq evində hər gün gözüm qapıda idi. Yavaş-yavaş bu həyata alışırdım. Lalə müəllim hər gün uşaqlara yemək bişirirdi. Murad adlı bir körpə gecələr sübhə qədər ağlayardı. Lalə müəllim onun göz yaşlarını ağ güllü, tikmə dəsmalla silər, körpəni bir an belə yerə qoymazdı.
***
Ağbirçək bələdçi qadın nağılın davamını düşərgədəki uşaqlara qadağan etdi.
“Qoy gedib yatsınlar,” — deyib çalaya baxdı.
Ümumiyyətlə, uşaqlara danışılması qadağan olunan faciələrin mövzusu elə uşaqların özləridir.
Bələdçi qadın boruya baxırdı. Mən isə ölmürdüm. Sadəcə yaşayır, qocalırdım. Bu qocalıq isə sonsuzluq kimi bitmək bilmirdi.
***
Ölkədə ağır müharibə gedirdi. Ermənilər kənd və şəhərlərə girib insanları yurdlarından qovmaq üçün öldürürdülər. 1988-ci ilin noyabrında Gümrü şəhərindəki uşaq evinə daxil oldular. Lalə müəllim onların ora girəcəyinə inanmaq istəmirdi. Uşaqları mətbəxə yığıb “susun” deyə Sənubər xalanın gətirdiyi pətəklərin arxasına keçirdi.
Hamı mətbəxə qaçanda mən hələ də qırmızı, şıq-şıq edən başmaqları düşünürdüm.
***
Anam bir daha gəlmədi. Uşaq evinə görüşümə yalnız Sənubər xala gəldi. Məni bağrına basıb Lalə müəllimə gözləri dola-dola dedi:
“Anası bizə gələndə gedər-gəlməzə gedib.”
Sonra məndən nə istədiyimi soruşdu. Mən bal pətəyi istədim. Sənubər xala bir yox, iki yox, iyirmiyə yaxın pətək göndərdi. Uşaq evində yer yox idi. Lalə müəllim pətəkləri mətbəxdə düzdü.
“Sonra daha yaxşı yer taparıq,” — deyə təşəkkür etdi.
***
Lalə müəllim eynəyinin gümüş qollarını plastik qolla dəyişəndə uşaq evi hələ yanmamışdı.
“Gümüş qol mənə nəyə lazımdır ki?” — deyib onları satmışdı.
Buludlu bir axşam idi. Elə həmin axşam o, qırmızı dikdaban başmaqları mənə verdi. Bəlkə də Lalə müəllim mənim anam idi. Anamı dəqiq xatırlamırdım. Lalə müəllimi qucaqlayıb yanaqlarından öpdüm. O da məni bağrına basdı, sağ qolu ilə yaşaran gözlərini sildi.
Sonra uşaq evi alovlandı. Sarıldığım Lalə müəllim Sənubər xalanın göndərdiyi pətəklərin altında qaldı. Ərimiş mumlar onun bədəninə axdı.
***
Uşaq evinin binası od içində yanarkən hücum edən silahlılar odun ətrafında rəqs edir, qəhqəhə çəkirdilər. Dəlisov qışqırıqlar içində gördüm ki, uşaqlar nazik işıqlar kimi alovun içindən qoparaq canlarını qurtarmaq üçün səmaya yüksəlirlər.
***
Borunun içindən axan turşumuş qan çalanın dibindəki bir keçidə dolurdu. Bu bitməyən qan hara gedirdi? Qazıb ora çatanda Lalənin mumiyalanmış cəsədini aşkar etdilər. Pətəklərin altında qalan Lalə mumiyalanmışdı. Əlləri min ildən sonra belə kimsəsiz uşaqların başını tumarlayırmış kimi uzalı qalmışdı.
Bunu yalnız ağbirçək bələdçi qadın görə bilirdi. O hiss etdi ki, bu mumiyada qəribə bir sirr var.
***
Saat sıfır idi. Borunun hələ yerə çırpılması qalırdı. Tər içində idim — bilmirdim bu tərdir, qandır, yoxsa körpələrin əmdiyi süddür. Bu boğuntunu duymaq olar, amma təsvir etmək mümkün deyil. Sonra bir zərbə gəldi. Hamımız havaya qalxdıq. Qollarım ixtiyarımdan çıxmışdı, islanmış yumşaq ətlərin içində qalmışdı.
***
Çalanı qazan məmur gördüklərinə inanmadı. Borudan axan qan izi bu mumiyalanmış qadına aparıb çıxarmışdı. Məmur hiss etdi ki, bu bədən adi bir cəsəd deyil. O ölü deyildi. Sadəcə uzanıb yatan bir qadın idi — hər an qalxıb yola düşə biləcək bir qadın.
***
Bələdçi qadın nağılını davam etdirməli idi. Uşaq evinə girən silahlılar odun ətrafında zəfər nəğməsi oxuyurdular. Başçı dəmir bir borunu göstərib onu uşaqlarla doldurmağı əmr etdi. Silahlılar rəqs edirdi. Bir neçəsi gedib borunu gətirdi. Oddan qaçan uşaqları tutub çətinliklə boruya basırdılar.
Boru az gəldi. Başqa borular tapılıb gətirildi. Qaynaq aparatı ilə boruları bir-birinə birləşdirdilər. Yer açıldı.
Lalənin qucaq körpəsi Muradı da boruya basdılar. Murad Lalə bal içində mumiyalanandan sonra daha ağlamırdı. Elə bil birdən böyümüşdü, Laləni incitmək istəmirdi.
Mən hələ də şıq-şıq edən başmaqları qucaqlayıb donmuşdum. Boru doldu. Elə bildim, qurtuldum — mənə yer qalmayıb. Amma silahlılardan biri hirslə əlimdən tutub məni boruya itələdi. Başmaqlar əlimdən düşdü. Onlara uzananda tüfənglə əlimi yerə mıxladı. Sonra bir zərbə — bıçaq, süngü, ya da çapacaq — bilmirəm. Əlim qopdu. Qolum qırmızı başmaqların dalınca getdi.
“Bu sonuncunu doğramasaq boruya yerləşməyəcək,” — dedilər.
İkinci qolumu da kəsdilər. Sonra ayaqlarımı. Bir göz qırpımında əlsiz-ayaqsız qaldım. Qan axırdı. Heç vaxt şıq-şıq başmaq geyinməyəcək məndən qan axırdı. Son dəfə başmaqlarımı gördüm — ayaqlar altında tapdanırdı.
Parçalarımı boruya basdılar.
“Yetmiş nəfər oldular,” — deyə kimsə qışqırdı.
Borunun ağzı bağlandı. Biz qan, qorxu və qarnın içində boğulduq. Çığır-bağır yavaş-yavaş əbədi sükuta çevrildi.
Uşaqlar nazik qığılcımlar kimi səmaya yüksəlirdilər.
Bu nağıl uşaqlar üçün qadağandır.
***
Ağbirçək bələdçinin səsini eşidirdim. Düşərgə sakinləri heyrət içində odun ətrafına yığılmışdılar. Bələdçi qadın fransız qəzetlərindən kopyalanmış vərəqləri oxuyurdu:
“Muxbirimizin Qafqazdan göndərdiyi hesabatda deyilir ki, noyabr ayında ermənilər Leninakan¹ şəhərindəki uşaq evinə girərək yetmiş uşağı bir-birinə qaynaqlanmış uzun boruya salmış, sonuncu uşaq yerləşmədiyi üçün onu doğrayaraq boruya yerləşdirmişlər. Borunun ağzı dəmir qapaqla bağlanmışdır. İyirmi beş uşaq isə avtobusla naməlum istiqamətə aparılmışdır. Həmin tarixdə şəhərdə üç yüz nəfərin öldüyü qeyd olunur.”
Lalə isə ölməmişdi. Bala bürünmüşdü. Mənim əlim, ayağım yox idi, amma canım-qanım Laləni istəyirdi. Mənə qırmızı başmaq alan Lalə müəllimi. Ana qoxusu verən Lalə müəllimi.
Saat sıfırı vurdu. Boru bağlandı. Bir dar yol tapsam, bütün canımla Laləyə doğru axacağam. Harada basdırıldığını bilmirəm. Amma onu qoxulaya-qoxulaya tapacağıma əminəm.
***
Mumiyalanmış qadın üçün muzey düzəldilmişdi. Onun öldüyünü çox az adam hiss etmişdi. Ağbirçək bələdçi min ilin arxasından gələn bu nağılı danışırdı.
Düşərgədən bir qız soruşdu:
— Bu min ildə başqa cinayətlər olmayıb?
Bələdçi qadının gözləri doldu. Odun alovuna baxaraq dedi:
— Yəqin ki, olub. Amma mən yalnız öldürülən uşaqların nağılçısıyam.
Gümrü ulduzları odun ətrafına yığışan insanlara baxırdı. Ağbirçək qadın isə hələ də boruda diri-diri öldürülən uşaqları düşünürdü. Bu, nağıl idi. Amma uşaqlar üçün qadağan olunmuş bir nağıl.
[1] Gümrü şəhərinin sovet dönəmindəki adı

