Ana səhifə BAŞ YAZI Fəsillər ötüşür, illər dəyişir…

Fəsillər ötüşür, illər dəyişir…

Müəllif: Bizim Yazı
911 baxış

Rəfail Tağızadə

PAYIZ SEVDASI

Əllərim əlinə yapışıb qalıb,
üzümmü üzündən baxışlarımı?
İlmələr könlümə köçürür yenə
gözümə çəkdiyim naxışlarını.

Fəsillər ötüşür, illər dəyişir,
bu yumşaq payızda bahar havası,
hardan içimizdə bu dəli cəngi,
oyadır qəlblərdə payız sevdası.

 

Yaman sevinirsən nəşəli könül,
payızda gül açan ağaclar kimi,
elə tələsirik, qurtarar, deyə,
alova həsrətli ocaqlar kimi.

Ömrün arzuları bahar kimidi,
rəngbərəng çalarlar gətirir üzə,
dəli könlümüzü oxşayan payız
təzədən sevməyi öyrədir bizə.

MƏNDƏN BİR XALI TOXU

Məndən bir xalı toxu
sözünün ilməsindən,
içinə bir qara qat
gözünün sürməsindən?

Naxışların bol eylə
sevdiyin güllərindən,
gızılgülün ləçəyi
asılsın tellərimdən.

Önümə bir yol uzat
durub yeriyim, gedim,
saçını tök üzümə
öpüm, darıyım gedim.

* * *
Bulud göyü ağlayır
burda sənsizlik məni,
külək yarpağı döyür
tənha ürək sinəni.

Qaranlıqda qorxu var,
işıqda hikmət səsi,
üzümə mehmi dəyir,
ya gözəlin nəfəsi?

Bu yerlərdə bulaq çox,
ovucunda göz yaşı,
uç gəl qon əllərimə
buraxaq bu təlaşı.

ÇIXIM GEDİMMİ GECƏDƏN?..

Çıxım gedimmi gecədən?
Gecə mənim gecəm deyil,
kürəyimə atılan da
təzə dərddi, keçəm deyil

əynimə çiskin geymişəm
qaranlığın qucağında,
əllərini qızdırıram
qəlbimin gur ocağında

şimşək göy qapımı döyür
sən gizlən içərimdə,
işıq işıqdan qaçar,
nur saçır içərim də

pozar gecənin sükutun
cüt, qoşa addım səsimiz,
gəl yaxın dur, isidəcək
bu gecəni nəfəsimiz.

SƏNİN AYRILIĞIN

Uçub gedən xəyalım
qayıdıb geri dönmür
süzür dənizin üstə,
əsən mehlər qoynunda
çək əlini üzümə,
sən mənim ağ yelkənim,
mən sənin dor ağacın.

Buludların kölgəsi
dalğalanır dənizdə,
könlümün yaxasını
titrəyən barmaqların
sığallayır ahəstə.

Dənizin ortasında
dalğalar layla çalır
köhnə xatirələrə,
qollarım arasında
susur lal xəyallarım,
üfüqlər də qaralır,
sönür ümid işığı
yoluna tutacağım,
sənin ayrılığındı
mənim tək dar ağacım.

ÖMRÜN PAYIZ YARPAQLARI

Payızı sevməyən süpürgəçi qadın
bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları

payız dava açdı bizə
xəbərsiz-filansız…

payız sevdalar, ayrılıqlar, yuxular,
payızın ağrısı ürəyimə toxunar

payız yelləri əsir,
payızın əlləri gəzir
könlümüzün budağında

yarpaqlar tökülür,
hardasa buludlar ağlayır, gülür

yarpaqlar tökülür payız boyunca,
biz bir qızıl payızı yaşamadıq doyunca

payızı sevməyən süpürgəçi qadın qulaq as,
payız nərmənazik bayatıdı bir az.

NİGARANÇILIQ

Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.

Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.

Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.

Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq bu ömürü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.