Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Dünya Gənc Türk Yazarlar Birliyinin yaradılmasının 25 illiyi münasibətilə yubiley törəni keçirilib.
Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi çərçivəsində təşkil olunan, mədəniyyət və incəsənət nümayəndələrinin, şair və yazıçıların, müxtəlif ölkələrdən olan qonaqların və ziyalıların toplaşdığı mərasimi birliyinin başqanı, şair İntiqam Yaşar açaraq deyib ki, ötən illərdə bu təşkilat yaradıcı gəncləri bir araya toplayıb, onların ədəbiyyat nümunələrinin tanıdılması üçün məqsədyönlü işlər görüb. Həmin missiya davamlı şəkildə bugünədək uğurla həyata keçirilir.
Qurumun Məsləhət Şurasının başqanı, şair Əkbər Qoşalı çıxışında Dünya Gənc Türk Yazarlar Birliyinin keçdiyi tarixi yola nəzər salıb. O, bildirib ki, ötən 25 ildə bir çox təşkilatlar fəaliyyətimizə dəstək olublar. Bu gün qurum yerli və Türk dünyasının gənc yazarları arasında əsl mənəvi körpüdür. Milli Məclisin deputatı Fazil Mustafa isə vurğulayıb ki, türk birliyinin möhkəmlənməsində türkdilli ədəbiyyat da yaxından iştirak edir: “Türk birliyi möhkəmlənməli, genişlənməlidir. Bunun üçün türkdilli yazarlar, şairlər daha sıx birləşməlidirlər. Ortaq Türk Əlifbasının yaradılması da bu məsələdə öz töhfəsini verəcək”.
Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim isə türk-islam mədəniyyətinin sevgi və ədalət üzərində bərqərar olduğunu xatırladıb. O, gənc yazarların bu amal naminə ən aparıcı qüvvə olması zərurətini diqqətə çatdırıb: “Bakıda yaradılmasına baxmayaraq, DGTYB-nin səs-sədası uzaq-uzaq ellərdən gəlir. Bu qurum sözün əsl mənasında sərhəd tanımır”. Arzum budur ki, gənc qələm sahiblərimiz əlbir şəkildə çalışaraq daha da püxtələşsinlər, səsləri daha da ucadan eşidilsin. – Bu fikri isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
Digər natiqlər də təşkilatın cəmiyyətimizdə, türk dünyasında gördüyü işlərdən söz açıblar, gənc türk yazarlarına gələcəkdə daha böyük nailiyyətlər arzulayıblar.
Sonda bir qrup ziyalı Dünya Gənc Türk Yazarlar Birliyinin yubiley medalı ilə mükafatlandırılıb, müxtəlif türk ölkələrindən gələn şairlər poetik nümunələr səsləndiriblər.
Rizvan FİKRƏTOĞLU