Ana səhifə YAZILAR Debüt: Emin PİRİ

Debüt: Emin PİRİ

Müəllif: Bizim Yazı
506 baxış

 

TELİNDƏ XƏZAN YELLƏRİ

Ağaclarda yarpaqlar,
əllərim tellərində
edam olunur
bu payız.

Əsdi sənin tellərində
xəzan yelləri,
qocaltdığın barmaqlarım
saçlarından düşür bir-bir.

 

Payız Təbiəti soyundurantək,
sən də soyundun məni
arzundan,
özündən,
sözündən.

Küləkdə üşüyən yarpaqlar
cumur torpağın canına.
Soyuq baxışlarında
titrəyir sözüm.
qorxuram qaçam ömrünə,-
buz heykələ dönə
ürəyim, sevgim.

Arının solmuş çiçəkdən
qopması kimi.
qopuram dodaqlarından.
Xəzana çevrilən öpüşün
bulud olmuş gözlərimin
yağmuru altında
çürüyür yanaqlarımda.

SƏNGƏRDƏKİLƏRİN ACIĞINA

Aylardır səngərdəyik, –
sevgidən, qadından uzaq.
Elə bil
bizə,
bütün savaşlara,
düşmənimizə,
və bizi səngərdə isidən
düşüncəmizə
meydan oxuyur
öz öpüşləriylə
mərmilər altında
sevişən göyərçinlər.

QALMIŞAM TANRIYLA SƏNİN ARANDA

Tanrıyla sənin aranda
qalıram hər səhər.
Yuxuya dalıb
sənin oluram
hər səhər.

Gecə bitməmiş,
Yaxındakı məsciddən ucalan
azan səsi oyadır məni
səndən doymadan.

Hər səhər azan səsi ayırır bizi
Tanrı girir aramıza
hər səhər.
Nə tanrıdan keçə bilirəm
Nə səndən.
Hər səhər səndən Tanrıya
Hər gecə Tanrıdan qaçıram sənə.

Allah çağırışına oyandığımda,
arxamca
göz yaşların qalır yatağımda.
Səni Tanrı ağladır,
Məni – sənin göz yaşların.

Hara qaçaq bu dünyadan!?
Nə tanrı girsin aramıza,
Nə kilsə zəngləri,
nə də azan səsi
oyadıb, ayırmasın bizi.

Bilmirəm,
sənmi qısqandın məni Tanrıya,
Tanrımı məni sənə.
Ya biz sevgi qurbanı,
Ya Tanrı bizim qatil.

Gecələr səni verən,
gündüzlər alır məndən.
Didir ciyərlərimi
Prometey kimi.

Sən sevgi uğrunda şəhid,
Mən Tanrının əsiri.
Bu yolda Allaha
Hansımız daha əziz?!

Sevgimiz titrədirkən göyləri
Tanrı oyanır hər səhər.
Ikiniz arasında qalıram
Hər sübh-obaşdan –
Gecə bitməmiş…

TUTSA BULUDLARDAN ÇATAR TANRIYA

Əlində gəlincək tutan
bu körpə qızın
arzuları özündən böyük,
istəkləri boyundan hündür.
Gözləri dikilib
Anasının dikdaban ayaqqabısına,-
Geysə, çatarmı arzularına?!

Bu körpə qızın arzuları
özündən uca.
Baxır ucalan dağlara
“Qalxsam çatarammı arzularıma?!”

Əllərini açıb göyə
dua eləyir  Tanrıya.
Baxır buludlara:
“Tutsam ətəyindən çatarammı Tanrıya?!”

BU YURDA AĞLA

Gözlərimdən
axan damcıları silərək
məni qucaqlayıb,
“yanındayam, üzülmə”
deyən sevgilim.
Hardan biləsən ki,
sənin yoxluğuna deyil,
bu yurda ağladığımı.

Hər gecə sayıqlayaraq
”Geri dön” dediyimdə
Hardan biləsən səni yox,
Tanrını səslədiyimi.

AXTARIŞ

Sənin həyatında
itirdiyim bu canı
axtardım
bütün qəbristanlıqlarda.
Baş daşları içində
tapammadım adımı.

BALIQ
DƏNİZİ SEVƏN KİMİ SEV

Boş ver sevgilim,
məni ürəkdən sevməyi.
Sev-
Ürəksiz balıqlar
dənizi sevən kimi.

İndi sənsizəm,
bilirsən?!
Tilova düşən balığın
arxasınca ağlayan
balıq balası kimi.

YÖNDƏMSİZ SEVGİ

səni sevirəm
eşidərlər
görüşək
görərlər
öpüşək
ayıbdı
sevişək
günahdı
evlənək
tezdi
onda gəl evcik-evcik oynayaq
oynamaq nə gunahdı,
nə də tezdi oynamağa.

YEMƏYİN DADLI YERİ

Hələ altı yaşımdaykən
süfrədə yeməyin dadlı yerini
Anamın atama verdiyini gördüm.

ilk dəfə
anladım ki,
tezlikə evlənməliyəm.

TURŞUYA QOYULAN DƏRD

Varlı pəncərəsi önündə
yaz axşamı
romantik yağışlar,
Mənimsə tavanımdan
dərd damır.

Yayda yığılan dərdləri
turşu yerinə bağlayıb
qışa saxlamışam.

Ağarmış saçlarımdam
dərd qoxusu yayılır.
Xoş bir ətirlə də
gizlətmək olmur dərdi.

ƏLİFBA

Yeni əlifbanın hərflərini
tanımayan ana
Silirdi göz yaşlarıyla
şəhid oğlunun adını
baş daşından.

İNKAR

axı niyə belədi həyat
mənim başım ağrıyanda
anamın ürəyi ağrıyardı
onun başı ağardı
qəlbimdən səs çıxmadı.

MƏŞĞULLUQ

Yalnız bu məmləkətdə
kişilər şeir yazmaqla,
Qadınlarsa şair doğmaqla
Məşğuldu…

***
ana laylasından
övlad ağısınadək
olan zamandı ömür.

***
Qan-mənliyindi,
Qadın yataqdakı qanıyla
Kişi səngərdəki qanıyla.

SERGEY YESENİNƏ NƏZİRƏ

Eşitdim gəlibsən Azərbaycana,
Gəlib buralarda kef eləyibsən.
Ancaq arxivlərdə başqa şeylər var,-
Yazıblar…
…bir azca səhv eləyibsən.

Gördük ki, yaxşıca yeyib-içənsən,
həm də dediyindən dönən deyilsən.
Köhnə arabada fırladıb səni
İran əvəzinə sırıya bildik
Bakı qırağında Şağan kəndini.

…Şehli çəmənlərdə gəzə bilmədin,
“Şaqanım, Şaqanım” yazdın qum üstdə.
Sənə bel bağlamaz çarşablı xanım,
Uzağı bir qurtum sərin su verər…

KİRLƏNMIŞ AZADLIQ

Bu gün ekranda
Azadlığa susamış
Liviya səhraları…

Din qardaşımız  ərəblər
“babam mənə kor deyib”
qırırdı bir-birini.
Zəncirlərini qırmış qullar kimi
öz qanlarında yuyurdular
azadlığın kirini.

Süngüyə yeriyənlər
laxlatdı taxtları tətikdən qabaq.
…qanla təmizlənirdi
Mazutlu pullara bükülmüş torpaq…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.