Ana səhifə YAZILAR Dağlıyam, hikkəliyəm, amma sən könlümü duy…

Dağlıyam, hikkəliyəm, amma sən könlümü duy…

Müəllif: Bizim Yazı
795 baxış

Rüfət Əhmədzadə –Yeni şeirlər

Ağlımda tək İstanbul, İstanbulda yalnız sən

Yenə sənsiz gecələr, qəribəm Vətənimdə,
Yenə sənsiz səhərlər sürgünümdür, bilirsən?
Bu nə, doğma Bakım da boğur öz sevgisində,
Ağlımda tək İstanbul, İstanbulda yalnız sən.

Yenə damağındakı siqaretlə əriyən,
Hələ xatirələrlə qocalan birisiyəm.
Demə, gedənlərimin ehsanı gələnlərə,
Bəlkə gözdağı verən bir şeir dəlisiyəm?

Bu sevginin üstünə hər gün bir qadın yatar,
O qadınlara günü doğular şeirlərim.
Bakı buxtasında biz qurduğumuz xəyallar,
Boğazdamı boğulur, yuyulur əl izlərim?

Eh, nə deyim, getmisən, bəlkə də unutmusan…
Bəlkə, bir köks ötürüb üstündən su içmisən…
Sonra isə kiminsə çiyninə baş qoymusan…
Xoşbəxt olsun İstanbul, İstanbulda ən çox sən!

Könlümü duy

Dur, gözəl, getmə gözümdən elə “get” dedimsə də,
Dağlıyam, hikkəliyəm, amma sənsə könlümü duy!
Nə qədər öz-özümə hey “səbr et” dedimsə də,
Həm üzür qəlbi sevgi, həm uzadır ömrümü, duy!

Nə qədər yanmamışam tüstüsünə xoflarımın,
O qədər güc veribən, təslimi ol qollarımın,
Bu kədər öldürməz, amma bütün yollarımın
Önündə çiskin olar, sənlə nurlu sübhümü duy!

Mənə şair deyilməmişdən öncə cahil idim,
Qabili-eşq olana ağız büzən Habil idim.
Rüfünün canı çıxsın, varlığımla batil idim,
Nəfəsinlə saflaşan ruhumda şövqümü duy!
Dağlıyam, hikkəliyəm, amma sən könlümü duy..!

Qul oldum

Bir sevdaya təslim etdim ruhumu,
Mən nəqşibəndi olmadım, qul oldum.
Eşq oduyla dindirib də ovcumu,
Səcdeyi-xəcalət ilə kül oldum.

Dəli rüzgar əsib qəhri götürsə,
Qəlbimə şər salan zəhri götürsə.
Bəhrim durulsa da şəhri götürsə,
Zahiri daş, batinimdə sel oldum.
Mən nəqşibəndi olmadım, qul oldum.

Hər gecəm də qəmgin ötər şeirlə,
Kimsə deyər: “dil-dil ötər şeirlə”.
İbadətim batil ötər şeirlə,
Bir insan eşqiylə halbahal oldum.

Dərvişi-sərgərdan ikən haqladı,
Dərd işinə pərgar ikən dağladı.
Aldı qoynuna vəcd ilən qoxladı,
Atdı qəfil, bir tikanlı gül oldum.
Mən nəqşibəndi olmadım, qul oldum!

Sənin hesabına

Sən məni sadəcə qoymadın ki tək,
Dözüb əzabına sabir olmuşam,
Arvadın puluyla gəzən kişitək,
Sənin hesabına şair olmuşam.

Sən indi hardasan, kimlə, bilmirəm.
İnan istəmirəm, arzu etmirəm,
Hərdən düşünürəm, köks ötürürəm,
Dilək yox, itkiyə zakir olmuşam.

Bəlkə oxuyursan bekar qalanda
Bəlkə də gülürsən kədər duyanda…
Yada sal uğurdan ürək doyanda
Ömründə uğursuz ləpir olmuşam.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.