Ana səhifə TÜRK DÜNYASI “…Son çağlarda ayılmışıq.”

“…Son çağlarda ayılmışıq.”

Müəllif: Bizim Yazı
899 baxış

İşıqlı ATALI

Dünya erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü dərəcədə bu oyunçuluğa imkan yaradır. Məqsəd – türkü dəyərsizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxarmaqdır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar.

Osmanlı dönəmində – 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, “məzlum” erməni xalqının nümayəndələri də özlərini “müdafiə” etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən “sənədlər”də uydurublar, “erməni soyqırımı”nı “təsdiq edən” kitablar yazıblar ya da başqalarına yazdırıblar.

***
Tarix yaradıb, di gəl ki, tarix kitabları yazmaq həvəsində və məsuliyyətində olmayan biz türklər isə başımıza gələn fəlakətlərlə, eləcə də ermənilər və ruslar, farslar tərəfindən türkə qarşı həyata keçirilən soyqırımlarla bağlı son çağlarda ayılmışıq. Çox hallarda danışılanlara, deyilənlərə seyrçi münasibət bəsləyirik. Əslində söhbət burada faciənin, fəlakətin mahiyyətinə varılmasından gedir. Fəlakətlərinin yaranma səbəblərini anlamayan millət sözün əsl mənasında heç zaman doğruçu müstəqilliyini yarada, eləcə də onu qoruya, yaşada bilməz.
Əgər müstəqilliyin məqsədi – azadlıqdırsa, azadlığın da təməli – məsuliyyətdir! Bu, o deməkdir ki, məsuliyyətə yetmədiyimiz halda indiyəcən qazandıqlarımızı itirmək qorxusu həmişə var. Bu gün insanlığın təsdiqi baxımından türkün canında, qanında qoruyub saxladığı dəyərlər dünyanı yaşada biləcək təkcə imkandır. Dünya bu imkandan özünü məhrum etdiyi dərəcədə ölümə yuvarlanır.

***
Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi türkə qarşı bəşəri səviyyədə cinayətdir, soyqırımdır. Əslində Qarabağ problemi bütün Türk Dünyasının ən başlıca problemidir. Həmçinin Türk Dünyasının Güney Azərbaycan məsələsində saymazlıq göstərməsi türk xalqlarının sabahı üçün gözlənilən təhlükələrin ölçüsünü daha da artırır. Nə qədər ki, bir millət olaraq özümüzü təsdiq edə bilməmişik, itirdiklərimizi geri qaytarmağımız ildən-ilə çətinləşəcək.
Dünya dələduzluğu seçir, türk ruhu halallığı. Dünya siyasətbazlığı seçir, türk ruhu həqiqətçiliyi. Dünyanın həqiqəti yoxdur əslində. Bu gün dünyanın zorakılığından özünü xilas edə bilməyən ölkələrin sayı artmaqdadır. Bir yandan millətlərin inkişafının qaçılmazlığından dəm vururlar, başqa yandan da ölkələri, xalqları qloballaşma oyununa sürükləyirlər.
Dünya türkü öz oyunlarına qatdığı dərəcədə dünyanın əhvalına uyğunlaşırıq. Çıxış yolu türklərin öz yolunun olmasıdır. Bu, ilk növbədə türklərin öz inancına, dünyabaxışına yiyələnməsi ilə bağlıdır. Dünyadan üstün olmasaq, dünyaya gərək ola bilməyəcəyik!

***
Dünya erməninin halına acımır, ona canı yanmır, ancaq erməni oyunundan yararlanaraq türkə qarşı zərbə vurur. Avropamərkəzçiliyə söykənərək çağdaş yırtıcılığın mədəni görüntüsüylə yaşayan siyasi dünya bu gedişlə var ola bilməyəcək, özünü daha da yoxluğa sürükləyəcək. Ağalıqla hansısa xalqın varlığı təsdiq olunmaz. Ağalıq insaniliyə qarşıdır.

***
Türk xalqları o dərəcədə milliliyə, insanlığa uyğun yaşamalıdırlar ki, dünyanın insansızlığını, yırtıcılığını ifşa etmək gücündə olsunlar. O şəxs, o millət, o dövlət güclü olur ki, varlığının özülündə insançılıq durur.
Dünyanın siyasi gedişatıyla yaşamağımız əslində dünyasızlaşmağımızdır. Dünyanın əhvalına uyğunlaşmağımız öz dünyamızı əlimizlə uçurmağımızdır. Azərbaycan ruhən bütövlüyünə yetməyincə sözün əsl mənasında türklük ruhuna layiq, sözü ilə işi bir ola bilməyəcək. Nə qədər ki, azğın, ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər bundan bizə qarşı ustalıqla yararlanacaqlar.

***
Zamana, şəraitə dov gələ bilməyən xalq gerçəklikdən üstün ola bilmir, sonucda fəlakətə tuş gəlir. Fəlakətli xalqın özünə gəlməsi çox çətin olur. Bugünkü dünyada haqq savaşı aparanlar haqsız tərəfə yendirilirlər. İnsanlıq ölçüləri unudulur. Gücsüz sayılan millətlər, ölkələr iri, güclü dövlətlərin mədəsində üyüdülür. Dünyaya dirənişimizin arxasında ötəri, keçici hiddətimiz duracaqsa, türkün bundan sonrakı dönəmdə irəliləyişi olmayacaq. Məqsəd odur ki, hiddətimiz idrakımızla və inamımızla birləşsin. Dünyanın əhvalına uyğun olmayaq. Xalq ola bilək və halımızla dünya hesablaşsın. Türk xalqlarının belə bir gərgin çağda birliyinin olması çox gərəklidir. Müxtəlif inanclı, siyasi yönlü türklərin birliyinin olmamasından isə dünya gözəl yararlanır. Türkün qurulmasının bir yolu var: özünə üz tutmaq, çətinlikdən güc almaq, dünyaya qarşı durmaqdan qorxmamaq, həqiqətçiliyindən usanmamaq, Mütləqə inam dünyabaxışı əsasında ayrıca dünya olmaq!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.