Ana səhifə YAZILAR DİLİMİZ – VARLIĞIMIZ

DİLİMİZ – VARLIĞIMIZ

Müəllif: Bizim Yazı
15 baxış

Son günlər yenidən Azərbaycan dili, rus dili, türk dili anlayışları üzərindən manipulyasiyalara tanıq oluruq. Azərbaycan dilinə, türk dilinə, Azərbaycan, türk milli kimliyinə, Azərbaycan, türk qüruruna sevinə bilməyən, əksinə bundan rahatsız olan adamlar “fürsət” kimi görünən hər imkandan yararlanaraq, anti-Azərbaycan mövqeyindən çıxış edir. Onlar öz mövqelərini, daha doğrusu, mövqesizliklərini müxtəlif “elmi”, “siyasi” və “uluslararası təcrübə” pərdəsi altında təqdim etməyə çalışır. Onlar rusdilli məktəblərin Azərbaycanda mövcudluğunun və gələcəkdə də fəaliyyət göstərməsinin zəruriliyini əsaslandırmağa əsassız cəhdlər edir. Eyni zamanda, Azərbaycan dilinin türk dilləri ailəsinə mənsub olması, bir türk dili olması faktını sanki inkar etməyə yönəlik çabalar da hiss olunmaqdadır.

Azərbaycan dili, qazax, qırğız, özbək, türkmən, tatar, başqurd, qaqauz dili və digər türkcələrimiz də türk dilidir. Geniş coğrafiya və zəngin çalarlar heç kimi rahatsız etməməlidir. “Ortaq keçmişdən ortaq gələcəyə” doğru gedən xalqlar üçün bu dillərin hər biri doğmadır, əzizdir. Ortaq türkcəni də aydınlarımızın xidmətləri, dövlətlərimizin siyasi iradəsi, iqtisadi gücümüz, mədəniyyət-sənət bağlarımız, hərtərəfli yaradıcılıq aktlarımız, nəhayət, zaman özü yoluna qoyacaqdır.

Bundan başqa, Azərbaycan dilinin, türk dilinin rus dili ilə süni şəkildə qarşı-qarşıya qoyulması – şüuraltı olaraq, fərqli məqsədlərin təbliğ edilməsi halları da görünməkdədir. Rusiya Federasiyasının öz dövlət dili, öz dil mühiti və təhsil sistemi var. Biz də iki yüz ildən artıq onlarla və bir çox qonşularla eyni mühiti paylaşmışıq; lakin indi müstəqil dövlətik. Rusiya Federasiyası da, Azərbaycan da müstəqil dövlətlər olaraq öz yolları ilə getmə haqqına sahibdir.

Maraqlıdır ki, Moskva şəhərində ən çoxsaylı ikinci xalq azərbaycanlılardır, amma gəlin görək, orada dövlət büdcəsindən maliyyələşən Azərbaycandilli məktəb varmı? Rusiyanın ikinci ən böyük xalqı tatarlardır, üstəlik digər türk xalqlarının ümumi sayı da nəzərəçarpacaq dərəcədə çoxdur; bəs federasiyanın bütün ərazisində onların geniş şəkildə strukturlaşmış dil mühiti, məktəbləri varmı? – Biz buna qarışmırıq, “federasiyanın iç məsələsidir” deyirik; amma Azərbaycanda rusdilli məktəblərin sayının kamil tənzimlənməsi bizim məsələmizdir.

Ermənistanda, Gürcüstanda, Baltikyanı ölkələrdə, Ukraynada və Moldovada rusdilli məktəblərin geniş şəkildə mövcud olmadığı, bir sıra hallarda heç olmadığı doğrusa, Azərbaycanda bu sayın yüksək olmasını biz nə ilə yorumlaya bilərik? Əgər belə məktəblər Rusiyanın qucağından başqa qucağa sürüşmək istəyən və Rusiya ordusunun yerləşdiyi Ermənistanda yoxdursa, Gürcüstanda, Ukraynada, Moldovada yoxdur və ya azsaylıdırsa, Baltikyanı ölkələrdə onsuz da yoxdursa, onda Azərbaycanda niyə bu qədər rusdilli məktəb olmalıdır? Bu hansı tarixi, çağdaş və gələcəkyönümlü önəm daşıyır? – Doğrusu, qalib Azərbaycan üçün keçərli bir səbəb tapmaq çətindir.

Əlbəttə, mövzu olduqca mürəkkəbdir və biz onu çox da sadə iş kimi tanıtmaq istəmirik. Mövzu tarixi, siyasi, mədəni bağlamda dərindən təhlil olunmağı haqq edir. Bu yerdə bir neçə əsas məqamı vurğulayaq:

Bəli, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur və bunu heç kim inkar edə bilməz. Dilimizin rəsmi olaraq “Azərbaycan dili” adlanması tarixi-siyasi kontekstdən doğub, lakin onun tamhüquqlu türk dillərindən biri olması həqiqətdir. Qalib Azərbaycanın gələcəkdə bir sıra məsələlər kimi, humanitar məsələlərdə, dil məsələsində də Türk Dövlətlər Təşkilatına öz töhfələrini verəcəyinə inamımız tamdır. Yəqin, bu planda Təşkilatdan Birliyə keçidimiz də rəsmiləşməlidir.

İkinci vurğumuz rus dilinin Azərbaycandakı rolu və onun gələcəyi ilə bağlıdır:

-Azərbaycanda rus dili digər yabançı dillər kimi, onlarla eyni dərəcədə öyrənilə bilər; lakin rus dilində təhsil alanların çoxluğu, rusdilli məktəblərin geniş yayılması ölkədə Azərbaycan dilinin mövqeyini qətiyyən zəiflətməməlidir.

-Müstəqil, qalib Azərbaycanda təhsil sisteminin milli çıxarlara uyğun tənzimlənməsi ilə bağlı çağırışların dəyərləndirilməsinin ümumi işimizə xeyri vardır.

-Azərbaycanın təhsil siyasəti, əlbəttə, bundan sonra da, milli kimliyimizi qorumağa, gücləndirməyə xidmət etməlidir.

-Yabançı dillərin öyrənilməsi bərabərhüquqlu ortamda stimullaşdırıla bilər lakin bu, dövlət dilinin mövqeyini heç bir şəkildə (birbaşa və ya dolayı yolla) zəiflətməməlidir.

Doğrudur, bu məsələyə yanaşarkən emosional deyil, analitik düşünmək vacibdir. Uluslararası bağlarımız davam və inkişaf etməli, lakin təkrafçılıq olmasın, milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qorumağa üstünlük verməliyik.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.