Elman TOVUZdan Afaq ŞIXLIya…
Sevgi dolu sözlərini
sətir-sətir yazsan belə,
inanmaram…
Axşamüstü
qoy küləklər pıçıldasın
sənin isti nəfəsinlə.
Dəli sevdan
avaz-avaz düşsə belə dildən-dilə,
inanmaram…
Qulağıma özün söylə
o “sevirəm” kəlməsini öz səsinlə!
…Qismətimdə Qazaxdakı ünlü “Şıxlılar” ocağı mənsublarından biri – Rusiyadakı “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin üzvü, işqlı insan, savadlı həkim, hazırda Moskvada yaşayan şairə soydaşımız, dörd kitab müəllifi olan xanım aydınımız Afaq Şıxlının “Səni düşünürəm!..” adlı şeirlər toplusuna yorum yazmaq da varmış..! İlk oxuduğum, şairənin yaradıcılığının demək olar, qayəsini təşkil edən bu – yuxarıdakı misralar oldu. Oxudum və düşündüm ki, sözlə ifadəsi heç də asan olmayan duyğularla başlayan bir kitab oxucuları özünə çəkməyə bilməz! Məhz duyğuların bu kitabın baş qəhrəmanı olması məni hisslər və həyacanlarla dolu bir aləmə apardı… Çoxları düşünə bilər ki, axı, duyğusuz da şeir yazmaq olar? Olar! Son zamanlar ədəbi mühitdə yaranan “adını bilmediyim” vəziyyət, buraxılan kitablar, dərc edilən şeir və s materiallar bunu deməyə əsas verir. Nə yaxşı ki, Afaq Şıxlı qələmi məhz bu qəbildən olan yazılardan uzaqdır. Mən, üç kitab müəllifi olan şair dostumun, demək olar ki, bütün şeirlərini oxumuşam və bilirəm ki, onun bir-iki şeirini oxudunsa, hamısını oxuyacaqsan, bir-birindən gözəl
şeirlərlə dolu bu aləmdən əliboş qayıtmayacaqsan… Aldığın havanın, içdiyin suyun yaşam üçün nə dərəcədə vacibliliyini anlayırsansa, bax, həyat eşqi ilə zəngin bir şair qəlbinin dediklərinin də mənəvi qida kimi ruha çəkməyin və nəfəs kimi cana sümürməyin gərəkliliyini də o dərəcədə anlayacaqsan.
Bu da bir qismətdir ki, bu yazı mübarək Ramazan ayı ərəfəsində baş tutdu. Ola bilməzdi ki, Afaq xanım bu müqəddəs ayda diləklərini şeirlə dilə gətirməmiş olsun:
Silinsin göz yaşı gözlərimizdən,
Gülüş silinməsin gözlərdən! Amin!
Küsüb incisək də bir-birimizdən,
Qəlblər qırılmasın sözlərdən! Amin!
və ya
Durulsun səmanın qaranlıq üzü,
Silinsin dünyadan “qan”,” dava” sözü.
Özünə şah olsun hər insan özü,
Bir əl o birinə möhtac olmasın!
Necə də gözəl arzulardır… Bu arzulara mən də “Amin!” – dedim.
Afaq xanımın şeirlərini oxuyarkən, sanki kiminləsə danışırsan kimi gəlir adama. İlk baxışdan sadə görünür bu misralar. Şeirə məxsus ədəbi qaydaları pozmadan, xüsusi ustalıqla yazıya alınmış adi danışıq dilimiz… Bax, budur hisslərin və duyğuların sözlə ifadəsi və ona olan həm məhəbbət və həm də məsuliyyət!
Şairlərin qəribə taleyi olur, deyirlər. Afaq Şıxlının da taleyinə qəriblik düşüb. O, uzaq Moskva şəhərində yaşayır. Qəlbi Vətən və həmvətənləriylə döyünən şairin ürək çırpıntılarını hər an hiss etmək elə də çətin deyil:
Bülbüllər verəndə yenə səs-səsə
Qayıda biləydim lap son nəfəsə!
Salamlar söyləyin məndən hər kəsə,
Afaqın sevdiyi Vətən var olsun!
və ya
Sübh çağı bürüsün üstünü duman,
Yatmayım gecəni, itməsin zaman…
Yaman darıxmışam, mən sənsiz, yaman,
Mənim Vətən adlı sərvətim, salam!
Yenə sadə, oxunaqlı, axıcı misralar… Onu da qeyd edim ki, şairənin yaradıcılığında ədəbi ruhumuzun və xalq ədəbiyyatımızın laylası sayılan qoşma janrı üstünlük təşkil edir. Bu, zənnimcə, müəllifin zəngin ədəbi irsimizin bu sahəsinə marağı, xalq çeşməsinə bağlılığı və özünün əslən “Şairlər vətəni” adlandırılan Qazax torpağından olması ilə əlaqədardır:
Uzaqdan-uzağa sənə yoldaşam,
Düşüncəm qoyarmı düz yoldan çaşam?!
Afaqam, sanma ki, soyuğam, daşam…
Mənim günahımı alma, əzizim.
Umumiyyətlə, Afaq xanım hansı mövzuda yazırsa yazsın, təblə və sonsuz həvəslə yazır. Onun şeirlərində özünəməxsus söz “oynatma” bacarığı var. Folklorumuzun zəngin qaynaqlarından bəhrələnən, bolluca söz ehtiyatı olan müəllifin yaratdıqları bir də onunla səciyyələnir ki, bu yazıların daşıdığı ruh millidir. Mən şairənin qəriblikdə yaşamasını elə-belə xatırlatmadım, uzun müddət dilimizdən, adət-ənənəmizdən uzaq düşən bir yazarın şeirindəki milli kolorit, işlənən sözün məna çaları və poetik yükü məni heyran etdi:
Həyatın mənası tox olmaq deyil!
Fərasət – dövləti çox olmaq deyil!
Ölmək – bu dünyadan yox olmaq deyil,
Qəlbimdə qalacaq izlərin ki var!
Afaq Şıxlı şeirlərinin mayasını ən ali hiss hesab edilən sevgi təşkil edir. Yolu yerdən – göyə, insandan – Allaha doğru uzanan ilahi bir sevgi. Müəllif bu səpkidə özünəməxsusluğu və bədii tərənnüm xarakterinə görə seçilən rəngarəng şeir nümunələri yaratmışdır:
Hər işini çözdüyün,
Ədasına dözdüyün,
Arxasınca gəzdiyin
Mənim kmi sevməzdi.
Atəşinə yandığın,
Hər nəfəsdə andığın,
Bir məleykə sandığın
Mənim kimi sevməzdi.
Məni valeh edən cəhətlərdən biri də şairin ən qəmli-kədərli anlarında belə qələmə aldığı, adına “həsrət nəğmələri” dediyimiz şeirlərində qəribə bir ümid işığının olması, təəssüfün içərisindən baş qaldıran cücərtilərdə sabaha nikbin baxışdır. Mübarizlik, əzmkarlıq, dözüm və bunlarla yanaşı, haqqı çatdığı yerdə verdiyi dəyərli məsləhət, ərki çatdığı yerdə deyə bildikləri şairin əlindən tutan ilk köməkdaşıdır:
Eşqini unutma, qəlbində gizlə,
Həyat sınasa da hər zaman bizi.
Bu təmiz sevgini qoru, əzizlə,
Zamana buraxma hisslərimizi!
Şairə görə sevgi o qədər müqəddəs bir hissdir ki, hətta yeri gələndə, o, Tanrı çiçəyi qədər təmiz və pak eşqə əyilməyi şərəf sayır:
Sevgimə əyildim, anlamadın sən,
Allah bağışlamaz bu eşqə gülsən.
Afaq Şıxlı sərbəst vəzndə də qələmini sınamış və gözəl şeir nümunələri yarada bilmişdir. Onun bu qəbildən olan “Özün söylə…”, “Qoyma gedəm”, “Mənə sevgilim demə!”, “Yollar uzaq…” və başqa şeirləri özəlliklə maraqlı və oxunaqlıdır. Müəllifin “Minnətdaram” şeiri artıq dillər əzbərinə çevrilmişdir. Şeirdən bir parça:
Sağ ol, canım!
Ey məhəbbət xanimanım!
Yalnız mənə bəxş etdiyin bu an üçün,
Səninlə bir keçirdiyim zaman üçün!
Sevgi dolu
sətir-sətir sözlər üçün,
Şəfqət dolu
od baxışlı gözlər üçün!
Sən olduqca ürəyimdə mən də varam.
Varlığınçün
bir özünə,
bir də səni Yaradana minnətdaram!
Diqqətlə oxuyanda görürsən ki, bəzilərinin dediyinin əksinə olaraq, sərbəst vəzndə yazılan şeirlərin də bir ayrı ahəngi və ritmi var. Oxuduqca oxuyursan, yüklənmirsən, əksinə sözün poetik yükü səni ovsunlayır. Şeirlərdəki axıcılığı, dilin saflığının qorunmasını, hər bir sözə həssaslıqla yanaşma tərzini və s. bu kimi məziyyətləri də
əlavə etdikdə, şeiri də sevirsən, şairi də! Onu da deyim ki, uca Allaha minnətdarlıq şairin, nəinki, şeirlərində səslənir, hər zaman dilinin əzbəridir. Bu isə, Afaq xanımın hər şeydən əvvəl qəlbi Allah eşqi ilə dolu olan bir insan olaraq Yaradana sədaqətindən və həm də dilimiz qədər dinimizə də sonsuz ehtiramından xəbər verir.
Beləliklə, həyatın keşməkeşli yollarında ətrafdakıları və onlara münasibəti müşahidə etmək qabiliyyəti, həyata və təbiətə özəl prizmadan baxış və olanlara, öz fəlsəfi düşüncələrinə söykənməklə, ədəbi nəfəs vermək bacarığı bütün yaradıcılığı boyu müəllifli müşaət edir.
İxtisasca həkim olan Afaq xanım olduqca həssas, duyğusal, son dərəcə nəcib, humanist bir insandır. O, həm də gözəl pianoçudur. Özünü heç vaxt bəstəkar hesab etməsə də bəstələdiyi mahnılar populyar müğənnilər tərəfindən
sevilə-sevilə ifa olunmaqdadır.
Sözümün sonunda Afaq xanıma yeni yaradıcılıq uğurları arzulayır, ona, “Hər zaman addımın mətin, fikrin qəti, qələmin iti olsun!” – deyirəm.
Əziz oxucular! Mən işıqlı insan və gözəl şairə Afaq Şıxlının bu kitabda toplanmış dəyərli şeirləri haqqında fikirlərimi qısa da olsa sizinlə bölüşməyə çalışdım.
İndi isə söz sizindir.
2 şərh
Əziz dost! Səni bir daha bu uğurların münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram. Əziz Əkbər bəy, Sizə də sonsuz təşəkkürlər.
Bu yazıya və onun yayımına görə Elman Tovuza, Əkbər Qoşalıya və redaksiya heyətinə dərin minnətdarlığımı bildirirəm! Çox sağ olun!