BU DƏRDİ DAĞLARA KİM QARĞAMIŞDI
Bir fotonun yaddaşında kəndimizin bir hissəsi yadigar qalıb
Sən hardan əlimə keçdin bu axşam,
Sənli xatirələr nələr danışdı.
“Elin cüda düşsün elsiz qalasan”—
Bu dərdi dağlara kim qarğamışdı?!
O yalın yarpızı, nərgizi qərib,
O döşdə köz kimi lalə közərib.
O koldan bir gözəl bənövşə dərib,
Yönü bu şəhərə pay yollamışdı.
O daşda kəklikdən naz sallanırdı,
Onda o yamacdan yaz sallanırdı.
Qayadan bir lülə buz sallanırdı,
Bu xınalı daşlar mənə tanışdı.
Bu axşam qəribə axtarış oldu,
Elə bil aramız bir qarış oldu.
Yenə xəyallarım qatqarış oldu,
Ağlım avazıdı, fikrim qarışdı.
24.12.11.
AKİF SƏMƏDə
Kəlbəcər hara qayıtsın,
Kəlbəcərə biz qayıdaq.
Akif Səməd
Bəxtəvərdik, kef eylərdik,
Qəribliyə ögeylərdik.
Əl verməyən bədöylərdik,
Bizlərə kəmənd atdılar.
Köksüm altı yurd qorudu,
Yağmalandı yurd qurudu.
Gözü kimi yurd qorudu,
Göydəmir, səmənd atdılar.
Kimsə keçməz keçiddilər,
Bizi candan keçirtdilər.
Dərə-dərə kiçiltdilər—
Tovlayıb kənd-kənd atdılar.
Toy oldu toya gəlmədi,
Çapıb da haya gəlmədi.
Bilmədin Niyə gəlmədi?-
Ay Akif Səməd, atdılar.
13.02.2012
ÖMRÜ
Mərhum şair Eldar Nəsibli Sibirelin 60 illiyində
Açırsan gözünü dünya darısqal,
Taleyin mindirir qatara ömrü.
Dünyanı duymayan körpə uşağın,
Ağlına gəlmir ki, qurtara ömrü.
Yığılan bənövşə qomu yaşamır,
Zirvədə səhranın qumu yaşamır.
Mən yaxşı bilirəm hamı yaşamır
Yamyaşıl içində, ağ-qara ömrü.
Özün bilməyənə görk dərdi vardı,
Ağlı kəsməyənə dərk dərdi vardı.
İçində bir bütöv türk dərdi vardı,
Tanrı çoxmu gördün Eldara ömrü.
16 may 2012
ÇƏKİR
Şairə Fərqanə Mehdiyə
Bir ürək bənövşə şəklin,
Ürəyi kövrəklər çəkir.
Dərd ayrı bir filimdi,
Onu da ürəkər çəkir.
Bu nə yanğın, bu nə əhval,
Lap əridim misqal-misqal.
Sevdalı başlara sığal—
Sərsəri küləklər çəkir.
Yollardan yığış həsrətim,
Ay alqış, qarğış həsrətim.
Bir damcı yağış həsrətin,
Yanıxmış çiçəklər çəkir.
Təki Allah eyləməsin,
Bir kimsə ah eyləməsin.
Sevənlər günah eyləməsin,
Çiynində mələklər çəkir.
***
Qayğılar zamana yüklü,
Saatım geriyə dönmür.
Məndən ona sevada yolu,
Ondan bəri yol görünmür.
Kimsə düşüb dalımıza,
Hay-haraynan kimdi elə.
Qara bəxtim, qara vaxtım
Əvvəlim, ilkimdi elə.
Yolumu ağlım aparır,
Ürək məni sənə çəkir.
Ağardın ağlım, bilmədin,
Nə çəkir ürək, nə çəkir.
Hərdən bir qız əl eyləyir,
İllərin o tərəfindən.
Yaman tez-tez ağrı qalxır,
Sinəmin sol tərəfindən.
07.05.2012