Nar ağacı
Boğazımda bir ip var, bir də ki, dar ağacı,
Dar ağacı önündə bitibdir nar ağacı.
Açıb çiçəklərini yaşamaq ümidilə,
O, öz susqunluğuyla çox şey gətirdi dilə.
Kiçik tumurcuqların çiçək açmaq həvəsi,
Mənsə dar ağacında verirəm son nəfəsi.
Mənzərənin beləsi.
Bir ümidə möhtacam tutum, dayanım, qalım,
Qoy mən də yaşamaqdan bir balaca zövq alım.
Bu vaxt bir sərçə qondu incə nar budağına,
Yarpaqlar almış idi sərçəni qucağına.
Çox xoşbəxt görünürdü, çox şən idi əhvalı,
Mən niyə yaşamayım? Düşündüm bu sualı.
Qəribə bir sərinlik yayıldı ürəyimə,
Birdən bir əl toxundu qəflətən kürəyimə.
Ayaqlarım üzüldü, yelləndi dar ağacı,
Parlamağa başladı gözümdə nar ağacı.
Üşüyür əl ayağım, qanım çəkilir deyə,
Bu soyuq bədənimdən ruhum çəkilir göyə.
Baxır geridə qalan quru, cansız bədənə,
Allah rəhmət edərmi bu dünyandan gedənə?
Bir səs duyur qulağım, azan səsidir, azan,
Görəsən tapılarmı bu yuxumu düz yozan?
Gördüyüm bu yuxudan nə dərs alım, İlahi?
Gedim gözü doyunca nəfəs alım,İlahi.
Mən necə yadımdan çıxardım səni?
Düşürsən yadıma hər gün, hər saat,
Mən necə yadımdan çıxardım səni?
Məni sənsizliyim buraxmır rahat,
Mən necə yadımdan çıxardım səni?
Gecələr yuxu da yata bilmirəm,
Sənintək gün günə sata bilmirəm.
Səni xəyalımdan ata bilmirəm,
Mən necə yadımdan çıxardım səni?
Hər ilmə, hər naxış sənə bənzəyir,
Görürsən bu yağış sənə bənzəyir.
Tənəli hər baxış sənə bənzəyir,
Mən necə yadımdan çıxardım səni?
Min savab məhv oldu bircə günaha,
İndi deməyə də söz yoxdur daha.
Artıq yorulmuşam inan Allaha,
Mən necə yadımdan çıxardım səni?
Qadın
Gözlərində ümid var,
Ürəyində tərəddüd.
Sevməyə qorxan qadın.
Getsən geri dönüşün
Olmayacaq bilirsən.
Getməyə qorxan qadın.
Səni çoxmu ürküdür
Bu yarımçıq sevgilər?
Düzünü de, bilim mən.
Sən bir addım yaxınlaş,
Qoy on addım gəlim mən.
Əlini ver əlimə
Unudaq dərdi, qəmi.
Unutqanıq əzizim.
Təkcə biz olan günü,
Təkcə sevdiyimizi
Unutmarıq əzizim.
Bu yersiz qorxu nədir?
Bu vaxtsız gediş nədir?
Sevgini gözlərimdə
Öldürüb getmə belə.
Yalvarımmı əzizim?!
Nə olar etmə belə.
Göz yaşım gizlənəcək,
Kipriklərimin altda.
Neyləyək sevdicəyim?
Sevə sevə ayrılan
Adamlar var həyatda.

