Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” adlı layihə icra olunur. Layihə çərçivəsində müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələrinin yaradıcılıq örnəklərinin yer aldığı kitab nəşr olunub. Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” adlı kitab layihə çərçivəsində təşkili planlaşdırılan görüşlər zamanı oxuculara hədiyyə olunacaq.
İCTİMAİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb. Kitabın nəşriyyat redaktoru “Liz yayınları”nın rəhbəri Ramazan Seydaoğludur (Karataş). “Nar” kitabı da “Liz yayınları” tərəfindən çap olunub. Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi rəssam Nəvai Metindir.
Elmi və publisistik yaradıcılıqla da məşğul olan Gülnar Səmanın (Qasımlı Gülnar Vaqif qızı) bir neçə dəfə şeir kitabları işıq üzü görüb. Bu sıraya “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları daxildir.
Müəllifin 40 illik yubileyinə töhfə olaraq nəşr edilən bu kitab əsasən lirik şeirlərdən ibarətdir.
Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandumu Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova, Dünya Gənc Türk Yazarlar Birliyi adından isə qurumun sədri İntiqam Yaşar imzalayıblar.
Bu mühüm addım, Türk dünyası arasında mədəni əlaqələrin gücləndirilməsi və gənc yazarların birgə fəaliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Sənəd iki qurumun ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq etməsinə, həmçinin Türk mədəni irsinin qorunmasına və tanıdılmasına dəstək verəcək.
Ədəbiyyatımızda elə imzalar var, onların adını çəkmək yetərlidir – qalanı artıq söz olur… Kənan Hacı imzası da bu qəbildəndir: yazıçı, şair, jurnalist – hər üç yaradıcılıq qütbündə görünən, sözə sədaqəti ilə seçilən və… “öz yağında qovrulan” qələm adamı… Onun 50 illik yubileyi yalnız bir insanın ömür hesabatı deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatında və jurnalistikasında imzanın necə məsuliyyət daşımasının bir örnəyidir.
Kənan Hacı, necə deyərlər, nəsrin içində poeziyanı, poeziyanın içində publisistikanı, publisistikanın içində düşüncənin dərin qatlarını yaşadan qələm sahibidir. O, sözün sınırlarını genişləndirməyə çalışan, dilin imkanlarını dəyərləndirən, hər misrasında yurd ağrısı, milli ruh və insan taleyi gizlədən yazardır.
Hər kəsin yaşadığı dövr var, bir də dövrünü yaşayanlar… Kənan Hacı həm dövrünü yaşayır, həm də onu yaradıcılığında təcalla etdirir.
Onun qələmindən həsrət süzülür, ancaq o həsrət fəryad deyil – bəlkə, bir çağırışdır.
Onun nəsrində insan ağrıları var, amma bu ağrılar ümidsizlik yaratmır – ümid oyadır, inam aşılayır…
O, həyatın sərt gerçəklərini süni pafosa bürümədən, gerçəkliyin öz dili ilə yazır. Ol səbəbdən Kənan Hacının əsərləri oxucunun ruhuna toxunur, yaddaşda iz qoyur.
O, bir şair olaraq, sözü yüngülləşdirmir, yəni sadəcə duyğu ifadə etmir – duyğunu ağıl süzgəcindən keçirib oxucuya təqdim edir. O, qafiyənin yükündən çox, fikrin yükünü çəkir. Bəlkə də ona görə, şeirləri interaktivdir – oxucu ilə dialoqa girir…
Jurnalistikanın içində isə Kənan Hacı intriqalardan uzaq duruşu, obyektiv və prinsipial mövqeyi ilə seçilir. Bugünkü informasiya xaosunda qələmi vicdanın tərəzisində tutmaq asan deyil. Yubilyar dostumuz qələmin gücünü şan-şöhrət vasitəsinə çevirmədən, onu vicdanın və xalqın xidmətinə yönəldib.
50 il – rəqəm kimi böyük görünməyə bilər, amma bu illərin içində neçə əsər, necə düşüncə, necə-necə duyğular və nəfəs var.
Bəli, dostum, “Özündən qaçmaq olmur”; qan
“Çəhrayı qan”a dönə bilir… bir də görürsən, “Quşlar üçün karusel” peşindəsən… Bir də görürsən, işlər səhmana süşür və “Yağ kimi” gedir, sən də, taleyin cilvəsiylə “Atamın sevgilisi” deyə bir əsər yazırsan…
“Yaddaş kartı” pozulmur… Ha yaxında “Rəqqasə”nin zərif döndərmələrinə, incə xallarına tamaşa et, ha “Uzaqdasan, soyuqdur” deyib, kövrəl – həyat həyatdır… Həmyaşıdlarınla, çağdaşlarınla “Ədəbiyyatın kulisi”ndə olub-bitənlər də, qədim nəğmə kimi oxunan “Fironun dəftəri” də ilgincdir – lap “İki qadını ayıran pəncərə” kimi…
Bir də, “Xəlbir və ney” var, “Fəna fadiləsi” var bir də…
Yubileyin qutlu olsun, dəyərli dost!
Qələminə qüvvət!
Möhkəm cansağlığı, iş avandlığı diləyirəm!
Qardaş məhəbbəti,
qonşu səmimiyyəti ilə:
Əkbər Qoşalı
https://www.facebook.com/share/1Uty21yK4w/?mibextid=wwXIfr
Martın 1-də Sumqayıt Poeziya Evində yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanının təqdimat mərasimi keçirilib.
Bizimyazı.az xəbər verir ki, “Açar” mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələri əks etdirən, real obrazlar sisteminə malik müasir romandır.
Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən müharibəsi və Zəfər dövrü ilə başa çatır. Obrazların yaşantıları, həyat mübarizəsi, sevgisi olduqca təbii lövhələrlə təsvir edilir.
Natəvan Dəmirçioğlunun “Açar” romanı mövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər.
Müəllifin ən böyük uğuru isə açar obrazını və simvolikasını Azərbaycan, hətta dünya ədəbiyyatında ilk dəfə söz sənətinə gətirməsidir./realtv/



Masazır kənd 3 nömrəli tam orta məktəbdə “Ədəbiyyat ruhun qidasıdır” adlı ədəbi-bədii görüş keçirilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin Poeziya sektorunun müdiri, tanınmış şair İbrahim İlyaslı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı şair-publisist Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair-publisist İntiqam Yaşar, Azərbaycanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev, AYB üzvü şair Hikmət Fərzəli, AYB üzvü şair Novruz Qələndərli, məktəb rəhbərliyi, gənc ədəbiyyatşünaslar, müəllim və şagirdlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Gülnarə Allahverdiyevanın salamlama nitqindən sonra söz qonaqlara verilib, qonaqlar çıxış edərək ədəbiyyatımızın həm keçmişi, həm bu günü ilə bağlı fikirlərini bölüşüb, eyni zamanda şeirlər səsləndiriblər.
Sonra şagirdlər qonaqlara öz suallarını ünvanlayıb, tədbirdə qonaq olan ədəbiyyat nümayəndələrinin yaradıcılıqlarından şeirlər söyləyiblər.
Tədbirin sonunda məktəbin direktoru Gülnarə Allahverdiyeva dəvəti qəbul edib şagirdlərlə görüşə gəldiklərinə görə qonaqlara kollektiv adından bir daha təşəkkür edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar.
İstehsalat təcrübəsinin ilk günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə poeziya tədbiri keçirilib. Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mansur, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, sədr müavini Ayşən Rəhim, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova iştirak edib.
Tədbirdə şairlər Taleh Mansur, İntiqam Yaşar və Ayşən Rəhim öz şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıblar.
Tədbir müzakirələrlə davam edib.
Türkiyədə yazıçı, şair və publisist Seyran Səxavətin romanları ilə bağlı dissertasiya müdafiə edilib.
Bizimyazı.az xəbər verir ki, Türkiyənin Egey Universitetinin Sosial Elmlər İnstitunun Türk dünyası ədəbiyyatları kaderasının magistr tələbəsi olmuş Sayad Həsənli tərəfindən hazırlanmış dissertasiya Seyran Səxavətin sosial-psixoloji romanlarına həsr olunub.
“Seyran Səxavətin həyatı, yaradıcılığı və sosial-psixoloji romanları” (“Seyran Sahavet’in Hayatı, Sanatı ve Sosyo-Psikolojik Romanları”) başlıqlı elmi iş “Ön söz”, “Xülasə”, “Giriş”, üç fəsil, “Nəticə” və tövsiyələrdən ibarət olub.
Tədqiqatın “Giriş” hissəsində Seyran Səxavətin həyatı və ədəbi fəaliyyəti ümumi şəkildə nəzərdən keçirilib. “Seyran Səxavətin həyatı, ədəbi şəxsiyyəti və əsərləri” adlı birinci fəsildə müəllifin həyatı, ədəbi kimliyi və fəaliyyəti həm onun xatirələrinə, həm də Azərbaycanın digər görkəmli ədəbi şəxsiyyətlərinin fikirlərinə və biblioqrafik mənbələrə əsaslanaraq analiz edilib.
“Seyran Səxavətin romanları” adlı ikinci fəsildə isə yazıçının sosial-psixoloji romanları — “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının hər biri, beynəlxalq roman analizi texnikası əsas götürülərək ad-məzmun, sujet xətti, obrazlar aləmi, tema, zaman-məkan, dil və üslub, baxış bucağı və təhkiyəçi nöqteyi-nəzərindən təhlil edilib. Bundan əlavə, romanların müqayisəli təhlilinə yer verilib.
“Sosial-psixoloji romanlarında cəmiyyət və fərd problemi” başlıqlı üçüncü fəsildə isə ədəbiyyat, cəmiyyət və fərd anlayışlarının elmi ədəbiyyatda necə işlənildiyi araşdırılıb və mövzunun əhəmiyyəti vurğulanıb. Bu fəsildə yazıçının romanlarında fərd və kollektiv, özgələşmə anlayışları sosial-psixoloji çərçivədə, obrazlar və yazıçı-təhkiyəçi-tarix əsasında araşdırılıb.
“Nəticə” hissəsində tədqiq edilən əsərlərin analizi zamanı əldə edilən əsas məqamlar təqdim edilib, həmçinin gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmaq niyyətində olan tədqiqatçılara tövsiyələr verilib.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının önəmli imzalarından olan və özünəməxsus üslubu ilə seçilən Seyran Səxavətin “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının tədqiq edildiyi bu dissertasiya Seyran Səxavətin əsərləri ilə bağlı ən geniş və hərtərəfli araşdırmalardan biri olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən incələndiyi ilk tədqiqatdır.
Dissertasiya Türkiyənin Milli Dissertasiya Mərkəzində (“Ulusal Tez Merkezi”) yayımlanıb.
Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan,Türkiyədə nəşr olunan “Kardeş kalemler” ədebiyyat dərgisinin 2025-ci ilin ikinci sayı çapdan çıxmışdır. Bu dərginin təsis olduğu vaxtdan işıq üzü görən 218-ci nömrəsidir.
Böyük Türk dünyasının ortaq ədəbiyyat dərgisində istedadlı qələm adamlarının bir-birindən maraqlı bədii əsərləri, şeir və hekayələri yer almaqdadır. Baş redaktor Osman Çeviksoyun ənnənəvi təqdimatı ilə açılan jurnalda azərbaycanlı müəlliflərin də əsərləri yer almaqdadır. Sevindirici haldır ki, dərginin bu sayında tanınmış, gənc və istedadlı şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı İntiqam Yaşarın şeirləri və yazıçı Coşqun Xəliloğlunun (Coşkun Haliloğlu) “Vicdan əzabı” adlı hekayəsi dərc edilmişdir. Müəllifləri təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, Azərbaycanın əməkdar jurnalisti, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı, kitabxana əməkdaşları və başqaları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bu gün kitabxananın Xanım Aydının kitab təqdimatına ev sahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirərək onun yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, əsərlərini böyük sevgi ilə yazıldığını və çox maraqlı üsluba malik olduğunu bildirdi.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kino ssenarilərin müəllifi olduğunu da söylədi.
Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələrində hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.
Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masası” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.
Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin hisslər fonunda yaratdığını nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.
“Ulduz” jurnalının Baş redaktoru, şair Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq, Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq istərsə də tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı, əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla canlandırdığını bildirdi.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, ssenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.
Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duyması əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimini mərhum atasının əziz xatirəsinə ithaf etdiyini söylədi.
Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

