Ana səhifə BAŞ YAZI Çağdaş Rumın şeirinin gənc qızı – ANKhA MİKhAELLA BRUMA

Çağdaş Rumın şeirinin gənc qızı – ANKhA MİKhAELLA BRUMA

Müəllif: Bizim Yazı
1. 190 baxış

SƏNİ HİSS EDİRƏM…

Səni hiss edirəm, hər şeydə səni…
O doyumsuz gecələrdə gözlərinin dərinindəki çıraqda,
O yerdə ki, kəpənəklər arzuları bənd eləyir bir-birinə,
Ürəyimin döyüntüsü kompas kimi yol göstərir qaranlıqda.

Səni hiss edirəm, hər şeydə səni…
Qış yuxusu ilə yaz arasında yaprıxan göy otlar kimi
Məktubunun küncündə dincələn nəfəsini.

Səni hiss edirəm, hər şeydə səni…
Dözümsüzlük və ritmik qürubun girişində.
Deyilməmiş sözlərin yuxusuz daşa dönüncə içimdə.

Səni hiss edirəm, hər şeydə səni…
Nəfəsimi gizlədəndə şeirlərin ahəngində,
Addıımların sükutunda, gözlərimdəki həsrətin küncündə..

Səni hiss edirəm, hər şeydə səni…
Varlığını bütünlükdə içimə çəkdiyim zaman
Sanki teatr yaradır gözqamaşdıran gözəllik səhnəsinin xışıltısı.

Səni hiss edirəm, hər şeydə səni…
Keçmişin ən unudulmaz, bütün qızıl anlarında,
Sərgərdan və sənə dair duyğuların coşğusunda.

Səni hiss edirəm, hər şeydə səni…
Səssizcə bənzərliyində, dalğalı əkslərində,
Nəfəsimin naxışıyla sənin düşüncələrinin yan-yana şəkillərində.

Səni hiss edirəm, hər şeydə səni…
Verdiyin bütün qəm-kədər damarlarımda gəzərkən,
Fikirlərin üz-gözümdə özünə bir yer edərkən.

Səni hiss edirəm, hər şeydə səni…
Bütün rəhmsiz payızın vurulduğum səhərində,
Uzunömürlü qış məni diriltməyə gəldiyində.

Səni hiss edirəm, hər şeydə səni…
İndi bu məktubu yazıb öpüşümlə möhürlərkən,
Mənim istəklim! Qəlbimdə böyüyürsən!..
12 fevral, 2015

BİR GÜN SƏNİ UNUTMAQMI..?

Bilirsənmi? –
Bir gün səni
xilas edəcəyəm
qəlbimdən!

Uzaqdan…
Uzaq çeşməsindən
gözlərinin
yağacaq son yağışı
Həmin anda… adsız…

Xatırlamaq istəyərdim səni necə unutmağı!..

Bu da sənin sözündü,
Ürək döyüntündən
Məhrum olan söz…
Bu bir qar qışqırığı.

Viran qoydu nəfəsimi bu çərşənbə axşamı,
Anladım ki, həyatla gömrük ödəmək olmaz…
Necə də xatırlamaq istərdim unutmağı!..

O gün…
insafsızca gələcək…
və qum saatı da axıb bitəcək.
tükənəcək bütün bu əzgin fikirlər, sapfir nağıllar…
Bilirəm,
Həddən artıq diz çökmüşdü saflığa
mənim sənə uçuşum.

Sonunda…
Səni uzaq tutacağam özümdən.
Köhnə macəra içində darıxıram varlığımçun,
Belə getsə böləcəyəm ömrü hələ parçalara…

Bilirsənmi?..
Lazımınca
yer yox idi ikimizə
bu yarımçıq
simfonik həyat içində.

Sonunda
Xilas olacaqsan.
Mən də unudacağam
xəncər kimi kəsən sözlərini,
Damarlarımı coşduran
xəyali öpüşlərini…

Və o gün
istər-istəməz gələcək…

Mənim ümidlərim
Bir ulduzun
ayağına döşənəcək.

Qəlbinin hökmü nədir?
Ondan uğultu qalır,
yoxluğundan danışanda
o da yoxdu…

Bu sadəcə bir yol idi,
bizə keçmək qalırdı elə.

Sənin giley-güzarını
artıq eşitməyəcəyəm,
hətta sədasını belə.

Qapalı uçuş yolu var
aramızda,
Sən ruhumun bir küncündə
O paslanmış günü seçdin.

Vaxtın durduğu yerdə,
Bu əbədi an
unutqanlıq məni sardığı zaman,
həssas… heç nə söyləmədən…
Səni sevdim, unutmadan,
Sənsiz, özümdən ötədə…

Qırılıb-tökülmə il…
Üstümə aşma fəsil…
hələ gedib-gəlir nəfəsim…
sənin qaymaqçiçəyin
içində şifrələnmiş.

Bir gün…
Səni unudacağam…
Məni unutma!…

Çevirəni: TƏRANƏ TURAN (RƏHİMLİ)

You may also like

1 şərh

Sophie Phi 2016-04-26 - 01:58

Siirlerim tercume ve yayin etti icin cok tesekkurler, tebrikler

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.