• TÜRK DÜNYASI
    • AŞIQ SƏNƏTİ
    • TÜRK DÜNYASI
  • ƏDƏBİYYAT
    • ŞEİR
    • HEKAYƏ
    • DRAM
    • ƏDƏBİ TƏNQİD
  • SÖHBƏTLƏR
  • YAZILAR
  • İCTİMAİ
  • YENİLİKLƏR
  • QOY ŞƏKİL DANIŞSIN…
  • KİTABXANA
    • E-KİTAB
Bizim Yazı
keep your memories alive
Home İCTİMAİ
Category:

İCTİMAİ

İCTİMAİYAZILAR

Özbəkistanın Azərbaycan sevdalı şairəsi – Xasiyyət Rüstəm

by 2024-01-28
written by

Türklər tarix səhnəsinə çıxdıqları andan bəri bir əlində qılınc oynadaraq at üstündə salnamələrə düşəcək cəngavərliklər göstərmiş, bir əlində isə qələm tutub mürəkkəbi ilə ədəbiyyatlar yaradaraq dünya mədəniyyətinə möhür vurmağı bacarmışlar. Bizə bəlli olan ilk türk-uyğur şairi Arpınçor Tigindən bu yana misilsiz örnəkləri könül oxşayan ədəbiyyatımızın zəngin mirası bu gün də davam etməkdədir.

Böyük coğrafiyanın, minillik tarixin, əsrarəngiz ədəbiyyatın sahibi olan türklər boylara, soylara bölünsələr də, yenə də ortaq türk ədəbiyyatından bəhs etməkdəyik. İstər xalq ədəbiyyatının “Dədə Qorqud”u, “Manas”ı, istərsə də yazılı ədəbiyyatın M.Kaşğarisi, Y.Balasaqunlusu, N.Gəncəvisi, Ə.Yəsəvisi, Ə.Nəvaisi, M.C.Rumisi, Y.Əmrəsi, M.Füzulisi, A.Kunanbayevi, M.Fəraqisi, İ.Qaspıralısı, A.Çolpanı, N.Hikməti, Ç.Aytmatovu ilə fərqli türk xalqlarından doğan günəşlər birgə ulu bir irsin davamı olmuşlar. Ulu(q) sözünün əski mənası “böyük, nəhəng” deməkdir, indiki anlamı isə “qədim” çalarındadır. Bizim üçün isə bu mənada həm nəhəng, həm qədim anlamları keçərlidir.

Əsrlər boyunca – Tomrisdən tutmuş günümüzədək türk ulusunda qadının da kişi qədər önəmli mövqelərə sahib olduğuna tarix şahidlik edib. Mübariz türk qadını, həmçinin həssas və titrək bir qəlbə sahibdir. M.P.Vaqifin vəsf etdiyi “Həyası üzündə, əqli başında” türk qadınları, türk gözəlləri qələm əhli olmağın da öhdəsindən gəliblər. Azərbaycan ədəbiyyatında rübailəri ilə mənalar hörən Məhsəti Gəncəvi, ömrü iztirablar içində keçən Heyran Xanım, qəzəlləri ilə könlə incə cığır tapan Xurşidbanu Natəvan, ötən əsr ədəbiyyatımızın nəzmdə Mirvarid Dilbazisi, nəsrdə Əzizə Cəfərzadəsi indi ağlıma gələn sadəcə bir neçə isimdir.

Yuxarıdakı adları sadalayarkən bizə hər mənada yaxın olan ədəbi məktəbləri aşağı-yuxarı eyni yolu keçmiş özbək ədəbiyyatından Nadirə, Zülfiyyə, M.Usmanova, H.Xudaverdiyeva, Z.Möminova, F.Əfruz yaradıcılığı da türk qadın şairələrini düşünən zaman eyni zamanda işıq sürəti ilə xatirimdən axır.

Çağdaş özbək ədəbi “asiman”ında bu gün yeni bir ulduz parlayır, işıltısı Özbəkistan sınırlarını çoxdan aşmış, əsərlərinin çevriləri ilə qardaş türk ellərinin ədəbi cameəsinə bərq vurub, hətta beynəlxalq ədəbi arenada belə tərcümə edilərək “özbək şairəsi” deyə bir nəqş olub. Bu, Xasiyyət Rüstəm imzasıdır.

1971-ci ildə Özbəkistanın Namanqan vilayətinin Almaz kəndində anadan olan Xasiyyət İslaməli qızı Rüstəm ali təhsilini Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsində, sonra isə həmin universitetin ali Ədəbiyyat kurslarında alıb. 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışan şairə 2015-ci ildən etibarən Özbəkistanın məşhur “Kitab dünyası” qəzetinin baş redaktorudur.

Gəncliyin ən coşqun illəri, şübhəsiz, tələbəlik dövrüdür. Məhz bu dönəmdə qələmə sarılan gənc ilk ədəbi örnəklərini oxucuların ixtiyarına vermişdir. Zaman keçdikcə həmin şairənin incə ruhlu misraları əldən-ələ gəzib, eldən-elə dolaşıb, nəhayətində, Xasiyyət Rüstəm imzasını yaradıb. 1997-ci ildə nəşr olunan “Göydəki ev” ilk şeirlər kitabı sanki ona göylərdən bir ismaric gətirib, yolunu bəlirləyib. Onun öz məmləkətində işıq üzü görmüş “Nicat” (2003), “Təsəlli” (2005), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011), “Unudulmuş illər” (2014), “Sərgərdan buludlar” (2019), “Gecənin başı qaranlıq” (2021), “Dərbədər kölgələr” (2021), “Qəhvərən dəftər” (2021) adlı kitabları uğurlu yaradıcılığın məhsullarıdır.

Xasiyyət xanımın yaradıcılığı nəinki Özbəkistanda oxunur, o, həmçinin digər türk məmləkətlərində tanınır, hətta beynəlxalq nəşriyyatlarda belə öz ədəbiyyatlarını, ümumən türk ədəbiyyatını qürurla təmsil edir. Kitablarının Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Rusiya, Belarusiya, Ukrayna, Serbiya, Rumıniya, Vyetnam, Meksika, İngiltərə, ABŞ, Səudiyyə Ərəbistan kimi ölkələrdə nəşri ona yalnız şöhrət deyil, həm də böyük sevgi gətirib.

Sevgidən söz açmışkən, məhz bu dəm bu sözün yeridir: Xasiyyət xanıma özbək yazar adı ilə yanaşı, tərəddüd etmədən Azərbaycan qızı adını məmləkətimizə olan dərin məhəbbətindən dolayı vermək olar. Qəlbindəki Azərbaycan sevgisi onun poeziyasından yan keçməyib. O, həmişə Azərbaycanın acısını acı, sevincini sevinc bilib. “Mən ömrüm boyu anam üçün Azərbaycan idim…” deyən şairənin bu misrası da sözümüzə haqq verməkdədir. Axı insanı bəzən özündən belə yaxşı tanıyan varlıq anadır.

Təsadüfi deyil ki, şairənin xarici dillər içində ən çox nəşr olunduğu dil – Azərbaycan dilidir və Azərbaycanda ən çox nəşr edilən özbək yazarlardan biri Xasiyyət Rüstəmdir. Şairə indiyidək “Qorxunc” (2008), “Məcnun söyüd” (2020), “Leyli ağaclar” (2020), “Adı Lalə idi o qızın” (2020), “44 gün” (2021) adlı kitablarını ölkəmizin oxucularına sunmuşdur.

Xasiyyət xanım lirik hissləri həlim olan şairə təsiri bağışlayır. Əgər biz bu şeirlərdəki hissi ürəyi kardioqrama saldığımız kimi yoxlamaya salsaq, kəskin qalxış, yaxud qəfil düşüş görmərik. Düz xətt boyunca hərəkət edən hisslərin hərdən azacıq titrəşdiyini, yaxud emosiyadan doğan kədərdən endiyini, sevincdən isə qalxdığını görərik.

Telefon… Bir anlıq durdu nəfəsim,

“Sevirəm” söylədi… kəsildi səsim.

Sənə minnətdardır ürəyim mənim!

Telefon, olarmı sənə güvənim?

(Xasiyyət Rüstəm)

 

Ta dünya yaranan gündən bəri həyata baxış hər zaman müxtəlif olub. Şairlər də filosoflar kimidir, onlar da filosoflar kimi hər şeyə öz prizmalarından baxırlar. Həyat… Həyatın nə olduğunu özünə soran və bunu dərhal cavablayan Mikayıl Müşfiq bu məqamda xatırlanır:

Həyat nədir? Sual verdim özümə,

Mənasını çiçəklərdən öyrəndim.

Yaşadıqca çarpışmayı, sevməyi

Qəlbimdəki diləklərdən öyrəndim.

(Mikayıl Müşfiq)

 

Xasiyyət Rüstəm də öz yaradıcılığında həyatdan bəhs edən fikirlərə toxunub. Onun yaradıcılığında bir öz – şair duyumundan doğan həyat var, bir də o başqalarının gözündən həyatı qələmə alıb. Şair həyatı ilə bağlı özünə açıq sual verməsə də, ilmi-ilmə toxunan sətirlərindən bəllidir ki, “küləyi acı”, “yağışı yorğun”, “sabahı mənasız”, “Günəşi sərindir”. O bu gördüklərindən təəccüb edir və “Həyat” adlı şeirinin son bəndində sanki bir üsyan havası çalır:

Həyat, elə bumu vəd etdiklərin?

Bu nə gün-güzəran, nə gözləntidir?! –

Sabahı – mənasız, Günəşi – sərin,

Məni bu günlərmi səsləyəcəkdi?..

(Xasiyyət Rüstəm)

 

Bir də onun qələmindən doğan başqa həyatlar var. Məsələn “Məhbus” adlı şeirində bir məhbus üçün həyatın nə anlam ifadə etdiyi sərgiləyir:

Artıq geridədir qandallar, zindan,

Təmiz hava ilə nəfəs alıbdır, –

O – məhbus, günahkar… yaddaşında qan…

Lakin keçmiş ilə vidalaşıbdır…

Qarşıda – həyat var, yaşamaq… hər gün…

(Xasiyyət Rüstəm)

 

Hərdən elə düşünürəm ki, doğrudan da, gerçək şairlərin göylə, ilahi qatla bir bağlılığı var. S.Vurğunun “Vaqif” dramında Qacarın dilindən Vaqifə dediyi kimi:

“Yenə göylərdədir şair xəyalın?”

(Səməd Vurğun)

 

Şair olan kəs sıradan insanlardan, əlbət ki, fərqlənir. Lakin bu fərqlənmə sadəcə Tanrı vergisi olan istedadla yetinmir. Məsələ bundadır ki, hansı dövrdə, hansı dövlətdə yaşamasından asılı olmayaraq, şübhəsiz, qələm əhlinin xəyalı göylərdədir. Hətta onu da demək olar ki, bəzən kişi sənətkarlar pərvazlanan duyğularına sənətdə geniş meydan versələr də, bizim cəmiyyətdə qadın yazarlar bəzən göylərin hüduduna daraltmağa məcbur olurlar. Bu anlamda Xasiyyət Rüstəm yaradıcılığının fərqlilik təşkil etdiyini, hətta göylərə qanad açıb uça bilmək dilədiyini görməkdəyik:

Qanad açıb, uçaydım, kaş!

Göylə birgə uçaydım, ah!

Ey göyüzü, qaçır məni!

Öz bağrında

bircə dəfə uçur məni!

 

Yaşaram addım atmadan,

Uçmamağım – yaddan çıxmış…

Vəfasız qanadım məni,

nə zamansa,

torpağın təkinə çaxmış…

(Xasiyyət Rüstəm)

 

Sözsüz ki, şairə xanım özü və sözü bir şəxsiyyət olduğundan, düşüncələri və yaradıcılığı paralelliyi də diqqət cəlb edir. Azərbaycan oxucusu üçün onun şair kimi bütün məziyyətləri ilə yanaşı, daha bir cəhəti də maraqlıdır. Yuxarıda da qeyd etmişdik, Xasiyyət Rüstəm cani-könüldən Azərbaycan sevdalısıdır. Və istər-istəməz bu, onun yaradıcılığında da öz əksini tapıb. Hətta Vətənimizin çətin günlərində, savaş anlarında bir vətəndaş qayğısı ilə narahatlıq keçirdiyini görməkdəyik. Sanki içinə doğubmuş kimi Tovuz döyüşlərinin başladığı gün yazmağa başladığı “Adı Lalə idi o qızın” adlı poeması, nə təsadüf ki, döyüşlərin bitdiyi gün də başa çatır. Bu poema kiçik Lalənin bir daha tapa bilmədiyi gəlinciyinə, şokolad almaq üçün gedib, amma bir də geri dönməyən “abi”sinə doğan kədərdən ərsəyə gəlib. Bütünlükdə, Lalənin timsalında 30 ilə yaxın müddətdə elindən-obasından didərgin düşən Qarabağ sakinlərinin Vətən həsrətinə həsr olunub desək, yanılmarıq. Sanki şairə burada ədaləti bərqarər etmək üçün başlanğıcın gəlincikdən və “abi”dən keçdiyi qənaətindədir. Çünki orada hər kəsin geridə buraxdığı və bir daha əldə edə bilmədiyi yarım hekayələr qalıb, birisinin baş obrazı gəlincik idi, birisinin şokolad…

Səsimi dinlə.

Verdiyin dəftərin varaqlarında,

Haçandır tapmışam gəlinciyini.

Ha bugün, ha sabah gətirrəm sənə!

İki dünyanı da gəzib dərbədər,

Səninçün şokalad almağa gedən

Abini tapanda verəcəm xəbər…

(Xasiyyət Rüstəm)

 

Xasiyyət xanım, həmçinin “44 gün” adlı poemanın və “Yuxuma girər Qarabağ (gündəliklər)” adlı essələr toplusunun müəllifidir. Hər iki əsər Vətənimizin haqq savaşında olduğu dönəmdə ərsəyə gəlib. Hər misrasında həm sükut, həm də hayqırtı duyulan bu əsərlərdən yazarın da həmin günlər içində bizlər kimi gah ağladığını, gah da sevincdən uçduğunu hiss etməkdəyik.

O, vətənini sevən, milli kimliyini duyan şəxsiyyətdir. Bunu onun yaradıcılığından ziyadə, həm də baş redaktoru olduğu “Kitab dünyası” qəzetindən görə bilərik. Sanki qəzet özbək oxucusuna deyil, türk dünyasına, hətta ümumən dünya ədəbi cameəsinə sunulur.

Son söz olaraq, tez-tez ölkəmizə səfərə gələn özbəyin Azərbaycan sevdalı qızına, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin yeni şəkil almasında böyük əməyi olan yazara yaradıcılığında uğurlar arzu edir və qəlbində qardaş məmləkətə olan sevgisindən doğan məşəlin daim gur olmasını diləyirəm!

Məleykə MİRZƏLİ
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının doktorantı

2024-01-28 0 comment
1 FacebookTwitterPinterestEmail
İCTİMAİ

Azərbaycan Mətbuat Şurasında tanınmış Özbəkistan yazarı ilə görüş keçirildi

by 2024-01-26
written by

Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistanın “Şöhrət” medalı laureatı şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib.

Bizimyazı.az xəbər verir ki, görüşdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər və yazarlar iştirak ediblər.
Tədbir mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinin bir dəqiqəlik sükua yad olunması ilə başlanılıb.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin bioqrafiyası ilə iştirakçıları tanış edib.
“1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir.
X.Rüstəm Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazardır. Onun 44 günlük müharibə dönəmində yazdığı “44 gün” kitabı çap olunub. 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlamaqları əlamətdar məqamlardan biridir”.
MŞ sədri sözügedən şairin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu da diqqətə çatdırıb.
R.Məcid özbək jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib.
“Yeni Müsavat” media qurumunun rəhbəri Rauf Arifoğlu çıxışı zamanı X.Rüstəmin Özbəkistanı ədəbi cəhətdən Azərbaycanlaşdıran ziyalı kimi təsnif edib: “Xasiyyət xanımla Turan qurultaylarında görüşmüşəm, onun evində qonaq olarkən əsl ziyalı mühiti görmüşəm”.
R.Arifoğlu turan ellərində növbəti görüşlərin keçirilməsini arzulayıb.
Tədbirdə iştirak edənlər arasında “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, MŞ idarə heyətinin üzvü, jurnalist Ceyhun Musaoğlu, şair İlqar Türkoğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, DGTYB idarə heyəti üzvü Yusif Nazim Ərəbsoy, yazar Gülşən Behbud, gənc türkoloq Məleykə Mirzəli, gənc yazarlar Rübabə Sahib, Həsən Kür, Ayşən Rəhim, Banu Məhərrəm, “Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Eldəniz və başqaları yer alıb.
Çıxış edənlər özbəkistanlı yazarın yaradıcılığındakı xarakterik məqamları dilə gətiriblər. Onlar X.Rüstəmin türk xalqlarını bir-birinə yaxınlaşdırmaq amalını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər.Onlar qeyd ediblər ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi əhəmiyyət daşıyır. İştirakçılar dünyada Azərbaycana qarşı güc nümayiş olunduğu bir zamanda onun Türk birliyinin qorunmasına xidmət etməsini təqdirəlayiq olduğunu vurğulayıblar.
Tədbirin sonunda X.Rüstəm ədəbi fəaliyyətinə və gördüyü işlərə verilən yüksək dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını dilə gətirib. Azərbaycanda olmasından və tədbirdə iştirak etməsindən dolayı məmnunluğunu ifadə edib.
O, bu dəyərin və haqqında səslənən xoş fikirlərin onu daha da ruhlandırdığını bildirib. Azərbaycanı özünə ikinci vətən hesab etdiyini vurğulayan qonaq müəllifi olduğu şeirlərdən nümunələr səsləndirib.
Tədbirin sonunda X.Rüstəm tərəfindən Rəşad Məcid və İntiqam Yaşara rəhbəri olduğu qəzetin fəxri diplumları təqdim olunub. Xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub.

Ayşən Rəhim

 

2024-01-26 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİTÜRK DÜNYASI

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəm ilə ADPU-da görüş keçirilib

by 2024-01-26
written by

Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, “Şöhrət” medalı mükafatçısıı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova (Nağıqızı) açıb. O, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinin mövcudluğunu, bu gün də əlaqələrin yüksələn xətt ilə irəlilədiyini diqqətə çatdırılıb. Mahirə Hüseynova həmçinin müəllifin Azərbaycanda çap olunmuş kitablarının, Azərbaycanla bağlı olan yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən də araşdırılmasının, elmi qiymət verilməsinin vacibliyini qeyd edib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi əhəmiyyət daşıdığını, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmini vurğulayıb.
Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb, professor-müəllim heyəti ilə ədəbi əlaqələrimizin inkişafı yolunda görülməsi vacib olan işlər istiqamətində fikir mübadiləsi aparılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan “Kitab dünyası” qəzetinin hər sayında Azərbaycan müəlliflərinin yaradıcılıq nümunələrinin çap olunduğunu, Xasiyyət Rüstəmin yaradıcılığında, fəaliyyətində Azərbaycanla bağlılığın çox parlaq olduğunu vurğulamışdır.
Tədbirin sonunda professor, şair Mahirə Hüseynovaya (Nağıqızına), şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya “Kitab dünyası” qəzetinin fəxri diplomları təqdim olunub. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşıb.

2024-01-26 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİTÜRK DÜNYASI

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub

by 2024-01-25
written by

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.
AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb. Onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.
Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik edib.
Daha sonra çıxış edən. Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər.
Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.
Tədbirin sonunda Xasiyyət Rüstəm tərəfindən tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomu təqdim olunub. Tədbirə yekun vurulub.

2024-01-25 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİ

Dünya Gənc Türk Yazarlar Birliyindən Fransaya BƏYANAT: Natəvanın heykəlinə qarşı edilmiş nalayiq hərəkəti qınayırıq!

by 2024-01-23
written by

Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə qarşı Dünya Gənc Türk Yazarlar Birliyi nümayəndələrindən – BƏYANAT

Görkəmli Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkət vandalizm, ümumilikdə mədəniyyət amilinə qarşı atılmış təhqiredici addımdır. Xurşidbanu Natəvan Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O yaşadığı dövrdə istər mədəniyyətə göstərdiyi xidmətlərə, istərsə də insanların gözəl yaşamı üçün gördüyü işlərə görə bu gün də minnətdarlıqla xatırlanır. O həm şair kimi, həm də xeyriyyəçi kimi parlaq fəaliyyəti ilə tarixləşmişdir.  Biz Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasının müxtəlif ölkələrindən olan üzvləri olaraq Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayır və bu kimi addımların yolverilməz olduğunu bəyan edirik.

Statement from representatives of the World Young Turkish Writers Union against the insulting of Khurshidbanu Natavan’s statue in France

The indecent act against the statue of the prominent Azerbaijani poet and public figure Khurshidbanu Natavan erected in 2017 in Evian-le-Bain, France is vandalism and an insulting step against the notion of culture in general. Khurshidbanu Natavan is one of the brightest figures in the history of Azerbaijan. Even today, she is gratefully remembered for the services she rendered to culture and the work she did for the better life of people during her lifetime. She is noted for her brilliant activity both as a poet and as a philanthropist. We, as members of the World Young Turkish Writers Union from different countries of the Turkic world, condemn this action against the statue of the prominent poet of Azerbaijan Khurshidbanu Natavan and declare that such actions are unacceptable.

Déclaration des représentants de l’Union Mondiale Des Jeunes Ecrivains Turcs contre l’insulte à la statue de Khurshidbanu Natavan en France

L’acte indécent contre la statue de l’éminent poète et personnalité publique azerbaïdjanaise Khurshidbanu Natavan, érigée en 2017 à Evian-le-Bain, en France, constitue du vandalisme et une mesure insultante contre le facteur culturel en général. Khurshidbanu Natavan est l’une des figures les plus brillantes de l’histoire de l’Azerbaïdjan. Aujourd’hui encore, on se souvient de lui avec gratitude pour ses services à la culture et le travail qu’elle a accompli pour améliorer la vie des gens. Elle reste dans l’histoire à la fois comme poète et comme philanthrope.Nous, en tant que membres de l’Union Mondiale Des Jeunes Ecrivains Turcs de différents pays du monde turc, condamnons cette action contre la statue de l’éminent poète azerbaïdjanais Khurshidbanu Natavan et déclarons que de telles actions sont inacceptables.

Fransiyadagi Xurshidbonu Notavon haykali tahqirlanishiga qarshi Jahon yosh turk yozuvchilar uyushmasi vakillaridan bayonot.

Atoqli ozarbayjon shoirasi va jamoat arbobi Xurshidbonu Notavonning 2017-yili Fransiyaning Evian-les-Bains shahrida o‘rnatilgan haykaliga nisbatan qilingan nomaqbul harakat vandalizm va umuman, madaniy qadriyatlarga nisbatan tashlangan haqoratli qadamdir. Xurshidbonu Notavon Ozarbayjon tarixidagi eng yorqin shaxslardan biridir. Oʻz davrida ko‘rsatgan xizmatlari, insonlarning farovon hayot kechirishi yo‘lida amalga oshirgan saʼy-harakatlari sababli bugun ham uning nomi hurmat bilan yodga olinadi. Biz, Turk dunyosining turli davlatlarida faoliyat koʻrsatuvchi Jahon Yosh Turk Yozuvchilar uyushmasi a’zolari sifatida Ozarbayjonning atoqli shoirasi Xurshidbonu Notavon haykaliga nisbatan qilingan bunday tahqirlovchi harakatni qoralaymiz va bu kabi xatti-harakatlarga aslo yo‘l qo‘yib bo‘lmasligini maʼlum qilamiz.

Fransa’da Hurşitbanu Natevanın heykelinin aşağılanmasına karşı, Dünya Genç Türk Yazarlar Birliği temsilcilerinden bildiri!

Ünlü Azerbaycan şairi ve önemli şahsiyetlerinden Hurşitbanu Netevan’a Fransa’nın Evian-le ban şehrinde 2017 yılında açılmış anıtının aşağılanması olayı ,barbarlık genel olarak da kültürel değerlerin aşağılanması olgusudur. Hurşitbanu Netevan Azerbaycan tarihinin en güzide şahsiyetlerinden biridir. Yaşadığı dönemde gerek kültürel faliyetleri,gerekse insanlığa hizmetiyle ,günümüzde minnettarlık ve saygıyla anılmaktadır.O hem şair, hemde hayırsever vatandaş olarak, parlak faliyetiyle tarihe iz bırakmıştır. Biz Dünya Genç Türk Yazarlar birliğinin ,Türk dünyasının değişik ülkelerindeki  oluşan temsilcileri olarak Azerbaycan’ın ünlü şairi Hurşitbanu Netevan’a karşı bu çirkin saldırıyı kınıyor, bu tür saldırıların ırkçılık ve evrensel kültür değerlerine saygısızlık olarak değerlendiriyoruz.

ЗАЯВЛЕНИЕ представителей Всемирного союза молодых турецких писателей против оскорбления статуи Хуршидбану Натаван во Франции.

Непристойный поступок против памятника выдающемуся азербайджанскому поэту и общественному деятелю Хуршидбану Натаван, установленному во французском Эвиан-ле-Бен в 2017 году, является вандализмом и оскорбительным шагом против культурного фактора в целом. Хуршидбану Натаван-одна из самых ярких фигур в истории Азербайджана. И сегодня её с благодарностью вспоминают за заслуги, которые она оказала культуре, и за работу, которую она проделала для лучшей жизни людей при жизни. Она известна своей блестящей деятельностью как поэта, так и мецената. Мы, как члены Всемирного союза молодых турецких писателей из разных стран тюркского мира, осуждаем эту акцию против статуи выдающейся поэтессы Азербайджана Хуршидбану Натаван и заявляем, что такие действия недопустимы.

Франциядағы Хуршидбану Натеванның мүсінін қорлауға қарсы  Дүниежүзі жас түркі Жазушылар Одағы мүшелерінің  Мәлімдемесі

2017 жылы Францияның Эвиан-ле-Бен қаласында орнатылған белгілі әзербайжан ақыны және қоғам қайраткері Хуршидбану Натеванның мүсініне қарсы жасалған жалпы адамдық қасиеттен ада әдепсіз, вандализм мен жалпы мәдени факторға қарсы жасалған қорлық қадам болып табылады. Хуршидбану Натаван – Әзербайжан тарихындағы ең жарқын тұлғалардың бірегейі. Көзі тірісінде мәдениет саласында жасаған қайраткерлігі мен азаматтығы, халықтың жақсы өмір сүруі үшін атқарған еңбегі бүгінде ризашылықпен еске алынады. Ол ақын ретінде де, меценат ретінде де тамаша қызметімен ерекшеленеді. Түркі әлемінің түкпір-түкпірінен рух біріктірген Дүниежүзі жас түркі Жазушылар Одағының мүшелері ретінде Әзербайжанның көрнекті ақыны Хуршидбану Натеванның мүсініне қарсы жасалған озбырлықтың барлық түрін айыптаймыз, жағдайды үнемі назарымызда ұстаймыз, мұндай әрекеттің қайталануына жол берілмейтінімізді мәлімдейміз.

  1. İntiqam Yaşar – Azərbaycan Respublikası
  2. Özgür Bacaqsız -Türkiyə Respublikası
  3. Erkinbek Serikbay- Qazaxıstan Respublikası
  4. Sayat Kamşiger – Qazaxıstan Respublikası
  5. Gülnaz Fayzulla- Qazaxıstan Respublikası
  6. Mehrinaz Abbas – Özbəkistan Respublikası
  7. Dilroba Norqulova – Özbəkistan Respublikası
  8. Rizkul İzzatova -Qırğız Respublikası
  9. Bekbolat Sarıbay – Qırğız Respublikası
  10. Ayşən Rəhim -Azərbaycan Respublikası
  11. Ümid Nəccari – Güney Azərbaycan
  12. Ramin Cəbraili Yaşar – Güney Azərbaycan
  13. Rahmat Babacan- Özbəkistan Respublikası
  14. Ənvər Aykol – Türkiyə Respublikası
  15. Dərya Akdemir -Türkiyə Respublikası
  16. 16. Jamshid Nurqul Özbəkistan Respublikası
  17. 17. Asliddin Yunusov – Özbəkistan Respublikası
2024-01-23 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİ

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

by 2024-01-20
written by

24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.

Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)

2024-01-20 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİ

“Tariximizdən günümüzə irfan mədəniyyətimiz bə könül ərləri” adlı tədbir keçirilib

by 2024-01-12
written by

Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə “Tariximizdən günümüzə irfan mədəniyyətimiz və könül ərləri” adlı tədbir keçirilib.
Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci il dönümünə həsr olunmuş “Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz və Könül Ərləri” adlı tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, QHT sədrləri, Türkiyə səfirliyinin müşavirləri və mətbuat nümayəndələri iştirak edib.
Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Bununla açıq elan edilən tədbirdə daha sonra “İrfan Mədəniyyətimizin Könül Ərləri” adlı videoçarx izlənilib.
Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim çıxış edərək irfan mədəniyyətimizin zəngin olduğunu və coğrafiyamızda tarixdən bugünədək könül ərlərinin insanın qəlbinə toxunaraq cəmiyyətin mənəvi duyğular üzərində qurulmasında böyük rol oynadığını qeyd edib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı irfan mədəniyyətimizlə bağlı keçirilən tədbirin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib və təşkilatçılara təşəkkür edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tarixə nəzər yetirəndə elm-irfan sahiblərinin bütün aspektlərdə həmişə cəmiyyətə fayda veriblər, onlar insanlarda sevgi, şəfqət, barış, mərhəbət duyğularını aşılamağa çalışıblar, deyə çıxış edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Qəmər Cavadlı çıxışlarında Azərbaycanda istər dövlət səviyyəsində, istərsə də vətəndaşlar tərəfindən mənəvi dəyərlərə diqqət və hörmətin hər zaman olduğunu qeyd ediblər, həmçinin tədbirlərin keçirilməsi və irfan mədəniyyətimizin xatırladılmasının vacib olduğunu vurğulayıblar.
Təşkilat komitəsi adından çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar iştirak etikləri üçün qonaqlara təşəkkürünü billdirib və dəyərli mövzu ətrafında keçən bir neçə saatın insanlara zövq verəcəyini ifadə edib.
Daha sonra Türkiyə Sabahattin Zaim Universiteti İlahiyyat fakültəsinin dekanı Prof. Dr. Hasan Kamil Yılmaz bəy mövzu ilə bağlı geniş çıxış edib.
Sadiq Novruzov və Abdullatif Çağının təqdimatında ilahilər dinlənilib.
Tədbirin sonunda millət vəkili Ceyhun Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit təşkilat komitəsi ilə birlikdə qonağa hədiyyələr təqdim ediblər.
Kollektiv foto ilə tədbirə yekun vurulub.

2024-01-12 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİ

Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş dəyirmi masa keçirilib

by 2024-01-10
written by

9 Yanvar 2024-cü il tarixində saat 15:00-da Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin təşkilatçılığı əsasında Qazaxıstan Yazıçılar Birliyinin üzvü, qazax şairi Tanagöz Tolkınqızının iştirakı ilə Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş dəyirmi masa keçirilib.

Əli Kərim adına Poeziya Klubunun müdiri, şair İbrahim İlyaslı tədbiri açıq elan etdikdən sonra yazarların bir-biri ilə yaxından tanışlığı və ayrı-ayrı türkdilli ölkələrlə ədəbi münasibətlərin yaradılması məqsədi ilə təşkil olunan dəyirmi masanın rolunun böyük olduğunu və bu tip görüşlərin türk xalqları arasında öz faydasını verəcəyini bildirərək qazax şair Tanagöz Tolkınqızını tədbir iştirakçılarına təqdim edib.

T.Tolkınqızı görüş iştirakçılarını salamladıqdan sonra həyat yolundan və yaradıcılığından bəhs edərək şeirlərindən söyləyib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov türkdilli xalqların ədəbiyyatının öyrənilməsində tərcüməçilərin yetişdirilməsinin vacibliyini bildirib. Türk ədəbiyyatının təkcə türkdilli xalqlar arasında deyil, həm də dünya miqyasında tanınması məqsədi ilə ədəbi-mədəni əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb.

Şair və yazıçılardan: Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Hikmət Fərzəli, Polad Məmmədov, Əbülfəz Əhməd, Lilpar Cəmşidqızı, Aygün Fikrətqızı; mədəniyyət işçiləri: Əli Niyazbəyli, Elnarə Rəşidova, Şəmistan Muradxanlı, Aytəkin İsmayılova və başqaları öz çıxışlarında türkdilli xalqlarla ədəbi-mədəni əlaqələrin daimi olmasını arzulayıblar.

Tanagöz Tolkınqızı DGTYB-nin başqanı şair İntiqam Yaşar tərəfindən Dünya Gənc Türk Yazarlar Birliyinin diplomuna layiq görülüb.

Sonda peşəkar foto-müxbir Şakir Rəhman tərəfindən xatirə şəkilləri çəkilib.

2024-01-10 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİ

Ziyalılar “Təbrizin səsi”ndən danışdılar – FOTOLAR

by 2024-01-06
written by

Məlum olduğu kimi, ötən ay Güney Azərbaycanın məşhur ozanı Aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi Təbrizin “Dalğa” musiqi qrupu dördillik fasilədən sonra yenidən Bakının qonağı olub. 1990-cı ildə Təbrizdə Çingiz Mehdipurun rəhbərliyi ilə yaradılan “Dalğa” qrupu  aşıq musiqisini yeni üslubda dünyanın bir çox ölkələrində təbliğ edib. Güneyli sənətçilərin bu taylı həmkarları ilə birlikdə ərsəyə gətirdiyi maraqlı və zəngin repertuar Heydər Əliyev Sarayında baş tutub. İfa edilən musiqilər konsertə toplaşmış çoxsaylı aşıq yaradıcılığı izləyicisini milli musiqimizin heyranedici aləmində ruhi-mənəvi birliyə qovuşdurdu. Sözügedən konsert proqramında  güneyli-quzeyli sənətçilər bir araya gəldilər. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim etdilər. Təqdim edilən kompozisiya və digər solo təqdimatlar salonda  yük­sək coşğu və alqışlara səbəb oldu.

İzləyicilər arasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, tanınmış professor, şair Mahirə Nağıqızı Hüseynova, Məclis Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şair Ümid Nəccari, “Türküstan” media qrupunun rəhbəri Aqil Camal, , tanınmış təhsil mütəxəsisi Samir Turan və “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu konsertlə bağlı fikirlərini bölüşdülər.

Sabir Rüstəmxanlının fikrincə, “Təbrizin səsi” konsertinin Bakıda baş tutması, həsrətində olduğumuz qardaşlarımızın səsinin, sözünün eşidilməsi böyük hadisədir:

“Bu proqrama o taylı, bu taylı Azərbaycanın məşhur aşığı rəhbərlik edir. Onun xidmətlərini saymaqla bitməz. Konsert çox yaxşı keçdi. Çingiz Mehdi Azərbaycanın çağdaş şairlərinin şeirlərinə mahnılar bəstələmişdi. İstərdim ki, daha çox Təbrizin öz aşıqlarının, ifaçılarının mahnılarını eşidək. Ansamblın böyük əksəriyyəti Təbrizdən idi. Müğənnilərin də sayının çox olmasını arzulayıram, çünki biz Təbriz aşıqlarının həsrətindəyik. Aradan xeyli vaxt keçib, bu qədər məsafə var, amma aşıq ənənələri olduğu kimi qalır. Dədə Qorquddan Yunus Əmrə, Xəstə Qasım, Qurbani, Aşıq Abbas Tufarqanlı, Açıq Ələsgərə uzanan bir yol var. Bu yol yazılı ədəbiyyatın yanında dilimizin saflığını, duruluğunu qoruyub saxlayıb. Qoşmalar, gəraylılar  öz təmi dilinə görə aşıqlara borcludurlar. Ona görə aşıq sənətinin ədəbiyyatımızda, milli kimliyimizin qorunmasında çox böyük rolu var”.

İşıqlı ziyalı, vətənpərvər vətəndaş, nümunəvi Azərbaycan xanımı - Mahirə Hüseynova

Mahirə Nağıqızı Hüseynova isə sözlərinə belə davam edib: “Milli musiqi alətimiz saz əsrlərlə xalqın ən yaxın simsarı olub. Hər bölgənin aşıqları müəyyən xüsusiyyətləri ilə seçilir. Təbrizdə yayılan aşıq yaradıcılığında da bir sıra ənənəvi xüsusiyyətlər nəzərə çarpmaqdadır. Təbrizin “Dalğa” qrupu aşıqlarının saza böyük sevgi və hörmətlə yanaşmasında, ləhcəsinin şirinliyində, saz ilə davranma bacarığında, səhnə mədəniyyətlərində, qədim ənənələri yaşatmaqlarında, ifalarının zənginliyində biz bu fərqliliyin şahidi olduq.

Təbriz aşıqlarını dinləyərkən onun da şahidi olduq ki, saz fəryaddı, saz iniltidir, saz əsarətdə olan torpaqlarımızın bizə yana-yana çatdırdığı həsrət nəğməsidir, eyni zamanda, saz bizi döyüşlərə ruhlandıran, qələbəyə səsləyən, zəfər qazandıran Dədə Qorqud çağırışı, Koroğlu nərəsidir.

Təbriz aşıqlarının səhnə mədəniyyəti və zəngin saz ifaları çoxəsrlik tarixə malik aşıq sənətinin qədim ənənlərini bir daha gözlərimiz önündə canlandırdı”.

Konsertlə bağlı təəssüratlarını bölüşən Əkbər Qoşalı bildirdi ki, sözügedən ozan məclisi ən yaxın tariximizdəki mədəniyyət hadisəsi kimi yaddaşlarda qalacaq: ” Heydər Əliyev sarayında keçirilən və anşlaqla keçən bir tədbirin adında gecə olsa da, bizə gündüz kimi gələn bir hadisədən danışırıq. Hadisə sözünü təsadüfən işlətmirəm. Çünki Təbrizin adı ilə aşıq sənəti ilə bağlı olan və Çingiz Mehdipurun adının üstündə olduğu bir tədbir könüllərimizə işıq salır, yaddaşımızı oyadır, mədəni irsimizə peşəkar münasibəti, bütövlüyümüzü təcəssüm etdirir. Tədbir həm də bu günümüzü bir daha düşüncələr müstəvisindən sənətin estetik dəyərləri müstəvisinə xoşməramlı bir şəkildə daşımağımıza kömək edir və gələcəyimizə sənət işığı salır”.

Qorxmaz Tofiqoğlu “Təbrizin səsi”ni  ədəbi körpü adlandırdı. Onun sözlərinə görə, bu körpü tarixən xidmət edəcək və bağın birləşdirdiyi sənətkarlar gələcəkdə də münasibətləri qoruyacaqlar:

“Qrupun fəaliyyətində daha çox klassik havaları ilə modern üslubun vəhdətindən proqram tərtib olunub. Çingiz Mehdipur sazı saya şəklində yox, daha çox ritm alətlərinin və digər musiqi alətlərinin müştərəkliyi ilə təqdim etməyi sevir, bu üslub ona xas üslubdur.KonsertAzərbaycan tamaşaçısının zövqünü nəzərə alaraq proqram tərtib olunmuşdu. Çingiz Mehdipur hər dəfə təkcə musiqiyə yox, səhnə geyiminə də çox ciddi şəkildə yanaşır. Səhnəyə ənənəvi qəlpəyi şalvarlarda deyil, milli ornamentlərlə işlənilmiç çuxalarda çıxırlar. Təbriz miniatür sənəti dünyanın ən böyük məktəblərindən biridir. Təbrizdə tikilmiş, Azərbaycan naxışları ilə bəzədilmiş geyimlərdə çıxırlar. Bu, folklorun tərkib hissədir”.

İntiqam Yaşar Təbrizin səsini Azərbaycanın birinci sarayından duymağın böyük bəxtiyarlıq olduğunu dilə gətirdi:

“Görkəmli sənətkarımız Aşıq Çingiz Mehdipur uzun illərə dayanan fəaliyyəti ilə bütöv Azərbaycan mədəniyyəti üçün böyük işlər görüb.  Onun rəhbərlik etdiyi “Dalğa” qrupu Azərbaycanın aşıq sənətini dünyanın bir çox ölkəsində uğurla təqdim edib.   Bakıdakı konsert isə özlüyündə bir sənət bayramına, milli düşüncə daşıyıcılarının unudulmaz gününə çevrildi. Bir-birindən gözəl musiqi nümunələri, seçilən şeirlər, tanınmış televiziya aparıcısı Qorxmaz Tofiqoğlunun aparıcılığı bir-birini çox gözəl tamamladı. Arzum bu olardı ki, bu konsert ölkənin paytaxtından bölgələrinə də daşınsın”.

Samir Turan “Dalğa”qrupu barədə belə dedi: “Qrup həm ustalıq, həm də qədim sənəti yaşadan topluluqdur. Saz, nəfəs və ritm alətlərinin birgə ahəngi ilə təkrarsız sənət nümayişi olundu”.

Ümid Nəccari beynəlxalq mükafata layiq görüldü

Ümid Nəccari hesab edir ki, güneyli sənətkarlarımız tərəfindən bu konsertdə ifa olan musiqilərin məzmunu Güney Azərbaycanda yaşayan Azərbaycanlılar tərəfindən Azərbaycanın böyük qələbəsinə göz aydınlıq mesajı idi. O qeyd etdi ki, qrupun rəhbərliyi tərəfindən seçilən musiqilərin bir neçəsi Qarabağ havasına və eləcə də “Təbrizin səsi”nə köklənmişdi:

“Güney Azərbaycanda yaşayan soydaşlarımızın çoxu bu konserti yaxından izləyə bilməsə də bu konsertin keçirilməsini öz sosial şəbəkələrində paylaşıb və bir daha öz həmrəyliklərini bildirdilər. Bu konsertdə ifa olan musiqiləri sevə-sevə öz şəxsi hesablarında paylaşır və “Təbrizin səsi” Bakıda dalğalanır deyə qurur duyurlar”.

Aqil Camal: Rusiya sülhməramlıları faktiki tərəfə çevriliblər – BAYRAQDAR MEDİA

Aqil Camalın sözlərinə görə isə, Azərbaycan xalqının bu gün gəldiyi nöqtədə özünü 50 milyon kimi hiss etməsinin təməlini bizi bir arada tutan dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi öyrənməyimiz, bir-birimizə çatdırmağımızdır.

“Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan soydaşlarımız kəskin teokratik rejimin sərt basqıları altında mədəniyyətin müxtəlif sahələrində, musiqinin müxtəlif janrlarında böyük uğurlara imza atıblar. Amma, təəssüf ki, Quzey Azərbaycanda Güneyin sənət adamlarının səsini heç də istənilən səviyyədə eşidə bilmirik, onları çox az tanıyırıq. Bu baxımdan, Çingiz bəyin rəhbərlik etdiyi “Dalğa” qrupunun Bakıda konsert proqramı ilə çıxış etməsi olduqca önəmli idi.

Çingiz bəy öz qrupu ilə birlikdə uzun illərdi Azərbaycan aşıq sənətinə, saz sənətinə böyük xidmətlər göstərib. Sazın cilalanması, səs imkanlarının artırılması, saz havalarının müasir dinləyicinin zövqünü, ruhunu oxşayan tərzdə hazırlanması, ifa edilməsi… akademik şəkildə çatdırması saza, aşıq sənətinə milyonlarla soydaşmızın bağlanmasına səbəb olur.

Bu baxımdan, “Dalğa” qrupunun konsretlərinin xüsusilə, Quzey Azərbaycanın saz-söz sənətinin öndə tutulduğu bölgələrində təşkili vacibdir. Mənim doğulub boya-başa çatdığım Kəlbəcərdə saz-söz sənətinə hər zaman sevgi olub. Az qala hər evdə saz olub. Eynilə bizim evdə. 30 il əvvəl biz işğal zamanı evimizi tərk edərkən evimizdən götürdüyümüz və bu günə gəlib çatan tək dəyərli əşya sazımız oldu.

Mən arzu edirəm ki, işğaldan azad olunan və yenidən dirçələn rayonlarımızda Çingiz bəy öz qrupu ilə konsertlər versin, bu bölgələrdən yeni ardıcıllarını üzə çıxarsınlar” – deyə o, sözlərini yekunlaşdırıb.

Ayşən Rəhim

Globalinfo.az

2024-01-06 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİYENİLİKLƏR

Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin iclası keçirilib

by 2023-12-31
written by

30.12.2023-cü il tarixində Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin iclası keçirilib. İdarə heyətinin iclasında bir çox məsələlər müzakirə olunub. 2024-cü il ərzində icra olunacaq fəaliyyət planı barədə fikir mübadiləsi aparılıb. Təşkilatın başqanı İntiqam Yaşar tərəfindən İdarə Heyəti üzvlərinin yenilənmiş üzvlük vəsiqələri təqdim olunub.

                       

2023-12-31 0 comment
0 FacebookTwitterPinterestEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Azərbaycan–Özbəkistan müttəfiqliyindən yeni Türk dünyası düzəninə

    2026-08-22
  • Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova şəhid ailəsini ziyarət edib

    2026-08-20
  • Xarıbülbülün kölgəsində sözün yurdu Ankaradan Bakıya, Qazaxdan Ağdama və Şuşaya səyahət gündəliyi

    2026-08-19
  • Oktay Hacımusalı – “Çingiz xanın əsgəri”

    2026-08-15
  • Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub

    2026-08-15

Bölmələr

  • ARAŞDIRMA (5)
  • AŞIQ SƏNƏTİ (21)
  • BAŞ YAZI (551)
  • E-KİTAB (2)
  • ƏDƏBİ GÜNDƏM (10)
  • ƏDƏBİYYAT (19)
  • HEKAYƏ (6)
  • HEKAYƏ (1)
  • İCTİMAİ (225)
  • İLK ADDIM (2)
  • Kateqoriyasız (6)
  • QOY ŞƏKİL DANIŞSIN… (16)
  • ŞEİR (16)
  • ŞEİR (61)
  • SÖYLƏŞİLƏR (67)
  • TÜRK DÜNYASI (234)
  • YAZILAR (648)
  • YENİLİKLƏR (303)
Facebook Twitter Linkedin Youtube
  • Facebook
  • Twitter

@2021 - All Right Reserved. Designed and Developed by PenciDesign


Back To Top
Bizim Yazı
  • TÜRK DÜNYASI
    • AŞIQ SƏNƏTİ
    • TÜRK DÜNYASI
  • ƏDƏBİYYAT
    • ŞEİR
    • HEKAYƏ
    • DRAM
    • ƏDƏBİ TƏNQİD
  • SÖHBƏTLƏR
  • YAZILAR
  • İCTİMAİ
  • YENİLİKLƏR
  • QOY ŞƏKİL DANIŞSIN…
  • KİTABXANA
    • E-KİTAB