Cavid ŞÜKÜR(OV), OYU Jurnalistika, qrup 72
“Eşqmi insanları səfeh eləyir, yoxsa, təkcə səfehərml aşiq olur?.. …bunun cavabını bilmirəm.”
(Orxan Pamuk, “Mənim adım Qırmızı” romanından)
Dörd köhnə dostumla neçə vaxtdan sonra görüşdüm. Sakit bir yerdə oturub çay içmək qərarına gəldik. Çay içə-içə ordan-burdan, havadan-sudan danışmağa başladıq. Bircə saatın içində dünyanın bütün üzüntülərini “çözüb”, keçdik hap-gopa. Söhbət sevgidən düşdü (Mövzu aydın idi: qızlar bir yerə yığışanda dəbdən, makiyajdan, jurnallardan, sevgidən; oğlanlar bir araya gələndəsə, maşın(lar)dan, futboldan və… təbii, sevgidən danışarlar. Onları yaxınlaşdıran da elə bu fərqlilikdir, – yeganə eynilik sevgi barədə olan söhbətlərdir, – insan həmişə fərqli olanlara meyl edər. Buna görə də oğlanlarla qızlar bir-birinə yaxın olmağa ehtiyac duyar). Məsələ təxminən belə idi: sevgi nədir, necə olmalıdır və s. – bu kimi nəsnələr. Hərə bir söz dedi. Ağız deyəni qulaq eşitmirdi. Sevgini dənizdən tutmuş göz yaşına, ildırımdan tutmuş qısa qapanmaya qədər hər şeyə bənzətdik. Nə qədər gurultulu, bərbəzəkli sözlər vardısa, sevgiyə yapışdırdıq. Dostlarımdan biri müzakirəmizə qarışmır, sakitcə oturub bizi acıqlı, adamı əzən baxışlarla süzürdü. Biz mübahisəni kəsib ona baxdıq. Heç kim sükutu pozub ona nəsə demədi. Fəhm etmişdik, çox ciddi bir şey söyləyəcəyini… Nəhayət, ağır-ağır, ona tamam yad, boğuq səslə sözə başladı:
– Sevgini hərəniz bir şeyə bənzətdiniz, son sözünüz də bu oldu ki, sevgi ən gözəl hissdir, onun əzabı da şirindir. Əgər ən adi, sıradan bir insan sevirsə, xoşbəxtdir. – Boş sözdür, özünüzü aldatmayın. Sevmək gözəldir – amma ən böyük işgəncədir sevginin əzabı. Nəinki adi adamı, bütün toplumu yönəldə biləcək bir şəxsi bədbəxt edə bilər bu hiss..! – Elə biri mən özüm. – İldən artıqdır ki, bir qızı sevirəm. Özümdə cəsarət tapıb ürəyimi aça bilmirdim – ona olan hisslərim o qədər güclüdür, bu sevgini bəşəri dillə izhar etmək olmaz (edə bilmədim də)… Bunun üçün ilahi kəlam lazımdır, ilahi…
Ona ürəyimi marşrutda – o universitetdən evə gedəndə açdım. Dilim söz tutmurdu. Nədən başlayacağımı bilmirdim. Həyəcandan üzüm od tutub yanırdı. Ürəyim az qala iki dəfə tez vururdu. Damarlarımda qanın necə sürətlə axdığını hiss edir, şırıltısını eşidirdim sanki. Dodaqlarımdan qıfılı birtəhər qırıb onun üzünə baxmağa cəsarət etməyərək:
– Bir ildən çoxdur səni sevirəm, – dedim… O isə:
– Yox, nə danışırsan? Sən mənim qardaşımsan. Belə danışma, daha bu barədə qurtar, – dedi.
– Sözümü kəsmə, axıra qədər qulaq as..! İcazə ver, sözümü deyim… Amma… Amma qulaq asmadı, sözümü yarımçıq kəsib yerini dəyişdi. Elə bil məni ildırım vurdu. Dəliyə dönmüşdüm. Göz yaşlarımı gizlətmək üçün var gücümlə dodağımı dişləyib üzümü pəncərəyə çevirdim. Gözlərimdən yol tapmayan yaşlar içimə axdı, axdıqca da keçdiyi yolu, necə deyim… ərimiş lava kimi yandırdı. O an bircə fikir keçdi beynimdən – marşrut gedə-gedə tullanmaq… Amma yerimdən tərpənə bilmədim. Dizlərimdə hey yox idi elə bil… Oturacağa yapışıb qalmışdım. Əsəblərimi sakitləşdirmək, fikrimi toparlamaq üçün titrəyən əllərimlə bir xeyli alnımı ovuşdurdum. Buna az-çox nail olandan sonra bütün iradəmi toplayıb, yarımçıq qalmış sözlərimi bitirmək üçün mesaj yazdım ona: “Qulaq as, “razı deyiləm” deyirsən. Səni məcbur etmirəm, edə bilmərəm də. Amma bir xahişim var. Azdan-çoxdan bir-birimizi tanıyırıq. Demək istədiyim odur ki, heç olmasa, münasibətimiz öncəki kimi qalsın. Məndən incimə. Deyirsən, “qardaşımsan”. Onda, xahiş edirəm, məni yenə özünə qardaş bil. Daha küsmək, kin saxlamaq, düşmənçilik olmasın. Elə hesab et, aramızda bu söhbət olmayıb”.
Cavab yazmadı.
Beyni zədələnmiş adamar kimi hərəkətlərimə nəzarəti itirmişdim – getməli olduğum yerə çatmamış marşrutdan düşdüm. Evə xeyli qaldığından başqa avtobus gözləməli oldum. Sərxoş adamlar kimi var-gəl edir, bir yerdə dayana bilmirdim. Göz yaşlarımı zorla saxlayırdım. Yol boyu mənə elə gəlirdi, hamı mənə baxır və gözlərimin yaşla dolduğunu, ürəyimin qan ağladığını anlayır. Evə necə gəldiyimi bilmədim. Özümdə deyildim, bayaqdan məni boğan göz yaşları indi qeybə çəkilmişdi. Ağlayıb ürəyimi boşaltmaq istəyirdim, amma gözlərim qupquru idi. Qəhər boğazıma tıxanıb nəfəs almağa qoymurdu. Elə bil, xirtdəyimdən zindan asılmışdı və bu zindanın ağırlığı nəfəsimi qısırdı. Dəli kimi divarları, qapı-pəncərəni yumruqlamağa başladım. Bıçağı qapıb var gücümlə qapıya tolazladım. Bıçaq iki barmaq eni qapıya işləyib bir xeyli titrədi. O an kimsə içəri girmiş olasaydı… Allah göstərməsin! Daş-divarı yumruqlamaqdan yorulub özümü yatağa yıxdım. Çarpayı sanki mənimlə şərikmiş kimi dərdli-dərdli cırıldadı. Elə bil mənə indi aydın oldu: hər şey bitmişdi, hər şey sona çatmışdı, sevdiyim qız mənim hisslərimi anlamamışdı, içimdəki tanrını – sevgini öldürmüşdü. Yox, öldürə bilməzdi, tanrı ölmür, sadəcə, inanmamışdı, şübhə etmişdi onun böyüklüyünə…
Səsimi eşitməsinlər deyə, hönkürə də bilmir, için-için ağlayırdım. Göz yaşlarım dayanmırdı, heç istəmirdim də bunu. O dəm bircə istəyim vardı, – yox olmaq, hamı tərəfindən unudulmaq, – ancaq müşkül məsələydi bu, həmin gün. Çünki 15 mart idi – il-axır çərşənbə..! Telefon susmaq bilmirdi. Söndürməksə ağlıma belə gəlmirdi – dərd məni çaşdırmışdı, – yaşamaq istəmirdim o an. Dünya gözümdə heç olmuşdu. Elə durumdaydım, hesab edin, niktofobiya xəstəsi olan adam zülmət tunelin qarşısında dayanıb. O, mütləq tuneldən keçməlidir. Amma nə həyan duracaq bir kəs var, nə də istinad edə biləcəyi bir işartı…
Təxminən axşam səkkizə 15 dəqiqə qalmış telefona mesaj gəldi. Ürəyimə dammışdı nəsə xeyirli bir şey olmadığı. Mesajı açdım: “bu gün sənə nə olmuşdu? Cəsarətinə heyran qaldım. Haradandır bu cəsarət səndə? Nə haqla qarşıma keçib mənlə elə danışırsan? Bundan sonra sənlə münasibətimi dəyişərəm, düz başa düşərsən. Yazmısan ki, yadından çıxart söhbətimi. Nə çıxart eee? Bundan sonra mənimlə danışmırsan! Çox əsəbləşdirdin məni. Fikirləş, kimlə, nə haqda danışırsan! Məncə çox kitab oxuyursan, ona görə, bir az azalt, axırını yaxşı görmürəm. Mesajıma cavab yazma! Kontaktdan da nömrəmi sil. Özünə gəl”.
Elə bil başıma bir qab qaynar su tökdülər. Bu, son hədd idi. Ağlımı itirmişdim. Az qalırdım canavar kimi ulayam. Mesaja cavab yazmaq nədir ki?! Yaşamaq istəmirdim o sözlərdən sonra… Bayram axşamı olsa da boğazımdan su belə keçmədi. Üç gün yata bilmədim, iki gün sudan başqa dilimə heç nə dəymədi. Bu dünyadan uzaqlaşmışdım sanki, əl havasına hərəkət edirdim. Hər şey dumana bürünmüş kimiydi gözlərimdə – duman içərisində görürdüm hər şeyi…
Həmin gündən ağılla yox, instinktlə hərəkət edirəm. Yeyirəm, yatıram, universitetə gedirəm, tanışlarla hal-əhval tuturam… Həyat davam etdiyi üçün yox, vərdiş etdiyimə görə. Pis şeymiş adətkərdə olmaq… Güldüyüm anlar da olur, amma bu gülüş ən güclü ağrıya bərabərdir, – yalandır çünki… Böyüklərin qarşısında kukla tamaşası göstərmək kimi bir şeydir – onsuz da heç kəs inanmayacaq…
…Axır vaxtlar saata tez-tez baxıram. Tələsik bir işim yoxdur, amma hər ötən saniyədə fikirləşirəm ki, ölüm bir addım daha yaxındır – sevinirəm buna…
Novruz bayramında mesaj yazdım – bəlkə məni bağışladı, hər şey öncəki kimi normala döndü deyə: “Salam. Bahar bayramın mübarək. Bütün arzularına çatasan. Həyatın qanunudur: hamı doğulandan ölümə doğru gedər. Hamı ölümə doğru gedərkən, sən xoşbəxtliyinə doğru irəlilə…
Adətdir, Novruzda küsənlər barışar. Ümid edirəm, sən də məni bağışlarsan. Yoxsa, yaşamaq o qədər cansıxıcıdır ki…”
Cavab gəlmədi. Son ümid – barışmaq ümidi də küləyin qarşısındakı şam kimi titrəyib söndü…
Həmin günə qədər hər gün ona məktub yazardım, bəzən gündə neçə dəfə. – Yox, göndərməzdim heç vaxt, yazıb saxlardım özümçün. Hər sevincimi, kədərimi, gizlinimi bölüşərdim onunla xəyallarımda. Amma o qəhr olası gündən sonra daha yazmıram. Yaza bilmirəm, doğrusu. Hər dəfə yazmaq istəyəndə beynimdə şimşək kimi bir söz çaxır: “yox”! İndi ən çox nifrət etdiyim sözdür “yox” sözü… Amma həm də ən çox işlətdiyim sözdür…
O vaxtdan çox keçib. Bilirəm ki, daha heç kəsi sevə bilməyəcəm. Böyük bir ordunun içində olsam belə, həmişə tənha olacam. Tənhalıq çevrədəkilərlə deyil axı – qəlblədir, qəlblə..!
Dostum daha danışmadı. Başımı qaldırıb onun gözlərinə baxdım. Nələr görmədim orda?! –Ağrı, nifrət, kin və… Və yaş. Ağlamırdı, yox, ağlamırdı! Amma bəbəklərinin dərinliyində yığılıb qalmışdı göz yaşları… Bundan artığına gücüm çatmadı – baxa bilmədim. Görə bilmədiyim başqa şeylər də vardı orada… Hə, bir də sevgi gördüm gözlərində – həsrətlə qol-boyun…
Heç birimiz ona ürək-dirək verməyə çalışmadıq, – çünki dərdi olan bir kəsə təsəlli vermək ona acılarını xatırlatmaqdır, – susduq eləcə. O, qəfil dəli bir qəhqəhə çəkdi, dərhal da başını əlləri arasına alıb alnını masaya söykədi. Sonra yenə baxdı bizə – gülürdü şən-şən:
– Xoşbəxtəm, çünki illərlə necəliyini bilmək istədiyim hissin dadını, hərarətini duydum. Bu istilik yetər mənə bir ömürlük, – dedi. Sonrasa: – Bir siqaret çəkim, gəlirəm, – deyib az qala qaçaraq çıxdı.
Yalan danışmağı da göz yaşlarını gizlətmək istəməsi kimiydi. Çünki siqaret çəkmirdi o…
BAKI