Ana səhifə BAŞ YAZI Ən yada düşəndi ən unudulanı – Yeni şeirlər

Ən yada düşəndi ən unudulanı – Yeni şeirlər

Müəllif: Bizim Yazı
100 baxış

Bizimyazı.az Süleyman Abdullanın yeni şeirlərini təqdim edir.

KÖLGƏ İLƏ SÖHBƏT

Daha təsəllidən keçib və xeyli,
Sümüyə dirənən bıçaq da kütmüş.
Nə dünya kefsizdir, nə mən gileyli,
Amma ağrıları nəsə hürkütmüş.

O kölgə bilmirəm kimdi, nə güdür,
Qırılır dünyanın harasında yol.
Günahlı, savablı insan ömrüdür,
Keçmişlə gələcək arasında yol.

Ölüm gələndə də xoş sayıla, dost,
Gəlib də çıxmadı yolu yomrulu.
Yoxdu qılınc çəkən Əzrayıla, dost,
İndi hardan alaq dəli Domrulu?

Zaman hövsələmi çoxdan daşırmış,
Həmişə həyatın rəngi ağ olmur.
Adam qocaldıqca uşaqlaşırmış,
Dönüb başlanğıca qayıtmaq olmur.

Baxma köks ötürüb nəfəs dərə, dost,
Dayanıb gözləmə sonu… de, keçib.
Mən çoxdan öyrəşdim itkilərə, dost,
Daha təsəllidən keçib e, keçib.

GECİKMİŞ ARZU

Çatdı buludların kövrələn vaxtı,
İndi həzin-həzin əsir küləklər.
Budaqdan ayrılmış yarpaqlar üstə,
Qarışqa misalı gəzir küləklər.

Buxarı əridir çardaqda buzu,
Axan palıdı su pasıdır novun.
İsitməz canını payız günəşi,
Gecədən sabaha düşən qırovun.

Çöldə əllərini hovxurur kimsə,
Bir də sınardımı şaxı ayazın.
Birtəhər sürüşüb ömrün qışından,
Çiçək yağışına düşəsən yazın.

HEÇ NƏ

Bizə doğma idi bu dünya guya,
Atdı ömrümüzə ən yadı, heç nə.
Qəfil hədəf olduq dedi-qoduya,
Düşdü aramızda bir qadı, heç nə…

Eşqi düstur ilə ərz etdik, əfsus,
Sonra üslubları tərz etdik, əfsus,
Tərsini, düzünü fərz etdik, əfsus,
Yüz “tutaq ki…” dedik tutmadı heç nə.

Bir az ötkəm idik, bir az da qəti,
Töküldü adamın üzünün əti.
Çıxdı əlimizdən gənclik neməti,
Verməz o ləzzəti, o dadı heç nə.

Ötən ömür idi yaxşımı, pismi,
Birində ruh öldü, birində cismi…
Çoxu zaman-zaman dəyişdi ismi,
Çıxdı sonumuza bir adı heç nə…

AĞ QOŞMA

Axı indi çıxıb hər işin ağı,
Vardığın yolların ağıdı, ey dost.
Göydən zəhər yağır şeh düşən çağı,
Doğan gün sabahın ağıdı, ey dost.

Bir gizli “hə” olar hər aşkar “yox”da,
Ümid yeri yoxsa özünə, toxta.
Timsah gülüşünə aldanma çox da,
Qaralan gözünün ağıdı, ey dost.

O kimdi qatlamaq istəyir “yüz”ü,
Ayırmaq da olmur yalandan düzü.
Nə olsun qaradır torpağın üzü,
Kəfən ki ölümün ağıdı, ey dost.

BEŞİNCİ FƏSİLİN ŞEİRİ

Kaman kimi əyilmişdi pöhrələr,
Nur damlalar dolu, iri, ağırdı.
Unutmuşdu şimşəkləri göy üzü,
Asta-asta, səssiz-səssiz yağırdı.

Gül üstündə üşüyürdü ləçəklər,
Kimə həyat, nəyə suydu bu yağış.
Yarpaq-yarpaq, qönçə-qönçə oyanan,
Bir çiçəyin yuxusuydu bu yağış.

Sərçələrin qanadları yelpikdi,
Quş ürəyi çırpınırdı çalalar.
Yaş yuvanın kənarından yapışıb
Ürkək-ürkək baxırdı ətbalalar.

Budaqların yırğalanmaq həvəsi,
Qumruların amanını kəsirdi.
Pırıldayıb çıxacaqdı ağzından,
Ürəyimdə bir yarpaq söz əsirdi.

Bulud köçü qaranlığa varırdı,
Adam bilmir kədərlənə, sevinə.
Sonra çiskə dalıb qaldı yuxuya,
Axşam düşdü, hamı getdi evinə.

Sayrışırdı karvanyolu ulduzlar,
Günbatanda ay dolanıb dönürdü.
Daxmasında bir yuxusu qaçmışın,
Son közərti lampasında sönürdü.

…Bir sabaha açılırdı dan yeri,
Boyamışdı üfüqləri bəyaza.
Nə dağda qış, nə yay idi aranda,
Oxşamırdı nə payıza, nə yaza.

VARMI?

Sənə qovuşmağa it cığırı yox,
Səni unutmağın bir yolu varmı?
Öndə ayrılıqdı, dalda göz dağı,
İnciyib getməyin sağ-solu varmı?

Adama nə gəlsə gələr özündən,
Doğru ədasından, yalan sözündən.
Dünya bərqərardır bir “ol” sözündən,
Bu qədər “olmaz”ın bir “ol”u varmı?

Vəfa dediyinin “sız”ı çox qədim,
Daha nə sözüm var sənə, nə vədim.
Mən sənin qəlbinə girə bilmədim,
Bilmirəm şifrəsi, parolu varmı?

UNUDULMAĞIN ŞEİRİ

Belə bölgü olmaz Haqq hesabında,
Olan payımızdı tən unudulanı.
Bu necə gülüşdü ağrı-acılı,
Gözü yaşlı gördüm şən unudulanı.

Adam sonu üçün ağlamaz daha,
Ümidi sabaha bağlamaz daha.
Zaman yaddaşında saxlamaz daha,
Məni unudanı, mən unudanı.

Duydum, ömür boyu qaldı kəm nəsə,
Ən yaxın həmdəmim oldu qəm, nəsə.
Ağ duman içində görürəm nəsə,
Artdı saçlarımda dən unudanı.

Unutdum deyirəm o gündən, əsla,
Nə mən susa bildim, nə də sən:-Əsla!
Getmir gözlərimin önündən əsla,
Ən yada düşəndi ən unudulanı.

DÜNYANIN SƏN ÜZÜ

Dünyanın sən üzü soyuq imiş, dost,
Hovxurmaq da olmur əl üşüyəndə.
Keçdi başım üstdən bir burum tüstü…
-İsit gözlərini, gəl, üşüyəndə…

Bəzən bir yad istək düşür damara,
Lap köhnə qarğışdı qana bələnmək.
Oldumu ömründə canına düşə,
Üşümək yerinə üşürgələnmək.

Qovlamaqla olmur, qaçmaqla olmur,
Yollar dəyişsə də qəza dəyişməz.
Bir az artıq olar, ya bir az əskik,
Fəsillər dəyişər, cəza dəyişməz.

Bir də çöl tərəfi var işgəncənin,
Yolçunu ağrıdar yolların daşı.
Bir nəfəs dərməyə kölgəliyi yox,
Yaşamaq əzabdır hər addımbaşı.

Qış da ömürdəndi qısaldıqca yol,
Axşamı sırasıra, gündüzü soyuq.
Hara üz tuturam bələnib qara,
Soyuqmuş dünyanın sən üzü, soyuq…

OLANLARIN ŞEİRİ

Həyat imtahandı sual-cavablı,
Bilib keçdiyin var, bilmədiyin var.
Bir dostdu, bir addı, bir bəxt yazısı,
Silib keçdiyin var, silmədiyin var…

Olsun ki, piyada şahı mat eylər,
Sinə gərdiyində ürək çat eylər.
Tale adam ilə zarafat eylər,
Gülüb keçdiyin var, gülmədiyin var.

Yağışdan danışma gözü dolanla,
Çiçəyi quruyub, gülü solanla…
Şirini, acını dostun olanla,
Bölüb keçdiyin var, bölmədiyin var.

Aylı gecələr var düzülməz səfə,
Günəşli gündüzlər qoyulmaz rəfə.
İrili-xırdalı gündə yüz dəfə,
Ölüb keçdiyin var, ölmədiyin var.

Tural Adışirinin təqdimatında…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.