Ana səhifə İCTİMAİ Dərk edən anda könül taxtıma mehman tapılar… Mustafa Məhərrəmovun şeirləri

Dərk edən anda könül taxtıma mehman tapılar… Mustafa Məhərrəmovun şeirləri

Müəllif: Bizim Yazı
128 baxış

Məhərrəmov Mustafa Rabil oğlu Neftçala rayonunda anadan olub. Orta təhsilini Neftçala rayonu, Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində alıb.

Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsilini davam etdirir.

***
Oturub qəflətə, batmaqda müqabildi cahan,
Yazıram sözləri mən qanmasa, qafildi cahan.

Ayıran dinlə elim yollarını, yatdı yəqin,
Nəyə dəstək verəcək, yatmalı cahildi cahan.

Uyaraq şeytana şeytanla bərabərdi bəşər,
Yanacaq sonda yəqin, gör nəyə qabildi cahan.

Adi bir elmi bilən taxtı necə tapdı asan,
Oxuyarmışsa Quran çox şeyə naildi cahan.

Tutaraq dünyanı hərdəm mala aşiqdi bəşər,
Ama heç dərk eləmir, fanidi, zaildi cahan.

***

Sorsalar eşqi nədir, mən cahana sən deyərəm,
Səvirəm kəlmələrin, mən sənə qəlbən deyərəm.

De görüm, kimdir olan eşqinə həmdəm, gözəlim?
Mənim eşqimdir olan, eşqin ilə tən deyərəm.

Sənsiz olduqda mənim qəmlə dolubdur cahanım,
O səbəbdir ki, alıb gözləri bir çən deyərəm.

Alacaq mən gözəlin eşqə müqabil cavabın,
O cavabdan olaram, mən necədə şən deyərəm.

Niyə heç qanmayana yalanla şair dedilər?
Bu sözü mən özümə bəlkə də qismən deyərəm.

***
Kimi gözlərdə qalıb gözlərə aldan, nə deyim?!
Sonra gəl ağla mənim çün, belə nalan, nə deyim?!

Edənin üzrüdə azdır, səf olan yerdə susur,
Sənsə nadan kimi gəl eylə bir əfğan, nə deyim?!

Bir zaman oldu ki mən kuyinə mehmanlıq edim,
İndi yoxdur sənə yer, olmağa mehman, nə deyim?!

Mən ki eşq qübbəsini tək sənə xatir tikirəm,
Eybi yox sən sök onu, et daha viran, nə deyim?!

Nə zaman etsə gəmim yarə tərəf eşq səfəri,
Görəcək fırtına, leysan, yada tufan, nə deyim?!

Gedəcəksənsə daha ged bu məkandan mən ölüm,
Yada heç getmə dayan, ay sənə qurban, nə deyim?!

Daha bir tazə qəzəldə Yazar eşqdən danışıb,
Eşqi vəsf eyləməyə, vardı bir ümman, nə deyim?!

***
Hər kəsin dərdi olar, dərdinə dərman tapılar,
Düz nigar tapsa əgər, eşqinə ünvan tapılar.

Məndə bir zülfü nihan dilbərə eşq bəsləmişəm,
Səbr edib gözləmişəm, eşqimə imkan tapılar.

Bağlayıb eşq sarayın, karvanı yollarda qalıb,
Sirri aşkar eləsəm, mən təki sarvan tapılar.

Dil susub dinməmişəm, bəlkə nigar dərk eləyər,
Dərk edən anda könül taxtıma mehman tapılar.

Nitqi dinməz yazarın, dərdinə dərman nədədir?
Eşqi vəsf eyləyərək nitqimə elan tapılar.

***

Eşq dəftəri

Feyzyab etdi məni bir şəmin şölələri
Onun ilə çəkmişəm mən başa eşq badələri.

Gözlərim görməz olub, kordu mənim
Görmərəm ondan qeyri mən heç kəsi,
Görərəm yalnız onun şölələrin gecənin zülmətində bir ay kimi, Şölələr bir od kimi, günəş kimi
Şölələr işıq saçır, parıldayır.

Gözlərim hey qamaşır, baş hərrənir,
Şölələr mən məst edir və huş itir.

Özümə gəlcək onu göz axtarır,
Göz-gözə gəlcək ürək bir an durur.

Eşqin elanı zaman nitq dayanır,
Eşqi elan edirem gözlər ilə,
Yarın ol bir gülüşü hə cavabı,
Oldu eşq dəftərinin ilk varağı.

***

Hicran

Dəliyəm eşqinə canan, sənə qurban, yola gəl,
Edirəm səbrimi ehsan, sənə qurban, yola gəl,

 

Mənəm ey gül sənin o kuyinə həsrət dolanan,
Gecə-gündüz sənin eşqinlə yanan, eşqdə qalan,
Gecə həstərdi yuxu gözlərimə, sənsən alan,
Olaram qəlbinə mehman, sənə qurban, yola gəl.

 

Dəliyəm eşqinə canan, sənə qurban, yola gəl,
Edirəm səbrimi ehsan, sənə qurban, yola gəl.

 

Demə Məcnuna tayın yoxdu sənin, odlanaram,
Məcnuna həmxanə olub, tarixə adım salaram,
Təki sən istə gülüm, mən yanına yol alaram,
Olmuşam mən sənə nalan, sənə qurban, yola gəl.

 

Dəliyəm eşqinə canan, sənə qurban, yola gəl,
Edirəm səbrimi ehsan, sənə qurban, yola gəl.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.