Şair–publisist, prof.dr. Elçin İsgəndərzadənin “Cavid cihadı” poeması üzərinə…
Ağırdır Cavid ömrü yaşamaq… Ağırdır yaddaşlarda Cavid kimi qalmaq… Tərəzinin bir gözünə Cavidi qoysan, digər gözünə onun dövründə yaşayanların hamısını Cavid ağır gələcək. Çünki, Cavidi yazdıqları yox, söykəndiyi ülvi düşüncə yaşatdı.
Ağırdır Cavid kimi yaşamaq… Hiss etmək ki, təqib olunacaqsan. Bilmək ki, bu yolun sonunda ayrılıq var, ölüm var. duymaq ki, səndən geriyə çırağını yandıracaq ciyərparan qalmaya bilər. amma buna rəğmən, öz bildiyindən, öz doğrularından vaz keçməmək… və yaşamaq inadına…
Sən qutlu şaman idin
Şamanlar arasında.
Sən səma şairiydin
dumanlar arasında.
Cavid kimi ömür sürmək hər nə qədər ağır, keşməkeşli, məhrumiyyət dolu olsa da, bir o qədər də şərəflidir. Şərəflidir ona görə ki, Cavid məcazdan ecaza gedən yolun hər qarışına bələd idi. Şərəflidir ona görə ki, Cavid yaddaşlarda ilişib qalan, o dövrə xarakteristik olan alışılmış yolların heç biri ilə getmədi. Özünə yön, özünə yol, özünə məktəb yaratdı. Onun yaratdığı yol, yön və məktəblər isə nə qədər təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə məruz qalsa da, özü olduğu üçün yaşadı, pöhrələndi, ətrafa qısa müddətdə yayıldı. Çünki, bu eşqin Cavid zirvəsi idi. Eşqin Cavid zirvəsindən, Səma şairinin yüksəkliyindən aşağıya – İnsanlara, cəmiyyətin naqisliklərinə, sovet totalitar maşınına, təqiblərə, həbslərə, işgəncələrə, sürgünlərə baxanda sözün həqiqi mənasında bu kimi hallar olduqca bəsit və mənasız görünür. Öz – özünə düşünürsən ki, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Peyğəmbər” kimi insanın ruhuna işləyən, onu mənən təmizləyən əsərlər qələmə alan bir yazıçı, bir dramaturq, bir arif onu addım – addım izləyən faciələrə gülüb keçməyə bilərdimi? “Romantizmin banisi” dedikləri kimdir görəsən? Hüseyn Caviddirmi, əcaba? Xeyr, əsla! Kim olursa olsun fərq etməz, amma Cavidə bu ad yapışmır. Cavid səma şairidir, Cavid seyrü – süluk halında olan Arifdir. Özünü tanıyır və bəşəriyyətə də özünü tanıması üçün bələdçilik edir.
…Üzünə durdular Cavid Əfəndi,
“Burjua şairi” dedilər sənə.
Sənə yol göründü – Sibir yolları
Şairə qıyanlar qıydı vətənə.
Qəsdinə durdular, səma şairi,
Qəsdinə durdular şair “dostların”.
Cavan komsomollar, qoca həpəndlər,
Və sair… və sair… sair “dostların”.
Cavid bilirdi ki, o, 37 – ci ilin qanlı – qadalı repressiyalarından xilas olmayacaq. Cavid bilirdi ki, onu imperiyanın edam maşını alıb uzaqlara aparacaq, yaddaşlardan birdəfəlik silməyə çalışacaq. Amma, Cavid bütün bunları bilə – bilə əcdadları Babək kimi, Nəimi kimi, Nəsimi kimi ölümün gözünün içinə düz baxmağı bacarmış, onun qarşısına alnıaçıq, başıuca çıxmışdı. Üzünə duranları bağışlamadımı Cavid sizcə? Məncə, bağışladı. Ona pislik edənlərə sevgi ilə gülümsəmədimi sizcə? Məncə, gülümsədi və bu təbəssümdə Yerin – göyün sirri gizlənməkdə idi.
Sən bilirsən Əfəndim,
yerin-göyün sirrini.
Sən bilirsən sözün,
səsin sehrini.
Amma Cavid onu da bilirdi ki, dünya yaranandan onun daxilində Xeyrin və Şərin alovlu mübarizəsi gedir. Yaxşılar və pislər daim bir qovğa içindədirlər. Və Cavid Şərə “iblis” deməklə və onun nökərlərinin, onun əsgərlərinin həddindən artıq olduğunu vurğulamaqla yanaşı, bəşərin bir gün başdan başa Xeyrin tərəfinə keçəcəyinə dərin inamını ifadə edirdi. Cavid onu da bilirdi ki, şairlər, peyğəmbərlərdən sonra elmin ən dərin sahibi olan şairlər(amma gerçək şairlər!) hər zaman Xeyrin tərəfində olublar və Xeyrin tərəfində olmaqda da davam edəcəklər. Dünyanın İblisə uyduğu, onun səssiz ordusuna çevrildiyi bir zamanda həqiqi şeir onsuz da qutsal bir bitik hökmündədir. Və onu insanlara təqdim edən, daha doğrusu Haqqı, Həqiqəti, Mütləqi insanlara təqdim etməkdə vasitəçi rolunu oynayan şairlər bu qutsallığın ötürücüləridir.
Sən bilirsən
İblisə uymuşdu bu dünya –
Sən bilirsən
şair ömrü bir röyadı, gözəl röya!..
İstedadlı şair, professor, doktor Elçin İsgəndərzadənin qələmə aldığı “Cavid cihadı” poemasında biz Hüseyn Cavid yaşantısının bədii – poetik həllinin şahidi olur, şairin keçdiyi ağrılı – acılı həyatı, həmin dövrün siyasi – ideoloji çalxantılarını, həmin çalxantılardan ədəbiyyatın qazandıqlarını və itirdiklərini dərindən dərk edir və bir gerçək şairin yaşamının ən incə detallarının fərqinə varırıq. Fərqinə varırıq ki, Hüseyn Cavid kimi NƏHƏNG ÇİNAR olmaq hər zaman çətin olub, çətindir və çətin olacaq da.
Tüfəng qundağı ilə qapısını qırdılar,
Bir müqəddəs şairin yapısını qırdılar.
Şairi apardılar Kremlin göz dağıyla.
Bir qadın tənha qaldı iki körpə uşağıyla.
Elə bil yer titrədi, Göy kişnədi o gecə.
Ulduzlar axıb getdi, Ay ağladı gizlicə.
Və bu poemada bu günün Türk insanı üçün şair gedəcəyi yolu müəyyən edir. Bu yol Cavidlərin getdiyi yoldur. Şuşanın bəndi, bərəsi bağlansa da, Kərkükdə türkmanlara qarşı imperialist güclər zor tətbiq etsələr də yenə də bütün yollar Naxçıvana – ulu Cavidin məqbərəsinə aparır.
Arkadaşlar! Bu parlayan günəşin,
Feyzi birdir cahanda hər kəs için,
Türk, hindu, ərəb, əcəm bilməz,
Nuru hər yanda artar, əskilməz.
-deyən Hüseyn Cavidin ruhu yəqin ki, XXI yüzildə dalğalanan müstəqil Türk respublikalarının bayraqlarına baxır və çıxdığımız bu qutlu yolda duaçımız, yol göstərənimiz olur:
Biz sənin izinnən gedirik Ustad,
Həp səsləyir bizi Turan elləri.
Üfüqlərdə al şəfəqli bir səhər,
Əsir Asiyadan bahar yelləri…
Göy üzünün qapıları bağlanıb,
Bağlanıb Şuşanın bəndi, bərəsi,
Bu gün Türk oğlunun iman yeridi
Naxçıvanda Cavidin məqbərəsi…