Könül AYDIN (NEHMƏTOVA)
QOPACAQ, BƏND OLDUĞU HƏR YERDƏN RUHUM
Yanacam için-için, korun-korun,
Tüstüm nəfəsimə yeriyəcək…
Bu qorun altında bir könül var,
Gah ağlayacaq, gah kiriyəcək…
Çıxacam gah havasız bir dağ başına,
Gah düşəcəm göz yaşımın yağışına,
Sığınacam yalqızlığın ağuşuna,
Başımı bir əlçim çən bürüyəcək…
Artacaq gün-gündən günahım,
Əridəcək hər gecə odunda ahım…
Qopacaq bənd olduğu hər yerdən Ruhum
Bir gün bəndə olub yürüyəcək…
***
Ürəyim bir susqun kamandır, tardır,
Mizrabı tək sənin əlində qaldı.
Bəlkə də düşmənin amanı vardır,
Amma sənin rəhmin canımı aldı.
KÖNÜL
atəşdə hava,
hava da su var.
suda torpaq
torpaqda can…
atəşdim hava,
havaydım su oldum…
sudan gil çıxdım
gildən könül…
***
Yolunda Həllac olardım,
çırpılardım tabulardan yun çubuğunda,
Məcnun olub düşərdim səhralara,
zər-zibadan çıxardım,
bələnərdim ayağının tozuna
Hira dağıında…
Amma mən mənim deyiləm ki…
Nə istədin, yapdım.
Üzərimə qoyduğun haqqı
boynumda,
şəhid olan eşqimi qoynumda
gətirəcəm hüzuruna!
***
Havaya yazdım sözlərimi,
göndərdim sənə,
Hara tutdum üzümü,
döndərdim sənə.
Məni sən olmağa qoymayan
bir qürurum vardı,
yendirdim sənə…
YOXLUĞUN…
Sənsiz çıxdığım yollar
üstümə gəlir,
yollar yolundan çıxır,
qəlbimi dəlir.
Bilməzdim ölüm nədir,
atalar ölür…
Yoxluğun anlatdı mənə..
ATA
Sevgi dolu nəfəsinlə
Bəslədin ruhumu,
Buraxıb getdin, ata.
Sevgi dolu qucağından
Yalın ayaq, başıaçıq
Düşdüm yolun ağına…
Bildinmi nə etdin, ata?!.
Özlədim günəşli baxışlarını,
Özlədim dünyanın sənli yağışlarını,
Sürdüm üzümə yolun tozunu, torpağını,
İçdim yağışını, yedim qarını,
Ruhumda tütdün, ata, ruhumda…
***
Bir das göndər mənə ordan
qəlbimə sıxım yaşayım.
Boğuluram göz yaşımda,
üstünə çıxım yaşayım…
Bir daş göndər mənə ordan
üstünə adımı yaz…
Qəlbindəki tək məzarın
yazısında yaşayım…