Bizimyazı.az Elməddin Nicatın yeni şeirlərini təqdim edir.
NƏ GÖZƏL BƏXTİN VAR…
Göz yaşın yudumu yenə,
Bozarmış üzünün odun.
İndi necə darıxırsan
Hər sözdən darıxan qadın!..
Baş alırmı dərd içindən
Dönürmü ulayan qurda…
Bəlkə sənin xəbərin yox
Dərdin məni didir burda…
Könlümdə sevgi sarayın,
Gözümdə şahlıq taxtın var.
Kimi belə sevdilər ki?!
Sənin nə gözəl bəxtin var…
11.10.2024.
ASTACA
Günəş saçlarına əl toxundura,
Gözlərimdə çaxa şimşək astaca.
Sən ordan, mən burdan baxış-baxışa,
Dəlisov bir eşqə düşək astaca.
Göyüzü ağlağan, gözüsuludu,
Dinsən kövrəldəcək əlçim buludu.
İlahi sevgilər dindən uludu,
Nə şübhə boy atsın, nə şək, astaca.
Biz çəkənlər ağrıların ilkimi,
İlki deyil, biz çəkirik bal kimi.
Gözlə demə ömür ötür yel kimi
Yaxına gəl bir dərdləşək astaca.
10.08.2024.
“GİRİŞ QADAĞANDIR….”
Bütün ayrılanlar sarı işıqda,
Söndürüb gediblər işıqforları.
Qol-qola, yan-yana gözləri gülən,
Xoşbəxtlər çoxuydu… uşaq vaxtları…
İntizar yolunda “dayan” siqnalı,
Həsrət də bu ömrə “yolver” deməkdir.
Artıb talelərdə avtoqəzalar,
Yaxşısı yanlışa yol verməməkdir.
Piyada keçidi-ağlı, qaralı
Bizim yaşamağın kordioqramı.
Nə ömürlər kəsdi yol ayrıcları,
Döngələr qətl olmuş sevgi dramı…
“Giriş qadağandır” yazılıb ora,
Bura kim qoyubdur bu sərhəddi bəs?!.
Geriyə dönməyin cərməsi “baldı”,
Gözə almısansa “qoşa xətti” kəs.
Əlində bərk saxla tale sükanın,
Pozulsa düzəlmir yol qaydaları.
Ürəklər şəhərdi, küçələrində
Gəzir duyğu adlı piyadaları…
Butün ayrılıqlar sarı işıqda,
Sönülü qoyublar işıqforları…
13.02.2024.
Tural Adışirinin təqdimatında..