Ana səhifə İLK ADDIM Ərşad Oğuz-ŞEİRLƏR

Ərşad Oğuz-ŞEİRLƏR

Müəllif: Bizim Yazı
188 baxış

Vəliyev Ərşad Qiyas oğlu ( Ərşad V. Oğuz) 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. Hal-hazırda “Hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil alır. Yaradıcılığa VII sinifdən başlayıb. İlk dəfə 8-ci sinifdə oxuyarkən “525-ci qəzet”də çap olunub, “Şeir.az” saytında bir neçə şeirləri yayımlanıb. O cümlədən, “Cızma-qara” şeir kitabının müəllifidir.

Vəsiyyət

İnsan oğlu fanidir,
Hər günün anında olmur.
Bu gün sənlə olanlar,
Sabah yanında olmur.
Bu əzəldən belədir,
Olub, belə olacaq.
Bu gün gedən yerinə,
Sabah gələn olacaq.
Fərqi yox, ağıllısan,
Və yaxud da dəlisən.
Sənə verilən canı,
Sonunda verməlisən.
Ölüm baxmır, şairdir
Bu alimdir, bu pirdir.
Səndən geriyə qalan,
Üzü soyuq qəbirdir.
Bunu niyə deyirəm?
Indi işdir, əzizim.
Bir də gördün mənim də,
Yasım düşdü, əzizim.
Çalış onda ağlama,
Sil gözünü yaşını.
Mən bilib qucaqlama,
Məzarımın daşını.
Məni qəlbində yaşat,
Mən qəlbində diriyəm.
Yoxsa mən də qəbirdə,
Yatanlardan biriyəm.
De: ” Allahın işidir”
Möhkəm saxla özünü.
Yaxınına buraxma,
Ayrılığı, hüznü.
İstəmərəm üzündə,
Nə qəm olsun, nə kədər.
Ağlasan, dözəmmərəm —
İstərəm ki, silim
Gülüm, gözəl gözünü,
Allaha acıq gedər…

Adam

Çox zaman sayılmaz, kənarda durar,
Bəzən də başlara tac olar adam.
Kimsənin önündə əyilmədikcə,
Yüksələr, göylərə ucalar adam.

Dönməz öz yolundan, səhvi olsa da,
Əzablar qazancı, nəfi olsa da.
Gülsə də, sevsə də, kefi olsa da,Sevincə hər zaman ac olar adam.

Min cür düşüncələr gəzər başında,
Kədər var tökülən hər göz yaşında.
Nə vaxtsa tək qalıb yalqızlaşanda,
Özündən, ruhundan öc alar adam.

Bu dünya insana zaman saxlamaz,
Bir də yaşamağa güman saxlamaz.
Heç kimi ömürlük cavan saxlamaz,
Günbagün, ilbəil qocalar adam.

Sənli və sənsiz

Mən belə deyildim əvvəl, sevgilim,
Özüm də bilmirəm bu necə işdir?
Mən belə deyildim əvvəl, sevgilim,
Məni sən dəyişdin, sevgin sevgin dəyişdi.

Mən əvvəl duyğusuz, hissiz biriydim,
Nə bilim eşq nədir, bağlanmaq nədir?
İndi mən o qədər bağlıyam sənə,
Sənli də sənsizlik məni göynədir…

Mən əvvəl sevməzdim, kimsə danışsın,
Mən də qulaq asım, yox idi aram.
Amma sən danışsan saatlarla da,
Oturub sakitcə qulaq asaram.

Mən sənsiz əsəbi, qəzəbli idim,
Nə həkim çarəydi nə dərman nə pir
Elə ki mən səni sevdim o gündən
Adi gül dərməyə əlim də gəlmir

Mən elə bilirdim sevə bilmərəm
Ürəyi şaxtalı sevgisi qışam
Sən çıxdın qarşıma anladım səhvəm
Mən səni sevmək üçün demə varmışam

Dərdin var ver mənə alım çiynimə,
Dərdimin üstündə daşıyım gülüm.
Yetər ki bir ömür bilim mənləsən
Razıyam, dərdinlə yaşayım, gülüm.

Sanmışam

Nə qadər yarımçıq var imiş məgər,
Neçə yarımçığı tamam sanmışam..
Belimdən vurmağa çalışanları,
Arxamda dayağım, qalam sanmışam.

Bu dünya belədir əzəldən bəri,
Tükənməz əzabı, nə dərdi-səri.
Başımı əzməyə qalxan əlləri,
Başımın üstündə bir dam sanmışam..

Düşmüşük zindana – bu dar qəfəsə,
Min cürə hay-küyə, min cürə səsə.
Heyf ki, dünyada bütün hər kəsə
Güvənib, hər birin adam sanmışam..

Bil istədim…

Bilirsən, nə qədər sevirəm səni,
Var sənə nə qədər hörmətim, ana.
Amma vaxt oldu ki, nankorluq edib,
Sənin zəhmətini görmədim, ana.

Ömrümə ömrünü həsr elədin sən,
Həm yayın, həm qışın, həm də yazınla.
Bəzəndə sakitlik, dinclik tapmışam
Dəcəllik edəndə bir qapazınla…

O qapaz göynətdi, ağlatdı hətta
Bəlkə də, həmin an sevmədim səni.
Amma ki vurduğun həmin o şiilə,
Həyat şilləsinə öyrətdi məni…

Çiynində nə qədər yük oldu sənin,
Heç vaxt əyilmədin, ucaldın,ana.
Mən dedim cavan qal, sən dedin böyü,

Böyüdüm… amma sən qocaldın,ana…

Dərdini deməmək az imiş kimi,
Saxlayıb qəlbində dağ etmisən sən.
Qaranlıq ömrümə nur olsun deyə,
Qara saçlarını ağ etmisən sən…

Daim sevindirib, qürurlandırıb,
Uğurum, sevincim xoş adım səni.
Səni özüm bilib, özümləşdirib,
Ömrümün hər günüb yaşadım səni..

Gərək mən kor olam, amma qəlbi kor!
Bir belə zəhməti mən danam, ana.
Mənə qurban etdiyin həyatın kimi,
Sənə həyatımla qurbanam, ana…

Məni xoşnud eləyir…

Məni xoşnud eləyir daima o incə səsin,
Ölərəmsə eləyər cismimi bidar nəfəsin.

Səni sevdim, bu canı ərmağan etdim sənə mən,
Ya gəl öldür, ya yaşat, gör necə istər həvəsin?

Çəkərəm möhnətini qoy təki gülsün gül üzün,
Yayıb öz nurunu dünyaya şəfəqlər bəzəsin.

Sən olan yerdə gözəldir, gözəlim, dünya qəmi,
Nə gərəkdir mənə sənsiz dada ruh qəhqəhəsin.

Yaranın dərmanı yoxdur demə Ərşada, təbib
Mənə dərman da yarımdır, soruş ondan, o desin.

Sənsiz keçən hər yaz mənə matəm dolu qışdır…

Sənsiz keçən hər yaz mənə matəm dolu qışdır,
Sən olduğun hər qış mənə bayram dolu yazdır.

Sənsiz keçən hər gün mənə dərddən də dərindir,
Varsansa, bütün dərdlərimin həlli dayazdır.

Aydınlığa bir kölgədir olmazsa cəmalın,
Zülmətdə qaranlıq belə nurunla bəyazdır.

Məntək nə ki Məcnun, ya da Fərhad sevə bilməz,
Onlarda olan eşq mənə nisbətdə də azdır!

Atsam dəxi İslamı, əgər olmasa dinim,
Dinim elə sənsən, sənə sevgim də namazdır!

Ərşada gərəkdir nə bu dünya, nə niyazı,
Yarımla keçən gün mənə ən ümdə niyazdır!

*

Şair bir çəməndir, şeirlərsə gül,
Çəmən nə gərəkdir, gül bitirməsə
Qəlbini qəm odu yandırar, yaxar,
Kədər gözlərindən yaş gətirməsə.

Dünyanın düz işi, lüzumu olmaz,
Susuz bir tənəyin üzümü olmaz.
İnsanın çətinə dözümü olmaz,
Əgər çox çalışıb, çox itirməsə…

Bir ömrü ömürtək yaşayar hamı,
Qəlbində xoşbəxtlik daşıyar hamı.
Həyatdan ikiəlli yapışar hamı,
Həyat ömrümüzdən vaxt götürməsə…

Ərşad, haqqa sığın, yolunu düz get,
Möhnətə sinə gər, bunlara döz, get
Əl çək bu dünyadan, əlini üz get,
Allah da səsinə səs yetirməsə…

*

Görəcəksən yeni bir, başqa cür aləm, Qarabağ
Daha odlanmayacaq qəlbimiz hər dəm, Qarabağ!

Neçə ildir yaralıyıdım, yox idi dərdə dəva
Dönüşün oldu mənim dərdimə məlhəm, Qarabağ!

Belə cənnət diyarın ulduzu sən, incisi sən,
Doya bilməz belə yerdən qəti adəm, Qarabağ!

Kəsilibdir səni bizdən qoparan düşmən əli,
Daha bayramdadır, şənlikdədir ölkəm, Qarabağ!

Qoca millət ta üzülmür tökərək göz yaşını,
Bizə döndün deyə yox qüssə, kədər, qəm, Qarabağ!

Səni azad eləyəndən bəri mənfur yağıdan,
Tanıyıb bir daha türk qüdrətin aləm, Qarabağ!

Keçir

Bir göz qırpımında ömür puç olar,
Zaman tez ötüşür, vaxt birdən keçir.
Həyatda nə qedər xoş günlər ki var,
Hər biri dözümdən, səbirdən keçir.

Arzular kəməndə tuş olub gedir,
Hamı bir karvana qoşulub gedir.
Köçənlər həyatdan baş alıb gedir,
Qalanlar alovdan, kömürdən keçir.

Vurma heç bir zaman daşa ömrünü,
Vermə heç bir zaman boşa ömrünü.
Yaşa, dolu-dolu yaşa ömrünü,Hər anın, saatın ömürdən keçir.

Axır dayanmadan zaman axarı,
Bir qışa dəyişdik min bir baharı.
Varlı da kasıb da üzüyuxarı
Gedəndə kəfənlə qəbirdən keçir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.