Ana səhifə YAZILAR Fərid HÜSEYN. Yeni şeirlər

Fərid HÜSEYN. Yeni şeirlər

Müəllif: Bizim Yazı
576 baxış

***
Şairlər dildən-dilə azalıb,
sonuncu adamın dilində hecalanacaqlarsa,
Uduzmayıblar deməli,
Şeiri hökumət sevməyə də bilər?
Bəs küləklər zəmiləri misra kimi düzsə.
Qoy qadınlar sevməsin şeirləri.
Özləri də bilmədən adımızı rədif kimi çağıracaqlar.

Qoy uşaqlar da oxumasınlar bizi,
Biz oxunmadıqca sirli qalacağıq,
əzbərləməsinlər heç şeirlərimizi.
əzbərlər yaddaş qədər yaşar ancaq.
Ehey, adaşım, şeir oxumayan şairlər ölkəsindənik.
Hamımız qumara qoyulmuşuq,
udana haramıq, uduzana məğlubiyyət

Naşükür

Allah oğul da verəcək mənə,
Pul da.
Bəlkə oğluma ağıl da.
Gedəcəyəm dünyanın o başından, bu başına
Təyyarəylə maşınla.
Amma ömürlük naşükür olacam sənsiz,
Nəyim olsa da, elə biləcəm
Heç nəyim yoxdu.

Sevgi sözü

İki hecalıdır sevgi sözü,
Yarısı sənə,
yarısı mənə düşür,
Sevməyənlər dartışdırır bu sözü.
Sevənlərsə səssiz-küysüz bölüşür.

Təbrik

Qəlbimdən girən sevgi,
Durmadı  öz yerində,
Illər keçdi giliz kimi
Gəzindi hey canımda.

Zülməti qurdaladım
Dərdlərim işıqlandı.
Sənə taxılan üzük,
sənsizliyə nişandı.

Səndə bəxtini tapdın,
Yolun olsun xeyirli.
Yaşamıma ziyan sevgi.
Ölümümə xeyirdi.

***
Əziz kişilər,

Siz qadınları tanımırsız,
Bənd-bənd şeir olmazlar
Misra-misra əzbərlənmək istərlər,
Kitab-kitab yaşamaqdansa,
Vərəq-vərəq paylanmaq istərlər əllərdə.
Ürəkdə pıçıltı kimi qalmaq istəməzlər,
bağırılmaq istərlər dodaqlarda,
Tanınmaq istərlər, sevilmək, istənmək istərlər,
Sizsə onları çox vaxt
uzaqlaşmasın deyə ayağınıza bağlayırsız.
Qurbanlıq qoyun kimi,
Qadını at sevgisiylə sevməyin,
Qadınlar minilməyəndə də əzizlənməlidi,
Qadınları it sevgisiylə də sevməyin,
Sizi qoruya bilməyəndə oxşayın qovmayın.onları,
Ah qadınlar, qadınlar,
Allahın təzə tanıdığım bəlaları…

Məndən deməkdi
Qılman İmanlıya

Çox da bəxtində küsmə.
Onsuz səndən küsəcəklər.
Bir gün sən lap neyləsən də
Özgəsini seçəcəklər.
çox sevdiyim adamlar.

Gözlərinə qan damacaq.
Çatmayacaq havan da.
Təklik dənizinə atıb
əl edəcəklər limanda,
çox sevdiyin adamlar.

Sonra da uşaq kimi
Arxanca düşəcəklər.
Əllərində boşqab, qaşıq,
kədər yedirdəcəklər.
çox sevdiyin adamlar.

Yıxılanda sıxılacaq
Dizin divar döşünə
Səni dizi bükülü qoyub
Gedəcək iş-gücünə
çox sevdiyin adamlar.

Onda biləcəksən ki,
Aqil başın avammış
Bircə səni sevən elə
əksin olan adammış.

Bəs hara “buxarlandılar”,
çox sevdiyin adamlar?!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.