Esmira FUAD (Şükürova) – AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Bizim nəsil onu istedadlı yazıçı, fərdi üsluba malik sənətkar kimi sevirdi… Ölümün-dən bir neçə il öncə-Milli Məclisin iclaslarından birində etdiyi çıxışında o dövr üçün böyük cəsarətlə söylənmiş, sonralarsa, sanki ümumişlək ata sözünə çevrilmiş “Allah bizi sapı özümüzdən olan baltalardan qorusun” fikri-ittihamı isə hər bir Azərbaycan türkü kimi mənim də ürəyimdən xəbər verdi və… həqiqətən bu böyük qələm və fikir adamına sevgimi daha da dərinləşdirdi… Mənim və təmsil etdiyim nəslin ürəyində kəsərli söz sahibi olan bir ictimai xadim-şəxsiyyət-İsmayıl Şıxlı ocağını közərtdi…
Doğrusu, yazıçını, yaxud hər hansı tanınmış sənətkarı əsərlərinə görə sevirsən, amma o məşhurun xarakteri yaradıcılığı ilə üst-üstə düşürsə, bu uca keyfiyyətlər bir-birini tamamlayır-sa, o insan gözündə daha da ucalır və sən onu təkcə sənətkar kimi deyil, həm də dəyərli bir şəxsiyyət kimi qazanırsan… Düşünürəm ki, bu məqam çox önəmlidir… Çünki cəsarətli, qorxmaz, əqidəli, bütün hallarda sözünü deməyi, ləyaqətini qorumağı bacaran qürurlu kişi, yaxud qadın həmişə sevilib, dəyərləndirilib və ehtiram göstərilib… İsmayıl Şıxlı sağlığında ikən bu sevgini qazanmış, bu böyük ehtirama layiq olduğunu təsdiqləmişdi… O, cəsarətli, mübariz, xeyirxah və bütün varlığıyla milli mentallığa, soykökə bağlı idi. Əlbəttə, “Qətl” kimi sadə, kiçik həcmli bir hekayədə iki xalqın-erməni və Azərbaycan xalqlarının bircə nümayəndəsinin simasında onların təmsil olunduqları bütöv bir xalqın xarakterini açan yazıçı məhz bu cür cəsarətlə danışa, dövrünün ədəbi kanonlarını sındırıb bir küncə atan “Dəli Kür” kimi möhtəşəm bir əsər, Cahandar kimi real, canlı və gerçək, ağayana bir obraz yarada bilərdi. Və bu obrazla da xalqı təmsil edən ictimai zümrələrin dəyərləndirilməsi məsələsini qabarda, vaxtilə Azərbaycan, eləcə də bütün sovet ədəbiyyatında aparıcı xətt olan, xalqı bəyə, xana və yoxsul kəndliyə, proletariata bölüb “birincilərə hər cür qara yaxmaq, ikincilərdənsə müsbət qəhrəman düzəltmək” tendensiyasını dəyişə, qəbahətin də, fəzilətin də fərdi psixoloji xüsusiyyət kimi hər bir təbəqənin nümayəndəsinə xas olmasının tam bir gerçək olduğuna oxucusunu inandıra bilərdi.
“El bülbülü” şeirində ustad Şəhriyarın xalqın ağa-bəy-xan təbəqəsinə fərdi münasibə tini bəyan edən bir məqam var:
Siz qədimdən adlı-sanlı xanlarsız,
Hər biri min cana dəyən canlarsız,
Sirri-həyatı oxuyub anlarsız (2, s.114).
Bu üç misrada təqdim olunan bəy-xan-əsilzadələrin mərd, mübariz, yurdsevər, “Sirri-həyatı anlayan” müdrik və ən əsası, nəcib insanlar olduğu yansıyır.
Maraqlıdır ki, Quzey Azərbaycan ədəbiyyatında ifrat sosioloji ruhun tüğyan elədiyi vaxtlarda I.Şıxlı silahdaşları S.Rəhimov, I.Əfəndiyev, F.Kərimzadə və digərləri kimi bu mənfi versiyadan az və ya çox dərəcədə kənara çıxdı, həyati gerçəklikləri, hətta şahidi olduğu həqiqətləri qələmə aldı, bir sıra milli xüsusiyyətlərə malik obrazlar, bədii tip və xarakterlər yaratdı. Onun böyük məhəbbətlə yaratdığı Cahandar ağa S.Rəhimovun Sultan bəyi, Xosrov bəyi, Gəray bəyi, I.Əfəndiyevin Böyük bəyi, S.Vurğunun Cəray bəyi, F.Kərimzadəninsə Kərbəlayı Ismayıl xanı sosial mənsubluqdan, dövrün ab-havasından doğan bəzi mənfi, ya müsbət cəhətləri olsa da, həyatda namusla, alnıaçıq, üzüağ, mərd yaşayır, yeri gələndə elin havadarına, köməyinə, arxa-dayağına çevrilməyi bacarırdılar. Bu sənətkarların hər birinin əsərində bəy, ağa, xan obrazları hərtərəfli, bütün mənəvi cəhətləri ilə kompleks şəkildə işlənmiş, qəhrəmanlar öz dövrləri, mühitlərilə vəhdətdə qələmə alınmışdır. Ədəbiyyat tənqidçisi, filosof Asif Əfəndiyev-Asif Ata I.Şıxlının yaratdığı Cahandar ağa obrazını özünəməxsus tərzdə qiymətləndirirdi: “Cahandar ağanı tənqid etmək olar və lazımdır. Lakin heç kəs onu cılız, balaca, ikiüzlü, qorxaq, başqaları ilə eyniləşən, fərdi xüsusiyyətlərdən məhrum saya bilməz. Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil. O, həyatda tısbağa addımları ilə deyil, geniş kişi addımları ilə yeriyir.”
İsmayıl Şıxlı “məhz geniş kişi addımları ilə yeriyən” comərd insanlara-bəy-xan-əsilzadələrə yüksək dəyər verərək həyatdan seçib ədəbiyyata gətirirdi. Şərq ölkələrində imperialist siyasət yürüdən Amerikanın məsləhəti ilə Məhəmməd Rza şahın İranda və Güney Azərbaycanda həyata keçirdiyi “Ağ inqilab” dövründə yurd-yuvasından dərbədər, pərən-pərən salınmış Məlikniyaz kimi qeyrətli, el təəssübü çəkən, geniş dünyagörüşlü oğulların doğma məmləkətlərindən baş götürüb getmələri nəticəsində el-ulusa dəyən mənəvi zərbəni, bu zərbələrin xalqın ürəyində yaratdığı əəssüf qarışıq kədəri böyük Şəhriyar qısa, lakonik şəkildə ifadə edirdi:
Bəy-xan olmazsa, deyərdik, olacaq kəndimiz abad,
O xarab kət də vəlakin elə bəy-xan ilə getdi (3, s.200).
Dahi Şəhriyarın yaxşı-yaman, xarab-abad, olan-olmaz, nə vardısa elə “o bəy-xanilə getdi” kimi fikirlərini bu gün çoxları təqdir edir. İsmayıl Şıxlını da “Dəli Kür”ü ərsəyə gətirməyə sövq edən amil xalqın xarakteri, mədəniyyəti, məişəti üçün tipik olan xüsusiyyət-lərin bütövlükdə bədii təcəssümünü vermək, əsl bəy-kişi obrazı yaratmaq, Azərbaycan milli koloritini, xalqımızın özünəməxsus adət-ənənələrini qabartmaq, Azərbaycan türkünün özünəqayıdışını təmin etmək idi. Deyirlər, kişini ucaldan şey mərdlik, qadını isə namusudur. Cahandar ağa Allahyarın kəbinli arvadını gözü tutub qaçırtsa da, içində onu o dərəcədə qınamır (çünki o, şəxsən tanımadığı Mələyin Allahyarın arvadı olduğunu bilmirdi), bəlkə də haqq qazandırırsan. Çünki sevilməyən, əri tərəfindən yalnız fiziki zor, kobudluq və şiddət görən (Bu məqam Mələyin dilindən səslənən: “Qeyrətli kişi qadına əl qaldırmaz” atalar sözündə də öz təsdiqini tapır), acı sözlər eşidən və bu təhqiramiz həyatdan bezən Mələyin onun odlu sevgisinə, özünü əsl qadın kimi hiss etməyə, bir insan kimi sevilməyə ehtiyacı vardı. Bəlkə də bu üzdən Cahandar ağaya namus hırsızı kimi baxmaq olmur, əksinə, onu qonağın şərəfini qoruyan, sözünün ağası, basdığını kəsməyən, düşmənini belə arxadan vurmayan, özünə qardaş, sirdaş, arxa-dayaq sandığı Qəmərin-atının təhqir olunmasına dözə bilməyən, elin təəssübünü çəkən, balalarının üstündə əsl ata kimi durmağı bacaran mərd bir kişi kimi qəbul edirik. 1970-ci illərdə Azərbaycan radiosunda “Dəli Kür”ü səsləndirərkən Cahandar ağanın namərd Allahyar tərəfindən yalı və quyruğu qırxılan atı Qəmərlə dərdləşdiyi səhnə, o aktyorun kədərli səsi, gizli fəryadı bu günədək qulaqlarımda səslənir: “Axı, sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim. Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri, göyü mənə bağışlayırlar…”
Ədəbiyyatı duyan və sözlə nəfəs almağı, onu öz könül qabında yoğurmağı, bəzən lap muma döndərməyi bacaran alim həmkarımız Əzizxan Vəli oğlu Tanrıverdinin ““Dəli Kür” romanının poetik dili” monoqrafiyasını oxuyandan sonra da sanki əsərin səhnələşdirilmiş orijinal variantını oxuyur kimi oldum və bir çox məqamlar qulaqlarımda taxılıb, təsəvvürümdə daşlaşıb qaldı… Əsərə və onun müəllifinə bu dərinlikdə məhəbbətin, sevgi və ehtiramın qarşısında dahi Füzulinin “Heyrət, ey büt!” heyranlığını duydum… Və düşündüm ki, Əzizxan İsmayıl Şıxlının mənəvi övladı, ruhani varisi, qısacası, ruhdaşıdı…
Ədəbiyyat əslində dil hadisəsidir. Əsəri düşüncələrindən sıyıraraq yazar nasir, yaxud şair, təbii ki, təəkkürünün diqtə etdiklərini gözəl bildiyi, bütün incəliklərini – “cikini-bikini” öyrənib mənimsədiyi bir dildə qələmə alırsa, məhz o zaman gələcək uğura imza atmış olur. Ədəbiyyat tarixindən də yaxşı bilirik ki, xalqın təfəkkür bulağından su içən, milli dilin-ana dilinin ləngərli axarında rahatlıqla əl-qol atıb üzə bilən, qəvvas tək ən qiymətli inciləri-sözləri seçən yazarın ədəbi-bədii dilin qanunauyğunluqlarına da əməl edərək yazdığı əsərlər məhz ədəbi hadisəyə çevrilə bilir. Əzizxan Tanrıverdi də öz tədqiqatında XX əsrin burulğanlı, təlatümlü çağlarında fenomenə çevrilən “Dəli Kür” romanının poetik dilini elə bu aspektlərdən araşdırır, İsmayıl Şıxlının və ədəbi qəhrəmanlarının bədii dilinin özəlliklərini lirik-poetik ovqatda təqdim edə bilir. Romanın rus və Avropa ədəbiyyatı müstəvisindəki mövqeyini müəyyənləşdirən müəllif “Dəli Kür”ü Volter, Russo, Dostoyevski, Şoloxov kimi dünya miqyasında tanınmış yazarların əsərləri kontekstində təhlil edən tədqiqatçıların monumental romanlar yaradan müəlliflər sırasında İsmayıl Şıxlının da adını çəkmələrini qürur hissilə qeyd edir. Poetik strukturunda Azərbaycan şifahi və yazılı ədəbiyyatı nümunələrinin çoxluq təşkil etməsini romanın xalq ruhunun daşıyıcısı olması, yəni, atalar sözləri, bayatı, eydirmə və xalq mahnıları, əfsanə və “Koroğlu” dastanı kimi folklor nümunələrindən birbaşa istifadə olunması, obrazların yüksək bədii-estetik dəyəri ilə bağlayan Ə.Tanrıverdi ədibin “Kitabi Dədə Qorqud” adlı intibah abidəmizə də istinad etməsini “yalnız mətn kontekstində müəyyənləşdirir.”
Əsərdə təsvir edilən bütün obrazlar canlı və təbiidir. Hər bir obraz öz dilində, ictimai-sosial vəziyyətinə, xarakterinə uyğun dildə danışır. Tədqiqatçı bu incəliyi xüsusi həssaslıqla araşdırır. Oxucu yazarın təhkiyəçiliyinə, kişi və qadın obrazların hər birinin dilindəki özünəməxsusluğun təqdiminə heyran kəsilir və bir anlıq düşünür ki, yazıçı bu özəlliyə necə nail olub görəsən?..
Xalq ruhunu bu dərəcədə içdən duymaq, milli zəminə dərindən-dərinə bağlanmaq gendənmi gəlir? Bu sualların ən doğru cavabı İsmayıl Şıxlının öz dilindən çıxan sözlərdə, müsahibələrindədir: “Mən ən balaca, ötəri obrazların da canlı çıxmasına çalışmışam. Gəmiçi Qocanı, stansiya gözətçisini belə, təsvir edəndə çalışmışam ki, yaddaqalan cəhətlər tapım, onların xarakterini yaradım. Əsərdəki surətlər böyüklü-kiçikli müəllifin övladlarıdır. Ata isə övladlarının birinə mehriban, o birinə soyuq ola bilməz. Amma övladın biri güclü, o biri isə zəif ola bilər. Bu baxımdan, Cahandar ağa, əlbəttə qalan surətlərin hamısından güclüdür. Onun belə güclü və hardasa əzəmi xarakter olması müəllifin iradəsindən asılı deyil, zamandan asılıdır. Cahandar ağanı feodal dünyası yaratmışdır. Onun timsalında orta əsr cəngavərliyi, qüruru, mənliyi, kişiliyi, eyni zamanda ziddiyyətləri əksini tapmışdır. Elə ziddiyyətləri ki, onu əyib təslim edə bilmir, ancaq məhvinə hökm verir. Demək, bu xarakteri, bayaq dediyim kimi müəllif yox, zaman yaradıb.”
Əlahəzrət zaman isə heç vaxt səhv eləmir. Ədib bu həqiqəti elə orijinallıqla çatdırıb ki, oxucusuna… Bu orijinallıq hələ çox-çox illər, lap əbədiyyətədək bu əsəri yaşadacaq, haqqında danışılacaq, könüllərə öz işığını saçacaq…
“İnsanı sındıran, qürurunu, mənliyini tapdalayan məhdudiyyətlərin baş alıb getdiyi, cılızlığın cəngavərliyə meydan oxuduğu, mənəvi zənginliyi mənəvi müflisliyə çevirən, rəzaləti qüdrətə qarşı qoyan” sovet cəmiyyətində “Dəli Kür” kimi bir əsərin ədəbi hadisəyə çevrilmə-sinin, böyük uğur qazanmasının əsas səbəbini istedadlı gənc yazarlarımızdan biri olan Şərif Ağayar yazıçının əsərin baş qəhrəmanına ənənəvi sovet obrazları kimi birmənalı yanaşmamasında, onu nə tam mənfi, nə də tam müsbət qəhrəman kimi qələmə verməməsində, obraza insan kimi – mənfisiylə, müsbətiylə… yanaşmasında görür və “Nəsrdə bu, çox ciddi məsələdir. “Dəli Kür” milli ədəbi fakta çevrilmiş əsərdir”- hökmünü verir.
Bu, çılpaq həqiqətdir. “Uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır”, – deyən İsmayıl Şıxlının prototiplərini-müxtəlif obraz və xarakterləri, keçmişlə çağdaşlığı bir müstəviyə gətirdiyi əsəri
elə tarixiliklə müasirliyin vəhdətində araşdıran Ə.Tanrıverdi baş verən əsas hadisələrin tam mərkəzində duran, romanın baş qəhrəmanı – “döyünən ürəyi” olan və oxucular tərəfindən güclü xarakter, əsl kişi kimi bəyənilən Cahandar ağa obrazını məxsusi tərzdə, böyük məhəbbətlə tədqiq və təqdim edir. “Cahandar ağanın dili, tipi, xarakteri, obrazının poetikası haqda açıqlamalar sözün əsl mənasında qürur doğurur. Çünki tədqiqatçı bir obrazla bağlı elə məqamları düşüncə müstəvisinə çıxarır ki, ona qədər heç bir araşdırmaçı baş qəhrəmanın tipoloji arsenalının incəliklərinə bu qədər dərindən vara bilməmişdir. “Dəli Kür”ün şeiriyyəti, obrazlılığının fonetikası, leksikası, semantikası, məcazlar sistemi haqda açıqlamalar mahiyyətə yönəlik olub araşdırmaçının təhlil imkanlarının tükənməzliyindən soraq verir. (F.e.d. Himalay Qasımov)”
Əzizxan Tanrıverdi romanı ciddi şəkildə təhlil edən və obyektiv qiymətini verən tədqiqatçı Təyyar Salamoğlunun analitik təhlillərinin assosiativliyində Cahandar ağa obrazı ilə bağlı hər şeyi yada saldığını, lakin bircə cəhəti, önəmli detalı-rus pristavının daxili nitqində onu “Xalis Şamildir” deyərək çarizmin müstəmləkəçilik siyasətinə qarşı 25 il mübarizə aparmış igid Qafqazlı balasına-Şeyx Şamilə bənzətməsini unutduğunu xatırladır. Alimin bu detalla bağlı reallaşdırdığı fikirlər və gəldiyi nəticələr də çox maraqlıdır: “Bu təşbeh poetik-semantik çəki baxımından son dərəcə zəngin olan bir məcaz kimi diqqəti cəlb edir. Birincisi, ona görə ki, Cahandar ağa Şimali Qafqazda çar müstəmləkiçilərinə qarşı mübarizənin rəhbəri olmuş Şeyx Şamilə bənzədilir. İkincisi, Cahandar ağanın Şamilə bənzədilməsi təhkiyəçinin, eləcə də romandakı milli obrazların yox, məhz rus pristavının dili ilə reallaşdırılır. Üçüncüsü, “Xalis Şamildir” təşbehindəki “xalis” sözü, bir tərədən, həmin təşbehi qüvvətləndirirsə, digər tərəfdən, onun reallığa söykənən ilkin konturlarını da açıq-aydın göstərir. Dördüncüsü, pristavın daxili nitqində işlənmiş, “Xalis Şamildir” təşbehi ilə Cahandar ağanın qıllı papaqlı, qıllı qaşlı epitetləri bütün parametirlərinə görə eyni semantic yuvaya daxil olur… İ.Şıxlı Şeyx Şamilin bir sıra xarakterik cəhətlərini Cahandar ağa obrazında ustalıqla canlandıra bilmişdir. Məhz bu cür detallara görə Cahandar ağa daha dolğun, daha ümumiləşmiş obraz təsiri başlayır.” Əzizxan Tanrıverdinin Semyenov obrazının dilindən gətirdiyi nümunəyə də heç vəchlə laqeyd qalmaq olmur: “Müəllim el anasıdır. Maarif gözlərin ziyasıdır.” İ.Şıxlının “yaratdığı bu hikmətli sözlər” əsərdə Semyenovun “dilini şərtləndirsə” də, onun şəxsi keyfiyyətlərinin göstəricisi assosiasiyasını doğurur. Əslində bu cəhəti diqqətli oxucu bütün əsər boyu müşahidə edir. Tədqiqatçı uzun illərin təcrübəli pedaqoqu olan yazarın əsərdə bu prizmadan da çıxış etdiyini seçdiyi nümunələrdə usta araşdırmaçı səriştəsilə yansıdır.
Bircə məqama toxunmaq istəyirəm: İ.Şıxlı xalqının qız və qadınlarını sanki könül verib sevdiyi, ailə quraraq taleyini əbədiyyən bağladığı kişinin xarakterini öyrənməyə, anlamağa, onun şah damarını tutmağa, könlünün sarı siminə toxunmağa, “dilini bilməyə” dəvət edirdi. Özü də bir kişi, ailə başçısı olan Ə.Tanrıverdi bu vacib cəhəti əsərdə “Əyə” söz vahidi ilə Cahandar ağanın şah damarını tutmağı bacaran Mələyin dilini incələyərkən qabardır: “Xitab kimi işlənən “əyə” vahidi Mələ-yin dilində daha obrazlıdır: Əyə, bəri, yaxın gəl. Bu cümlənin semantic yükünün assosiativliyi ilə yaradılmış sonrakı cümləyə diqqət yetirək: “Mələyin onun adını çağırmayıb, sadəcə “əyə” deməsindən xüsusi bir ləzzət aldı. Ayaqlarını ləyənin içinə saldı.” Mətndəki semantik tutum belə bir fikri reallaşdırır: Mələk Cahandar ağa kimi zəhmli bir kişinin şah damarını “əyə” kəlməsi ilə tutan, onun qəlbini, ruhunu oxşamağı bacaran bənzərsiz bir qadın obrazıdır.”
Ədəbiyyat sənətdir, amma söz sənəti… bu sənəti yaradan söz insanın ruhundan, içindən qopur. Təbiət isə doğaldır, insan da doğal, təbii bir varlıqdır. Ədəbiyyat hər iki təbii, doğal varlıqların üzərində, onların emosional bədii təsvirindən, hiss və həyəcanlarının, duyğu və düşüncələrinin ifadəsindən yaranır.
Ədəbiyyatı söz sənəti kimi sayan İsmayıl Şıxlı “Yazıçının əsas silahı sözdür” deyir, gənc yazarları sözün canlı, cazibədar, bəzən qılınc kimi kəsərli, bəzən də oxşamalar qədər cana yatımlı olmasına əlinə qələm aldıqları ilk andanca əhəmiyyət verməyə çağırır və onların gələcək qələbələrinin məhz bu nüansdan asılı olduğuna diqqətlərini yönəldirdi.”
O da yaradıcılığa çoxları kimi şeirlə başlayıb və “Quşlar” adlı ilk şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində çapdan çıxıb. Ölümündən bir müddət öncə tamamladığı və bədii-mənəvi sərvətimizə yeni və sonuncu töhfə olaraq bəxş etdiyi “Ölən dünyam” romanı isə 1995-ci ildə çapdan çıxıb… “Ölən dünyam”la sanki öz elegiyasını, bəlkə də rekviyemini yazıb. Çünki elə həmin ildə də dünyasını dəyişib. Sevə-sevə canlandırdığı ədəbi obrazlarına ruhən qovuşub. Sanki “Quşlar” kimi ölən dünyadan uçub gedib… Çox qəribə, qeyri-adi bağlılıqdır…
Orijinal yazı üslublu Ağa Cəfərli “Lent.az” saytında verdiyi maraqlı məqalədə “Dəli Kür”ün süjet xəttini, baş qəhrəmanın ölüm anını lakonik şəkildə təqdim edir: ”Roman köhnə kişilərdən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçmaqla başlayan faciəsindən bəhs edir. Cahandar Ağanın bu hərəkətindən sonra oğlu Şamxal evi tərk edir. Cahandar ağanın digər oğlu Əşrəf atasının israrına baxmayaraq Qori seminariyasına oxumağa gedir. Burada baş verənlər, inqilabçıların gördüyü işlər, eyni zamanda maarifçi rus Əhmədin yaşadıqları, onların həbsi əsərdə ikinci xətdir. “Dəli Kür”də maarifçilərin yorulmaz fəaliyyəti, mövhumatçıların at oynatması, maarifçilərin bunun qarşısını almaq cəhdləri təsvir olunub. Cahandar ağa oğlunun Qoriyə getməsinə qarşı çıxsa da oxumağı təbliğ edənlərin üzərinə hücuma keçən mollalara təpinir. Molla Sadıq isə bunun qisasını alır. Cahandar ağanın bacısı Şahnigarı tora salır, nəticədə Cahandar ağa bacısının qatilinə çevrilir. Əsərin sonunda Cahandar ağa onun torpaqlarını almaq istəyənlərə qarşı silahlı müqavimət göstərir və çar əsgərləri tərəfindən öldürülür.”
Nədənsə Cahandar ağanın aqibəti mənə həmişə Babəki və onun sonunu xatırladır… Hər ikisinin həyatına vuruşduqları rejimin fitvasıyla son verilir. Babək inancı, əqidəsi, Cahandar ağa isə dədə-baba torpaqlarının itirilməməsi uğrunda… ölümə gedir. Onları eyniləşdirmək fikrindən uzağam. Ancaq hər iki ədəbi qəhrəman sanki təkləndikdən, sevdiklərini itirdikdən sonra ölümə doğru gedərək əbədiyyətə qucaq açırlar… Babək silahdaşlarını, həyatının qadını olan Pərvini, oğlunu, Cahandar ağa isə Qəməri, Şahnigarı, Mələyi, oğlanları Şamxalla Əşrəfi mənən itirəndən sonra hiss edirlər ki, onları həyata bağlayan iplər boşalıb və qırılıb.
Maddi dünyadan ipləri qırılsa da, Əzizxan Vəli oğlu Tanrıverdi kimi ədəbi irsimizə və bu irsi yaradan böyük şəxsiyyətlərimizə dəyər verməyi bacaran istedadlı alimlərimiz öz tədqiqatları ilə İsmayıl Şıxlının və digər sənətkarlarımızın, eləcə də onların yaratdığı bədii obraz və personajların mənəvi, ruhani ömrünü uzadır, əbədiyaşarlığının müəyyən dərəcədə təmiatçısı olurlar.