Ana səhifə BAŞ YAZI Dayandur Sevginə təşəkkür düşür – Şeirlər

Dayandur Sevginə təşəkkür düşür – Şeirlər

Müəllif: Bizim Yazı
56 baxış

Bizimyazı.az tanınmış şair Dayandur Sevginin şeirlərini təqdim edir.

Azərbaycan bayrağı

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Allaha sual

Burnumun ucunda ölüm qoxusu,
Olan günahımı yuya bilmirəm.
Canımda yurd salıb bəndə qorxusu,
Mən sənin qorxunu duya bilmirəm.
Mən insandan qorxum,
ya səndən Allah?

Nə var ki, salmağa, mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə,
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum,
ya səndən Allah?

Daşı doğrayırsa tamahın dişi,
Bəndənin gözündə dünya zərdisə.
Əllidə baş kəsib qan tökən kişi,
Yetmişdə əməli peyğəmbərdisə,
Mən insandan qorxum,
ya səndən Allah?

Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum,
ya səndən Allah?

Qulağın almırsa atılan topu,
Xayalın başında boş fırlanırsa.
Sənin hökmün ilə açılan qapı,
Bəndənin əliylə qıfıllanırsa,
Mən insandan qorxum,
ya səndən Allah?

Allahın qorxusu, insan qoxusu,
Yüz qara qorxular bir ağa düşüb.
İnsan cilidində şeytan qorxusu,
Allah qorxusundan qabağa düşüb,

Yolumu gözləyən dar ağacı var,
Külək yellədikcə kəndiri əsir.
Sən mənim hayıma gəlib çatınca,
Bəndənin qılıncı başımı kəsir.

İlahi, nə olar bir qorxu göndər,
Bəndə qoxusundan mən azad olum.
Yada ki, əbədi bir yuxu göndər,
Sənin o yuxunla bəlkə şad olum.

Bu yad qoxuları çıxar canımdan,
Sənin varlığını duyum İlahi!
Sənin varlığını duyum İlahi!

Düşür

“Yadından çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım”
Məmməd İsmayıl

Dünyanın acısın biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır, bizə,
Kimə Araz düşür, kimə Kür düşür.

Axı, yarandığım günə nə deyim,
Qəm üstə köklənib yaralı neyim,
Uğursuz şeirdi mənim taleyim,
Ya duyğu çatışmır, ya fikir düşür.

Nə deyim bu qanlı fələyə, Dədə,
Yol açır hər dürlü kələyə, Dədə.
Dovşana qurulan tələyə, Dədə,
Elə qururlar ki, gəlib şir düşür.

Sənə yalvarıram, haçandan sənə,
Bilirsən bağlıyam mən candan sənə,
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?

Ədalət istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.

Dilini bilsəm də qayanın, daşın,
Heç vaxt ayrı olmur bəladan başım,
Kiminə ev gəlir, kiminə maşın,
Dayandur Sevginə təşəkkür düşür.

 

***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.

Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.

Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.

Qaldır kirpiyini

Hicranı zəhər tək içirtmə mənə,
Bir azca vüsal qat, bal eylə barı.
Apar gözlərimi sənsiz olunca,
Yaraşsa, üzünə xal eylə barı.

Mənə həsrət verib ömür boyunca,
Günaha batırma özünü bunca,
Qara gözlərinə baxım doyunca,
Qaldır kipriyini, yol eylə barı.

Göynəyir könlümün sarı göynəyi,
Təbib ol əlinlə sarı göynəyi,
Dəyişmə əynindən sarı köynəyi,
Dəyişsən, başında şal eylə barı.

Bircə yol sözümə can deməsən də,
Bu eşqin odunda yan, deməsən də,
Başıma tac qoyub, xan deməsən də,
Dayadur Sevgini qul eylə barı.

Keçir

Yolun gözlədiyim baharım, yazım,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.

Nə idi yazdığın bu yazı mənə,
Ay Allah, göstərdin hər üzü mənə,
Sənin göndərdiyin ruzi mənə,
Ağzı qanlı qurdun dişindən keçir.

İlahi tək sənsən, tək sən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.

Əlimin qabarı, alnımın təri,
Halal çörəyimdir illərdən bəri,
Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir.

 

* * *
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.

Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.

Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir.

Mən hardan biləydim

Sən yuva qurandan ürəyim dincdi,
Adından utanıb qəm dolmayıb, qız.
Deyirəm nə yaxşı adın Sevincdi,
Mənə divan tutan dərd olmayıb, qız.

Qəm kədər yeridi yatdım eləcə,
Düşündüm sevginlə sağalar yaram.
Adınla başımı qatdım eləcə,
Vaxtım olmadı ki, sevinc axtaram.

Gözümü aldatdı ad yaraşığı,
İçində gizlənən söz bəlli oldu.
Sönəndə qəlbimdə ümid işığı,
Adının “Sevinci” təsəllim oldu.

Bilmədim necədir dadı sevincin,
Talehin zərbəsi yaman sərt imiş.
Mən hardan biləydim adı “Sevinc”in,
Özü kədər imiş, özü dərd imiş.

Məni sevəcəksən öləndən sonra

Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.

Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.

Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.

İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra.

Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.

Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.