Elməddin Nicat
* * *
Gözümün önünü kəsib acılar,
Burnumun ucundan o yana yer yox.
Bişib qovruluram qır qazanında,
Altın qaladığın tiyana yer yox.
Mən haqla verilmiş doğru öyütdüm,
İçimdə dağ boyda ağrı böyütdüm.
Mən ömrü çopurlu daşla üyütdüm
Sərib qurutmağa xırmana yer yox.
İnancı daş olan bütün dünyası
Yaşamı yem olan itin dünyası.
Dünya anlamazın, kütün dünyası,
Ha öldür özünü, duyana yer yox.
Kəm bəxti misqalla hardan götürdüm
Bu bəxtlə ömürdə dərdlər bitirdim.
Məni bu dünyaya niyə gətirdin
Mənə bu dünyada ay ana yer yox.
QADIN
Məni ruhumdan güllələdilər…
Məni ürəyimdən vurdular qadın!..
Səni doğru kəsdən soruşmadılar,
Gör məni kimlərdən sordular qadın.
Hansı dünyalardan düşüb qopdular
Gör hansı qismətlə gəlib tapdılar.
Məni ayağımla minib çapdılar
Məni ürəyimnən yordular qadın.
Hardaydın bu gəliş nə gec gəlişdir
Bu da bir alın yazı, bu da bir işdir.
Sən gəldin əlimə yaşam ilişdi,
Sən getsən içimdə qurd ular qadın.
27.07.2025.

