Ana səhifə TÜRK DÜNYASI Çağdaş Güney Azərbaycan ədəbiyyatı

Çağdaş Güney Azərbaycan ədəbiyyatı

Müəllif: Bizim Yazı
1. 164 baxış

Guney Azerbaycan EdebiyyatiEsmira Fuad

Güneydə bu gün vahid ədəbi dil tam şəkildə formalaşa bilməyib

I yazı

Uzun illərdir Güney Azərbaycanda xalqımızın ədəbiyyat adamları — şair və yazıçıları üzləşdikləri mürəkkəb duruma, müxtəlif yönlərdən göstərilən basqılara, Azərbaycan türkcəsinə qoyulan qadağalara, ana dilində təhsil üzərindəki yasaqlara baxmayaraq var gücü ilə qələmə sarılır, dəyərli əsərlər yaradırlar. Böyük Vətənimizin Güney parçasında qələm sahiblərinin güclü həyat eşqilə yaratdığı əsərlərlə, dərc olunan kitab («Çalhaçal», «Ağ aşıq», «Günəş», «Talanmış günəş», «Bir səbət qızıl yumurta», Hadi Qaraçayın «Tamudan gələn səslər», Məmməd Rza Təbrizlinin «Qartal balası» və s., «Dayaq» və AYB-nin xəttilə nəşr olunmuş Ramin Cahangirzadənin «Daşlar», Elvar Qulivəndin «Zibil dolunda ziyafət», Rəsul Yunanın «Mən Çin məhəlləsində itmişəm» və «Duel», İsmayıl Ülkərin «Sevda yoldaymış», M.Əzizpurun «Su pıçıltısı» və «Mənə bir küçə bağışla», Sayman Aruzun «Paltarlarım adamsızdır», Səkinə Purhəsənin «Ayrılıq durağı», Kiyan Xiyavın «Sarı saatlar dənizində», A.Uğurun Olqar «Qərənfil yanğını» kitabları) və dərgilərlə («Varlıq», «Xudafərin», «Yaşmaq», «Güneyin səsi» və s.), «Dayaq.org», «Düşərgə», «Sözün sözü», «Öyrənci», «Günaz.TV», «Azadlıq.org» kimi internet səhifələrində, Hadi Qaraçay, Hümmət Şahbazi və Əziz Səlaminin, eləcə də M.Məhəmmədinin özəl saytlarında yer almış yazılarla, şeir və nəsr nümunələrilə tanışlıq bir daha təsdiqləyir ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə davam edir. «Yaşmaq» dərgisinin baş yazarı, şair Səid Muğanlı («Kult.az» saytında və «Ədalət» qəzetindəki müsahibəsində) bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. Səid Muğanlının həmin müsahibədə səsləndirdiyi fikirlər hazırda Güney Azərbaycanda gedən ədəbi prosesin qısa bir xülasəsidir. Ədəbiyyatda yaşlı və gənc nəsillər
arasında bir bəyənməzlik, bir-birini qəbul etməmək məsələsinə münasibətini sərgiləyən S.Muğanlı bu tendensiyaya da açıqlama verir və bildirir ki, «Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni tənqid edirlər). Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir.
İstedadlı şair Məlihə Əzizpurun isə gənc nəslin Şəhriyara münasibətinə, eyni zamanda ustad şairin Güney ədəbiyyatı qarşısındakı misilsiz xidmətləri məsələsinə daha həssas və içdən, həm də qlobal yanaşması düşündürücüdür: «İranda fars dili və ədəbiyyatı qarşısında türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini «Heydər babaya salam» əsəri ilə əbədi olaraq ayağa qaldırıb başını göylərə çatdırdı.» Göründüyü kimi, bu gün çağdaş Güney Azərbaycan ədəbiyyatında işlədilən, yəni mövcud ədəbi dillə bağlı müxtəlif baxışlar ədəbi mübahisələrin mövzusuna çevrilməkdədir. Şair və yazıçıların bəziləri Türkiyədə daha geniş şəkildə yayılan Anadolu türkcəsini, bir qismi Quzey Azərbaycan türkcəsini, bir qismi isə ortaq türkcəni məqbul sayır və yazmağa üstünlük verir. Beləliklə də özünü ana dilinin xidmətçisi, qoruyucusu sanır. Onlardan bəzilərinin ədəbi dil anlayışı ilə bağlı özəl fikir və qənaətlərinə qısaca nəzər yetirmək istəyirik. Çünki ədəbi prosesin inkişafında dil məsələsi ən vacib faktordur.
Hadi Qaraçay «Ədəbi dil anlayışı»na özəl münasibətini eyniadlı yazısında sərgiləyir, ortaq Azərbaycan dilinin, ortaq Türkcənin gərəkliyini hayqırır. Elə bir ortaq və aydın türkcənin ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türk onu anlamaqda çətinlik çəkməsin… Bu ortaq türkcəni Osmanlı türkü də, Azərbaycan türkü də, özbək, qırğız, qaraqalpaq, qazax, türkmən, qaqauz, tatar və s. adlı qardaşlarımız da anlasın, ilişgilərini həmin türkcədə sürdürə bilsinlər… Hadi Qaraçay yazır: «XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyğun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır…»
Məlihə xanım sonucun — nəticənin az olmasının əsas səbəbini Güney Azərbaycanda Quzeydən fərqli olaraq uzun illərdən bəri ana dilində milli təhsilin olmaması ilə əlaqələndirir. Yazar xanım söyləyir ki, «ədəbi dil quzeyli şairin əlində mum kimidir, bu dildə təhsili və hər növ azadlığı olduğuna görə onun üzərində arzu elədiyi kimi işləyib ona şəkil verə bilir, onu istədiyi kimi formalaşdırır, güneydə (Cənubi Azərbaycanda) isə bu, çətindir».
Çağımızın olağanüstü şairləri H.Qaraçay, M.Əzizpur, H.Şahbazi, N.Əzhəri, N.Merqatinin və başqalarının bir ziyalı kimi narahatlığı, türkcənin gələcəyi ilə bağlı əndişəsi başa düşüləndir. Millətin ziyalısı bu cür düşünməli, ana dilinin azadlığı, tərəqqisi naminə, təbii ki, çabalar göstərməli, var gücü ilə savaşmalıdır…
Uzun illər Hindistanın baş naziri olmuş böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandi də məhz ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda savaşıb: «Hindistanda orta okulda və universitetdə yabancı dildə oxuma yayılıb. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq».
Əfsuslar olsun ki, bu tendensiya dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmaq üçün gecə-gündüz çabalar göstərən bir sıra ölkələrə də xasdır. Son nəticədə itirən, uduzan yabançı dilləri ana dilindən üstün sayanlar olur. Eynilə müdriklərimizin bir kəlamında deyildiyi kimi: «Toyuq qartal yerişi yerimək istədi, öz yerişini də itirdi».
Ancaq M.Qandinin də söylədiklərindən görünür ki, deməli, dünyanın imperiya əsarətində olan bütün xalqları eyni hisslərlə yaşayır, eyni amacla da savaşırlar… Şair, dilçi alim-türkoloq Həmid Nitqi də imperiya əsarətində olan bir xalqın övladı olaraq bu acı həqiqəti vaxtında görürdü. Vətənsevər alim çıxış yolunu «Dildə, fikirdə, əməldə birlik» şüarını gerçəkləşdirmək uğruna çabalar göstərmiş, bütün dünya boyu sakinləşmiş böyük Türk millətinin bir-birini ortaq bir dildə danışıb anlaması naminə ömrünü fəda etmiş İsmayıl bəy Qaspıralının hələ XIX əsrin ikinci yarısında irəli sürdüyü «Vahid ədəbi dil sistemi»ni yaratmağın vacibliyini dərk edirdi. Hətta bu məqsədlə 80-ci illərdə «İmla qaydaları» adlı məqalə yazaraq «Varlıq» dərgisinin əlavəsi kimi nəşr də etdirmişdi. Şəhriyarın Azərbaycan
türkcəsində qələmə aldığı «Heydərbabaya salam» əsərinin xalq danışıq dilinə son dərəcə yaxınlığını xüsusi vurğulayan dilçi-alim Quzey Azərbaycanda illərdən bəri mövcud olan və geniş şəkildə tətbiq edilən imla prinsiplərini gözləməklə ərəb əlifbası əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir ədəbi dil sistemi, yazı üsulu da yaratmışdı. Həmin yazı üsulu — «İmla qaydaları» bu gün Güneydə və onun dışında yayımlanan «Varlıq», «Xudafərin», «Yaşmaq», «Güneyin səsi», «Ban» və s. kimi mətbu orqanlarda işlənməkdədir. Lakin dilini, elini, yurdunun istiqlalını düşünən, orijinal, mükəmməl şeirlərinin də yer aldığı lirikasını zərif tülə bürünmüş gözəl gəlinə bənzədən, o tülü qaldırmağı, vəsf elədiyi güzəlliyi görməyi isə oxucunun ixtiyarına buraxan və:
Sevda deyil, bəs bu nədir?
Dağ qəlbinə kəbə deməm?
Yalın ayaq, yana-yana
yanğın yerində yeriməm?
Yalanına ən müqəddəs gerçək kimi inanıram..
Allarını bilə-bilə yenə sənə allanıram…
Sevda deyil, bəs bu nədir?
– kimi sərbəst şeirin ən gözəl nümunələrini yaradan bir şairin Güneydə modern şeirin yaradıcıları sırasında bu gün adının çəkilməməsi təəssüf doğurur…
(Səbəbini bugünlərdə bir şair dostum söylədi. Amma doğrusu, təəccüb elədim, çünki Güneyli qardaş və bacılarım şairin, sənətkarın şəxsiyyətini yazılarından üstün tuturmuşlar, Vətəni yalnız siyasi mühacir kimi tərk etməyə məcbur olanları öz aralarında sanır və şüurlarında tuturmuşlar. Bu məsələyə açıq münasibətini və böyük Şəhriyarı nə üçün sevdiyini, qarşısında baş əydiyini həmin şairin məktubundan bir parça ilə sunuram: «Mən Şəhriyarın türkcə şeirlərini zəif olduğu için sevməm, amma o adama baş əyərəm, çünki xalqına döndü və «gəldim öz şəhərimin Şəhriyarı (padşahı) olam, Tehran məni anlamadı, dedi. «Türkün dili tək sevgili, istəkli dil olmaz» deyə ana dilinə pasport verdi. O yabancı ölkəyə gedib oradan vətən sevmədi, Təbrizdə və Ulu Xaqaninin yanı-başında uyudu, hər gün yüzlərlə soydaşının türkcə düşünməsinə səbəb oldu».
Bu, örnək olası bir faktdır, deyilmi? Elə bu məqamda qeyd etmək yerinə düşər ki, böyük Şəhriyarın, Səhənd, Sahir, S.Behrəngi, Sönməz, Savalan, H.Nitqi, Ə.N.Oxtay və digər klassik söz ustadlarımızın, Ə.Alov, C.Bozorgəmin, N.Əzhəri, Ə.Səlami, H.Qaraçay, H.Şahbazi, Səhər xanım, M.Əzizpur və b. çağdaş şair və araşdırmaçıların səylərinə, bu yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu gün vahid ədəbi dil tam şəkildə formalaşa bilməyib.
Söz ustalarının əksəriyyəti danışıq dili ilə ədəbi dilin fərqləndirilməsini gərəksiz sayır və əsərlərini danışdıqları tərzdə yazmaqda davam edirlər. Ancaq böyük türk şairi Nazim Hikmət hələ 1929-cu ildən «Yalnız konuştuğumuz dili yazmayacağız, konuşmamızı esas olarak alacağız, fakat bu temelin üstüne biz yeniden bir dil yaratacağız» prinsipi ilə əsərlərini qələmə alırdı və əsas məsələnin yalnız yazarın yaradıcılıq üslubunda, dilinin təzəliyində, yəni yeniliyində olduğunu düşünürdü. N.Hikmət hətta «Nəsrin ayrı, şeirin də
ayrı dili olmalıdır», — istilahını belə qəbul etmirdi. Əslində Güneydə də ziyalıların bir araya gələrək tutaq ki, Şəhriyarın «Heydərbabaya salam» adlı şah əsərini yaratdığı xalq danışıq dilini — Təbriz şivəsini əsas götürərək vahid sistemli ədəbi bir dilin formalaşdırılmasına nail olması mümkündür.

Milli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər

(II yazı)

«Talanmış günəş» adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış istedadlı şair Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm Güneydə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü də vahid ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir.
Həqiqətən gözdən qaçan bu məqamla bağlı Nasir bəyin bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndir: «Doğrusu, bilmirəm bu, ərəbin sonsuz lütfüdürmü: «ədəbiyyat», «mədəniyyət» və ya «şəxsiyyət» kimi sözlərə baxın. Əvvəllər bunları görəndə: «Bunda bir hikmət yatıb» deyirdim. Düşünürdüm ki, bəlkə ərəblərin bizim Quzey Azərbaycana lütfü çox olduğundan, ona bir «y» hərfini artıq bağışlayıblar. Ərəb dilində «i» və «y» hərflərini göstərmək üçün yalnız bir əlamət var. Ona görə də «i» mənsubiyətilə bitən kəlmələr «at» və ya «ət» şəkilçilərini götürəndə, iki səsli biri-birinin yanına düşdüyünə görə, arada yalnız bir səssiz «y» hərfi alır, nəinki iki səssiz. Ona görə də ərəb xəttilə yazılan «ədəbiyat, mədəniyət» və bu kimi digər sözlərdə yalnız bir «y» səsi yazılır və onun üstünə (?) əlaməti qoyulur. Bu əlamət iki «i» və «y» səslərinin göstərgəsidir.
Qeyd edim ki, Nasir bəy «sait» sözü əvəzinə xalis türkcə kəlmə olan «səsli» işlədib, ona uyğun olaraq mən də «samit» sözünü «səssiz»lə əvəzlədim və yerində olduğunu düşündüm. Diqqəti ona yönəltmək istəyirəm ki, heç bir soydaşımız Hadi bəyin və onunla eyni mövqeyi paylaşan dəyərli aydınlarımızın Güneydə vahid, mükəmməl ədəbi dil yaratmaq uğrundakı çabalarını anlamaqda zorluq çəkməz. Nasir bəyin fikirlərinin yer aldığı sitatı imkanım və anladıqlarım çərçivəsində redaktə etməyə cəsarətləndim… Açığı, bu cəsarəti mənə çox sevdiyim və əsərlərini öləsiyə bir sevgi ilə oxuduğum, fikirlərini yağış tək ruhuma çilədiyim Əziz Səlaminin istedadlı xanım şairimiz Səkinə Purhəsənin şeirləri haqqında yazdığı bu qutsal kəlmələr verdi: «Səkinə Purhəsənin şeirləri belə sənətçilik bacarıqları ilə doludur və bütün bunlar dilimizdə dəyərli bir şairin doğuşunu bildirir. Ölkəmizin güneyində qələm çalan bir çox yurddaşlarımız kimi, onun da şeirləri gözəl bir redaktə yardımının yoluna göz dikib! Bu yardım çatarsa, onun gözəl və dəyərli şeirləri daha da gözəl və daha da dəyərli ola biləcək. Gizləməyim ki, mən özüm də gündüzün günəşi altında, əlimdə fənər, bu yardımçını hər zaman arayıb və aramaqdayam».
Sevdiyim şairlər sırasının önündə yer alanlardan olan və yetərincə mükəmməl şeir və öykülər yazan, çevirilər edən Əziz Səlami bu ehtiyacı görür və duyursa, onda yubanmadan Hadi bəyin dil islahatlarına qoşulmaq ehtiyacı da doğulur… Çünki Güneyli yazarların məna dərinliyi, məzmun dolğunluğu, dəyişik forması ilə seçilən əsərlərinin sadəcə üslub və ifadə xətalarını aradan qaldırmaq gərəkdir…
2011-ci ildə Güney Azərbaycanda cərəyan edən ədəbi prosesdə diqqətçəkən hadisələrdən biri Cəfər Bozorgəmin, Sayman Aruz, Duman Ərdəm, Elvar Quluvənd, Ramin Cahangirzadə, Solmaz Məhəmməd Rizayi, Saray Məhəmməd Rizayi kimi bir neçə Güney Azəbaycan şair, tənqidçi və yazarının bugünkü Azərbaycanın özgür insanına gərəkli saydıqları antiədəbiyyat manifestini elan etməsi olmuşdu. Onların çağdaş media, veb, internet, evrənsəl kənd və ilişgilər dünyasında Azərbaycan türkü necə düşünməlidir, hansı sənət və ədəbiyyatla maraqlanmalıdır? — suallarına özlərinin cavablarının da yayımlandığı manifest düşündürücü məqamları ilə diqqət çəkir: «Bu gün Azərbaycan ədəbiyyatçısı haçanadək keçmişin çürümüş sümüklərindən asılaraq, ortaçağ Azərbaycanının el-oba, çadır, at, qılınc, qalın bığ, atalıq, dədəlik, çəkəndə misri qılıncı, leş bir yana-baş bir yana ozaylarında gəzişərək, yaşadığı çağdan yadlaşıb, geriyə addımlamalıdırlar? Arxada buraxılmış ədəbiyyata olan qutsallıqla, köləcikliklə, deyişimsizliklə yanaşmalıdırlar? Azərbaycan çağdaş insanı haçanadək Şəhriyarın «dünya yalan dünyadır» kimi narkotik ozaylarına uymalıdır? Haçanadək modern və postmodern əsrində folklor və divan şeiri fəzalarını yaşamalıdır? Maraqlısı ədəbiyyatçılarımızın: Azərbaycan hələ gələnəksəl durumu yaşayarkən, hələ modernləşməmiş, postmodernizmi qonuşmaq gülüncdür» kimi qonuşmalardır. Bizcə, daha yetər. Əski çərçivələr pozulmalıdır. Ozaylar deyişilməlidir. «Yaşasın, eşq olsun, mən elimin Koroğlusu, sən Nəbisi, o Babəki» kimi sloganlar şeir və öykümüzdən köçməlidirlər. Modern üsturə (mif)lər yaranmalıdırlar: qılıncsız, atsız, bığsız, nərəsiz, çənlibelsiz və başsız, leşsiz… bizə bu gün politikaçı, dilçi, araşdırıcı, teknoloq, alim, ekonomist və… gərəkir olsun ki arıq-cılız, amma qafası çalışan modern düşüncəli iş bilən. Azərbaycanın yapı-sökümcü postmodern satiraçısı Ramin Cahangirzadə «nə gözəl» yazmış:
Babalarımızı qəbirdən xortladarkən,
Bir-birinin canına salacayıq.
Dədəmizin qopuzunu duvardan asıb,
İspan gitarasını verəcəyik əlinə
Dədəmiz yeni hava çalmağı bacaracaq,
Əjdər əmi lambada oynayacaq…
Bəs, «Daşlar» seriyasından yazdığı şeirlərini çox bəyəndiyim və təqdir etdiyim Ramin bəy görəsən, düşünmürmü ki, dədəmiz əlinə gitara götürüb çalanda, Əjdər əmi lambada oynayanda nə qədər eybəcər görünə bilər!.. Niyə olanları kökündən qoparmağa çalışmalıyıq axı? Yeniləri qəbul edək, dədəmiz də qopuzunu saxlasın, Əjdər əmi də lambada yox, «Heyvagülü», «Qaytağı», «Qoçəli»ni oynasın… Bir xalq keçmişini unutmazsa, bugününü yaşadaraq gələcəyinə körpü salarsa, milli dəyərlərini bütövlükdə qoruyub saxlaya bilər…
J.Amadu, L.Tolstoy, R.Taqor, Ç.Aytmatov, T.Drayzer, Şekspir, Höte, Volter və b. öz xalqlarının özəlliklərini qələmə aldıqlarına, əsərlərindəki güclü milli ruha, apaydın yansıyan milli koloritə görə bu gün dünya ədəbiyyatının korifeyləri sırasındadırlar… Siz, qatı yenilikçilər, mənə dünya ədəbiyyatından elə bir nümunə gətirin ki, o əsərə «Heydərbabaya salam»a yazılan qədər nəzirə, təxmis yazılsın, yaxud iqtibaslar edilsin!.. Bu həmin əsərdəki milli ruhun, Azərbaycan xalqının özəlliklərinin, milli mentalitetin parlaq təzahürünün nəticəsində baş verib, çünki əsəri oxuyan hər kəs öz keçmişini, uşaqlığını, doğulduğu məkanı, doğma yurdu xatırlayıb və ən əsası, türkcə düşünüb… Milli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər, gec-tez quruyacaq…
Mən kiməsə dərs vermək niyyətindən çox uzağam, amma bu sətirləri yazanda istər-istəməz bir hadisəni xatırladım… Fransanın paytaxtı Paris şəhərindəki məşhur «Paris Notterdam kilsəsi»ni hamı xatırlayır. Kilsənin yerləşdiyi küçədəki binaların üzərini ağartmaq-restavrasiya etmək (Bakıda olduğu kimi) istəyən şəhər meriyasının əməlinə qarşı xalq bir nəfər kimi ayağa qalxaraq küçələrə axışmış — «Buna heç vəchlə yol vermək olmaz, çünki bu divarlarda böyük Viktor Hüqonun əl izləri var»- demişdi. Biz isə gəlin əsrin fenomeni olan Şəhriyarı «narkotik aludəçisi» adlandıraq, Q.Saedini, H.Nitqini, R.Bərahanini və b. xaricdə yaşayıblar deyə dışlayaq, dahilərimizi kiçildə-kiçildə, ləkə vura-vura gedək, haraya qədər?! Qəribə tendensiya yaranıb bu gün, həm böyük Vətənin Quzeyində, həm də Güneyində… Əlinə qələm alıb şeir yazmağa başlayanın ilk tənqid hədəfi özünəqədərki nəslin yazarları, yaxud da müasirləri, onların əsərləri olur, «Dədəm mənə kor deyib, gəlib-gedənə vur deyib» prinsipi ilə əllərinə keçəni xışdayırlar… Deyən yoxdur ki, sən hələ o səviyyəyə çat, hansısa bir əsərin dillərə düşsün, xalq səni tanısın, sevsin, sonra tənqid atəşinə tutarsan da bu xalqın yaratdıqlarını… Bu məsələdə də Hadi bəyin mövqeyini dəstəkləyirəm, ən azından «Dil varlığın eviymiş» yazısındakı fikirlərinə görə… O, çağdaş ədəbiyyatda imzası olan hər bir qələm adamına yüksək dəyər verməyi bacarır, eləcə də Hümmət Şahbazi, Əziz Səlami və Nadir Əzhəri…
Cənubi Azərbaycan məsələsini bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzuda qələmə aldığı yazılarında dönə-dönə vurğulayan böyük filosof Asif Ata hələ keçən əsrin 80-ci illərində islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyat üçün də zərərli sayır, özgələşmənin iki qütbü adlandırır, «İslam farslaşdırır, Qərb Avropalaşdırır» deyirdi və cənublu soydaşlarımızı — şair və yazıçılarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. Düşünürük ki, bəlkə də bu tendensiv mahiyyəti anladığına görə də fars dilində yazan Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahani, Saleh Səccadi kimi soydaşlarımız dəyərli əsərlər yaradıblar ki, bu əsərlərdə məhz milli kimliyə, soykökə qayıdış ruhu aydınca duyulur.
Rəsul Yunana görə, fransız, ingilis gözəlləri hamısı bir yanadır, türk gözəli bir yana… Şairin altını qırmızı xətlə cızdığı bu bir yanalıq, ayrıcalıq nədən ibarətdir?
«Onlar məni yalnız şeirə yetirirlər, yalnız musiqiyə. Ancaq sən məni evimə qaytarırsan! Səni düşünəndə yağış Türk dilində yağır!»
Əslində, bir yanalıq, ayrıcalıq budur: Rəsul bəy türk gözəlini düşünəndə evinə-ocağına dönür, yer, göy, yollar, izlər, ətrafındakı hər şey sanki qulaqlarına türklüyünü pıçıldayır, hətta yağış belə Türk dilində yağır. «Səni düşünmək» şeirində isə bu düşüncə daha da dərinləşir və şairin səmimi etirafları türk gözəlinin onun həyatındakı önəmini duyurur: «Səni düşünmək həyatı düşünməkdir. Torpaq altında dar-düdük bir qəbirdə Günəşi düşünməkdir. Qarlı gecədə, qıfıllanmamış qapılara, qaçmağa düşünməkdir həbsxanada. Səni düşünmək dəyərlidir, ən azı adamın qəlbindən bir bulaq coşar, bir at gələr orada su içər, bir quş gələr orada oxuyar…»
Nigar Xiyavinin şeirlərindəki öldürücü sarkazm, bəzən kinayəli gülüş, bəzən də incə yumorla növbələşən açıq-aşkar tənqidi durum oxucunu düşünməyə sövq edir… Nigarın adı həyata, siyasi basqılara, mənəvi sıxıntılara-vətəndə vətənsizliyə, ana dilinin buxovlanmasına qarşı kəskin etiraz nidaları Güney Azərbaycanda gizli, yaxud açıq şəkildə getməsindən asılı olmayaraq heç vaxt səngiməyən milli azadlıq hərəkatına güclü bir təkandır.

Güneyin qadın yazarlarının əsərlərində ən adi hüquqlarının pozulmasından başlayan etirazın… geniş miqyası…

(III yazı)

Xalq şairi Fikrət Qoca AYB-nin maddi dəstəyi, «DAYAQ»-ın layihəsi əsasında Bakıda çap olunmuş güneyli gənc şairlər -Məlihə Əzizpurun «Su pıçıltısı», Sayman Aruzun «Bahar gəlmədi» və Nigar xanımım «Əlimdə əlli barmaq» adlı üç şeir toplusu haqqında yazdığı məqalədə tənqidi mövqedən çıxış edərək hər üç şairin yaradıcılığındakı özəlliklərə toxunur. Çağdaş və klassik poeziyanın incəliklərini mənimsəyərək modern şeirin mükəmməl nümunələrini yaradan Məlihə xanımın yüksək poetik duyumunu və mövzuya yanaşma ustalığını dəyərləndirən və: «Məlihə Əzizpur müasir şairdir. Müasir Qərb şeirini də yaxşı bilir. Bilmək azdır. O, müasir təfəkkürlü şeir misraları arasında Şərqin və Qərbin hərarətini saxlayıb. Bunu öyrənmək mümkün deyil. Buna yalnız istedad lazımdır, böyük istedad: «Məni dindirmə ağlaram! Gözlərimdən kimliksiz bic yaş doğular. Və dörd bir yandan daşlanaram» Bu xanım şairdir» — deyən F.Qoca həm Sayman Aruzun, həm də Nigar Xiyavinin şeirlərindəki bəzi məqamlara, çatışmazlıqlara (təbii, Fikrət müəllim özünün gördüyü nüanslara) diqqəti yönəldərək real münasibətini açıqlayır. «Əlimdə əlli barmaq» kitabında toplanan şeirlərin əksəriyyəti haqqında ayrı-ayrılıqda obyektiv fikirlərini «Sərbəst tənqid» yazısında sərgiləyən Güneyin obyektiv mövqeli tənqidçisi Nadir bəy Əzhərinin də bu məsələ ilə ilgili qənaətini anındaca xatırlatmaq istəyirəm: «Mən əxlaq dərsi vermirəm, bəlkə deyirəm bu şairin yaman-yavuzları şeirsəlləşməmiş, şeirdə pis sanılan bir kəlmə işlətdiyinizdə o kəlmə ya kəlmələrdən hətmən imgə yaratmağınız gərəkir, yoxsa oxucu şeirinizdən çimçəşəcək», — dediyində haqlıdır Nadir bəy, çünki modern, yeni şeir deyilən yazı üslubu dilin alt qatında — şivə və dialektlərdə hər nə varsa, onun şeirə gətirilməsi, vulqar ifadələrlə misraların yüklənməsi deyil. Şeir o zaman əsl poeziya nümunəsi sayılır ki, misraları bir-birinin ardınca düzdükdə, nəsr-düz yazı kimi oxumaq mümkün olmasın (bu, həm klassik, həm heca, həm də sərbəst şeir şəklində yaradılmış qələm nümunələrinə şamildir-E.F.) və «Şeir sözünə yağdırılan bu həqarətdən misalları artırıb əsəbləri cırmaqlamaq istəməyən» Fikrət Qoca «Qarabağ qurbağası» şeirinin motivlərinə, burada sərgilənən fikirlərə kəskin etirazını bildirir: «Mənə bir onu demək qalır ki, elə müqəddəs hisslər, mövzular var, onları belə sərsəm yazıların mövzusu edib insanların hövsələsini sınağa çəkməyin. Bəzən insanlar qaynar başla bir iş görür. Sonra yadına düşür ki, demokratiya, fikir azadlığı var. Hər kəs fikrini söyləməkdə azaddır. Bunu başa düşürəm. Amma neyləyim, belə sərbəst yazıya bütün həyatım, canım, əsəblərim üsyan edir. Neyləyim ki, bunu yazan xanımdır, mən də dünya görmüş, yetmiş beş yaşı haqlamış bir azərbaycanlı kişiyəm. Ürəyimdə belə bir giley-güzar səsləndi, axı bu layihənin ideyası Rasim Qaracanındır. O da azərbaycanlıdır, özünü şair sayır. Bu mövzunun Azərbaycan Respublikasının insanları üçün nə qədər həssas, göynərtili olduğunu bilir. Niyə belə bir şeirin Arazın bu tayında oxucuların üzünə şillə kimi vurulmasına imkan verib?»
Jurnalist Rəsmiyyə Babayeva isə həmin şeirlə ilgili «BayBək, Bir Millətin səsi»nin redaksiyasına ünvanladığı məktubda yazır: «Cənubi Azərbaycan ədəbiyyatı həmişə xüsusi diqqət və qayğı ilə əhatələnib. Buna səbəb güneyli bacı-qardaşlarımızın ana dilində təhsil almamasıdır. Güneyli yazarlara üslub baxımından güzəşt etməklə, mütəxəssislər onların sırasından gələcəkdə də Əli Tudə, Balaş Azəroğlu, Söhrab Tahir kimi şairlərin çıxacağına ümid bəsləyirlər. Bu etibardan sui-istifadə etməyə heç kimin ixtiyarı yoxdur. Arazın o tayından gələrək, bu müstəqilliyin səfasından doyunca bəhrələnən Nigar Xiyaviyə Qarabağı təhqiramiz ifadələrin hədəfinə çevirmək səlahiyyətini kim verib görəsən? Bu Xiyavi hansı cəsarətlə heç bir ədəbi üslubun qanunlarına uyğun gəlməyən, başıpozuq bir cızmaqarasını «Qarabağ qurbağası» adlandırır? Hələ bu bəs deyilmiş kimi, «Neynim, əl çək yaxamdan iyirmi faiz bəsdi», «Pay verməyə aaaa:y baaaalam Yenə də vətən yaxşı» və digər bu kimi ifadələrlə qaysaqlanmayan yaramıza nə haqla duz basır? Bu yazıda (bu üsluba şeir demək olmaz) «Qarabağ şikəstəsi», torpaqlarımızın işğalı sayıqlama mövzusu olub.»
Nigar Xiyavinin bugünkü Qarabağ gerçəkliyindən doğulmuş bu şeirinin hər sətrindən acı gülüş, öldürücü sarkazm fışqırır və bu fışqırtı ilə də soydaşlarını qəflət yuxusundan ayılmağa, qeyrətə gəlməyə, əldən getmiş, itirilmiş Vətən torpaqlarını, Qarabağı geri qaytarmağa səsləyir. Amma sələfləri böyük Sabir, Möcüz kimi neştərləyə-neştərləyə… yaxud da soydaşlarının eyiblərinə gülə-gülə demirdimi, bəyəm ulu Sabir «Ağlar güləyən» imzası qoymamışdımı satira və həcvlərinin altından?! O da təbii ki, təəssübkeş bir el qızı tək xalqımızın dərdini gözardı etmir, Qarabağın azadlığı uğrunda şəhid olmuş igidlərimizi unutmur, əksinə, həmin şəhid oğulların və şəhid yurd yerlərimizin qisasını almağa çağırır. Eynən Güneydə olduğu kimi… İtirilmiş torpaqlarımızın adlarını restoranlara, kafelərə verərək keflərinə düşən kimi o məkanlarda məclis quran, ağzı köpüklənə-köpüklənə «Vətən»dən danışıb sağlığına badə qaldıran, vətənpərvərlikdən dəm vuran işbazların, oyunçu, yalançı siyasətbazların obrazını yaradıb — «Qarabağ qurbağası»nın timsalında!..
Şeyx Xiyabaninin 1920-ci illərdə inqilab meydanına atılmasını «Səttarxanın beynindən boylanmaq», onun mütərəqqi ideyalarından, inqilabi fikirlərindən bəhrələnərək yetişmək, inqilabi hərəkatların bir-birilə zəncirvari bağlılığı kimi mənalandıran N.Xiyavi Səid Mətinpurun böyük Pişəvərinin bətnindən doğulduğunu modernist düşüncələrinin axarında oxucuya təqdim edir. «Gözlüyünü itirmişdi dünya» şeirində cızdığı tabloda Güneydə son dönəmdə yetişmiş inqilab mücahidi, milli fəal Səid Mətinpurun siyasi aktivliyinə, mübarizliyinə, xalqının milli haqq və hüquqları uğrunda ardıcıl mücadilə etdiyinə görə tutulub zindana atılması hadisəsini belə yansıyır. Bu misralarda bir nüans da qabarır, yəni Səidin zindanda qaldığı, cəza çəkdiyi səkkiz il müddətində neçə-neçə ardıcılı, əqidədaşı yetişəcək «zindanlar səkkiz il daha Səid Mətinpurlacacaqdır».
O, imperializmin bir üzünü tanıyır: dünyanın harasında olmasından asılı olmayaraq insanları ölümə, istismara, cismani və mənəvi ölümə sürükləyən, məhkum edən qəddar, ölümsaçan qara qüvvələr!.. Bu ölümü nə ilə, hansı yolla həyata keçirmələrinin heç bir fərqi yoxdur».
«Başsağlığı verməyə kimsə tapılmır, ancaq düşmənlərimizi tamaha salan sərvətlərimiz olub və ölkəmiz talanıb həmişə» fikrini şairə xanım — «Təbrizin qurabıyyəsi qonaqların sulu ağzında əriyirdi, bizi lağa qoyanları başa salmağa çalışırdım, bütün məhkəmələrin məhkumu isə sənlə mən idik»- sözlərilə izah edir. «Telfunlar (telefon) Dilqəmi çalır, sevişməyə girəvə yox, savaşmağa silah, get, buralar təhlükəli…» təklifinə qarşı dirənən lirik qəhrəman qadınlığında və sevgisində qərarlı idi və bütün problemlərin həlli, tapdanan haqq və hüquqların bərpa olunması uğrunda savaşmaq gücündə olan yeni qadını doğurmaq sancısı yaşayır… Bu vəhşilikləri, üzdə «təməddünçü, saxta təbəssümlü» imperializmin iç üzünü açıb xalqa göstərən, soyğunçu siyasətlərin mahiyyətini açan və «şairlərin kölgəsini ayaqlamaqdan» insanları çəkinməyə səsləyən bu üsyankar xanım heç bir «nisbi arxayınlığa, başlar tərsinə kəsilən sarı bayraqların əmniyyətinə inanmır («Sarı əmniyyət»)». Çünki arxasında soyuq küləklərin əsdiyini, bütün müqəddəsliklərin külünü göyə sovurduğunu görür… Hətta gələn nəsillərin xarakterində getdikcə daha artıq cırlaşma baş verdiyini apaçıq dərk edən şair «dölümüzə damazlıq gərək» həqiqətini də anlayır və bu anlayışın vəsvəsəsində gizlicə içinə axan göz yaşları qəlbinin dərinliklərində sanki coşub-çağlayan bir dənizə dönür:
Saçlarım gizli bir hıçqırığın darağında,
Dən-dən tökülür.
Bağrımın ağrısı qapının cəftəsini ağırladır,
Qapı açılmır, açılmır qapı.
Açılıbsa, önündə divar durur.
Mən bu sarı arxayınlığa inanmıram.
Etiraf edim ki, «saçlarım gizli bir hıçqırığın darağında dən-dən tökülür, sarı arxayınlıq, sarı bayraqların əmniyyəti (ölüm kabusu)» ifadələri çox uğurlu, yeni səpkili metaforik tapıntılardır.
İstər-istəməz bircə anlıq gənc şair Maral Təbrizlinin «Uçuş» şeirini xatırladım və kəpənək qanadlarına bənzər yupyumşaq misralar fikir süzgəcimdən süzüldü, misralardakı düşüncə fərqliliyinə, ənənəvi mövzuya yeni baxış tərzinə, fikrin tamamilə yeni ifadə özəlliyi və bədiiliyinə, şeirin ən başlıca tələblərindən biri olan bədii libasının gözəlliyinə diqqət kəsildim:
Mən kəpənəkləri uçanda,
Çiçəkləri açanda sevirəm.
Mən uçuşu qanadsız anlamam,
Çiçəyi yarpaqsız düşünməm.
Uçuşa qanad, açışa topraq gərək.
Aça çörək kimi, Diriyə ürək kimi…
Mən hər nəyi uçanda
Və açanda sevirəm…
Əgər ayağının altında Vətən torpağı olmazsa, özgür deyilsənsə, demək qanadın yoxdur, uça bilməzsən, çiçək olsan da yarpağın yoxdur, yarpaqları olmadan çiçək açsa da, yaşarılığı şübhəli… Və bunlar Tanrının yaratdığı hər bir insanın acına «çörək, dirisinə isə ürək kimi…» gərəkdir…
Bu gün Güneyin çağdaş qadın yazarlarının əsərlərini oxuduqda onların ailədaxili sıxıntılardan, gündəlik həyatda mövcud olan bir sıra çatışmazlıqlardan, ən adi qadın hüquqlarının pozulmasından başlayan bu etirazının artıq məişət çərçivəsindən çıxaraq daha geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə və despotizm rejiminə qarşı ünvanlandığının şahidi oluruq.
Onların bu məsələlərə qarşı etiraz notları, üsyankar fikirlərilə yoğrulmuş ictimai məzmunlu və fəlsəfi tutumlu dəyərli əsərləri böyük oxucu məhəbbəti qazanıb. Ziba Kərbasınin bu misralarında da həmin etirazın nidaları sətiraltı mənalarda duyulmaqdadır:
Daha gəlmə!
Ceyran, naqışlı gedən yollar
Cızıx-cızıxdır,
o taydan bu taya
Ayağımın izini tutub gəlsəydin,
Tutuşardıq.
Tox zəmanənin qoynunda
qucaqlaşardıq…

IV yazı

Güneydə inkişaf edən ədəbi prosesin diqqət çəkən yönlərindən biri son illərdə ədəbi tənqidə böyük marağın, rəğbət və diqqətin artmasıdır. Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxışlar edən, ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana bir ziyalı narahatçılığı duyan Cəfər Bozorgəmin bu sahədəki irəliləyişi də nəzərdən qaçırmır: «Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üst-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şüarçılıq və öyüd-xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şeiri, modern, postmodern şeir estetika izlərinin görünməsi olub. Bu gün şeirimizin qarmaqarışıq durumu, ifrat-təfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarxizmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır. Şeir topluları dönə-dönə çapdan buraxılıb yayınlanırlar və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Professional ədəbiyyatımız da bu üzdən yarana bilməyib.»
Cəfər Bozorgəminin də söylədiyi kimi, bu gün Çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləridir. Tanınmış ədəbiyyatşünas alim Sabir Nəbioğlu, çağdaş şairlərimizdən Hadi Qaraçay, Nadir Əzhəri, Hümmət Şahbazi, Sayman Aruz və başqaları bunun səbəbini Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə Əzizpur yazır: «Ədəbiyyatımızın daha da inkişaf edib irəliləməsi üçün tənqidçilərə çox ehtiyac var. Yəni özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bu gün bu boşluq getdikcə daha da hiss olunmaqdadır. «Qeyd edək ki, Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı (Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı məqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Alovun çağdaş dövr yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni münasibətinə həsr etdiyi «Ədəbi-tənqidi araşdırmalar», Hümmət Şahbazinin «Müasir Güney Azərbaycan şeirinin tənqidi», Eyvaz Tahanın «Dil varlığın evidir», Cəfər Bozorgəminin «Çağdaş ədəbiyyatın tənqidi», Nadir Əzhərinin «Məqalələr» adlı kitab və topluları da Güney ədəbiyyatşünaslığında mövcud olan boşluğu doldurmaq yönündə atılmış mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın «Dil varlığın evidir» kitabı haqqında ədəbi yaradıcılığını çox bəyəndiyim, şeirlərini yüksək dəyərləndirdiyim Hadi Qaraçayın «Dil varlığın eviymiş» böyük həcmli təhlil-incələmə yazısını və Qadir Cəfərinin «Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər)»ini və Kiyan Xiyavın Ruqəyyə Kəbirinin susənbər yazıları üstündə bir not olaraq qələmə aldığı «nanə yarpağında qadın hörümcək» adlı yazısını da kamali-ədəblə əlavə edə bilərik.
Bu tənqid xarakterli araşdırmaların içərisində «Poema özəlliyi və poetika gözəlliyi»ni incələyən Qadir Cəfərinin çağdaş dövrdə mənzumə sözünün əvvəlki mövqeyini itirməsi məsələsinə münasibətini örnək olaraq göstərmək istəyirəm, təbii, imla səhvlərini islah etməklə: «Mənzumə sözü poema qarşısında keçərliliyini itirib və təcrid olunub. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı sərbəst poemaların ortaya gəlməsidir. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, mahiyyətcə fərqlənərək yalnız nağıl, rəvayət xarakterini itirib.
Buna açıq-aydın örnək isə Şəhriyarın «Heydərbabayə salam» və «Səhəndiyyə» poemaları, Bəxtiyar Vahabzadənin «Muğam» və «Gülüstan» poemaları, Zəhtabinin «Şahin Zəncirdə» poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern poemalar içində T.S.Elyotun «Çoraq ölkə»si və çağdaş ədəbiyyatımızda Nasir Merqatinin «Talanmış günəş» kitabında həmin adı daşıyan poemanın və «Yad torpağım» poemasının adını çəkmək olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalıblarsa da, modern estetika əsasında qurulub.»
2011-ci ildə Güneydəki ədəbi proseslə bağlı Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, gənc şair Sayman Aruzun açıqlamaları da diqqətçəkicidir. Sayman bəy «Güney Azərbaycanda çağdaş ədəbi proses» adlı hesabat xarakterli məqaləsində Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazımi, Atilla İskəndərani, Səkinə Həsənpur, İsmayıl Ülkər, Nigar Xiyavi, Məlihə Əzizpur, Həmid Əhmədi, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqiyyə Kəbiri, Həsən Səfəri, Rüqiyyə Səfəri və başqalarını gənc yazarlar kimi uyğulayır, onların yaradıcılığından nümunələr gətirməklə toxunduqları mövzulara, duyğu və düşüncələr aləminə qısa nəzər salır. O, ədəbi tənqid sahəsində isə Eyvaz Taha, Cəfər Bozorgəmin, Nadir Əzhəri və Hümmət Şahbazinin məqalə və kitablarında müasir Güney ədəbiyyatının durumunu təhlil etdiklərini, onların çağdaş ədəbiyyatın güclü və ya zəif tərəflərini göstərməyə çalışdıqlarını diqqətə çatdıran Əhməd Alovun fikirlərinə söykənərək öz yanaşmasını sərgiləyir: «Daha şairin «Morği-dili» «Zülfü-pərişanda» aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli-barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha «Şahi-zənəxdan» dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır».
M.Aslanın «Muradəli Qüreyşi (Qaflantı)» adlı məqaləsi də Güney Azərbaycanda müasir ədəbi tənqidin simasını əks etdirmək baxımından maraq doğurur. Şeirlərini sevə-sevə oxuduğum Məlihə Əzizpurun təkcə Səhər xanım haqda deyil, ümumiyyətlə, çağdaş Güney ədəbiyyatının istedadlı yaradıcıları haqqında bir ədəbiyyatşünas-tənqidçi təfəkkürü ilə qələmə aldığı «Çağdaş Güney ədəbiyyatının durumu», «İstibdada qarşı milli ədəbiyyat», «Güneyin çağdaş qadın şairləri» kimi ədəbi təhlil xarakterli yazıları da Güney ədəbiyyatının bugünkü simasının göstərgəsidir. Onun Güney ədəbiyyatı ilə bağlı obyektiv fikirləri, bu ədəbiyyatı yaradanlara — Şəhriyar, Səhənd və Sahirə, Ə.Oxtaya, yaxud Əli Cavadpur, Zeynal Cəfərpur, Səid Muğanlı, Vüqar Nemət, Əziz Səlami, Səhər xanıma və başqalarına ədalətlilik mövqeyindən yanaşaraq həm klassik, həm də çağdaş ədəbiyyatı və yazarları vəhdətdə uyğulaması, tənqidçi obyektivliyi diqqət çəkir. Əlbəttə, nəzəri-estetik görüşlərində bir dərinlik, analitik təfəkkür yansıyan Məlihə xanım və onunla eyni əqidədə olan qələmdaşları dərindən dərk edirlər ki, əsl ədəbiyyat məhz ənənəviçiliklə müasirliyin, çağdaşlığın vəhdətində yaranır və öz əbədiyaşarlığını da elə bu müstəvidə qazanır…
Hadi Qaraçayın Eyvaz Tahanın «Dil varlığın evidir» kitabı haqqında qələmə aldığı və böyük zövq və maraqla oxuduğum «Şeir varlığın eviymiş» adlı məqaləsini ədəbi tənqid istiqamətində yazılmış ən uğurlu yazılardan biri hesab edirəm. O, Nasir Merqatinin «Talanmış Günəş» kitabı haqqında ciddi fikirlər söyləyir. Ancaq ilk olaraq Eyvaz bəyin «Şeir varlığın evidir» kitabının çox cildli olacağını vurğulamadığını, son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən «Mavilər», «Talanmış Günəş», «Gözü yaşlı küçələr», «Günəş tonqalı», «Bəlkə daha deyənmədım», «Hər rəngdən», «Zəncirdə sevda» kitablarının hər birində bəhs edilməli mövzular, haqqında danışılası mətləblər olduğu halda, ciddi araşdırmaçı kimi ədəbi aləmdə artıq öz möhürünü vurmuş Eyvaz Tahanın «yazıçılarımızın yüksək ədəbi yaradıcılığını görməzdən gəldiyini, hətta Hümmət Şahbazinin də söylədiyi kimi, 1990-cı illərdən bəri Güneydə şeirlə yazı dili arasında getdikcə daha da dinamikləşən gəlişməni, Kiyan Xiyavın, Ərsan Ərelin, Səid Heydər Bayatın, Ramin Cahangirzadənin, Lalə Cavanşirin, Məlihə Əzizpurun, Sahil Azərin, Duman Ərdəmin, Aydın Arazın, Elyad Musəvinin, Elnaz İslamvəndin, Səid Muğanlının, Süleyman Məhəmmədoğlunun, Elşən Böyukvəndin yaradıcılığını gözardı etdiyini müəllifin yanlışı kimi dəyərləndirir. Hadi bəy haqlı olaraq düşünür ki, əgər Eyvaz bəy Kiyan Xiyavın bu şeirini oxusaydı…
Yazıçının (Eyvaz Tahanın-E.F.) «Talanmış Günəş» kitabını görməzdən gəlməsi anlaşılmayır. «Talanmış Günəş» kitabında gələn şeirlər, Taha bəyin xırdaladığı bütün detalları öz içində yığmış bir şeir toplusudur. Başqa sözlə, Nasir Merqatinin şeirlərini oxuduqda, onun mifik anlayışlarla yaxından tanışlığını görürük. Avropa şeirinin çağdaş dəyərlərini, eləcə də öz şeirində işlətdiyi materiaallara dayanaraq T.S.Eliotla bir neçə önəmli batı şairləri ilə yaxından maraqlandığı, tanış olduğu göz önündədir. «Talanmış Günəşi» oxuyan oxucu, şairin yunan mitolojisinə, Batı şeirinə dərin tanışlığını görür, bu kitab çağdaş dünya şeirinin estetik dəyərlərinə uyğun şeir örnəkləri verir,» — deyən Hadi bəy Nasir Merqatinin, ən azından «Talanmış Günəş»in müəllifi olan bir şairin Eyvaz Tahanın sıraladığı «dünən gəlmişlərin, dili bilməyənlərin, dünya ədəbiyyatını oxumamışların» kateqoriyasına aid oluna bilməz! — hökmünü verir. Eyvaz Tahanın şair və yazıçılarla bağlı bir sıra fikirlərini onların tökdüyü alın tərini, çəkdikləri yaradıcılıq əzablarını aşağılamaq olduğunu düşünən H.Qaraçay bunu «fəlsəfə bacasından şeir dünyasına girməyin sonucu» sayır və tənqidçinin əsas missyasının «batı şeirində ədəbi axımların ensiklopedik açıqlaması»nı verməkdən ibarət olduğu qənaətinə gəlir: «Bu kitab Güney Azərbaycanın çağdaş şeirini görməzdən gəlir. Yalnız bir yerdə Oxtayın adı çəkilir. Başqa sözlə, bu kitabda Oxtayı şair olaraq gördüyünə inanırsaq, 1345-dən bu yana hansısa bir adı çəkiləcək, şeiri bəyəniləcək bir şair görmür. Şəhriyarın da romantizminə toxunurkən, Şəhriyar şeirinin özəllikləri ilə yazıçının inandığı estetik dəyərlərin arasındakı dəyişikliklərin olduğunu görürük. Başqa sözlə, Şəhriyardan söz açılırsa da, bu, Şəhriyarın qaçılmazlığındandır».

Azərbaycan torpaqları bölünsə də, söz sənəti, ədəbiyyat bölünmədi…

(V yazı)

Eyvaz Tahanın «Ancaq qorxulu olan, gec gəlmiş adamın, şeir karvanının lap ön sırasında durmaq istəyidir» fikrinə isə daha sərt təpki göstərərək yazır: «Yazıçının dilə qarşı necə gəldi yanaşması, fars dilinin qramatikasında tümcə (cümlə) quruluşu, yerli-yersiz fars sözcüklərinin («tümcə» kəlməsi əhatələdiyi məna baxımından «cümlə» sözünə uğurlu alternativ sayıla bilər, ancaq sözcük deyil, söz deyilməlidir — E.F.) işlədilməsi, özünün dediyi dilə qarşı sorumlu davranma ilə daban-dabana qarşı durur. Öncə dilə qarşı necə gəldi yanaşmanın, eləcə də sorumlu davranmamanın örnəklərini gətirim: Birinci tümcə (cümlə)də «fəlsəfi baxımdan» fəlsəfə baxımından yazılarsa, fars dilinin mənsubiyyət göstəricisi olan «i» əkinin (Hadinin şəkilçi sözünə qarşılıq olaraq «əki» deməsi də maraqlıdır-E.F.) işlədilməsinə yer qalmaz. Başqa sözlə, fars dilinə alışqanlıqdan, eləcə də türk dilinin quruluşuna eyrəti yanaşmaqdan yaranmış bu söz birləşməsində olan «i» əki bütünlükdə yersizdir. Bizim dilimizdə «fəlsəfə baxımından» deyilməlidir, yazıçının işlətdiyi «fəlsəfi baxımdan» isə fars dilindəki («əz nəzəre fəlsəf»i») söz birləşməsinin çevirisi (tərcüməsi)dir. İkinci tümcədə «ki» bağlayıcısının işlədilməsi bizi yenə də fars dilinin tümcə quruluşu ilə qarşılaşdırır. İndi burada «ki» yerinə farsların öz fonetikasındakı «ke»yi qoyub oxusaq, dediyimi qolaycasına görərik. Öylə isə bu tümcə necə yazılmalıydı sorarsanız, yanıtı (cavabı) belədir: Kitab boyu bu yanlışların sürdüyünü yer-yer, çox sayıda görürük. Sayın Taha bir neçə termin qondardığını da söyləyir, böylə isə Taha bəy termin qondara bilər, dilimizi istədiyi kimi yaza bilərsə, onda hansıysa bir şairin dili dəyişmək, dili təmizləmək istəməsi nədən qınanır? Genəl olaraq dili təmizləməyə, dəyişməyə yol açan hansıyısa bir ölçü, bir meyar varmı? Varsa, bu ölçülər hansılardır, bu ölçüləri kim, kimlər, hansı haqla yaradıblar? Bu sorğulara cavabımız yoxdur, sayın Tahanın dil üstündə istədiyi kimi işləmək haqqı, hansıysa dün gəlmiş bir şairin haqqı ilə təndir. Unutmayın, söz yalnız dil üstə işləyən kişilərin «haqq»ından gedir. Gərəkli ölçüləri açıqlamaq, başarılı bir dil qurumu oluşdurmaq dilimizin qayğısını çəkənlərimizin hamısının istəyidir. Ancaq belə bir qurumun oluşub işlədiyi bir durumda belə, yenə də kiməsə «sən hələ dünən gəlmisən, dilimizdə dəyişiklik yaradanmazsan» deməyə haqqımız çatmaz».
Bütün bu yorumlardan Güneydə ana dilinin, doğma türkcənin hazırkı durumundan və sabahından həqiqətən əndişə duyan, rahatsız olan vicdanlı bir ziyalının, təəssübkeş bir Vətən oğlunun könül çırpıntıları duyulur… Heç kəsin haqqına girməyən, hər bir qələm adamına etdiklərinə, xalqının, millətinin və onun qonuşduğu dilin aydın gələcəyi naminə göstərdiyi çabalarına görə qiymət verməyi bacaran azadlıq mücahidinin narahatlıqları yansıyır… Elə düşünülməsin ki, Hadi Qaraçay gənclərimizin dünya, eləcə də Avropa ədəbiyyatı nümunələrini oxumasının, batının-Qərbin klassik musiqisini dinləməsininin əleyhinədir, əsla! O, bütün bunlardan daha öncə gənclərimizin öz soykökümüzlə bağlı olan əski mədəniyyət abidələrimizi öyrənməyə, «Dədə Qorqud»u, «Oğuznamələr»i, «Divani-lüğat-it Türk»ü, «Orxon-Yenisey» yazılarını oxumaq üçün könüllü, həm də borclu olduğunu düşünür.
Ancaq Hadi bəyin: «Şeirimizin nəqdində yazılmış «nəqd şere moasere Azərbaycan» kitabını dərin izləyənlər çağdaş Güney Azərbaycan şeirinin toplumsal etginliklərindən doğru eləcə də dəqiq bir anlayış əldə edə bilərlər. Hümmət Şahbazinin cəsarəti, danışdığı alanı (hoze ni) öz adı ilə səsləməsindədir. Başqa sözlə, nala-mıxa vurmadan danışdığı alanı dəqiqləşdirərək konkret örnəklərlə çağdaş şeirimizin açıqlamasına girir. Bu kitab üzərinə başqa bir yazı ilə qayıdacağam. Burda yalnız sayın Tahanın, birbaşa öz şeirimizlə uğraşan bu dəyərli kitabı da görməzdən gəlməsini göstərmək istədim,» — fikri qəlbimdə Hümmət bəyin bu kitabını doğma türkcəmizdə oxumaq, haqqında bacardığım qədər söz demək arzusu, istəyi doğurdu… Başa düşürəm ki, «Çağdaş Azərbaycan şeirinin tənqidi» kitabı özgə dildə o özgələrə bugünkü Güney poeziyasının necə böyük sürətlə dinamik inkişaf etdiyini yansıtmaq, anlatmaq üçün yazılıb. Amma bu kitabın Ana dilimizə çevrilməsi çox gözəl bir iş olardı və mən şəxsən onun Bakıda çapı üçün əlimdən gələni etməklə özümü mutlu (bir müddətə də olsa) sayardım…
Ümumiyyətlə götürdükdə, bilirik ki, Azərbaycan ədəbiyyatında tarixən poeziya, şeir sənəti daha çox inkişaf etmiş, şairlər müxtəlif həyat hadisələrinə emosional münasibətlərini poetik şeir dili ilə oxucularına çatdırmaq yoluna üstünlük veriblər. Lakin böyük Azərbaycanı imperiya dövlətləri iki yerə — şimala və cənuba parçalayandan sonra el-oba, xalq, tarixi Vətən torpaqları bölünsə də, söz sənəti, ədəbiyyat bölünmədi, öz bütövlüyünü, vəhdətini qoruyub saxladı.
Səid bəy Muğanlı çağdaş Güney Azərbaycan poeziyasında bu gün həm forma, həm də məzmunca modernləşmənin gücləndiyini, modernləşmənin, yeniləşmənin artıq dönməz bir prosesə çevrildiyini, modern və postmodern ədəbiyyatın bütün gücü ilə öndə olduğunu da vurğulayır. Güney Azərbaycanda çağdaş şeirin durumunun aydın xülasəsini verən, istedadlı gənc şairlər sırasında öncüllərdən biri olan və bitkin modern şeirlər yazan Məlihə xanım da Səid Muğanlı ilə demək olar ki, eyni fikirdədir. Ədəbiyyat sahəsində bəzi qələm sahiblərinin yalnız modern və avanqard ədəbiyyatı dəstəklədiyini, bəzilərinin klassik ədəbiyyatı yenidən qavrayaraq ona yeni özəlliklər aşılamaqla çağdaşlaşdırmağın tərəfdarı olduğunu, bir qisim şairin ədəbiyyatı şeirdən, bəzilərinin isə yalnız və yalnız nəsrdən ibarət sandığını bəlirləyən şair-tədqiqatçı yazır ki, istər şeir, istərsə də nəsr əsərlərinin əsas mövzusu yenə də vətən, özgürlük, sürgünlük, sevgi, ayrılıq, həsrət və s.-dir. Şeirdə modernləşmənin tərəfdarı olan və Pəhləvi rejimi devrildikdən sonra Vətənin fəzası bir az açılıb aydınlaşdı, Güney Azərbaycan şeirində yeni dönəm başlandı» deyən Məlihə xanım 1986-cı ildə Səhər xanımın (Həmidə Rəiszadə) «Mavilər» adlı şeir kitabının nəşrini çağdaş Güney ədəbiyyatında yeni ədəbi hadisə sayır. «Mavilər» kitabındakı şeirlərin ədəbiyyatda yeni ruh, yeni atmosfer yaratdığına və Güney poeziyasının canlanmağa başladığına diqqət çəkən şair-araşdırmaçı Səhər xanımın fikir və duyğularının ifadəsində də tamamilə dəyişik, yeni bir forma-canlı təsvir, simvol və rəmzlər, orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yaşadığı dövrün, cəmiyyət və fərdlərin çağdaş istəklərinə və bu istəklərə qovuşma yollarında mövcud olan əngəl və çətinliklərə toxunduğunu, açıq-gizlin dərdlərini ədəbi-bədii formada cəsarətlə açıqlamağı bacardığını vurğulayır. Əlbəttə, başının üstünü qara buludlar almış Ana yurdun qaranlıqları içərisində, sanki zülmət səltənətinin fəzasında doğmuş ay bacasından boylanan və bir işıq-masmavi göy üzü bulan Səhər xanım havasızlıqda ciyər dolusu nəfəs ala bildi, durğunluq içində olan bir mühitdə üzü küləyə qarşı getdi. Onun ədəbiyyata gətirdiyi yeni düşüncə və ifadə tərzini şeirlərindən aşağıdakı nümunəni gətirməklə təsbitləyir:
Gecədir!
Baxıram ay bacasından
Başqa bir mavi göyə.
Orda da var
Elə bil,
Gecə
yurdun qana dönmüş dənizində,
necə bir qəmli bulud-qanlı söyüd…
Gecədir! Baxıram ay bacasından
Başqa bir mavi göyə…
Heca vəznli poeziya nümunələrindəki yeni nəfəs əruzda yazılan və qədim ənənələrə malik klassik qəzəl janrının tələblərinə cavab verən şeirlərdə də aydın duyulur. Çağdaş şairlərin qəzəllərində gülün, bülbülün, gözəlin qara xalının, al buxağının, qələm qaşının, ala gözünün, burma-burma tellərinin vəsfinin yerini gerçək həyatın sərt üzü, şairin yaşamının zor tərəfləri, problemlərə açıq və sərt baxış, onu əhatə edən mühitin reallıqlarının poetik əksi tutur. Zeynal Cəfərpurun bu qəzəlində olduğu kimi:
Buludlar yağmur qusur
bir üzdən üzümüzə,
Ulduzlar kefli-kefli
toxunur gözümüzə.
Xiyavan, asfalt üstü,
qaldırım çıxır dizə,
Bu halda sən ayrılıb
gedirsən evinizə.
Mən qalıram,
Ay qalır,
bir də duvarlar qalır,
Tək qaldıqda hamımız,
tək oluruq hamımız
Mən qalıram,
Ay qalır,
duvarlar yalqız qalır
Sən evizə gedirsən,
mənə bir Təbriz qalır…
Buludların yağmur qusması, ulduzların kefli-kefli gözümüzə toxunması, xiyabanın, asfaltın və qaldırımın dizə çıxması, aşiqin sevgilisindən ayrılıb evinə gedincə lirik «Mən»in, Ayın, üzərində qırmızı şüarlar yazılmış divarların yalqız qalması yalnızlığın yeni poetik ifadə üsuludur və qəzəlin sonundakı «Sən evizə gedirsən, mənə bir Təbriz qalır» misrası Cəfərpurun ənənəvi Vətən, Ana torpaq, doğma şəhər, xalq və millət mövzusuna sadiqliyini və «Qaranquş gəldi-gedərdir, bizə qalan boz sərçədir» məsəlinin fikir yükünə yaslandığını yansıdır. Ümumiyyətlə, çağdaş Güney şairlərinin əsərlərində təbiət hadisələri dərin ictimai məzmun kəsb edir. Ana təbiət, doğallıq və qaçılmaz təbiət hadisələri onlar üçün məqsəd deyil, fikirlərini daha sərrast, konkret ifadə etmək üçün ən uyğun orijinal bir vasitədir. Onların yaratdığı bədii tablolar, güclü ruh oxucunu hadisələrin təsvir olunduğu zamana, dövrə qaytarır.
Güney yazarlarının yaradıcılığında bir maraqlı cəhət də diqqətdən qaçmır. Onların ən istedadlıları hər nə qədər yeni-modern şeir yazmağa həvəsli olsalar da, fikir yelkənini açaraq poetik ustalığını, bədii sözyaratma gücünü nümayiş etdirərək hər üç üslubda qələmlərini sınayırlar. Ancaq hansı vəzndə, yaxud üslubda yazırlarsa-yazsınlar, onların yaradıcılığının əzəl mübtədası, baş mövzusu Vətənin azadlığı, istiqlal, bağımsızlıq duyğuları, ana dilinin əsarətdən qurtuluşu, yurda məhəbbət, el-obaya sədaqət hissləridir. Şeiri insanın həyat və yaşayışının aynası kimi dəyərləndirən Məlihə xanım da müsahibələrində daim vurğulayır ki, şeirləri məhz Güney Azərbaycanı, doğma xalqının real həyatını tərənnüm edir. Çağdaş dövrün şairləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə ütüsüz-boyasız, tamamilə yeni bir formada şeirə gətirirlər… Məhz bu baxımdan Süleymanoğlu «Bilimsəl», Ziba Kərbasi «Nəfəs», Nadir Əzhəri «Donuq şeir planı»nı və son zamanlar «Arəstə mücərrəd» adlandırdığı öz «Nano» şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar… Ümumiyyətlə yanaşdıqda, aydın görünür ki, bu gün Güney Azərbaycanın gənc şairləri avanqard şeirə çox böyük maraq göstərirlər.
Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, «Avanqard şeir» tərəfdarlarının əsərlərində də aparıcı mövzudur və bütün bunlar mütləq mənada onların əsərlərində öz parlaq əksini tapır.

Qaynaq: http://www.xalqcebhesi.az/

(davamı olacaq)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.