(yaxud ƏKRƏM ƏYLİSLİNİN QƏFLƏT YUXULARI)
Əkrəm Əylislinin «Drujba narodov»da çap olunan «Daş yuxular»ı son günlərin əsas müzakirə obyektinə çevrildi. Əsərin məzmunu artıq ictimaiyyətə məlumdur və təkrarlamağa ehtiyac yoxdur.
Roman-rekviyemi çap edən jurnalın müəllif və əsər haqqında verdiyi qısa annotasiyada deyilir: «Hər iki tərəfdə peşimançılıq hissi oyanmalı, hər iki tərəf tövbə etməlidir, hər iki tərəf özündə güc tapıb nifrət hissini adlamağı bacarmalıdır. Lev Anninskinin resenziyasında deyilir ki, bu, Əkrəm Əylislinin romanında başlıca, qəlb göynədən mövzulardan biridir. («DN» 2012,№12). Bu bəlanın sonu varmı? Məgər dünyanın bu gözəl guşəsində, çaqqal və ilanların məskunlaşdığı bir yerdə, bir-birilə ünsiyyətdə olmadan yaşamaq olmazmı? Olmaz. Diffuziya, yəni qaynayıb-qarışmadan yaşamaq qaçılmazdır. Bu, hər iki tərəfdən olan gənclərin bir-birinə olan sevgisi üzündən mümkün deyil. Bu, həmin məhəbbətdən doğulan körpələrə görə mümkün deyil. Xalqların bir-birindən ayrı yaşamağın mümkünsüzlüyü hissinə, bundan qaçıb gizlənməyin mümkünsüz olduğuna görə.
Bəs susmağı bacarmayan, səsini alçaltmayan yazıçı neyləməlidir? O, məhz nifrətə sədd çəkməyə cəhd göstərən Əkrəm Əylislinin etdiyini etməlidir.»
Əkrəm Əylisli nə etdi? – «Daş yuxular»ı yazmaqla havasını udduğu, suyunu içdiyi torpağa xəyanət etdi! Aralarında müəyyən mübahisəli məsələlər olan xalqların yazıçıları, Əkrəm Əylisli kimi, gözlərini yumub, ağızlarını açmalıdırlarmı… Və yaxud nəyinsə eşqinə, kiminsə xatirinə birdən-birə inancından dönməlidirlərmi… Kimlərəsə xoş getsin deyə öz xalqına qatil, qaniçən deməlidirlərmi… «Əkrəm Əylislinin etdiyini etməlidir» deyən jurnal Əkrəmin öz xalqına bundan betər nə edə biləcəyini barı yazaydı.
Adı «Drujba narodov» («Xalqlar dostluğu») olan jurnalın əsərə yazdığı resenziya da beləmi olmalı idi… Lev Anninski «Daş yuxular»ı oxuyub ya yox, demək çətindir. Oxumuş olsaydı, «hər iki tərəfdə peşimançılıq hissi oyanmalı, hər iki tərəf tövbə etməlidir», fikrini ürəklə yazmazdı. Lap deyək ki, əsəri yazan bizdən deyil, onda oxu gör, hansı peşimançılıqdan söhbət gedir. Başdan-başa azərbaycanlıların vəhşi, geridəqalmış kimi təsvir olunduğu bir mətni necə nümunə göstərmək olar. Hələ o başqa söhbətdir ki, mətnin müəllifi Azərbaycanın xalq yazıçısıdır. Üstəlik də «Şöhrət» və «İstiqlal» ordenli… İctimai Televiziyada gedən müzakirələrdə yazıq görkəmə düşən və yazdıqlarına haqq qazandıra bilməyən Əkrəm Əylisli yaxşı ki, artıq Azərbaycanın xalq yazıçısı deyildi. Mən xalq yazıçısının belə çıxılmaz duruma düşməsini heç istəməzdim…
Dünyada bir riyakar demokratiya ab-havası mövcuddur ki, adından istifadə edib dözümsüz adamları toruna salır və Əkrəm Əylisli kimi «beynəlmiləlçi»lərə yazdırır ki, yaşadığın ev də, udduğun hava da səninki deyilmiş, sən qatil olmusan, bu «ev»in əsil sahibini qanına-qəltan eləmisən və sonradan da evinə sahib olmusan.
Bu uğursuz romanın niyə birinci olaraq rus dilində, özü də başqa bir ölkənin ədəbi dərgisində çap olunması da tez-tez müzakirə olunur. Burda müzakirəlik bir şey yoxdur ki… ONA GÖRƏ Kİ, TƏRƏFİNİ CİDDİ-CƏHDLƏ MÜDAFİƏ ETDİKLƏRİ oxusa bəsdir, təki Əkrəm Əylislinin düşüncələrindən onlar xəbərdar olsunlar. Əkrəm Əylisli mətnin müəllifi olaraq, yazdıqlarının heç bir həqiqətə, fakta söykənmədiyini hamıdan yaxşı bilir. O, «Daş yuxular»ın səsinin kimlərəsə gedib çatmasını istəyir.
«Daş yuxular»da, bəlkə də Əkrəm Əylislinin ən uğurlu tapıntısı Azərbaycan aktyoru Saday Sadıqlı obrazında öz prototipini yaratmasıdır. Bütün görkəmi, hərəkətləri ilə eyniyyət təşkil edən Saday Sadıqlı da Əkrəm Əylisli kimi adamlar haqqında danışarkən «atmacalı epitetl»lərindən qalmır. Necə ki, Əkrəm Əylisli («Əylisdən Əylisə» də atmacalarla doludur) aşağılayaraq təsvir etdiyi azərbaycanlıların hərəsinə də bir ayama qoşur: Çaqqal Abdulla, mırıq Müzəffər, qəssab Məmməd, ilantutan Əbdüləli və s.
«Daş yuxular»dakı Əkrəm Əylisli təkcə Saday Sadıqlı obrazında cəmləşməyib ki… Aktyor Nuvariş Qarabağlıda, həkim-cərrah Fərid Fərzanidə, məşhur psixiatr, Saday Sadıqlının qaynatası doktor Abasəliyevdə, əslən Şuşadan olan, Baksovetdə işləyən məmur Şahqacar Armaqanovda da bir az Əkrəm Əylisli var. Əylisdə guya nə vaxtsa mövcud olan on iki kilsəni təsvir etməkdən yorulmayan müəllifin qaniçən, başkəsən kimi təqdim etdiyi adamlar azərbaycanlı ola bilməz. Onlar hər kimdirlərsə, içərisində bir az Əkrəm Əylisli olanlardır.
Amma son müsahibələrinin birində ailə üzvlərinin də «Daş yuxular»a görə onu dəstəkləmədiyini dilə gətirir Əkrəm Əylisli. Ən yaxın ətrafının dəstək vermədiyi bir naqisliyə «bu, mənim yox, yaratdığım obrazın düşüncələridir» donunu necə geydirmək olar (dediyimiz kimi, sevə-sevə yaratdığı naqis obrazların hamısında bir az Əkrəm Əylisli olduğundan, düşüncələr də ona aiddir)… Axı, həmişə «yazıçı öz düşüncələrini yaratdığı öbrazların dili ilə bölüşür» demirikmi… Ya bəlkə «Daş yuxular»ı yazan tamam başqa adamdır. Uzun illər öz içində başqa birisini də gizlədərək yaşatmaq, doğrudan da «qəhrəmanlıq»dır.
Elə olmasaydı Hayqanuş və Aniko müsbət obraz ola bilərdilərmi… Hayqanuşun mis qazanda su qaynadıb Cambul Camalın başını yumasını, bitlərini təmizləməsini yazan Əkrəm Əylisli, dünyanın Xatın faciəsindən də dəhşətli olan Xocalı soyqırımında öldürdükləri azərbaycanlıların alın dərisini soyan erməniləri niyə təsvir etmir… Elə düşünürəm ki, bunları Əkrəm Əylisli özü məhz unudur. Əkrəm Əylisi istəməsə, heç kim ona bu dəhşətləri unutdura bilməz. Əkrəm Əylisli Xocalı qətliamını törədən səlahiyyət sahiblərindən 366-cı motoatıcı alayın komandir müavini B.Baymukovun, birinci batalyonun komandiri İ.Moiseyevin, ikinci batalyonun komandiri Seyran Ohanyanın, üçüncü batalyonun komandiri Yevgeni Naboknikin, birinci batalyonun qərargah rəisi Çitçiyanın, alayın kəşfiyyat rəisi mayor Hayriyanın, rota komandiri O.Mirzoyanın, kəşfiyyat bölmə rəisi Xrinxuanın, tank rotasının komandiri Qarmaşın, rota komandiri baş leytenant Hakonyanın, batareya komandiri Əzizyanın, kəşfiyyat komandirinin müavini Bondarevin hələ də azadlıqda olduğunu bilməmiş olmaz. Nə əcəb, onlara da xoş getsin deyə özünün DAŞ YUXULARının birində bu «qəhrəmanları» xatırlamır… Elə ona görədir ki, Əylisin hər evinin üzərində erməni ruhu gəzdirən Ə. Əylisli Xocalının başı üzərində dolaşan ruhları görə bilmir. Görə bilmir ki, OpenStreetMap, free-map.org.uk, www.navit-project.org, GlobeXplorer beynəlxalq naviqasiya sistemləri olan internet saytlarda (Hörmətli qələm dostum Sənan Nəcəfovun «Kabus şəhərlər» məqaləsində bu haqda ətraflı danışılır) bizim ermənilər tərəfindən soyqırıma məruz qalmış şəhərimizin adı «Xocalı» yox, «İvanyan» kimi yazılır. Xocalını işğal edən vəhşi ordunun generallarından birinin adını veriblər – İvanyan.
İndi bunların «Daş yuxular»ın müəllifi üçün maraqlı olması müəmmalıdır. Maraqlı olsaydı, son əsərində hər kəlməbaşı erməniləri Tanrıya bərabər tutmazdı: «Bir vaxtlar Əylisdə Allaha tay ola biləcək insanlar yaşayırdı. Onlar su çəkdirir, bağlar salır, daş yonurdular. Həmin erməni əsilli sənətkarlar və tacirlər öz balaca Aqulisini əsil cənnət guşəsinə döndərmək üçün bütün yad elləri dolaşaraq, qəpik-qəpik pul toplamışdılar. On doqquzuncu əsrin sonlarında türklər buranı viran edib kəndi tərk etdikdən sonra, yerli müsəlman əhali indiyədək dağılan erməni evlərinin xarabalıqlarında qızıl axtarırlar. Torpağı becərəndə oradan çervon əyarlı qızılın çıxacağına ümid edirlər. Həmin o qızıl pullara ermənilər torpağın altından su tapmışlar, hər tərəfə fayton yolları çəkdirmişlər, çayın sahili boyunca bağ çalmışlar, bütün küçələrə çay daşları tökdürmüşlər. Bu qızılın hesabına bir zamanlar Əylisdə on iki kilsə inşa edilmişdir. Onlardan hər birinin tikintisinə təxminən bir ton qızıl xərclənib».
Əkrəm Əylislidən fərqli olaraq 19-cu yüzilin erməni yazıçısı Manuk Abexyan görün nə yazırdı: “Məlum deyil ki, haylar nə vaxt və hardan Ermənistana (Hayastan) gəlmişlər. Erməni dili – hibriddir, ermənilərin özləri kimi.” Başqa müəlliflərdən fərqli müəllif belə yazır: “Erməni millətinin keçmişi necədir, hardan, necə, nə vaxt və hansı yollarla bura (Hayastana) gəlmişlər. Erməni olana qədər onlar kim olmuşlar, hansı tayfalarla ünsiyyətdə və əlaqədə olmuşlar, onların dilinə və etnik tərkibinə kim və necə təsir etmişdir? Bizim əlimizdə bunları təsdiq edən faktlar yoxdur.”
Əkrəm Əylisliyə görə: «Ermənilər hər bir əzaba dözməyi bacaran, buna qatlaşmağa hazır olan, lakin dininə heç bir zaman xəyanət etməyən bir xalqdır. Zorakılıqdan sızlayan, yorulan xalq öz Allahından ümidini üzməyib ona əl uzadır, kilsələr inşa edir, öz kitablarını yazmaqda davam edirdi».
Əkrəm Əylislidən fərqli olaraq Aleksandr Düma isə yazırdı: «Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə oz fikir, niyyət və duygularini gizli saxlayan, hiyləgər və kələkbaz adamlara cevrilmişlər”.
Bütün bunlardan sonra Əkrəm Əylislinin Saday Sadıqlısının ağır xəstə yatağında, başı üzərində oxunan Zəkəriyyə Əylislinin “Gündəliyi”nin təsirindən ağzını açaraq “Eçmiədzin” deməsində qeyri-adi nə var ki… Özününkülərə «yeraz, qaçqın köpək uşağı» deyənin “Eçmiədzin” sevgisi niyə olmasın ki…
Hər şey Ə. Əylislinin içərisində gizlənən o erməni sevgisilə birbaşa bağlıdır. Elə olmasaydı, «Öldürülən hər erməni üçün bircə şam yandırılsa, bu şamların işığı Ayın işığından da parlaq olar», yaza bilərdimi Əkrəm Əylisli? Sonra da, – onu mən demirəm, əsərdəki obraz deyir, – deyə özünə haqq qazandırmazdı. Çünki Əkrəm Əylisli o «işıq»da Nobel mükafatına gedən yolun konturlarını axtarır. Elə bilir ki, onun da Orhan Pamuk kimi gedişlər etməsi Nobel mükafatının yolunu yaxınlaşdıracaq.
Türk seriallarından birində belə bir mükalimə var. Qəhrəmanın biri o birinə «zərərin harasından dönsən xeyirdir», -deyir. Cavabında o biri qəhrəman deyir ki, harasından dönürsən, dön, onsuz da dönük deyəcəklər. Əkrəm Əylisli gizlin-gizlin gəldiyi yolların harasından dönsə də (o, dönmək haqqında düşünmür belə), millətin nəzərində DÖNÜK kimi qalacaq. Əkrəm Əylisli «Ürək yaman şeydir»dən, «Kür qırağının meşələri»ndən, «Güllü paltar mövsümü»ndən, «Büllur külqabı»dan, «Ağ dərə»dən, «Nənəmin tütün kisəsi»ndən, «Mənim nəğməkar bibim»dən, «Dəhnə»dən döndü. Əkrəm Əylisli Saday Sadıqlıya döndü.
Bu, əslində bədii əsər gücündə olmayan, Əkrəm Əylislinin görmək istədiyi QƏFLƏT YUXULARIdır. Bu yuxuları görmək üçün sadəcə ürəyində Azərbaycana, azərbaycanlılara nifrət hissi olmalıdır ki, o da Əkrəm Əylislidə həmişə olub.