dr. Almaz ÜLVİ
Bu yaxınlarda “Maarif” nəşriyyatı yazıçı, tarixi araşdırmaçı Xaqani İsmayılın “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” adlı irihəcmli kitabını yayınlayıb. Arxiv sənədlərinə və ciddi elmi isnadlara dayanan kitab bir ensiklopedik araşdırma olaraq, “erməni məsələsi” ilə bağlı son yüzilliklərdə İran-Türkiyə-Qafqaz bölgəsində yaranmış ən əhəmiyyətli problemlərə, onların əsas xronologiyasına aydınlıq gətirib. Dünya alimlərinin gəldikləri konkret nəticələrə əsaslanan müəllif İran-Türkiyə-Qafqaz bölgəsində (Güney Azərbaycan, Urartu və Eçmiədzin çevrələri) ermənilərin aborigen kimliyinin puçluğunu da ortaya qoyub. Erməni iddialarının doğurduğu xəyanətkar təcavüz və soyqırımlara, silsilə terror və bölücülüyə geniş yer ayıran X.İsmayıl I Dünya Savaşı zamanı və ondan sonrakı dövrdə Qafqazlar, Güney Azərbaycan və Anadolu türklərinin soyqırımını arxiv sənədləri və dünya müəlliflərinin elmi tədqiqatları əsasında işıqlandırıb. Müəllifin bu tədqiqatlarının özəlliyi ondan ibarətdir ki, o, yeni sənədlər təqdim etməklə yanaşı, həm Azərbaycan, həm də Türkiyə müəllifləri içərisində ilk dəfə olaraq, bütün bölgələrimizdə türk- müsəlman soyqırımını təfsilatı ilə araşdırıb; 1918-ci il azərbaycanlı soyqırımının o dövrün hüquq müstəvisində aldığı qiyməti (S.Lalayanın cinayət işinin ingiliscəsini və bölgədəki Britaniya hərbi missiyası ilə milli hökumət orqanlarımızın yazışmalarını və s… üzə çıxarmaqla) diqqətə çatdırıb və I Dünya Savaşı fonunda bölgədə baş verən ən mühüm prosesləri (o sıradan böyük dövlətlərin siyasi gedişlərini, hadisələrə hərbi müdaxilələrini və s.) əhatə edib. (Xatırladaq ki , 2008-ci ilin aprelində İslamabadda – XİN-də və Parlamentdə çıxışı zamanı X.İsmayıl bu sənədlərlə açıqlama verdikdən sonra Pakistan Xarici İşlər Naziri Şah Məhmud Qureyşi və Pakistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Müşahid Hüseyin Pakistan dövləti adından azərbaycanlıların 1918-ci il Mart soyqırımını tanıdıqlarını bəyan ediblər.) Müəllif Azərbaycan, Türkiyə arxivlərində çalışmaqla yanaşı, İran, Gürcüstan, Rusiya, Britaniya, Almaniya, Fransa, ABŞ, Quzey Kıbrıs arxivlərindəki gərəkli tarixi materiallar üzərində də araşdırmalar apararaq, bunlardan önəmlilərini (bəziləri ilk dəfə təqdim olunur) oxucuların diqqətinə çatdırıb. O, kitaba həmçinin erməni tarixinin bəzi saxtalaşdırılmış məqamlarını və “erməni soyqırımı”nı təkzib edən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, ABŞ, Avropa arxivlərinə və qaynaqlarına dayanan) elmi araşdırmalarını (o cümlədən “Təhcir (Köçürmə) Qanunu”nun şərhi; qondarma “erməni soyqırımı”nın beynəlxalq hüquq müstəvisində qəbul perspektivinin bağlandığının tədqiqi…); bundan başqa, erməni-bizans, erməni-gürcü, erməni-kürd, erməni-rus ziddiyyətləri barədə tədqiqatlarını; yeni çağda erməni terroru haqqında araşdırmalarını; Sovetlər zamanında Azərbaycan xalqından gizli şəkildə davam etdirilmiş Dağlıq Qarabağ uğrunda mübarizənin tarixini, bundan başqa, dövrümüzün ən müdhiş hadisəsi olan Xocalı faciəsini və onu törədənlərin beynəlxalq hüquqda məsuliyyətini müəyyən edən qanunvericilik aktlarının siyahısını da daxil edib. Əsərdə Türk Ordusunun I Dünya Savaşı zamanı və onun fonunda müsəlmanlara qarşı törədilən soyqırımların qarşısını almaq üçün Güney və Quzey Qafqaz, Cənubi Azərbaycan (İran) və Doğu Anadolu bölgələrinə xilaskar hərəkatı da araşdırılıb, adı çəkilən bölgələrdə 1915-1921-ci illərdə baş verən mühüm tarixi hadisələrə aydınlıq gətirilib.
Xarici dillərdə yayınlanması da nəzərdə tutulduğundan, kitabın “Əlavə bölüm”ündə ən qədim türk (o sıradan Azərbaycan ) yazılı abidələri və əlifbalarının mənşəyi haqqında da qısaca bəzi zəruri bilgilər verilib. Kitabın sonunda müəllifin “Kəşmir məsələsi” adlı tədqiqatı da yer alıb. Kitabda elmi ictimayyətə məlum olmayan və ya çox az məlim olan bir sıra arxiv sənədlərinin surəti verilib. Əsərdə “Rus diplomat və hərbçiləri ermənilər haqda”, “Kipr və ermənilər”, “Erməni sui-qəsdi Türküstanda”, “Ermənilərin türk kilsələrinə iddiaları”, “Eçmiədzinə aparılmış oğurluq daş”, “Ermənilərin Rusiyaya ərazi iddialari: İkinci “Qarabağ” hazırlayırlar?”, “Ermənilərin “soyqırımçı” kimi tanıtdıqları Xəlil Paşa İrəvanda”, “Kazım Qarabəkir Paşanın Doğu Anadolunu və Naxçıvanı xilas etməsi, İrəvanın 6 km.-liyinədək irəliləməsi, Britaniyanın və Rusiyanın dəstəyinə söykənən erməniləri Gümrü müqaviləsi ilə diz çökdürərək, onları Sevr müqaviləsindən imzalarını geri çəkməyə məcbur etməsi, Qars müqaviləsinə vadar etməsi…”, “Şaumyanın sağ qalmasını təsdiq edən gizli sənəd və onun izinin Hindistanın Mədrəs şəhərində bulunması” , “Qafqazda yer adlarının tarixdən silinməsi” və başqa maraqlı tarixi məsələlər də işıqlandırılıb.
Əsasən elmi ictimaiyyət, siyasətçilər (özəlliklə diplomatlar), təhsil ictimaiyyəti, habelə diaspor qurumları üçün nəzərdə tutulan bu kitabda verilmiş tarixi hadisə və faktların söykəndiyi arxiv sənədlərinin nömrələri (şifrələri), tarixi qaynaqların adları və səhifələri tam göstərilib.
Əsərdə (tarixin axarı ilə) ermənilərin etnopsixoloji problemləri də araşdırıldığından, istər “erməni məsələsi” (və həmçinin qondarma “erməni soyqırımı”), istərsə də ermənilərin tarixi iddiaları haqda, o sıradan Dağlıq Qarabağ məsələsi barədə ədalətli mövqe tutmaq üçün əsər konfliktoloqlara, beynəlxalq sülh yaratma missiyasını üzərinə götürmüş yüksək çinli diplomatlara, politoloqlara… və dövlət adamlarına səhih və hərtərəfli mənbə kimi faydalı ola bilər.
Bu kimi səbəblərdən də kitabın rəyçiləri Xaqani İsmayılın “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” tarixi tədqiqatının xarici dillərdə də nəşrini vacib və təxirəsalınmaz hesab edirlər. Kitabın rəyçiləri tarix elmləri doktoru, professor Hacı Hacıyev, görkəmli hüquqşünas-alim, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, professor Bəxtiyar Əkbərov, ADU-nun fəlsəfə kafedrasının müdiri professor Məhəmməd Teymurludur.
Əsərin hələlik Türkiyədə (türkcə) və Pakistanda (ingiliscə) çapı nəzərdə tutulur.
Xatırladaq ki, Xaqani İsmayıl Azərbaycan, Türkiyə və Pakistanın müxtəlf universitetlərində, yüksək rəsmi kürsülərdə – Azərbaycan-Türkiyə dövlətlərarası heyətin beynəlxalq tədbirlərində və ölkə xaricində fəaliyyət göstərən qeyri-hökumət qurumlarının düzənlədikləri konfranslarda zaman-zaman bu tarixi araşdırmaları ilə çıxış edərək kölgədə qalan bir çox tarixi həqiqətləri diqqətə çatdırıb. Onun çıxışlarını bu ölkələrin media orqanları, o sıradan TV və radioları, saytları (bunlardan başqa, ABŞ –da yayımlanan Güney Azərbaycan Televizyonu) və dövlət agentlikləri (Türkiyənin “Anadolu” agentliyi) zaman-zaman yayınlayıb. Müəllifin Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, BDU-nun Gənc İstedadlar Liseyi və Türkiyənin Bakıdakı “Anadolu Lisesi”ndə; Türkiyə Kültür və Turizm Bakanlığının dəvəti ilə dövlətlərarası layihə uzmanı kimi iştirak etdiyi Türkiyənin Ərzurum Atatürk Universiteti, (Trabzon) Qaradəniz Texniki Universiteti və Qars Qafqaz Universitetində; İqdır, Qars, Trabzon, Ərzurum valiliklərində rəsmi törənlərdə; Türkiyə Kültür və Turizm Bakanlığının, “Kazım Qarabəkir Vəqfi”inin İstanbulda, Çanaqqalada və b. yerlərdə düzənlədikləri tədbir və konfranslarda; TRT-nin qonağı olaraq Ankarada olduğu zaman Türk Tarix Qurumu, dərnəklər, media quruluşları ilə görüşlərdə, Pakistanın Pişəvər Universiteti, İslamabad Siyasi Araşdırmalar İnstitutu, Pakistan Xarici İşlər Nazirliyi, Mədəniyyət və Gənclər Nazirliyi, İnformasiya və Yayım Nazirliyi və Pakistan Parlamentində düzənlənmiş rəsmi görüş və törənlərdəki çıxışları bu qəbildəndir. Pakistan tərəfi Xaqani İsmayılın orada özətlərini təqdim etdiyi bu araşdırmaları bütövlükdə kitab şəklində ingiliscə çap edərək Azərbaycanın, Türkiyənin və ümumilikdə türk-müsəlman dünyasının tarixi haqsızlıqlara uğraması ilə bağlı məsələləri Pakistan bölgəsinə və tədricən dünyaya yaymağı təklif etsə də, əsərin ingiliscəyə çevrilməsi ilə bağlı sponsor problemi ucbatından layihə hələ də masa üzərində qalmışdır. Eyni tale Xaqani İsmayılın “Azəri soyqırımı” tarixi-mənzum pyesinə də aid edilə bilər: belə ki, bu pyesin Pakistanda səhnəyə qoyulması üçün Pakistan Mədəniyyət və Gənclər Naziri Xəvəcə Səəd Rəfiqinin təklifi əsərin ingiliscəyə və ya urducaya çevrilməsi probleminin maddi tərəfinin imkanlı təşkilatlar tərəfindən həll edilməməsi səbəbindən indiyədək də arzu olaraq qalmaqdadır… İstər Türkiyə, istərsə də Pakistan tərəfin Azərbaycanda “erməni məsələsi” ilə bağlı qanlı tarixi hadisələrə ciddi əhəmiyyət verməsi bir daha onu göstərir ki, Azərbaycan xalqının əlində olan 1918-ci il hadisələrinə aid istintaq sənədləri 31 Mart soyqırımının tədricən də olsa beynəlxalq aləmdə tanıdılması üçün ciddi hüquqi qüvvəyə və siyasi çəkiyə malik sənədlərdir.
Tarixi araşdırmaçı Xaqani İsmayılın Zəngəzur və başqa qəsb olunmuş ərazılərlə bağlı 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə verdiyi layihə Ermənistan mediasında geniş əks-səda doğurub.
Bu səbəblə də, beynəlxalq durumu düzgün dəyərləndirərək, xalqımızın haqq işi uğrunda mübarizəsinə rəvac verməkdə hər birimizin üzərinə ciddi məsuliyyət düşür.