Aliya ƏSƏDOVA
DO.
Əllərini Günəşə sarı yellə, qoyma keçib gedə, əgər o getsə, sabahkı duaları söyləyə bilməyəcəksən. Yenə dalaşacaqsan kiminləsə və yenə kiminsə günahına batacaqsan.
Günah nə vaxtdan batası olub???
RE.
Tez ol bu dəfə , yenə zamana aldanıb Ayı qaçıracaqsan. Naz eliyəcək bu saatlarda , ona etibar yoxdu, bir də gördün ləngər tərpənişindən əsər- əlamət yox, fırlanıb – dolanıb çıxacaq aradan. Buna da əl yellə , əl uzat Aya sarı, güman ki o səni anlayacaq. Bu paralanmış halında Ayı gör, bir dosta bənd ol.De ki Günəşi sevmədin , sənə məhəl qoymadığı üçün.
Dost nə vaxtdan bənd olunası olub???
Mİ.
Sənə demişdim ulduzlar aşkar şahidlərdi, inanmamışdın , indi bax və izlə. Bax gör necə göz vururlar bir-birlərinə, səni görmürlər. Nə olaydı , göydən bir ulduz düşəydi , qalanları çevrilib ulduza baxaydı, axtaraydı gözlərilə hamısı. Yerdə ulduz axtaranda səni görəydilər -səni ulduz biləydilər. Göz dəyməsin, hamı səni qısqanacaq .
Göz nə vaxtdan dəyən olub???
DOREMI
Batdığın günahlar*
Bənd olduğun dostlar*
Dəyən gözlər*
(GÜNƏŞ———–AY—————-ULDUZ
do re mi)
FA.
Günəşi gördüm,
atəşli yanağında öpüş izləri.
Deyirlər Günəş çılğın olur….
SOL.
Ayı gördüm,
aşıqlər kimi birinə bənd hissləri.
Deyirlər Ay hissiyyatlı olur….
LYA.
Ulduzu gördüm,
nuru itəndə tapacaq səni ,
yalan olur çox vaxt vədləri,
verdiyi sözləri.
Deyirlər Ulduzlar xəyanətkar olur…